Məhkəmə qərarları › İş №2(010)-3642/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3642/2020

21.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3642/2020 21.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 24 saylı notariat kontoruna qarşı “sənədlərin etibarsız hesab edilməsi və s.” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 24 saylı notariat kontoruna qarşı “sənədlərin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 24 saylı notariat kontorunda imzalamış olduğu sənədlərin etibarsız hesab edilməsi, alınmış vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi, onların hüquqi nəticələrinin (çıxarışların ) ləğv edilməsi, mərhum X1 ilə birgə nikah dövründə əldə edilmiş əmlakların 1/2 hissədə bölünməsi, 22.000 (iyirmi iki min) manat məbləğində pul vəsaitinin və30.000 (otuz min) manat məbləğində mənəvi zərərin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, “xxxxx” MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75.4 kv.m olan, 2 otaqlı 23 saylı və “xxxxxxxxxxx” MMC tərəfindən inşa edilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 51.7 kv.m olan 1 otaqlı 7 saylı mənzillərə olan 3/5 hissəsinə dair İddiaçı payının müəyyən edilməsi barədə qətnamə çıxarmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanları kimi Rusiya Federasiyası, Qublinskiy şəhəri, 7-ci mikrorayon, ev 13, mənzil 9 göstərilmiş, Bakı şəhəri 24 saylı notariat kontorunun isə cavabdeh qismində göstərilmiş olmasına baxmayaraq, “böyük ehtimalla 24 saylı notariat kontoru” olduğu iddiaçı tərəfindən qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Belə ki, mülki-prosessual qanunvericilikdə “cavabdeh” ifadəsi cavab verən mənasında işlədilir, yəni cavabdeh ona qarşı yönələn tələbə cavab verən şəxsdir. Lakin iddiaçı iddia ərizəsində Bakı şəhəri 24 saylı notariat kontorunun dəqiq olaraq yönələn tələbə cavab verən qurum olub-olmamasını bilmədiyini qeyd etmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə görə ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların tələbini əsaslandırdığı hallar, iddia bir neçə cavabdehə qarşı yönəldikdə isə onların hər birinə qarşı yönəlmiş tələb göstərilməlidir. İddia ərizəsindən isə görünür ki, iddiaçı tərəfindən qanunvericiliyin qeyd olunan tələbləri pozularaq bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Belə ki, iddiaçı sənədlərin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi, onların hüquqi nəticələrinin (çıxarışların ) ləğv edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakların 1/2 hissədə bölünməsi, pul vəsaitinin vəmənəvi zərərin tutulması, payların müəyyən edilməsi kimi bir-birinə aidiyyəti olmayan tələbləri birləşdirmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.3-cü maddəsi yalnız bir-biri ilə bağlı olan bir neçə tələbi bir ərizədə birləşdirməyə haqq verir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsi halında dövlət rüsumu tutulur. Həmin qanunun 8.4.10-cu maddəsinə əsasən, nikah ləğv edilərkən əmlak bölüşdürüldükdə 40 manat məbləğində dövlət rüsumu tutulur. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 24 saylı notariat kontoruna qarşı “sənədlərin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsindən görünür ki, qanunvericiliyin qeyd olunan tələbləri pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunmuşdır. Həmçinin, iddia ərizəsinə əlavə olunmuş xx.xx.2020-ci il tarixli, ********* №-li mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün ödənilməsi nəzərdə tutulan dövlət rüsumu İddiaçı tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ödənilməli olduğu halda, Abşeron Rayon Məhkəməsinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 24 saylı notariat kontoruna qarşı “sənədlərin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçı təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver