Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3226/2021 02.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "kirayə müqaviləsinin ləğv edilməsi, mənzilə istifadə hüquqlarının itirilməsi, mənzildən çıxarılma və boşaldılması, kirayə haqqının tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh1 ilə iddiaçı X4 arasında 04.12.2018-ci il tarixində 2 saylı “ASAN xidmət” mərkəzindəki notariat ofisində bağlanmış kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, keçid 1849, ev 4, 15 saylı mənzilə istifadə hüquqlarının itirilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, keçid 1849, ev 4, 15 saylı mənzildən çıxarılması və mənzilin boşaldılması, kirayə müqaviləsi üzrə öhdəliklərin vaxtında və tam icra edilməməsinə görə 09.01.2019-cu il tarixdən 02.12.2019-cu il tarixinədək 3240 (üç min iki yüz qırx) və 02.12.2019-cu il tarixindən 2021-ci ilin may ayınadək 9900 (doqquz min doqquz yüz) manat olmaqla, cəmi 13140 (on üç min yüz qırx) manat pulun (kirayə haqqının), eyni zamanda ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlilləri Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Mənzili 17.07.2015-ci il tarixində alqı-satqı müqaviləsi əsasında X1 almışdır. Mənzilə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Seriya RX № ******* saylı çıxarış verilmişdir. Mənzili alan zaman mənzilin keçmiş mülkiyyətçisi olan X2 ondan xahiş etmişdir ki, əgər mənzili aldıqdan sonra kirayə verəcəksə, hal-hazırda evdə qeydiyyatda olan cavabdeh şəxslər bu mənzildə yaşasınlar və kirayə pulunu ödəsinlər. İddiaçı buna razılıq vermiş və 2015-ci ildən başlayaraq cavabdehlər ona məxsus olan mənzildə yaşamağa başlamışlar. Qeyd edilən tarixdən başlayaraq bir il ərzində kirayə pulunu Əliyar ödəmişdir. Lakin ödənişlərdə fasilələr yarandığından, eyni zamanda kirayə ilə bağlı münasibətləri rəsmiləşdirmək məqsədilə Cavabdeh1 ilə 04.12.2018-ci il tarixində 2 saylı “ASAN xidmət” mərkəzindəki notariat ofisində mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsi (kirayə müqaviləsi) bağlamışdır. Müqavilənin 3-cü bəndinə əsasən, kirayə müddəti 04.12.2023-cü il tarixinədək müəyyən edilmişdir. Müqavilənin 4-cü bəndinə əsasən, kirayə verilən sahənin istifadəsinə görə kirayəçi Cavabdeh1 hər ay 550 (beş yüz əlli) manat kirayə haqqını ona ödəmək öhdəliyini üzərinə götürmüşdür. 09.01.2019-cu il tarixdən 02.12.2019-cu il tarixinədək kirayəçi cəmi 3360 ( üç min üç yüz altmış) manat pul ödəmişdir. Halbuki bir il üçün kirayə pulu 3360 (üç min üç yüz altmış) manat deyil, 6600 (altı min altı yüz) manat pul ödəməli idi (550 manat * 12 ay = 6600 manat). Bir müddət sonra isə ödənişlər ümumiyyətlə dayandı. Bu azmış kimi mənzilinə dəfələrlə getməsinə baxmayaraq ümumiyyətlə ona qapı açılmadı. O da məcbur olaraq sahə müvəkkilinə müraciət etmiş, lakin sahə müvəkkili qeyd edilən şəxslərin mənzildən çıxarılması, kirayə haqqının ödənilməsi ilə bağlı mübahisələrin polisin səlahiyyətində olmadığını və onun məhkəməyə müraciət etməsini bildirdi. Cavabdehlər ona məxsus olan mənzildən çıxmamaqla, kirayə pulu ödəməməklə mülkiyyət hüququnu, həmin mülkiyyətdən sərbəst şəkildə istifadə etmək imkanlarını məhdudlaşdırırlar. Cavabdeh iddiaçıya məxsus olan mənzildən çıxmır və özünü mənzilin sahibi kimi aparır. Müqavilə üzrə 2021-ci ilin may ayınadək kirayə borcu 09.01.2019-cu il tarixdən 02.12.2019-cu il tarixinədək 3240 (üç min iki yüz qırx) və 02.12.2019-cu il tarixdən 2021-ci ilin may ayınadək 9900 (doqquz min doqquz yüz ) manat olmaqla cəmi 13140 (on üç min yüz qırx) manat təşkil edir. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri onun Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüququnun kobud pozuntusudur və bu səbəbdən də cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulmalı, kirayə müqaviləsi ləğv edilməli, cavabdehlərin istifadə hüquqları itirilməli, cavabdehlər özünə məxsus olan əşyaları ilə birlikdə iddiaçıya məxsus olan mənzildən çıxarılmalı, mənzil boşaldılmalı, kirayə borcu olan 13140 (on üç min yüz qırx) manat məbləğində pul, cavabdehdən tutularaq ona ödənilməlidir. Tərəflərin izahatları İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərini müdafiə edərək məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbinə dair məhkəməyə məlumat verməmiş, eləcə də işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: RX seriyalı ******* saylı 29.07.2015-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 04.12.2018-ci il tarixli "mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi" müqaviləsindən (kirayə müqaviləsi)" müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzili Cavabdeh1 kirayəyə vermişdir. Kirayə müddəti 04.12.2023cü il tarixədək müəyyən edilir. Kirayəçi Cavabdeh1 kirayə verən İddiaçı aylıq 550 manat kirayə haqqı ödəyir. 39 saylı MKİS-nin 07.05.2021-ci il tarixli forma №2 arayışından müəyyən olunur ki, Bakı şəhəri, ünvan 1-də dörd nəfər – Cavabdeh2, X3, Cavabdeh1 və Cavabdeh3 Extiyar oğlu pasport qeydiyyatındadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
146. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 675 Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 425 Öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 685.2-ci və 685.2.1 Kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. 697.1 Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.
Məhkəmənin mövqeyi Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 04.12.2018-ci il tarixli "mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi" müqaviləsinə əsasən ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 4, 15 sayl mənzili aylıq 550 manata 04.12.2023-cü il tarixinədək kirayəçi Cavabdeh1 kirayəyə vermişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 448.1 və 425-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, Cavabdeh1 kirayə hüquq münasibətlərindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan borc məbləği, yəni 13140 manat məbləğində vəsait Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 685.2 və 685.2.1ci maddələrini rəhbər tutmaqla hesab edir ki, Cavabdeh1 iddiaçı ilə aralarında bağlanmış olan kirayə müqaviləsi üzrə iki ardıcıl müddət üçün kirayə haqqının ödənilməsini gecikdirdiyindən iddiaçı xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin “cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi, onların mənzildən çıxarılması və mənzilin boşaldılması” hissəsinə münasibətdə məhkəmə müəyyən edir ki, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 da kirayəçinin ailə üzvü kimi həmin mənzildə yaşamaqla ondan istifadə etmişlər. Məhkəmə hesab edir ki, hazırki mülki mübahisə üzrə cavabdehlərin iddiaçıya məxsus mənzildən istifadə etməkləri mülkiyyətçinin azad iradəsinə uyğun baş tutmuşdur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər iddiaçıya məxsus mənzildə qanuni əsaslarla yaşamış, onların qeydiyyatı formal xarakter daşımamış və həmin mənzildən istifadə hüquqları yaranmışdır. (AR MM 146.1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.1-ci maddəsinə görə kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Məhkəmə vurğulayır ki, iddiaçının mülkiyyət hüququ məhdudlaşdırılmamalı, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalıdır. (AR MM 157.2) Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış olan kirayə münasibətlərini sonlandırmaq tələbində haqlı olduğundan yuxarıda sözügedən normaların tələbləri baxımından cavabdehlərin istifadə hüquqları itirilmiş hesab edilməli, onlar iddiaçıya məxsus mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. Məhkəmə həmçinin izah edir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9 və 9.5-ci maddələrinə əsasən, cavabdehlərin mübahisəli mənzildən çıxarılması və ondan istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi onların müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Beləliklə də, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh1 ilə iddiaçı X4 arasında 04.12.2018-ci il tarixində 2 saylı “ASAN xidmət” mərkəzindəki notariat ofisində bağlanmış kirayə müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, keçid 1849, ev 4, 15 saylı mənzilə istifadə hüquqları itirilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, keçid 1849, ev 4, 15 saylı mənzildən çıxarılmalı və mənzil boşaldılmalı, 13140 (on üç min yüz qırx) manat məbləğində vəsait Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul cavabdehlərdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh1 ilə iddiaçı X4 arasında 04.12.2018-ci il tarixində bağlanmış kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, keçid 1849, ev 4, 15 saylı mənzilə istifadə hüquqları itirilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, keçid 1849, ev 4, 15 saylı mənzildən çıxarılsın və mənzil boşaldılsın. Cavabdeh1 13140 (on üç min yüz qırx) manat məbləğində vəsait tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdehlərdən 30 (otuz) manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdehlərin mübahisəli mənzildən çıxarılması və ondan istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi onların müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova