Məhkəmə qərarları › İş №2(010)-960/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-960/2021

12.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-960/2021 12.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan xx.xx.2003-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 170 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və həmin nikahdan üç övladları xx.xx.2003cü il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra cavabdehlə ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan tez-tez mübahisələr baş vermiş və bu səbəbdən ayrılmaq məcburiyyətində qalmışlar. Onun iki övladı üçün aliment tutulmasına baxmayaraq, xx.xx.2003-cü il təvəllüdlü X5 üçün aliment tutulmamışdır. Yetkinlik yaşına çatmayan övladının saxlanması üçün daha çox xərc tələb edildiyindən, uşağın gündəlik xərcləri artdığından və o, bu xərcləri təkbaşına təmin edə bilmədiyindən uşağın saxlanması üçün cavabdeh də valideynlik vəzifələrini həyata keçirməli və aliment ödəməlidir. Cavabdeh hal-hazırda azyaşlı uşağın saxlanılması üçün heç bir maddi yardım göstərmir. Buna görə də hər ay 170 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, cavabdehlə ayrılsa da, hal-hazırda bir ünvanda yaşayırlar. Bundan əlavə məhkəmə tərəfindən hər ay hər uşağa 154 manat sabit pul məbləğində aliment tutulmasına baxmayaraq, o hər ay uşaqlara görə 400-500 manat aliment ödəyir. Bununla bağlı çeklər də mövcuddur. İddiaçı hal-hazırda özəl baxçada işləyir və kifayət qədər əmək haqqı alır. Odur ki, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2003-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 1605/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilərək Cavabdeh ilə İddiaçı arasında bağlanmış və Səadət sarayında 2076 sayla qeydə alınmış xx.xx.2002-ci il tarixli nikah pozulması, nikah pozulduqdan sonra xx.xx.2003-cü il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 ilkin iddia üzrə İddiaçı yanında qalması və ilkin iddia üzrə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq ilkin iddia üzrə İddiaçı xeyrinə hər ay hər uşağa 154 manat olmaqla cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. X1 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən isə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli və digər uşaqlara görə tutulan aliment də nəzərə alınmaqla Cavabdeh xx.xx.2020-ci il tarixdən hesablanaraq xx.xx.2003-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 154 manat olmaqla pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən xx xxxxxx 2021-ci il tarixdən uşaqlar üçün məbləğ 175 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılmasıüçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddianın qiymətinin, yəni bir il ərzində ödəmənin məcmusunu nəzərə alaraq, ödənilməli 30 (otuz) manat dövlət rüsumu Cavabdeh dövlət gəlirinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2003-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Məhkəmə xərcləri - 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar