Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2223/2021 11.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin boşaldılması, mülkiyyət hüququnun bərpası və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin boşaldılması, mülkiyyət hüququnun bərpası və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 Xiyəddin qızının ona məxsus olan Bakı şəhəri, Suraxanı rayon, Zığ qəsəbəsi, Rövşən Görüşov küçəsi ev 189-da yerləşən mənzilindən çıxarılmasına, mülkiyyət hüququnun bərpası və bu günə kimi kirayə haqqı kimi ödənilməli olan 5000 (beş min) manat vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı tərəfindən 2012-ci il tarixində ünvan 1 ünvanında 0,3 sot torpaqda bir mərtəbəli, 3 otaqlı fərdi yaşayış mənzili tərəfindən tikilmiş, kommunal xidmət orqanları ilə tərəfindən bağlanmış müqavilələr əsasında qaz, su, elektik enerjisinin (**********90006) verilişi təmin olunmuşdur. Azəriqaz İB-yə verilmiş 05.01.2021-ci il tarixli 04 saylı sorğuya alınmış 15.01.2021-ci il tarixli SOCAR**********30560046X00297 saylı cavab məktubu və ona əlavə edilmiş sənədlərlə də Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Görüşov küçəsi abonent kodu **********00000 olan qaz sayğacı onun adınadır. Həmin ilin avqust tarixində tanışı Cavabdeh2 vasitəsi ilə yuxarıda adı qeyd edilən fərdi yaşayış mənzili cavabdehlərə 250 manat müqabilində kirayə qalması üçün verilmişdir. 2012-ci ildən 2018-ci il tarixinə kimi kirayə haqqını Bəhruz adlı şəxsin vasitəsi ilə mütəmadi olaraq almışdır. 2019-cu ilin avqust tarixindən kirayə haqlarının verilişində ləngimələr olsa da Bəhruz bunun hazırkı vəziyyətlə əlaqələndirməyə çalışmışdır. Sonradan mütəmadi olaraq özü xarici ölkələrə gedib-gəldiyindən Bəhruz kirayə haqqını dediyi şəxslər vasitəsi ilə ona çatdırmışdır. Hazırda isə kirayədə mənzilin olmasına zərurət olmasına baxmayaraq ona məxsus mənzili cavabdeh və onun ailə üzvləri boşaltmırlar. Belə olan halda onun başqa çarəsi qalmır. Həm yaxşılıq edib mənzili ucuz qiymətə kirayə verməklə, həmçinin bugünə kimi kirayə haqqı almadan mənzilində yaşayırlar, boşaldılması tələbini etdikdə isə müxtəlif bəhanələr gətirməklə boyun qaçırırlar. Hazırki günə kimi 250 manatdan 20 aydır kirayə haqqı ödənilmir. Bu da sadə riyazi hesablama ilə 5000 (beş min) manat edir. Göründüyü kimi, həm maddi, həm də mənəvi zərərlə üzləşir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, Cavabdeh1 ilə əvvəllər qonşu olmuşdur. O, İddiaçı Gülnar xanımla tanış etmiş, yəni vasitəçilik etmişdir. Gülnar xanım özünə məxsus evini 2012-ci ildə satmışdır. Sonradan Gülnar iddiaçı ilə ayda 200 (iki yüz) manat məbləğində kirayə haqqı ödəməklə kirayədə yaşamağa başlamışdır. O, ancaq cavabdehlə iddiaçı arasında vasitəçilik etmişdir. Sonralar iddiaçı ona Gülnar xanım kirayə haqqını ödəmədiyi üçün zəng etmiş, o isə Gülnar xanımla ümumiyyətlə əlaqəsinin olmadığını bildirmişdir. Onun bu məsələdə cavabdeh kimi cəlb edilməsini doğru hesab etmir. İş üzrə digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə mülki prosessual qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: "Azəriqaz" İB ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Görüşov küçəsində yerləşən fərdi evə (abonent kodu **********00000) İddiaçı arasında müqavilə bağlanmış 08.05.2020-ci il tarixli "qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı" müqaviləsindən müəyyən olunur ki, Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarından və tərəflərin izahatlarından müəyyən edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin adına qeydə alınmamışdır. Hazırda iddiaçı Cavabdeh1 mübahisəli evdən çıxarmaq istəyir. Məhkəmə həmçinin müəyyən edir ki, Cavabdeh2 sözügedən mübahisəli evdə yaşamır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Qeyd edilən Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehi tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. Məhkəmə qənaətini onunla formalaşdırır ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçı mübahisəli evə dair sərəncam vermək hüququna, o cümlədən istifadə qaydasının müəyyən olunmasını tələb etmək hüququna malik deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə yaşayış sahəsi özbaşına tikili olduğundan, iddiaçının həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətmək istədiyi məhrumetmə (evdən çıxarılmasını tələb etmə) qanunsuzdur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsayıdı (mənzildə yaşamaq səlahiyyəti versə idi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarından biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Nəzərə alınmalıdır ki, ölkə ərazisində mənzillərdə, evlərdə və digər bu kimi yerlərdə istifadə hüququ olmadan yaşayan minlərlə insan var. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına maneələr yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən” məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Məsələn, özbaşına tikinti işləri aparmış şəxs orada yaşayan, lakin istifadə hüququ olmayan şəxsi özbaşına tikilidən çıxarmaq istəyirsə, əvvəlcə tikiliyə mülkiyyət hüququ əldə etməlidir. Ölkədə özbaşına tikililərin sayı çox olduğundan özbaşına tikilidə yaşayan şəxslərin də sayı çoxdur, bu səbəbdən özbaşına tikililərdə yaşayan şəxslərin orada yaşamaqdan məhrum edilməsi faktlarının sayı artır. Halbuki, özbaşına tikinti aparmış şəxs ora mülkiyyət hüququ əldə edə bilsə, həmin tikili, ya nikah dövründə əldə edildiyinə görə ər-arvadın ümumi birgə mülkiyyəti sayılacaq (Mülki Məcəllə, maddə 225), yaxud onunla həmin tikilidə yaşayan arvadı (əri), uşaqları, valideynləri də tikiliyə istifadə hüququ əldə etmiş olacaq (Mülki Məcəllə, maddə 228.5; Mənzil Məcəlləsi, maddə 30), qanunsuz məhrum etmə baş verdiyi təqdirdə onların istifadə hüququ məhkəmədə müdafiə olunacaq. Bu məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola, özbaşına tikinti aparmış şəxsə (artıq qanunu pozmuş şəxsə) növbəti qanunsuzluqlar etməyə (özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxarmağa və digər bu kimi hərəkətlər etməyə) əsas yarada bilər. Odur ki, hazırki mübahisə həll edilərkən mənzildən çıxarılması tələb edilən şəxsin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olmadığına qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının “cavabdehin mənzildən çıxarılması, iddiaçının mülkiyyət hüququnun bərpası” tələbi əsassız sayılmalıdır. İddia tələbinin “iddia tələbi irəli sürülən günə kimi kirayə haqqı kimi ödənilməli olan 5000 (beş min) manat vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, iddiaçının sözügedən mübahisəli ev üzərində sərəncam vermək hüququ olmadığından onun kirayə münasibətlərindən irəli gələrək hər hansı bir tələb irəli sürməsi də əsassızdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və AR MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin boşaldılması, mülkiyyət hüququnun bərpası və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2223/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2223/2021
11.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzildən çıxarılma - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver