Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5874/2021 08.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbi üzrə məhkəmə əmri çıxarılmasına dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə əmr icraatı qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (borclu "xxxx" MMC) Borclu qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbi üzrə məhkəmə əmri çıxarılmasına dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Borclu "xxxx" MMCnin xeyrinə 389 manat məbləğində əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, borclu ilə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizəyə əlavə edilmədiyindən ərizə geri qaytarılmalıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 11.1-ci və 11.2-ci maddələrində göstərilmişdir ki, müqavilənin yerinə yetirilməsi prosesində yaranmış mübahisələr danışıq yolu ilə həll edilir. Mübahisələri danışıq yolu ilə həll etmək mümkün olmadıqda onlar məhkəmə qaydasında həll edilir. Göründüyü kimi, tərəflər arasında olan müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı yaranmış istənilən mübahisənin ilk növbədə məhkəmədənkənar (danışıqlar yolu ilə), daha sonra məhkəmə qaydasında həll edilməsi müqavilədə müəyyən edilmişdir. Belə olan halda əgər müqavilənin icrasında hər hansı bir problem yaranıbsa, bu barədə Kreditor ilk növbədə, Borcluya məlumat verməli, ona pretenziya məktubu ilə rəsmi müraciət etməli, bu müraciətə cavab verilməsi üçün müəyyən müddət gözləməli və ən əsası bütün bunlar barədə məhkəməyə sübut təqdim etməli idi. Hazırkı ərizəyə isə Borclu borcun ödənilməsi tələbi ilə bağlı edilən xəbərdarlıq əlavə edilsə də həmin xəbərdarlığın borcluya göndərilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Belə olan halda məhkəmə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) düzgün riayət edilmədiyi nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumatın ərizəyə əlavə edilməməsinin əmr icraatı qaydasında verilmiş ərizənin forma və məzmununa dair tələblərdə xüsusi olaraq qeyd edilməməsi Kreditorun bu qaydaya riayət etmədən birbaşa məhkəməyə müraciət edə biləcəyi mənasına gəlmir. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış müqavilədə də qeyd edildiyi kimi mübahisə varsa, tərəflər əvvəlcə bunu öz aralarında danışıqlar yolu ilə həll etməyə cəhd etməli, daha sonra məhkəməyə müraciət etməlidir. Bu zaman müraciətin iddia icraatı, yaxud əmr icraatı qaydasında edilməsinin iş üçün heç bir əhəmiyyəti yoxdur. Çünki, hər iki halda tərəflərdən biri digər tərəfin müqavilə öhdəliklərini pozduğunu hesab edir və pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlir. Lakin, artıq yuxarıda qeyd edildiyi kimi tərəf bu cür ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin danışıqlar yolu ilə həllinə cəhd etdiyini göstərən müvafiq sənədləri məhkəməyə təqdim etməli idi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 149.2.4. Müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. 150.0.7. Müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.6. Müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbi üzrə məhkəmə əmri çıxarılmasına dair ərizə geri qaytarılsın. Kreditora izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-5874/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5874/2021
08.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver