Məhkəmə qərarları › İş №2(010)-2686/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2686/2021

23.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2686/2021 23.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının və ya onun dəyərinin tutulması, avtomobildən payın ayrılması və mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cehiz əşyalarının və ya onun dəyəri 30000 manat pulun qaytarılması, Nissan markalı avtomobildən payın qaytarılması və yaşadığı mənzildən ona və uşaqlarına istifadə hüququ verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb qeyd olunmalıdır. Həmin Məcəllənin 151.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İş materiallarını araşdıraraq müəyyən etdim ki, iddiaçı cehiz əşyalarının və yaxud onun dəyərinin qaytarılması, avtomobildən payın ayrılması tələbləri ilə yanaşı olaraq digər tələbləri, yəni mənzildən onun və azyaşlı övladlarının istifadə hüququnun tanınmasını də tələb etmişdir. Hesab edirəm ki, bu tələblərə bir icraatda baxıla bilməz və bu tələblərə ayrıca icraatda baxılmalıdır. Bundan başqa iddia ərizəsində tələb dəqiq göstərilməmiş, hansı cehiz əşyalarının qaytarılmasını, hansı markalı və dövlət qeydiyyat nişanlı avtomobildən payın ayrılmasını tələb etdiyini, hansı mənzildən istifadə hüququnun tanınmasını xahiş etdiyini göstərməmişdir. Qeyd edirəm ki, Azərbaycan Respublikası X1 qanunun 8.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. “X1” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən dövlət rüsumu dövlət orqanlarının müəssisə, təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət büdcəsinə ödənilən məcburi ödənişdir. İddiaçı tərəfindən isə 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin iddia tələbini əsaslandırdığı halları, eləcə də iddia tələbinin “xahiş etdim” hissəsini aydın göstərməmiş, bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirmiş, dövlət rüsumunu düzgün ödəməmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının və ya onun dəyərinin tutulması, avtomobildən payın ayrılması və mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının və ya onun dəyərinin tutulması, avtomobildən payın ayrılması və mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver