Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1290/2021 05.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaradılmış maneələrin aradan qaldırılması, qanunsuz tikililərin sökülməsi və mənzildən çıxartma” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, 4-cü Rezervuar küçəsi, 13 saylı evdən torpaq sahəsindən istifadə etməsinə (evdə, damda və həyətyanı sahədə təmir tikinti işlərinin aparılmasına) maneələrin cavabdehə qadağa edilməsi, Bakı şəhəri, Xətai rayonu, 4-cü Rezervuar küçəsi, 13 saylı evin bir hissəsində yaşayan cavabdehlərdən Cavabdeh1 iddiaçıya məxsus 2 otaqdan çıxarılması, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən iddiaçıya məxsus həyətyanı torpaq sahəsində evinə bitişik tikilmiş iki otağın (özbaşına tikili) onun vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, 4-cü Rezervuar küçəsi, 13 saylı ev və həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 02 oktyabr 1991ci il tarixdə verilmiş, qeydiyyat kitabının 13 nömrəli, 30/2748 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Cavabdehlər iddiaçıya məxsus həmin evdə yaşayırlar. Cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 mərhum analarına məxsus fərdi yaşayış evi vardır. Bundan başqa cavabdeh özünə məxsus fərdi yaşayış evini kirayə verməklə qazanc əldə edir. Cavabdeh2 iddiaçıya məxsus evin həyətində evinə bitişik əlavə otaq (özbaşına tikili) tikmişdir. İddiaçıya məxsus evin həyətində təmir işləri aparılmasına cavabdehlər tərəfindən maneə yaradılır. Cavabdehlərin yaşadığı ev və torpaq sahəsi iddiaçıya məxsusdur. Həmin ev iddiaçının mülkiyyətindədir. Cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 anası Mədinə Ağayeva iddiaçıya məxsus torpaq sahəsində iki otaq tikmişdir. Bundan başqa Cavabdeh1 anası tərəfindən tikilmiş 2 otaqlı evə 2 otaq da əlavə tikmişdir. Cavabdeh1 həmin evləri kirayə verib qazanc əldə edir. Cavabdehlər iddiaçıya məxsus ev və torpaq sahəsindən istifadə etməyə maneələr yaradırlar. Məhkəmə iclasında İddiaçı, onun vəkili və etibarnamə üzrə nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında cavabdehlər iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Hazırkı iş üzrə İddiaçı vindikasiya (özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etmə) iddiası ilə məhkəməyə müraciət etmişdir. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. Bu şərtlərə aiddir-əmlakın mövcud olması; əmlakın mülkiyyətçinin istifadəsindən çıxması; əmlakın mülkiyyətçi olmayan şəxsin qanunsuz istifadəsində olması. Qanunun normasının mənasına görə baxılan iş üzrə iddia tələbinin təmin olunması üçün iddiaçının tələb etdiyi əmlakın mövcudluğu, tələb edənə mənsub olduğu və halhazırda cavabdehin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. İddiaçı iddia ərizəsində mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olduğuna, cavabdehlərin həmin evdə qalmasının onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olduğuna istinad etmiş, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə verilmiş sorğuya cavab məktubundan görünür ki, 6 saylı DNK-nın 5D-2-326 reyestr nömrəli 03 sentyabr 1991-ci il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, 4-cü Rezervuar küçəsi, 13 saylı fərdi yaşayış evi İddiaçı adına qeydiyyatdan keçmişdir. Xətai rayon Xalq Məhkəməsinin 17 iyun 1993-cü il tarixli 2-449 nömrəli qətnaməsinə əsasən 6 saylı DNKnın 5D-2-326 reyestr nömrəli 03 sentyabr 1991-ci il tarixli bağışlama müqaviləsi ləğv edilmişdir. Apelyasiya Məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 2(103)-5511/2019 saylı qətnaməsinə əsasən Xətai rayon Xalq Məhkəməsinin 17 iyun 1993-cü il tarixli 2-449 nömrəli qətnaməsi ləğv edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, 4-cü Rezervuar küçəsi, 13 saylı fərdi yaşayış evini bugünədək öz adına rəsmiləşdirməmişdir. Belə olan halda, hazırkı mərhələdə iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqları rəsmiləşdirilmiş mülkiyyətçi sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil öz izahatında bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli 2(011)-393/2019 saylı qətnaməsi (hakim Fərid Yaqubov) ilə İddiaçı mülkiyyətçi kimi tanınmışdır. O, həmin qətnaməyə əsaslanaraq hazırkı iş üzrə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin dəlilinə qiymət verərək Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, həmin maddəyə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (AR MPM-nin 82.3-cü maddəsi) Maddədən də göründüyü kimi, preyudisiallıq yalnız həmin iş üzrə iştirak edən tərəfləri əhatə edir. Təhlil olunmuş iş materiallarından və tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, hazırkı iş üzrə cavabdehlər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-393/2019 saylı mülki işi üzrə işə baxılarkən hər hansı qisimdə işdə iştiraka cəlb edilməmişdirlər. Beləliklə, həmin qətnamənin preyudisial olmasını məhkəmə bu iş üzrə qəbul etmir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı - Bakı şəhəri, Xətai rayonu, 4-cü Rezervuar küçəsi, 13 saylı evdən torpaq sahəsindən istifadə etməsinə (evdə, damda və həyətyanı sahədə təmir tikinti işlərinin aparılmasına) maneələrin cavabdehə qadağa edilməsi, Bakı şəhəri, Xətai rayonu, 4-cü Rezervuar küçəsi, 13 saylı evin bir hissəsində yaşayan cavabdehlərdən Cavabdeh1 iddiaçıya məxsus 2 otaqdan çıxarılması, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən iddiaçıya məxsus həyətyanı torpaq sahəsində evinə bitişik tikilmiş iki otağın (özbaşına tikili) onun vəsaiti hesabına sökülməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-1290/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1290/2021
05.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Mənzil mübahisələri - Maneənin aradan qaldırılması - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver