Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1729/2024 18.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair” tələblərinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, iddiaçı Abid X2 ilə biznes fəaliyyəti ilə məşğul olmuşdur. Eyni zamanda o, həm də mühasibatlıq işlərinə nəzarət edirdi. Biznesi gücləndirmək məqsədi ilə onlara pul lazım idi. X8 dostu iş üzrə Cavabdeh pul ala biləcəyini bildirmişdir. Hər ikisinin razılığı ilə onlar Cavabdeh hər ay alınan məbləğin 1,1 faizini ödəmək şərtilə 340000 ABŞ dollar borc pul almışdır. Pulun qaytarılmadığı halda təminat kimi iddiaçı özünə mülkiyyət hüququ ilə məxsus olan Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 57, mənzil 379 ünvanda yerləşən sahəsi 160,10 kv/m olan mənzili 02 mart 2018-ci il tarixdə 53 saylı Dövlət Notariat Kontorunda ******* nömrəli əmlakın alqı-satqı müqaviləsinə əsasən formal olaraq iş üzrə Cavabdeh adına rəsmiləşdirilmişdir. Qarşılıqlı razılaşmaya görə pul ödənildikdən sonra mənzil rəsmi olaraq iddiaçıya qaytarılmalı idi. Bu minvalla hər ay 340000 ABŞ dollarının 1,1 faizinə görə manat məzənnəsi ilə hər ay 6153 manat olmaqla, 62 ay ərzində 381.486 manat, ABŞ dolları ilə 224.403 dollar pul ödənilmişdir. Alınan pulun təminatı kimi formal olaraq alqı-satqı müqaviləsi bağlanarkən iddiaçının evinin real bazar qiyməti 650000- 700000 manat, yəni 382000-411000 ABŞ dollar təşkil edirdi. Mənzilin real bazar qiymətindən aşağı satılmasına razılaşmasına səbəb isə pul ödənildikdən sonra mənzilin geri qaytarılacağına inam idi. Bir daha mənzilin formal olaraq Cavabdeh adına rəsmiləşdirilməsinin sübutu kimi mənzil xx.xx.2018-ci ildə alqı-satqı edilsə də, qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına xx.xx.2022-ci ildə alınmışdır. Mənzili xx.xx.2018-ci il tarixdə satılsa da, iddiaçı ailəsi ilə indiyə qədər həmin mənzildə yaşayır. Yəni onlar arasında da mənzilin boşaldılması barədə hər hansı bir şərt olmamış və kirayə haqq ödənilməmişdir. Cavabdeh mübahisəli mənzilə mülkiyyət hüququnu alqı-satqı müqaviləsi bağlandıqdan sonra qeydiyyata almamışdır. Yəni cavabdeh mənzilə sahiblik, istifadə və mülkiyyət hüququnun əldə edilməsində maraqlı olmamışdır. Cavabdeh verilən pulu kredit müqaviləsi bağlamaq niyyətində olmamış, formal olaraq mənzilin alqı-satqısını rəsmiləşdirilməsi əsasında razılıq verilmişdir. Bu isə yalan əqddir. Tərəflər arasında alqısatqı müqaviləsi formal olaraq tərəflərin nəzərdə tutduğu iradə ifadəsinin əks etdirməməklə əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqd bağlandığı andan etibarsızdır və hər hansı bir hüquqi nəticə yaratmır. Cavabdeh iddiaçının düşdüyü ağır vəziyyətdən suiistifadə edərək, hər ay 2500 manat olmaqla mənzil kirayə müqaviləsi bağlanmışdır. Hansı ki, həmin ərazidə mənzillər şəraitindən asılı olaraq ***-**** manat arasında dəyişir. Bundan əlavə əgər tərəflər arasındakı mənzilin alqı-satqı müqaviləsi əhəmiyyətsizdirsə, ondan irəli gələn bütün müqavilələr də əhəmiyyətsiz olmaqla etibarsızdır. Belə olan halda iddiaçı ilə cavabdeh arasında bağlanmış 22 iyul 2023-cü il tarixli kirayə müqaviləsi də, hər hansı bir hüquqi nəticə yaratmadan da etibarsızdır. İddiaçı göstərilənləri nəzərə alaraq, onunla Cavabdeh arasında bağlanılmış ünvan 1 ünvanda yerləşən mənzilin xx.xx.2018-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin ləğv edilməsi, həmin mənzilə dair Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********* qeydiyyat nömrəli çıxarışın və aralarında bağlanılmış 22 iyul 2023-cü il tarixli kirayə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən mənzilin xx.xx.2018-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilə dair Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********* qeydiyyat nömrəli çıxarışın və bağlanılmış 22 iyul 2023-cü il tarixli kirayə müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X3 hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi eyni zamanda bildirmişdir ki, tərəflər arasında mehriban münasibətlər olmuş, iddiaçı cavabdehdən dəfələrlə faizlə pul borca götürüb qaytarmışdır. Sonuncu dəfə də iddiaçı yenə biznesi üçün pul tələb olunduğundan cavabdehdən faizlə 340000 ABŞ dolları borca pul almış, borcun qaytarılmasının təminatı olaraq iddiaçıın evinə dair alqı-satqı müqaviləsi bağlamış, hər ay cavabdehə həmin məbləğin faizlərini ödəmişdir. Həmin vaxt iddiaçının evinin real bazar qiyməti 650000- 700000 manat, yəni 382000-411000 ABŞ dollar təşkil etsə də, iddiaçıya 340000 ABŞ dolları lazım olduğu üçün alqı-satqı müqaviləsində həmin məbləğ göstərilmişdir. İddiaçı borcun qaytarılmasını gecikdirdiyi üçün hətta cavabdehin tələbi ilə kirayə müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə hər 2500 manat kirayə haqqı ödənilmişdir, halbuki həmin ərazidə mənzillər şəraitindən asılı olaraq ***-**** manat arasında dəyişir. İddiaçı evini heç vaxt cavabdehə təhvil verməmişdir, bu günə qədər həmin evdə yaşayır. Tərəflərin müasibətləri yaxşı olduğu üçün aralarında əvvəl heç bir problem olmasa da, keçən ilin oktyabr ayında iddiaçıya məlum olmuşdur ki, cavabdeh ondan polisə şikayət etmiş, həmçinin ona qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldıraraq, onun evdən çıxarılmasını tələb etmişdir. Həmin vaxt tərəflərin artıq münasibətləri pozulmuşdur, iddiaçı başa düşmüşdür ki, cavabdeh onun aldatmışdır və borcun qaytarılmasını gözləmədən onu evindən çıxarmaq istəyir. Bununla bağlı olaraq iddiaçı bağlanmış müqavilənin etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, həmin müqavilə formal xarakterlidi, əsl niyyət mənzilin alqı-satqısı yox, verilmiş borcun qaytarılması olmuşdur. Nümayəndə vurğulamışdır ki, müqavilənin etibarsızlığı ilə bağlı 1 illik müəyyən olunsa da, iddiaçı hüququnun pozulduğu bildiyi an onun cavabdeh tərəfindən polisə, məhkəməyə verildiyi an olduğundan iddia müddəti ötürülməmişdir. İddiaçı nümayəndənin izahatına analoji izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Nümayəndə Vəkil izahatında göstərmişdir ki, ilk növbədə Cavabdeh keçmiş dostu İddiaçı məxsus olmuş ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 160.10 kv.m. olan mənzili notarial qaydada bağlanmış 02 mart 2018-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ondan almışdır. Alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra tərəflər şifahi qaydada razılaşmışlar ki, iddiaçı qalmağa digər yeri olmadığı üçün bir müddət iddiaçı tərəfindən alınmış mənzildə yaşayacaq, özünə ev aldıqdan sonra isə sözügedən mənzili cavabdehə təhvil verəcəkdir. İddiaçı bir müddət iddiaçıya məxsus evdə yaşadıqdan sonra cavabdeh ondan evi ona təhvil verməyi tələb etmişdir. İddiaçı isə bunun əvəzində ev almağa imkanının olmadığını üçün evi ona təhvil verə bilməyəcəyini bildirmişdir. Bundan sonra tərəflər razılaşmışlar ki, cavabdeh aldığı evdən fayda əldə etməsi üçün iddiaçının isə uzun illərdi yaşadığı evdə yaşamağa davam etməsi üçün aralarında kirayə müqaviləsi bağlanılsın. Bunun nəticəsində, iddiaçı ilə cavabdeh arasında notarial qaydada 22 iyul 2023-cü il tarixli mənzil kirayə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 160.10 kv.m. olan mənzili İddiaçı 6 ay müddətində kirayəyə vermişdir. Həmin müqavilənin 5-ci bəndinə əsasən Kirayə götürən İddiaçı Kirayə verən Cavabdeh aylıq 2500 manat (iki min beş yüz) kirayə haqqını Bank Respublikadakı hesaba ödəməlidir. Lakin iddiaçı sözügedən kirayə müqaviləsinin bağlanmasından xeyli vaxt keçməsinə baxmayaraq nə bu günə qədər kirayə haqqını ödəmişdir, nə də ki cavabdehə məxsus mənzili ona qaytarmışdır. Bunun nəticəsində isə iddiaçının cavabdehə borcu yaranmışdır. Cavabdeh ödənilməmiş kirayə haqqı məbləğinin dərhal ona ödənilməsi və sözügedən kirayə müqaviləsinə xitam verilərək mənzili ona təhvil verilməsi ilə bağlı xx.xx.2023-сü il tarixdə iddiaçıya məktub göndərmişdir. Lakin iddiaçı cavabdehin məktubuna heç bir məhəl qoymamış, nə kirayə pulunu ödəmiş, nə də ki evi təhvil vermişdir. Bunun nəticəsi kimi, Cavabdeh öz hüquqlarının təmin edilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və İddiaçı həmin dövr üçün yaranmış 5000 manat kirayə haqqının tutularaq ona ödənilməsi və mübahisə predmeti olan mənzilin ona təhvil verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının kirayə müqaviləsinin etibarsızlığına dair iddianın qaldırılmasının əsas səbəbi isə cavabdeh tərəfindən Nəsimi Rayon Məhkəməsinə iddiaçı və onun ailə üzvlərinin evdən çıxarılmasına dair iddia tələbi ilə müraciət etməsi olmuşdur. Belə ki, iddiaçı Xətai Rayon Məhkəməsindən işin icraata qəbul edilməsi ilə bağlı qərardadı alaraq Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və bunun nəticəsində də iş üzrə icraat dayandırılmışdır. Belə ki, işə əlavə olunmuş materiallardan da görünüyü kimi, cavabdeh tərəfindən Nəsimi Rayon Məhkəməsinə iddia ilə daha öncə müraciət edilmişdir. Həmçinin iddiaçının əqdin mübahisləndirilməsini qarşılıqlı iddia kimi verməməsi, məhz Xətai Rayon Məhkəməsinə təqdim etməsi də buna dəlalət edir. İddiaçının tərəflər arasında 02 mart 2018-ci il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinin və xx.xx.2023-cü il tarixdə bağlanılmış kirayə müqaviləsinin etibarsız sayılmasına dair tələblərinə münasibətdə bildirmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehin onun ağır vəziyyətdə olmasından suiistifadə edərək əqdin bağlanmasına istinad etsə də, istinad etdiyi amillərə dair nə iddiasında, nə də ki ona əlavəsində bir əsas və ya sübut göstərməmişdir. Tərəf əqdin etibarsızlığı kimi ciddi tələbi formal sözlər ilə əsaslandırmış və bu da əqdin etibarsızlığı üçün əsas deyildir. Belə ki, müqaviləni bağlamış hər iki şəxs tam fəaliyyət qabiliyyətli şəxsdirlər və əqd notarial qaydada bağlanılmışdır. Bundan başqa iddiaçının 2018-ci il tarixli əqdən irəli gəlmiş mülkiyyət hüququ ilə bağlı 2023-cü il tarixdə kirayə müqaviləsini bağlaması 2018-ci il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinin etibarlığını iddiaçı tərəfindən etiraf edilməsi kimi qiymətləndirilməlidir. Həmçinin iddiaçı əqdin etibarsızlığı ilə bağlı iddia qaldırsa da, bunun əsası kimi məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən yalnız 1-ci baxış iclası yekunlaşdıqdan sonra cinayət işinin rədd edilməsi barədə qərar təqdim edilmiş həmin qərarda da əqdin etibarsızlığı sübut edən heç bir məlumat öz əksini tapmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmçinin iddiaçı tərəf Nərimanov Rayon Polis İdarəsinin icraatında olan cinayət işində əqdin etibarsızlığını sübut edən cavabdehə məxsus etirafedici izahatın olmasını qeyd etsə də, həmin sübutu məhkəməyə təqdim etməmiş və həmçinin Nərimanov Rayon Polis İdarəsi tərəfindən sorğuya verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda da qeyd edilmişdir ki, iddiaçı tərəfindən hər hansı bir sübutun tələb edilməsi ilə bağlı müraciət edilməmişdir. Buna rəğmən məhkəmə öz təşəbbüsü ilə, çəkişmə prinsipini pozaraq Nərimanov Rayon Polis İdarəsindən təfəflər arasında olan cinayət işinin materiallarını tələb etmiş və ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş materiallarda Cavabdeh mübahisə predmeti olan evin nəyinsə müqabilində girov götürülməsi ilə bağlı heç bir qeyd göstərilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Belə olan halda məhkəmənin öz təşəbbüsü ilə iddiaçının əvəzinə sübut toplaması birbaşa çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilir. Həmçinin tərəflər arasında alqı-satqı müqaviləsinə dair əqd 2018-ci ilin mart ayında bağlansa da iddiaçı onun etibarsızlıq məsələsini əqdin bağlanılmasından 5 il 9 ay keçdikdən sonra mübahisələndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354-cü maddəsində etibarsız əqdlər üzrə müddətlərin həddi 1(bir) ilə bərabərdir. Yuxarıda qeyd olunduğu kimi, 5 il 9 aydan sonra əqdlərlə bağlı mübahisə qaldırıla bilinməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə veribverməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Digər tərəfdən, iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir). Qeyd olunanlara əsasən nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanılmış AN-İ seriyalı, ******* nömrəli 02 mart 2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi /*160.1 kv/m olan mənzili 590000 manat qiymətinə alıcıya satmış, həmin məbləğin 232400 manat hissəsi satıcının banka olan borcunun silinməsi üçün "xxxx" ASC-yə ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 57, 379 saylı mənzil üzərində tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan kirayə verən Cavabdeh ilə kirayəçi İddiaçı arasında bağlanılmış 22 iyul 2023-cü il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, kirayə verən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 160.1 kv/m olan mənzili kirayəçiyə aylıq 2500 manat məbləğinə xx.xx.2024-cü il tarixinədək kirayəyə vermişdir. İş materiallarında olan Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi tərəfindən məhkəməyə göndərilmiş vətəndaş X4 ərizəsi əsasında 07 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, 07 oktyabr 2023-cü il tarixdə Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X10 tərəfindən vətəndaş X4 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərardan görünür ki, X8 şikayət ərizəsi ilə Nərimanov RPİ-nə müraciət edərək bildirmişdir ki, bir neçə dəfə ondan borca pul alıb qaytaran və bununla etibarını qazanmış İddiaçı onun uşaqlıq dostu Cavabdeh 2018-ci ildə 1 ci-dəfə 340000 ABŞ dolları, 2-ci dəfə 25000 ABŞ dolları, 3-cü dəfə 20000 ABŞ dolları, 4-cü dəfə 45000 ABŞ dolları, beləliklə ümumilikdə 430000 ABŞ dolları almışdır. Abid aldığı 430000 ABŞ dolları məbləğində pulun müqabilində 4570 ABŞ dolları bir müddət vermiş, sonradan isə həmin məbləği də verməmişdir. Hazırda Abid, onun Cavid adlı dostundan aldığı 220000 ABŞ dolları, digər dostu Cavabdeh aldığı 430000 ABŞ dolları məbləğində pulları qaytarmamışdır. Pulları qaytarmasını Abiddən tələb etsə də, Abid onu hədələyərək, pulları müxtəlif bəhanələr ilə qaytarmamışdır. Həmin qərarda göstərilmişdir ki, izahatı alınmış Cavabdeh bildirmişdir ki, uşaqlıq dostu olan X8 vasitəsilə İddiaçı tanımışdır. Abid mütəmadi olaraq ondan borca pul almış və dediyi vaxta pulları qaytarmaqla onun etibarını qazanmışdır. Abid, Ramilin vasitəsilə ona Türkiyə Respublikasından santexnika malların biznesi ilə məşğul olmasını, onun investor kimi həmin biznesə kapital yatıracağı halda onun pulları ilə Azərbaycana mal gətizdirib, malların satışını həyata keçirməklə əldə etdiyi gəlirdən 30 faiz aylıq gəlir ona verəcəyini bildirmişdir. 2018-ci ilin mart ayında Ramil Məhərrəmovun iştirakı ilə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül bazarı deyilən yerdə Abidin ofisində əlbəəl özünə 340000 ( üç yüz qırx min ) ABŞ dolları, bundan sonra ikinci dəfə həmin ünvanda 25000 ABŞ dolları, üçüncü dəfə yenə eyni ünvanda eyni məqsədlə 20000 ( iyirmi min ) ABŞ dolları, dördüncü dəfə isə 45000 ABŞ dolları, beləliklə ümumilikdə 430000 (dörd yüz otuz min ) ABŞ dolları məbləğində pul vermişdir. Həmin pulları 1 il ərzində vermişdir. Abid ayda ona təxminən 4000 ABŞ dolları vermiş və guya onun aylıq şərikli qazancı olduğunu, istədiyi vaxt verdiyi pulları geri alacağını da demişdir. Abiddən dəfələrlə pulunu tələb etməsinə baxmayaraq, qaytarmamışdır. Ramilin digər dostu Caviddən də 220000 ABŞ dollarını eyni üsulla aldığını və ona da qaytarmadığını eşitmişdir. Abid pulları alan zaman onlara pulu santexnika malları biznesinin dövriyyəsinə buraxacağını, dövriyyədən qazanılan qazancın 30 faizi dövriyyəyə yatırılan kapitalını dövriyyədən çıxara biləcəyini demişdir. Həmin qərardan görünür ki, İddiaçı izahatında göstərmişdir ki, Ramil Məhərrəmov ilə 20 ilə yaxındır ki, dostluq münasibətləri vardı. Təxminən 2003-2004-cü illərdə onun yanına gəlib-gedən Ramil ona köməklik göstərməyə başlamış, qeyri-rəsmi işləyərək malın alqısatqısı mühasibatlığını həyata keçirməyə başlamış, qeyri-rəsmi işləyərək malın alqı-satqısı mühasibatlığını həyata keçirməyə başlamış və beləliklə iş birlikləri yaranmışdır. Maliyyə sıxıntısı olduğu zaman Ramil Məhərrəmov ona “mən səyyar büdcə olaraq bankdan, qohumlarımdan pul götürüb sənə yardım edə bilərəm” demişdir. Ramil birinci dəfə ona qohumundan 180000 manat borc götürüb, başqa şəxsə borc vermişdir. 2015-ci ildə dollar 1 manat 5 qəpiyə qalxanda 180000 manat borcu 78 qəpik dollar məzənnəsi ilə həmin borc 229500 dollar dəyərində yazılmışdır. Ona 9500 ABŞ dolları məbləğində pulu nağd şəkildə ödətdirərək 220000 ABŞ dolları aylıq 1.1 faiz sələm olmaqla 2420 ABŞ dolları aylıq faiz ödəmişdir. Pul ehtiyac olduğu zaman 20000 ABŞ dolları bir götürüb yenə ehtiyac olanda 25000 və yenə ehtiyac olanda 45000 ABŞ dolları borc götürmüş, pulların hər bir hissəsinə 1.5 faiz aylıq sələmə faiz ödəmişdir. Təkrar pul lazım olduğu zaman təxminən 2017- 2018-ci illərdə ünvan 3 ünvanda yerləşən yaşayış binasının 379 saylı mənzilini alqı-satqı edərək 340000 ABŞ dolları qiymətləndirərək ona həmin məbləğdə pul ödəmişlər, bu pula görə aylıq 3613 ABŞ dolları 6150 manat məbləğində pul ödəmişdir. Həmin pulları ödəyə bilmədikdə ona hədə qorxu gələrək evdən çıxmayacağı təqdirdə ona pis olacağını deyib, ona vaxt verib, 6 aya evi boşaltmağı tələb etmişlər, ya da 2500 manat aylıq icarə haqqı ilə kirayə qaldığını özündə əks etdirən müqavilə bağlatdırmışlar. Həmin vaxtdan 2 ay keçmiş, 2500 manatdan 5000 manatı ödəmədiyi üçün Nərimanov rayon polis idarəsinə şikayət etmişdir. Əslində Fuada 430000 ABŞ dolları borcu qalmış, 18000 manat puldan xəbəri yoxdur, 340000 ABŞ dolları əvəzində yaşadığı evini əlindən almışlar. Cavidə isə borcu yoxdur. Cavabdeh, Ramin, Cavid ilə görüşə Seyid adlı tanışı ilə getmiş, borc məsələsi orada aydınlaşdırılmış, Hicran Seyidov sual verərək puldan nə qədər keçə bilərsiniz soruşduqda, onlar heç bir məbləğə güzəşt etməyəcəklərini bildirmişlər. Hicran heç kimə hədə qorxu gəlməmişdir. İş materiallarında olan Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X7 təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 29 fevral 2024-cü il tarixli qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edlməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “Buta” Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş 23 fevral 2024cü il tarixli, 260 nömrəli Qiymətləndirmə aktından görünür ki, İddiaçı müraciəti əsasında Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 57, 379 nömrəli mənzilin bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə qiymətləndirmə işi həyata keçirilmiş, həmin mənzilin mart 2018-ci il tarixdə bazar qiyməti 680000 manat, fevral 2024-cü il tarixdə 635000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında Plenum qərara almışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmçşinin 157.4-cü maddəyə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitama yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (Maddə 337.4.) Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. (Maddə 337.5.) Həmin Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. (Maddə 337.3.) Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. (Maddə 340.2.) Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. (Maddə 404.1.) Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. (Maddə 404.2.) Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. (Maddə 404.3.) Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. (Maddə 404.4.) Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. (Maddə 404.5.) Beləliklə, tərəflərin izahatlarından və mülki işin materiallarından görünür ki, tərəflər arasında 02 mart 2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 57, 379 saylı mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmçinin müqavilənin 4cü maddəsinə görə mənzilin satış qiyməti 590000 manat kimi və həmin məbləğin 232400 manat hissəsinin satıcının banka olan borcunun silinməsi üçün "xxxx" QSC-yə ödənilməsi qeyd edilmişdir. Həmin mənzil Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınsa da, iddiaçı bu günədək həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşamağa davam edir. 22 iyul 2023-cü il tarixdə tərəflər arasında kirayə müqaviləsi bağlanılmış, kirayə müqaviləsində Cavabdeh həmin mənzili aylıq 2500 manat məbləğinə xx.xx.2024-cü il tarixinədək iddiaçıya kirayəyə verdiyi müəyyən edilmişdir. Hazırda iddiaçı qeyd edilmiş müqavilənin etibarlılığını mübahisələndirərək, cavabdehlə arasında əslində borc münasibətlərinin mövcud olduğunu və müqavilənin mövcud borcun bağlanılması üçün təminat olaraq bağlandığına, əslində borc ödənildikdən sonra müqavilənin ləğv olunacağı barədə razılığa gəldiklərinə əsaslanmış, hətta bununla bağlı kirayə müqaviləsinin bağlandığını və faktiki olaraq hər ay götürdüyü borcun faizlərini ödəməyə davam etdiyini, cavabdeh tərəfindən 2023-cü ilin oktyabr ayında polis orqanlarına şikayət verildikdən, həmçinin onun “kirayə müqaviləsinə xitam verilməsi, kirayə haqqının ödənilməsi, mənzildən çıxarılma” ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ilə müraciət edildikdən sonra cavabdeh tərəfindən aldadıldığını gördüyü üçün hazırki iddianı qaldırdığını bildirmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında mübahisələndirilmiş alqı-satqı müqaviləsi bağlanarkən tərəflərin həqiqi iradə ifadələrinin mənzilin alqı-satqısını həyata keçirmək yox, cavabdehin iddiaçıya verdiyi borcun və faizinin geri qaytarılmasını təminat altına almaq üçün mənzili girov qoymaq olmuşdur. Belə ki, iddiaçı ilə cavabdeh arasında borc münasibətlərinin mövcud olması 07 oktyabr 2023-cü il tarixdə Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X10 tərəfindən qəbul edilmiş cinayət işinin rədd edilməsi haqqında qərardakı izahatlarla öz təsdiqini tapmışdır. Belə ki, şikayətçi X8 şikayət ərizəsi ilə Nərimanov RPİ-nə müraciət edərək bildirmişdir ki, bir neçə dəfə ondan borca pul alıb qaytaran və bununla etibarını qazanmış İddiaçı onun uşaqlıq dostu Cavabdeh 2018-ci ildə 1 ci-dəfə 340000 ABŞ dolları, 2-ci dəfə 25000 ABŞ dolları, 3-cü dəfə 20000 ABŞ dolları, 4-cü dəfə 45000 ABŞ dolları, beləliklə ümumilikdə 430000 ABŞ dolları almışdır. Abid aldığı 430000 ABŞ dolları məbləğində pulun müqabilində 4570 ABŞ dolları bir müddət vermiş, sonradan isə həmin məbləği də verməmişdir. Hazırda Abid, onun Cavid adlı dostundan aldığı 220000 ABŞ dolları, digər dostu Cavabdeh aldığı 430000 ABŞ dolları məbləğində pulları qaytarmamışdır. Eyni qərarda əks olunan izahatında Cavabdeh bildirmişdir ki, uşaqlıq dostu olan X8 vasitəsilə İddiaçı tanımışdır. Abid mütəmadi olaraq ondan borca pul almış və dediyi vaxta pulları qaytarmaqla onun etibarını qazanmışdır. Abid, Ramilin vasitəsilə ona Türkiyə Respublikasından santexnika malların biznesi ilə məşğul olmasını, onun investor kimi həmin biznesə kapital yatıracağı halda onun pulları ilə Azərbaycana mal gətizdirib, malların satışını həyata keçirməklə əldə etdiyi gəlirdən 30 faiz aylıq gəlir ona verəcəyini bildirmişdir. 2018-ci ilin mart ayında Ramil Məhərrəmovun iştirakı ilə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül bazarı deyilən yerdə Abidin ofisində əlbəəl özünə 340000 ( üç yüz qırx min ) ABŞ dolları, bundan sonra ikinci dəfə həmin ünvanda 25000 ABŞ dolları, üçüncü dəfə yenə eyni ünvanda eyni məqsədlə 20000 ( iyirmi min ) ABŞ dolları, dördüncü dəfə isə 45000 ABŞ dolları, beləliklə ümumilikdə 430000 (dörd yüz otuz min ) ABŞ dolları məbləğində pul vermişdir. Həmin pulları 1 il ərzində vermişdir. Abid ayda ona təxminən 4000 ABŞ dolları vermiş və guya onun aylıq şərikli qazancı olduğunu, istədiyi vaxt verdiyi pulları geri alacağını da demişdir. Eyni qərarda iddiaçının verdiyi izahatdan görünür ki, iddiaçı Cavabdeh 20 il dostluq etdiyi Ramil Məhərrəmovun vasitəsilə tanımış, onun vasitəsilə Cavabdeh pula ehtiyacı olduğu zaman 20000 ABŞ dolları, 25000 ABŞ dolları, 45000 ABŞ dolları borc götürmüş, pulların hər bir hissəsinə 1.5 faiz aylıq sələmə faiz ödəmişdir. Təkrar pul lazım olduğu zaman təxminən 2017-2018-ci illərdə ünvan 3 ünvanda yerləşən yaşayış binasının 379 saylı mənzilini alqı-satqı edərək 340000 ABŞ dolları qiymətləndirərək ona həmin məbləğdə pul ödəmişlər, bu pula görə aylıq 3613 ABŞ dolları 6150 manat məbləğində pul ödəmişdir. Həmin pulları ödəyə bilmədikdə ona hədə qorxu gələrək evdən çıxmayacağı təqdirdə ona pis olacağını deyib, ona vaxt verib, 6 aya evi boşaltmağı tələb etmişlər, ya da 2500 manat aylıq icarə haqqı ilə kirayə qaldığını özündə əks etdirən müqavilə bağlatdırmışlar. Həmin vaxtdan 2 ay keçmiş, 2500manatdan 5000 manatı ödəmədiyi üçün Nərimanov rayon polis idarəsinə şikayət etmişdir. Əslində Fuada 430000 ABŞ dolları borcu qalmış, 18000 manat puldan xəbəri yoxdur, 340000 ABŞ dolları əvəzində yaşadığı evini əlindən almışlar. Göründüyü kimi polisdə verdiyi izahatında Cavabdeh hazırki iddianın predmeti olan alqısatqı müqaviləsinin bağlanması barədə məlumat yazmamış, iddiaçı ilə aralarında yalnız borc münasibətlərinin mövcudluğunu təsdiq etmişdir. Ondan fərqli olaraq iddiaçı izahatında cavadehdən aldığı borc məbləğlərini etiraf etmiş, həmçinin borc olaraq aldığı 340000 ABŞ dolları müqabilində ünvan 3 ünvanda yerləşən yaşayış binasının 379 saylı mənzilinə dair cavabdehlə alqısatqı müqaviləsinin bağlanması barədə məlumat vermişdir. Məhkəmə belə qənaətə gəlir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi girov müqaviləsini pərdələmək məqsədi ilə bağlanılmış yalan əqd olmaqla, iddiaçının cavabdeh qarşısında olan borc öhdəliklərinin icrasını təmin etmək məqsədi daşıdığından əhəmiyyətsiz olduğu üçün etibarsız hesab edilməlidir. Cavabdeh tərəfin iddia müddətinin ötürüməsi dəlilinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 372.1.-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2.-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. (Maddə 354.1.) Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. (Maddə 354.2.) Məhkəmə mülki işdə olan sübutları və işin faktiki hallarını qiymətləndirib, belə qənaətə gəlir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, mübahisələndirilən alqısatqı müqaviləsi xx.xx.2018-ci il tarixdə bağlansa da, həmin müqavilə tərəflərin həqiqi iradə ifadəsi alqı-satqı deyil, borc məbləğinin qaytarılması üçün təminat məqsədini daşıdığından iddiaçı həmin evdə yaşamağa davam etmiş, iddiaçı tərəfindən aylıq ödənişlər kəsildiyi zaman cavabdeh onun mənzildən çıxarılması tələbi ilə 2023-cü ilin oktyabr ayında məhkəməyə iddia ilə müraciət etdikdən, həmçinin iddiaçıdan polis orqanlarına edilən şikayətin araşdırmasında iddiaçının əleyhinə izahat verdikdən sonra iddiaçı cavabdeh tərəfindən razılaşdırdıqları şərtin pozulduğunun təsdiqini tapdığından sonra hazırki iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etdiyindən iddia müddətini ötürməmişdir. Nəticə etibarilə iddiaçının hazırkı tarixədək həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməməsinin, Cavabdeh İddiaçı qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində qaldırdığı “kirayə müqaviləsinə xitam verilməsi, kirayə haqqının ödənilməsi, mənzildən çıxarılma” tələbinə dair iddiadan sonra məhkəməyə müraciət etməsi səbəbi o olmuşdur ki, aralarında bağlanan müqavilənin alqı-satqı müqaviləsi olmasını bilmiş, lakin o, aralarında olan razılığa əsasən onun bu mənzili iddiaçıdan alınan borcun faizi ilə birlikdə qaytarılmasını təminat altına almaq üçün öz adına keçirmək istədiyini zənn etmiş, dolayısı ilə cavabdeh mənzildən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edənədək onun aralarında bağlanılmış bu müqaviləyə istinad edib mənzilin əsl mülkiyyətçisini – yəni, iddiaçını mənzildən çıxarmaq niyyətində olduğunu bilməmişdir. Yalnız cavabdehin digər məhkəmədə qaldırdığı iddiadan sonra iddiaçı cavabdehin özünü bu mənzilin “mülkiyyətçisi” hesab etdiyini bilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlansa da tərəflərin əsl niyyəti girov müqaviləsi bağlamaq olmuş, üstəlik, cavabdeh bu müqavilənin bağlanılmasına iddiaçının ona olan borcunun ödənilməsinin təminatı olaraq razı olmuşdur. Məhkəmə bu cür nəticəyə gələrkən iş üzrə tədqiq edilmiş konkret sübutları, müqaviləyə qədərki və sonrakı danışıqları, hərəkətləri, müqavilə üzrə edilən-edilməyən hərəkətləri, bir sözlə, tərəflər arasındakı bütün münasibətləri nəzərə almışdır. Göründüyü kimi tərəflər arasında bağlanmış 02 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsi sırf görünüş üçün bağlandığından, tərəflərin həqiqi hüquqi niyyətlərini əks etdirmədiyindən, həmin müqavilə etibarsız hesab edilməli, mənzilə dair Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********* qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir. Mülki Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 57, 379 saylı mənzilə dair Bakı şəhəri 53 saylı Notariat notariat kontorunun xüsusi notariusu X6 tərəfindən 4Ə-2020 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı ilə Cavabdeh arasında 02 mart 2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh tərəfindən 340000 ABŞ dolların ödənilməsi iddiaçının etirafı ilə yanaşı işdə olan sübutlarla təsdiqini tapdığından, həmin müqavilə etibarsız hesab edildiyi üçün 340000 ABŞ dolları İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. İddia tələbinin “22 iyul 2023-cü il tarixli kirayə müqaviləsinin ləğv edilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin müqavilənin qüvvədə olduğu müddət xx.xx.2024-cü il tarixdə bitdiyindən qüvvədə olmayan müqavilənin ləğv edilməsi mümkün olmadığından həmin hissədə iddia tələbləri təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 57, 379 saylı mənzilə dair Bakı şəhəri 53 saylı Notariat notariat kontorunun xüsusi notariusu X6 tərəfindən 4Ə-2020 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı ilə Cavabdeh arasında 02 mart 2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab olunsun. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş reyestr nömrəsi **********55-05301-093159, ********** qeydiyyat nömrəsi olan Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 57, mənzil 379 üzərində Cavabdeh adına aparılmış qeyd və onun adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv olunsun. 02 mart 2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən ödənilmiş 340000 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı tutularaq, Cavabdeh ödənilsin. İddia tələbi “xx.xx.2023-cü il tarixli kirayə müqaviləsinin ləğv edilməsi” hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1729/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1729/2024
18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver