Məhkəmə qərarları › İş №2(010)-3062/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3062/2022

05.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3062/2022 05.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və əşyaların evdən çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Hasil Bayramov küçəsi, 32 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab olunması, həmin evdə yerləşən cavabdehlərə məxsus Stenka mebel, divan-kreslo, televizor, taxt, soyuducu-Atlant, stol, 6 stul, yorğan-döşək, 1 xalça-kovralit, qab-qaşıqlar, paltarlar, pərdə, divar üçün saat, güzgü, 4 ədəd balınc, 6 divanüstü örtük, ütü, paltaryuyan maşından ibarət olan əmlakların həmin evdən çıxarılaraq özlərinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «iddia tələbinin həcminin artırılmasına dair» ərizə ilə müracət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cəmi 6120 manat məbləğində kompensasiya verməklə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Hasil Bayramov küçəsi, 32 saylı evdən istifadə hüquqlarına xitam verilməsi, həmin evdə yerləşən cavabdehlərə məxsus Stenka mebel, divan-kreslo, televizor, taxt, soyuducu-Atlant, stol, 6 stul, yorğan-döşək, 1 xalça-kovralit, qab-qaşıqlar, paltarlar, pərdə, divar üçün saat, güzgü, 4 ədəd balınc, 6 divanüstü örtük, ütü, paltaryuyan maşından ibarət olan əmlakların həmin evdən çıxarılaraq cavabdehlərə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «iddia tələbinin həcminin artırılmasına dair» ərizə ilə müracət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cəmi 8000 manat məbləğində kompensasiya verməklə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Hasil Bayramov küçəsi, 32 saylı evdən istifadə hüquqlarına xitam verilməsi, həmin evdə yerləşən cavabdehlərə məxsus Stenka mebel, divan-kreslo, televizor, taxt, soyuducu-Atlant, stol, 6 stul, yorğan-döşək, 1 xalça-kovralit, qab-qaşıqlar, paltarlar, pərdə, divar üçün saat, güzgü, 4 ədəd balınc, 6 divanüstü örtük, ütü, paltaryuyan maşından ibarət olan əmlakların həmin evdən çıxarılaraq cavabdehlərə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil izahat verərək göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Hasil Bayramov küçəsi, 32 saylı fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Bu barədə iddiaçının adına dövlət reyestrindən çıxarış mövcuddur. İş üzrə Cavabdeh1 iddiaçının qardaşı X1 arvadıdir, Gözəl və Samir isə qardaşı Məhəmmədin övladlarıdır. İddiaçının qardaşı Məhəmməd ilə Cavabdeh1 nikahları xx.xx.2008-ci il tarixdə ləğv edimişdir. Cavabdehlər uzun illərdir ki, iddiaçının mülkiyyətində olan evdə yaşamırlar, yəni, xx.xx.2006-cı ildən evdən çıxıb getmişlər, onlar həmin vaxtdan bu günə qədər başqa bir ünvanda, yəni, Cavabdeh1in valideynlərinin evində fasiləsiz olaraq daimi yaşayırlar. Cavabdeh1 iki uşağını da götürüb xx.xx.2006-cı ildə iddiaçıya məxsus evdən çıxıb getmişdir. Həmin vaxtdan bu günə qədər cavabdehlər iddiaçıya məxsus evə gəlməmişlər. Lakin sonradan cavabdeh Cəfərova X6 Rayon Məhkəməsinə müraciət etmiş və Suraxanı rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə onun həmin evə yaşayış hüququ tanınaraq pasport qeydiyyatına alınmışdır. Lakin, cavabdehlər evdən çıxıb getmələrinə baxmayaraq, hələ də özlərinə məxsus əşyalarını gəlib aparmamışlar və evdən qeydiyyatdan çıxmamışlar. İddiaçı halhazırda həmin evin xüsusi mülkiyyətçisidir və mülkiyyət hüquqları məhkəmə tərəfindən müdafiə edilməlidir. Cavabdehlər evdə qeydiyyatda olmalarına baxmayaraq iddiaçı ilə onlar arasında istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında yazılı razılaşma bağlanmamışdır. Cavabdehlərin istifadə hüquqları dövlət qeydiyyatına alınmamışdır. Cavabdehlərin evdə qeydiyatda qalmaları və onların əmlaklarının həmin evdə yerləşməsi iddiaçının evdən sərəncam vermək hüquqlarını pozur və o, sərbəst şəkildə öz mülkiyyətində olan evə dair sərəncam verə bilmir. Cavabdehlər uzun müddət, yəni 16 il ərzində həmin evdə heç bir üzürlü səbəb olmadan yaşamadıqlarından, 16 il başqa bir ünvanda daimi yaşadıqlarından iddiaçıya məxsus evdən istifadə hüquqlarını itirmişlər. Cavabdehlərin yaşamaq üçün 3 illik kirayə haqqı hər ay 170 manat hesablanmaqla, 6120 manat təşkil edir. Buna baxmayaraq iddiaçı onlara 8000 manat kompensasiya təklif edir ki, bu məbləğdə onlar müəyyən müddət ərzində yaşaya bilərlər. Bundan başqa cavabdehlərə məxsus əmlaklar iddiaçının evində qalmışdır. Həmin əşyalar stenka mebel, divan-kreslo, televizor, taxt, Soyuducu-Atlant, stol, 6 stul, yorğan-döşək, 1 xalça-kovralit, qab-qaşıqlar, paltarlar, pərdə, divar üçün saat, güzgü, 4 ədəd balınc, 6 divanüstü örtük, ütü, paltaryuyan maşındır. Həmin əşyaların iddiaçının evindən çıxarılmasını tələb edir və bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı onun keçmiş həyat yoldaşının qardaşıdır. Belə ki, onunla X4 arasında bağlanmış nikah 2008-ci ildə məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Həmin nikahdan iki övladı olmuş və hal-hazırda övladları ilə birlikdə başqa ünvanda yaşayırlar. Onun mübahisəli mənzildə yaşaması mümkün deyildir, belə ki, keçmiş həyat yoldaşı ilə onun arasında daima mübahisə olmuşdur. Onun həmin mənzildə yaşaya bilməməsinin səbəbləri ondan asılı deyildir. Lakin onun oğlu gələcəkdə həmin mənzildə yaşaya bilər. Onlar mübahisəli evdə yaşamasalar da, məhkəmənin qətnaməsinə əsasən onların həmin mənzildən istifadə hüquqları mövcuddur. Onun istifadə hüququna xitam verilməsi və övladlarının gələcəyi üçün 15000 manat məbləğində kompensasiya tələb edir. Belə ki, ona təklif olunan kompensasiyanın miqdarı çox az olduğundan iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2-1502/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Bayramov küçəsi, 32 saylı evə yaşayış hüququ tanınmış və pasport qeydiyyatına alınmış, X4 ilə Cavabdeh1 birgə mülkiyyətlərində olan VAZ-2199 markalı **- LK-*** dövlət nömrə nişanlı avtomobil satılaraq həmin məbləğdən Cavabdeh1 çatası payın ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Asan 4 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X5 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2007-cü il tarixli MH seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, H.Bayramov küçəsində istifadədə olan 0.01647 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 76.4 kv.m yaşayış 25.2 kv.m köməkçi sahədən ibarət 32 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X5 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Bayramov küçəsi, 32 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. İşə əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Cavabdeh1 arasında nikah xx.xx.2008-ci il tarixdə ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş ASAN 4 tərəfindən X3 verilmiş ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən mənzildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və başqa 3 nəfər digər şəxslər qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AECS Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti tərəfindən verilmiş orta aylıq kirayə dəyərinin təyin edilməsi haqqında M 08- 025/22 saylı, xx.xx.2022-ci il tarixli hesabatdan müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin müqayisə yanaşması ilə hesablanmış orta kirayə dəyəri 170 manat təşkil edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 2 saylı fərdi yaşayış evi xx.xx.2007-ci il traixdən İddiaçı mülkiyyətindədir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2-1502/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Bayramov küçəsi, 32 saylı fərdi yaşayış evinə yaşayış hüququ tanınmış və o pasport qeydiyyatına alınmışdır. Lakin cavabdehlər faktiki olaraq həmin fərdi yaşayış evində yaşamırlar. Məhkəmə araşdırması zamanı mülkiyyətçi cavabdehlərin həmin mənzilə istifadə hüququnu tanıdığını, sonuncuların mövcud olan hüququna kompensasiya vermək yolu ilə xitam olunmasını xahiş etmişdir. Qeyd edilməlidir ki, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması məhkəmə araşdırılması zamanı mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun mövcudluğunu qəbul edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli qərarında göstərilir ki, «Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin». Məhkəmə hesab edir ki, istifadə hüququnun xitamı zamanı, elə bir əvəzləşdirmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, mülkiyyətçi İddiaçı tərəfindən təklif olunan 8000 manat kompensasiya müqabilində cavabdehlər qısa müddət ərzində yaşaya bilərlər və hazırda 170 manat müqabilində həmin şəraitə uyğun kirayə evin mövcud olması inandırıcı deyildir. Bundan başqa cavabdehlər üç nəfərdir. Buna görə də məhkəmə hesab edir ki, 8000 manat müqabilində cavabdehlər davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə edə bilməzlər. Məhkəmə işin faktiki hallarını və tərəflər arasında olan hazırkı mövcud qarşılıqlı münasibəti nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən təklif edilən 8000 manat məbləğində vəsait cavabdehlərə davamlı surətdə yaşaması üçün kifayət etmədiyindən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və əşyaların evdən çıxarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və əşyaların evdən çıxarılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver