Məhkəmə qərarları › İş №2(010)-4618/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4618/2022

22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4618/2022 22.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin aşağıda göstərilən tələbləri pozulduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır: 1) İddia ərizəsində tələbin konkret olaraq nədən ibarət olması göstərilməmişdir. Belə ki, iddia ərizəsində cavabdehin iddiaçıdan borc alıb qaytarmaması, eləcə də kommunal ödənişləri tam ödəmədən evdən çıxmasından ümumi şəkildə bəhs edilmiş, sonra iddiaçıya köməklik göstərilməsi xahiş edilmiş, bununla da ərizə yekunlaşmışdır. Lakin ərizənin heç bir hissəsində konkret olaraq iddiaçının məhkəmədən nəyi xahiş etdiyi, tələbinin nədən ibarət olduğu göstərilməmişdir. Ərizənin məzmunundan iddiaçının cavabdehdən pul tələb etməsi güman edilsə də nəzərə alınmalıdır ki, iddia ərizəsinin məzmununu təşkil edən məlumatların dairəsi elə olmalıdır ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehə qarşı konkret maddi hüquqi tələbini və yaxud əsasını, yəni iddiaçının öz tələbini əsaslandırdığı halları müəyyənləşdirməyə imkan versin. Başqa sözlə, iddia ərizəsində tələb konkret ifadə olunmalıdır. 2) İddia ərizəsinə cavabdehə görə iddia ərizəsinin surəti əlavə edilməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.1-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) əlavə edilməlidir. Bu tələbə riayət edilməməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. 3) İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmiş, lakin bu rüsum Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin yox, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hesabına ödənilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, iddiaçı bundan əvvəl Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş, lakin iddia ərizəsi aidiyyəti üzrə düzgün məhkəməyə verilmədiyindən geri qaytarılmışdır. Belə görünür ki, iddiaçı həmin iddianı qaldırmaq üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ödədiyi qəbzin surətini hazırkı iddia ərizəsinə əlavə etmişdir. Bu isə o deməkdir ki, dövlət rüsumu qanunla müəyyən edilmiş qaydada (təyinatı üzrə düzgün məhkəməyə) ödənilməmişdir. Göründüyü kimi iddia ərizəsi yuxarıda qeyd edilmiş pozuntularla məhkəməyə təqdim edilmişdir. Belə olan halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 149. İddia ərizəsinin forması və məzmunu. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Maddə 150. İddia ərizəsinə əlavə edilən sənədlər. 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd. Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar