Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2955/2020 11.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndələri X2 və Ələkbərova Könül Tahir qızının iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhər Mədəniyyət Baş İdarəsi və Cavabdeh1na qarşı “maddi və mənəvi zərərin ödənilməsi və qeyri-yaşayış sahənin istifadəyə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhər Mədəniyyət Baş İdarəsi və Cavabdeh1na qarşı “maddi və mənəvi zərərin ödənilməsi və qeyri-yaşayış sahənin istifadəyə verilməsi” barədə iddia tələbi ilə müraciət edərək cavabdehlərdən maddi zərərin əvəzi olaraq 50000 (əlli min) manat, mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pul vəsaitinin tutulması, həmçinin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Cavabdeh1 yay zalının güləş məşqlərinin keçirilməsi üçün onun istifadəsinə verilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, xx xxxxx 2013-cü il tarixdə onunla Cavabdeh1 arasında müqavilə imzalanmışdır. Həmin razılaşmanın şərtlərinə görə o, öhdəsinə götürmüşdür ki, öz vəsaiti hesabına Mədəniyyat sarayına məxsus və yararsız halda olan yay zalının bir hissəsini tam yararlı vəziyyətə gətirib, oranı idmana aid olan avadanlıqlar və güləş döşəkləri ilə döşənməsini təmin edəcəkdir. Mədəniyyət sarayının direktoru isə həmin zalı onun istifadəsinə vermişdir ki, orada güləş üzrə kurs və məşqlər keçirilsin. Bundan sonra o, zalın istifadəyə yararlı hala salınması üçün əlindən gəldiyini edərək təkçə əsaslı təmirə görə 30000 manat, ümumilikdə isə 50000 manat pul xərcləmişdir. Şəxsən onun tərəfindən zalın çölü və içi təmir olunmuş, havalandırma üçün yeni pəncərə açılmış işıq, qaz, su və kanalizasiya yenidən çəkilərək hamam və tualet quraşdırılmış, çöl və iş işıqlandırma çəkilmiş, zalda qarderob, idman avadanlıqları quraşdırılaraq, 10000 manat dəyəridə güləş idman döşənilmişdir. 2018-ci ildə Bakı Mədəniyyət Baş İdarəsinə yeni rəis - X9, Cavabdeh1 direktoru isə X3 təyin edilmişdir. Bundan sonra ondan zalı tərk etməyi tələb olunmuş və ona qarşı böhtan kampaniyasına başlanmışdır. Mədəniyyat sarayının direktoru işinin davam etməsini yalnız 20000 manat pul verdiyi halda mümkün olacağını bildirmiş, əks halda polisə müraciət edəcəyini bildirərək məşqlər keçirilməsi üçün başqa yerə köşməsini tələb etmişdir. Hətta başqa yer tapdığı halda onun təmir edilməsinə köməklik göstərəcəklərini bildirmişdir. O, Suraxanı rayonu ərazisində başqa bir yer tapmış və Cəlil Məlikovun müavini olan Camal adlı şəxs usta ilə birlikdə həmin yerə baxıb 30000 manat təmirə pul lazım olduğunu deyib onu əmin etmişdir ki, Qurban Abbasov adına olan zalı tərk edəcəyi halda müvafiq vəsait ona veriləcəkdir. Buna baxmayaraq ona cəmi 3000 manat pul verilmiş və x xxxxxx 2019-cu il tarixdə zalın və idman avadanlıqlarının tamamilə dağıdılmasını, idman döşəyinin cırılmasını aşkar etmişdir. O, zalı istifadə etdiyi müddətdə hər ay mədəniyyət sarayının xəzinəsinə müəyyən pul məbləğləri köçürmüş, həmin vəsaitdən ona və xadiməyə aylıq əmək haqqı ödənilmiş, digər zəruri məsrəflərə pul xərclənmişir. Cavabdehlərin bu hərəkətləri ona çox pis təsir etmiş, stress yaşamış, sarsıntı və iztirablar keçirmişdir. Bu səbəbdən hesab edir ki, cavabdeh mənəvi ziyanla bağlı ona 5000 manat pul ödəməlidir. Bunlara əsasən iddia tələbinin təmin edilməsini və cavabdehlərdən maddi zərərin əvəzi olaraq 50000 (əlli min) manat, mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pul vəsaitinin tutulması, həmçinin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Cavabdeh1 yay zalının güləş məşqlərinin keçirilməsi üçün onun istifadəsinə verilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində izahat vermiş onun vəkili Vəkil iddia tələbini müdafiə edib, İddiaçı Şahverdi oğlunun izahatında qeyd olunan xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndəsi qismində izahat verən Ələkbərova Könül Tahir qızı iddia tələblərini əsassız hesab edərək göstərdi ki, Cavabdeh1 hüquqi şəxs olmadığına görə nə həmin qurum, nə onun əvvəlki direktoru müstəqil şəkildə İddiaçı ilə Mədəniyyət sarayına aid hər hansısa tərkib hissəsinin icarəyə verilməsi barədə müqavilə baqlamaq səlahiyyətində olmamışdır. Əslində, İddiaçı həmin Mədəniyyət sarayında “kurs rəhbəri” kimi işə götürülmüş, bundan sonra isə sarayın otaqlarından birini onun istifadəsinə vermişlər. Cavabdeh1n yeni direktor təyin olunduqdan sonra İddiaçı ilə əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar əmək münasibətlərinə xitam verilmişdir. Bu zaman onun həmin idman zalı ilə bağlı müəyyən xərc çəkməsi müzakirə olunaraq ona 3000 manat pul verilmiş və İddiaçı hər hansı qeydşərt bildirmədən həmin pul vəsaitini qəbul etməsinə baxmayaraq bir il keçdikdən sonra əsassız olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 hüquqi şəxs deyildir və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan qurumdur. Bu isə ona dəlalət edir ki, həmin Mədəniyyət sarayına qarşı iddia tələbi qaldırıla bilməzdi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi isə iddiaçı qarşısında hər hansı öhdəlik daşımır. Bütün bunlara əsasən iddia tələbini əsassız olduğuna görə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndəsi X5 eyni məzmunlu izahatında iddianın rədd olunmasını xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia rədd olunmalıdır. Belə ki, məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçı tələbinin əsaslı olmasına dəlalət edən hal kimi Cavabdeh1 ilə imzaladığı xx xxxxx 2013-cü il tarixli Müqaviləyə istinad etmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsi haqqında Əsasnamənin surətindən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsi Bakı şəhərində mədəniyyət və incəsənət sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, müstəqil balansa, öz adından məhkəmələrdə çıxış edə bilən struktur qurumudur. Cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndələri tərəfindən təqdim olunmuş Əmək müqaviləsinin bağlanması və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən müəyyən olunur ki, İddiaçı xx xxxx 2016-cı il tarixdə Qurban Abbasov adına Mədəniyyat sarayında “kurs rəhbəri” vəzifəsinə işinə qəbul olunmuş və xx xxxxxxxx 2019-cu il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, 2019-cu ildə Cavabdeh1na direktor vəzifəsinə təyin olunmuş və həmin vaxtdan iddiaçı Racid Məmmədovu tanımışdır. Belə ki, həmin şəxs Cavabdeh1 işçisi hesab olunsa da, özünü Mədəniyyət sarayında yerləşən idman zalının icarəçi kimi aparmış və özünü belə təqdim etmişdir. O, Mədəniyyət sarayının direktoru kimi dövlət müəssisəsi olan sarayında özbaşınalıqa yol verilmədiyini və buna qəti şəkildə razı olmadığını bildirsə də, iddiaçı 2013-cü ildən belə işlədiyini və belə də davam edəcəyini demişdir. Bunun nəticəsi kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra iddiaçı idman zalları üçün xeyli vəsait xərclədiyini bildirmiş, lakin ondan tələb edilməsinə baxmayaraq nə qədər vəsait xərclədiyini təsdiq edən sübut təqdim etməmişdir. Əslində isə həmin zalın təmiri ilə bağlı olan xərcləri əvvəlki sarayın direktorları çəkmişlər, həmçinin iddiaçı Mədəniyyət sarayından köçdüyü zaman idman avadanlıqları, döşəkləri özü ilə aparmışdır. Buna baxmayaraq xırda və cari təmir işləri gördüyünə ğörə o, bu xərclərin əvəzinin ödənilməsini istəyərək buna görə 5000 manat tələb etmiş və ona müvafiq kompensasiya ödənildikdən sonra qeyd-şərtsiz çıxıb getmişdir. Yalnız bir il keçdikdən sonra isə o, hazırki iddia tələbi ilə müraciət etmişdir. Əslində, İddiaçı ona təzyiq göstərmək məqsədilə bu iddianı irəli sürmüş və bu iddiadan başqa digər dövlət şirkətlərinə onun barəsində çoxsaylı şikayətlər bunu bir daha təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. İstinad olunan prosessual və maddi hüquq normalarının dispozisiyalarından göründüyü kimi yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. Məhkəmə iclasında isə müəyyən olunmuşdur ki, Cavabdeh1 Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeçiliyində olan qurumdur və hüquqi şəxs deyildir. Bu bir daha onunla təsdiq edilir ki, İddiaçı əmək müqaviləsinin bağlanması və əmək müqaviləsinə xitam verilməsini özündə əks etdirən bildirişlərində işə götürən kimi məhz Bakı şəhər Mədəniyyət Baş İdarəsi qeyd olunmuşdur. Bu baxımdan iddiaçının iddiasına ilk növbədə, onun cavabdeh qismində göstərdiyi Cavabdeh1 bu iddiaya cavab verməli olan şəxs olub-olmadığı kontekstində qiymət verərək məhkəmə hesab edir ki, həmin qurum hüquqi şəxs statusuna malik olmadığından iddiaçının qarşısında hər hansı öhdəlik daşımır və o, hazırki iş üzrə cavabdeh ola bilməz. İddia ərizəsindən göründüyü kimi iddiaçı ona dəymiş 50.000 manatlıq maddi ziyanın cavabdehlər tərəfindən ödənilməli olduğunu Mülki Məcəllənin 1096-1097-ci maddələrinin tələbləri qaydasında onların mülki hüquqi məsuliyyətinin yaranması ilə əsaslandırmışdır. Bununla bağlı olaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə cavabdehlərin mülki hüquqi məsuliyyətləri yaranmamışdır. Bu zaman məhkəmə nəzərə alır ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi tələbinin delikt hüququndan irəli gələ bilməsi üçün mütləq cavabdehlərin hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətmələri tələb olunur. Lakin iddiaçı ona dəymiş 50.000 manatlıq maddi ziyanın cavabdehlər tərəfindən ödənilməli olduğuna dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, o cümlədən bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verildiyi zaman ona çəkdiyi xərclər müqabilində 3000 manat kompensasiya verilməsi və iddiaçının həmin kompensasiyanı qeyd-şərtsiz qəbul etməsi işin mübahisəsiz halıdır. Həmçinin məhkəmə bu nəicəyə gəlir ki, iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Cavabdeh1 yay zalının güləş məşqlərinin keçirilməsi üçün onun istifadəsinə verilməsi barədə iddia əsassızdır. Bu baxımdan həmin iddia tələbi ilə bağlı məhkəmə hesab edir ki, əvvəla yuxarıda qeyd olunduğu kimi iddiaçı X1 Cavabdeh1 işçisi, yəni əmək müqaviləsi əsasında fəaliyyət göstərməsi işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə hesab edir ki, bu münasibətlərə rəsmi qaydada xitam verildikdən sonra Mədəniyyət sarayının tərkib hissəsi hesab edilən həmin zalın onun (iddiaçının) sahibliyi və istifadəsinə verilməsi üçün əsaslar (icarə, kirayə, əvəzsiz istifadəyə verilməsi və sair) mövcüd deyildir. Qeyd edilməlidir ki, işlətdiyi dövr əraində iddiaçı tərəfindən Mədəniyyət sarayının otaqlarından birini idman zalı kimi işlətmək məqsədilə ora müəyyən xərc çəkməsi özü-özlüyündə belə əsasların yaranması üçün əsas hesab dilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının cavabdehlərə yönəltdiyi tələbinin ona dəymiş maddi ziyanın və idman zalının istifadəsinə verilməsi barədə iddia tələbləri təmin edilmədiyindən müvafiq olaraq da tələbin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi də təmin olunmamalıdır. Çünki həmin tələb digər tələblərdən birbaşa asılıdır və məhz onların mövcudluğu halında məhkəmə tərəfindən qiymətləndirilərək münasibət bildirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Bakı şəhər Mədəniyyət Baş İdarəsi və Cavabdeh1na qarşı “maddi və mənəvi zərərin ödənilməsi və qeyri-yaşayış sahənin istifadəyə verilməsi”nə dair iddia tələbi təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-2955/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2955/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərd
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver