Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4222/2021 16.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh “istismara yararsız mənzilin yenisi ilə əvəz edilməsi müqabilində mənzilin boşaldılması, cavabdeh tərəfindən tikinti işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 43.1 kv.m olan mənzilin sökülməsi əvəzində Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yaşar Əliyev 1 ünvanında tikiləcək yeni binadan mülkiyyətində olan mənzil sahəsindən 25 faiz həcmində daha artıq sahəyə malik olan tam təmirli mənzilin verilməsi və cavabdeh qəzalı mənzildən çıxarıldıqdan yeni mənzilə köçürüləcəyi tarixə qədər ona aylıq 350 manat kirayə haqqının verilməsi şərti ilə cavabdehin və onunla birgə yaşayan digər şəxslərin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları, Cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yaşar Əliyev 1 ünvanında gedən tikinti işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması. İddia tələbinin dəlilləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli. 86 nömrəli qərarına əsasən “Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti aidiyyatı üzrə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanuvericilərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayon üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş, 63 yaşayış binasının habelə bu rayonların ərazisində yaşayış binası üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikintilərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazimi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayı binasında müvafiq mənzillərin ayrılması, tikintiyə başlamazdan əvvəl tikintiyə icazə verilərkən, tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğuna, həmçinin şəhərsalma norma və qaydalarına, tikilən binaların mərtəbəliliyinə və tikinti aparılacaq ərazinin tikinti sıxlığı normalarına, yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına əməl olunmasına ciddi nəzarət edilməsini, eyni zamanda ərazidə normal təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsi barədə qərar qəbul edilməlidir. Suraxanı rayonu, İcra Hakimiyyəti Başçısının 07.05.2018-ci il tarixli 63 saylı sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 32, Yaşar Əliyev küçəsi 1,3,5,7, Qəzənfər Vəliyev küçəsi,5.7.9.13 ünvanlarında yerləşən istismara yararsız 2 və 3 mərtəbəli yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirmək üçün 1.4 ha torpaq sahəsi "xxxx" MTK -nın daimi istifadəsinə ayrılmışdır. Qəbul edilmiş qərar və sərancamlarda sakinlərin mülkiyyət hüquqlarına dair mənafeləri üstün tutmaqla yaşadıqları istismara yararsız binaların sökülərək inşa ediləcək müasir tələblərə cavab verən yeni yaşayış binalarında onlara tam təmirli və sahəsinə uyğun olaraq əvvəlkindən daha geniş yeni mənzillərin verilməsi və mənzillərin təhvil veriləcəyi müddətədək müvəqqəti yaşayış sahəsi ilə təmin edilmələri nəzərdə tutulmuşdur. "Etibarlı” Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh ilə və digər sakinlərə mülkiyyətçi olduqları istismara yararsız mənzillərin sökülməsi qarşılığında müasir tələblərə cavab verən yeni yaşayış binasından onlara müvafiq aktla tam təmirli yeni, mülkiyyətçilərin əvvəlki mənzillərinin sahələrindən artıq ölçüdə mənzil veriləcəyi, eləcə də bu müddət ərzində müvəqqəti yaşayış sahəsi ilə təmin olunmalarının məqsədi ilə hər təqvim ayı üçün onlara kirayə haqqı və köçürülmə xərcləri üçün maddi vəsait ödəniləcəyi barədə danışıqlar aparılmış və könüllü olaraq mənzillərinin sökülməsinə razılıq vermələri təklif olunmuşdur. Lakin cavabdehə verilmiz təklif onun tərəfindən birmənalı şəkildə rədd edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının və Suraxanı Rayon İcra Hakimiyyətinin sərəncamlarının icrasına əngəllər yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlum qərarından da göründüyü kimi həmin ərazidə tikinti işlərinin aparılmasının əsas məqsədi mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyət və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı qəzalı vəziyyətdə olan binaların sökülməsi, onların yerində yeni yaşayış binalarının tikilməsi, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərlə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Sakinlərlə aparılan danışıqlar zamanı bu söküntü və tikinti işlərinin aparılmasının ilkin məqsədinin məhz onların təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar olması, daha sonra isə onların yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyi onların nəzərinə çatdırılmışdır. Belə ki, yaşadıqları istismara yararsız binada hər an gözlənilməyən qəza hadisələrinin baş verməsi riskinin böyük olması barədə sakinlərə bir çox məlumatlar təqdim edilmişdir. Həmçinin yaşadıqları kiçik sahəli mənzillərin daha genişləri ilə əvəz edilməsinin və həmin mənzillərin tam təmir ediləcəyinin onların yaşadıqları şəraiti xeyli yaxşılaşdıracağı nəzərlərinə çatdırılmışdır. Sakinlərin mütləq əksəriyyəti bu təkliflərin ağlabatan olması ilə razılaşıb təkliflərimizə müsbət münasibət bildirsə də təkliflərimizlə az sayda razılaşmayan sakinlərin olması səbəbi ilə tərəfindən məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh məxsus olan ünvan 1 ünvamndakı mənzilin sahəsi 43.1 kvadrat metrdir. Sakinlərə edilən güzəştə münasibətdə mənzilin 25% əlavə edilməklə cavabdehə 53.9 kvadrat metrdən az olmamaq şərti ilə tam təmirli və yeni mənzil verilməsi nəzərdə tutulmaqdadır. Həmçinin bina tam hazır olan müddətə qədər aylıq 350 manat kirayə haqqı verilməsi də cavabdehə təklif olunmuşdur. Lakin cavabdeh iddiaçıdan əsassız gəlir etmək niyyəti ilə istismara yararsız halda olan binadakı 43.1 kvadrat metrlik mənzil üçün 200.000 manat məbləğində pul tələb etmişdir. Sözsüz ki, bu kimi tələblər tam əsassızdır, yalnızca ümumi iş prinsiplərini dayandırmaq məqsədi güdür. Cavabdeh Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yaşar Əliyev 1 ünvanında hazırda tikilməkdə olan yaşayış binasının tikintisinə süni maneələr yaradır. Əslində isə cavabdehin hazırki istismara yararsız mənzildən köçürülməsi planlaşdırılan bina elə Yaşar Əliyev 1 ünvanında tikilməkdədir. Belə ki, layihə ümumi kompleks şəklində hazırlandığından sakinlərin ən tez bir vaxtda mənzillə təmin olunmaları üçün yaxınlıqda yekunlaşmaq üzrə olan mənzillərə köçürülməsi tez-tez müşahidə olunur. Lakin cavabdeh qanunsuz formada həmin tikintinin qarşısını almağa və buna süni maneələr törətməyə çalışır. Halbuki həmin ərazidə aparılan tikinti işlərinin Cavabdeh yaşadığı mənzil və binaya heç bir aidiyyəti yoxdur. Belə ki, tikilən ərazi xüsusi çəpər və hasarla mühafizə zolağına ayrılmışdır. Cavabdehin yaşadığı binaya giriş və çıxış tam sərbəstdir və tikinti aparılan yerdən bir neçə metrlik məsafədədir. Lakin cavabdeh Nazirlər Kabinetinin qərar və İcra Hakimiyyətinin sərəncamlarının icrasına maneçilik törədir, həm öz yaşadığı mənzillə bağlı iddiaçı ilə razılığa gəlməyərək absurd qiymətlər irəli sürür, həm də Yaşar Əliyev 1 ünvanında hazırda aparılan tikinti işlərinə müdaxilə edir. Cavabdehin qanunsuz hərəkətlərinin qarşısı alınmalı və tikintinin gedişatına müdaxilə edərək süni maneələr yaratması qadağan edilməlidir. Bu səbəbdən də iddia tələbimizin bir qismi cavabdehin Yaşar Əliyev küçəsi 5 ünvanında aparılan tikinti işlərinə davamlı olaraq müdaxilə etməsinin qanunsuz hesab edilməsi ilə bağlıdır. Belə ki, uzun müddət ərzində sözügedən ünvanda tikilinin yubadılması və qarşısının alınması səbəbindən iddiaçıya vurulmuş maddi və mənəvi zərər qiymətləndirmə qaydasında hesablanılacaq və ayrıca iddia ərizəsi ilə cavabdehdən tələb ediləcəkdir. İddiaçıya vurulan maddi və mənəvi zərərin daha da artmaması səbəbindən isə iddia təmin etmə tədbiri qismində cavabdehə Yaşar Əliyev küçəsi 5 ünvanında aparılan tikinti işlərinə müdaxilə etməsi, tikintinin gedişatına süni maneələr yaratması müvəqqəti tədbir kimi qadağan edilməlidir. Yaşar Əliyev küçəsi 5 ünvanında tikiləcək yaşayış binasına köçürülməli olan bir çox sakin mövcuddur. Həmin sakinlərə isə iddiaçı tərəfindən hər ay 350-400 manatlıq kirayə haqları ödənilməkdədir. Cavabdehin həmin ünvandakı tikiliyə etdiyi müdaxilələr və tikinti işlərinin aparılmasına yaratdığı süni maneələr bizim kimi həmin sakinlərin də hüquqlarını kobud şəkildə pozmaqdadır. Həmçinin tikiləcək binadan artıq bir çox şəxs mənzil almışdır. Cavabdehin hazırki qanunsuz hərəkətləri səbəbindən isə onlar müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra edə bilmir. Hətta bununla bağlı onlara qarşı Binəqədi rayon Məhkəməsində iddia qaldırılmışdır. Məhz bu səbəbdən də ilk başda iddia təmin etmə tədbiri qismində cavabdehə tikintiyə müdaxilə etmək qadağan edilməlidir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, ona məxsus mənzilin ölçüsü qeydiyyata dair çıxarışda 41 kv.m yazılmasına baxmayaraq, həmin mənzilə sonradan artırmalar olmuşdur və hazırda mənzilin faktiki ölçüsü sənəddə göstəriləndən çoxdur. O, yeni mənzil istəmir. Mənzilindən ancaq onun müqabilində cavabdeh tərəfindən onun istədiyi məbləğdə pul veriləcəyi təqdirdə çıxacaq. Cavabdeh izahatında göstərdi ki, onun ilk istədiyi məbləğ 200 000 manat olsa da, iddiaçı tərəf onunla razılaşmaq üçün danışığa gəlməmiş, heç bir addım atmamışdır. O, evin qəzalı olub-olmamasını mübahisələndirmir, sadəcə evinin müqabilində yeni mənzil deyil, yalnız pul istəyir. İddiaçı onun evinin ətrafında tikinti işləri apararkən onun mənzilinə zərər vurmuşdur. Aparılan tikinti işlərinin dayandırılması üçün müvafiq qurumlara müraciət etmişdir. Onun yaşadığı evdə 8 mənzil yerləşir. Onlardan dördü şirkətlə razılaşıb, digərləri isə şirkətdən şikayətçidirlər. 29.11.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 izahatında göstərdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarında nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 07.05.2018-ci il tarixli 63 saylı sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 32, Yaşar Əliyev küçəsi 1, 3, 5, 7, Qəzənfər Vəliyev küçəsi 5, 7, 9, 13 ünvanlarda yerləşən istismara yararsız 2 və 3 mərtəbəli olmaqla ümumilikdə 9 yaşayış binasının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirmək üçün 1,4 ha torpaq sahəsi "xxxx" MTK-nın daimi istifadəsinə verilmiş və tikintinin layihələndirilməsinə icazə verilmişdir. İş üzrə üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iclasa gəlməyən maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: RX seriyalı ******* saylı 28.09.2018-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Yaşar Əliyev küçəsi, ev 5 mənzil 2 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 348 nömrəli reyestr kitabının 32576 nömrəli vərəqində qeydiyyata alınmışdır. Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 07.05.2018-ci il tarixli 63 saylı sərəncamından müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 32, Yaşar Əliyev küçəsi 1, 3, 5, 7, Qəzənfər Vəliyev küçəsi 5, 7, 9, 13 ünvanlarda yerləşən istismara yararsız 2 və 3 mərtəbəli olmaqla ümumilikdə 9 yaşayış binasının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirmək üçün 1,4 ha torpaq sahəsi "xxxx" MTK-nın daimi istifadəsinə verilmiş və tikintinin layihələndirilməsinə icazə verilmişdir. ünvan 3 ünvanda yerləşən yaşayış binasına keçirilən texniki baxış haqqında 29.01.2016-cı il tarixli aktdan müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyətinin Əsaslı Tikinti və Təmir şöbəsinin müdiri F.Əliyev, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin 1-ci müavini, Baş mühəndis R.Abdullayev, Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin mühəndisləri Ə.Əlibəyli, V.Cəfərov, “Bakımənzilkommunallayihə” Layihə İnstitutunun direktoru C.Quliyev, Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azərdövləttikintilayihə” Dövlət Layihə institutunun texniki şöbəsinin aparıcı mühəndisi M.İsgəndərov, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakınm Dövlət Reyestri Xidmətinin Bakı Ərazi idarəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki inventarlaşdırma şöbəsinin sektor müdiri N.Qəniyev, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakınm Dövlət Reyestri Xidmətinin Bakı Ərazi idarəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki inventarlaşdırma şöbəsinin mühəndisi C.Axundov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat institutunun Laboratoriya müdiri Y.Eminov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Mənzil-Kommunal Siyasət şöbəsinin müdir müavini B.Rzayev, Suraxanı rayon icra Hakimiyyəti Başçısının müavini E.Yolçiyev, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi R.Kazımov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.02.2015-ci il tarixli 17/17/5185-12 saylı dərkənarı ilə yaşayış evlərinin texniki vəziyyətinin bir daha araşdırılması, tam qəzalı vəziyyətdə olan yaşayış evlərinin müəyyən edilməsi, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 22.12.2015-ci il tarixli, 542 №-li sərəncamının icrası ilə əlaqədar qeyd edilən ünvana baxış keçirilmiş və müəyyən edilmişdir ki, bina 1955-ci ildə inşa olunmuşdur, 2 girişli, 2 mərtəbəlidir, mənzillərin sayı 8, sakinlərin sayı 25, ailələrin sayı 8-dir. Planda ölçüsü 26.2 x 12.6 m-dir. Binanın divarları but daşından olmaqla tikilmişdir. Divarların bəzi yerlərində suvaq qopmuş və iri ölçülü çatlar əmələ gəlmişdir. Dam örtüyü ağac elementlər üzrə asbest-sement vərəqlərdən örtülmüş, çardağın ağac elementləri bəzi yerlərdə çürüyüb yararsız vəziyyətə düşmüşdür. Binanın kommunal şəraiti yoxdur. Yuxarıda qeyd olunan ünvanda yerləşən yaşayış evinin yükdaşıyan konstruksiyalarının dayanıqlığının tikinti norma və qaydalarına və istismar tələblərinə cavab vermədiyi müəyyən olunmuşdur. 18.05.2021-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh iddia tələbində qeyd edilən şərtlərlə müqavilənin bağlanması təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 02 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev və Y.Əliyev küçələrinin kəsişməsində yerləşən, uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan iki mərtələbəli binaların söküntüsü, həmin ərazidə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və inşası üçün Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 26.04.2016-cı il tarixli, 57 nömrəli sərəncamı ilə "xxxx" MTK-ya icazə verilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə müəyyən edir ki, mübahisə ünvan 4 ünvanda yerləşən 2 saylı mənzillə bağlıdır. Həmin mənzil cavabdehin mülkiyyətindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarı ilə Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə göstərilən rayonlar üzrə şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən çoxmənzilli yaşayış binalarının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi, o cümlədən hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması, qəzalı vəziyyətdə olan binalar sökülüb yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi qərara alınmışdır. Həmin Qərarda nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə Suraxanı rayonu İcra Hakimiyyətinin 07 may 2018-ci il tarixli 63 saylı sərəncamına əsasən, ünvan 5 ünvanlarda yerləşən istismara yararsız 2 və 3 mərtəbəli yaşayış binalarının söküntüsünün "xxxx" MTK tərəfindən yerinə yetirilməsinə, eləcə də həmin ərazidə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilmişdir. "xxxx" MTK ilə hazırki iş üzrə cavabdeh olan mülkiyyətçi Cavabdeh arasında sonuncuya məxsus mənzilin yeni tikiləcək yaşayış binasında müvafiq mənzillə əvəzləşdirilməsinə dair razılığın əldə edilməməsi hazırki məhkəmə mübahisəsinin yaranmasına səbəb olmuşdur. Belə ki, iddiaçı "xxxx" MTK tərəfindən cavabdehə ona məxsus mənzilin yerləşdiyi binanın ərazisində tikiləcək çoxmərtəbəli yaşayış binasında mənzilinin sahəsindən 25 faiz artıq olmaqla təmirli mənzil, bina tikilib hazır olanadək cavabdehə 350 manat aylıq kirayə haqqı ödənilməsi təklif edilir. Bununla bərabər məhkəmə qeyd edir ki, mənzillərin binaların qəzalı vəziyyətdə olmasına nəzarət edən orqan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyidir və həmin səlahiyyətli orqanın 02.09.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının yaşadığı mənzilin yerləşdiyi binanın uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməllərindən biri hesab edilir. Bununla bərabər, Konstitusiyada hüquq və azadlıqlarla yanaşı onlardan irəli gələn vəzifələr də müəyyən edilir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələr istisna edilmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilir ki, hər hansı məhrumetmə qanuni olmalı və qanuni məqsəd daşımasından əlavə həmçinin mütənasiblik tələbinə uyğun olmalıdır. İctimaiyyətin ümumi maraq tələbləri və şəxsin fundamental hüquqlarının müdafiəsi ilə bağlı tələblər arasında ədalətli tarazlıq (balans) olmalıdır, bu cür ədalətli tarazlığın axtarışı bütün Konvensiyaya xasdır. Zəruri tarazlığın əldə olunması o halda mümkün deyil ki, şəxs fərdi və həddən artıq yük daşıyır (bax Sporrong və Lönnroth İsveçə qarşı, 23 Sentyabr 1982, §§ 69-74, A seriyaları no. 52; Brumaresku Rumıniyaya qarşı (GC), no. 28342/95, § 78, AİHM 1999-Vİİ; X7rşı, no. 3851/12, §§ 58-59, 11 Dekabr 2014, və həmin işlərdə istinad olunan işlər). Məhkəmə iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2020-ci il tarixli qərarında göstərilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, qeyd edilən qaydalar təkmilləşdirilənədək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə Konstitusiya Məhkəməsi Plenumunun hazırkı Qərarında əks olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə, eyni zamanda “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 66.1ci maddəsi və Mülki Prosessual Məcəllənin 13.7-ci maddəsinin tələblərinə görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi, bununla da mülkiyyətçilərinin razılığının əldə olunmasının qeyri-mümkünlüyü digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən çoxmənzilli binaların sökülərək yenidən inşa ediləcək yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərlə (əvvəlki mənzilin sahəsindən 25 faiz artıq olmaq şərti ilə) əvəzləşdirilməsi mənzil mülkiyyətçisinin əmlak hüquqlarının pozulmasına səbəb olmur, əksinə mülkiyyətçinin öz mənzilinə dair mülkiyyət hüquqları yeni inşa ediləcək mənzilə dair mülkiyyət hüququ ilə əvəzləşdirilir, bu əvəzləşdirmə mülkiyyətçinin vəziyyətini daha da yaxşılaşdırmaqla onun mənafeyinə uyğun hesab edilməlidir (eyni ərazidə abadlaşdırılmış sahədə 25 faiz artıq olmaq şərti ilə təmirli mənzil verilməsi), yəni müdaxilə qanuni hesab edilir. Belə olan halda, mənzil mülkiyyətçisinin təkliflə razılaşmaması hüquqdan sui-istifadə kimi qiymətləndirilməli, söküləcək binalarda mənzil sahəsinə malik digər mülkiyyətçilərin hüquqlarının pozulmasıın qarşısının alınması və ictimai maraqlar baxımından iddiaçı "xxxx" MTK-nın iddası əsaslı hesab olunmalıdır. Bir daha vurğulanmalıdır ki, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması həmin şəxslərin mənafeyinə və ümumi maraqlara xidmət etməklə mülkiyyət hüquqlarının əsassız və ədalətsiz məhdudlaşdırılması hesab edilə bilməz. Cavabdeh izahatında ona məxsus mənzilin faktiki ölçülərinin qeydə alınan ölçülərdən çox olduğunu qeyd etsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyətdə olan yaşayış sahəsinin ölçüləri hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan ölçülər həddindədir. Məhkəmə vurğulayır ki, cavabdeh ona məxsus mənzilin yerləşdiyi binada yaşayan əhalinin kütləvi narazı olduğunu (səkkiz ailədən üç ailənin də iddiaçıdan şikayətçi olduğunu) bildirsə də, bu hal iş materiallari ilə öz təsdiqini tapmır. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 43.1 kv.m olan mənzilin sökülməsi əvəzində Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yaşar Əliyev 1 ünvanında tikiləcək yeni binadan mülkiyyətində olan mənzil sahəsindən 25 faiz həcmində daha artıq sahəyə malik olan tam təmirli mənzil verilməli, cavabdeh qəzalı mənzildən çıxarıldıqdan yeni mənzilə köçürüləcəyi tarixə qədər ona aylıq 350 manat kirayə haqqı verilməli, cavabdeh və onunla birgə yaşayan digər şəxslər həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmalı və Cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yaşar Əliyev 1 ünvanında gedən tikinti işlərinin aparılmasına yaradılan maneələr aradan qaldırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 43.1 kv.m olan mənzilin sökülməsi əvəzində cavabdehə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yaşar Əliyev 1 ünvanında tikiləcək yeni binadan mülkiyyətində olan mənzil sahəsindən 25 faiz həcmində daha artıq sahəyə malik olan tam təmirli mənzil verilsin, cavabdeh qəzalı mənzildən çıxarıldıqdan yeni mənzilə köçürüləcəyi tarixə qədər ona aylıq 350 manat kirayə haqqı verilsin, cavabdeh və onunla birlikdə yaşayan digər ailə üzvləri həmin mənzildən əşyaları ilə birlikdə çıxarılsın və Cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yaşar Əliyev 1 ünvanında gedən tikinti işlərinin aparılmasına yaradılan maneələr aradan qaldırılsın. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-4222/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4222/2021
16.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver