Məhkəmə qərarları › İş №2(011)-2610/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2610/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mənzil mübahisələri - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2610/2021 14.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsinə dair” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı” "xxxx" ASC Cavabdeh1 qarşı – tərəflər arasında bağlanılmış 04.10.2018-ci il tarixli DEN-00007-04/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 18.01.2021-ci il tarixinə olan 56296,72 manat əsas borc, 6551,5 manat faiz borcu, 8151,6 manat dəbbə borcu, ümumilikdə 70999,82 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının cavabdehlər Cavabdeh1 iddiaçının xeyrinə tutulması, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış 04.10.2018-ci il tarixli DENG-00007- 04/18A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87,1 kv.m olan mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması, həmin mənzildə qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh3 mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Ticarət” filialı ilə Cavabdeh1 arasında 04.10.2018-ci il tarixli DEN-00007-04/18A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 3 ay müddətinə, illik 17 faiz ödəmək şərti ilə 100000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 04.10.2018-ci il tarixində iddiaçıyla DENG-00007-04/18A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanlı mənzili ipotekaya qoymuşdur. Cavabdeh1 kredit müqavilələrinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqavilələri üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini icra etməyərək 152 gün gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.9-cu və ipoteka müqavilələrinin 7.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh DEN-00007-04/18A saylı kredit müqaviləsi üzrə 18.01.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcun məbləği 56296 manat 72 qəpik, faiz borcu 6551 manat əlli qəpik, dəbbə pulu 8151 manat altmış qəpik, cəmi 70999 manat səksən iki qəpik təşkil edir. Beləliklə cavabdehin 18.02.2021-ci il tarixində kredit müqaviləsi üzrə ümumi borcu 70999 manat səksən iki qəpik təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, iddia tələbini qismən qəbul edir. Odur ki, o, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Cavabdeh1 (borcalan) ilə "xxxx" ASC arasında bağlanılmış 04.10.2018-ci il tarixli, DEN-00007-04/18A nömrəli “Kredit müqaviləsi”-nə əsasən bank borcluya 100000 manat məbləğində krediti illik 17 faizlə 36 ay müddətinə mülkiyyətinə verir, borcalan isə həmin kreditdən şəxsi istifadə məqsədi ilə istifadə etməyi və onu 04.10.2021-ci il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. İpoteka saxlayan "xxxx" ASC ilə ipotekaqoyan Cavabdeh2 və borclu Cavabdeh1 arasında bağlanılmış və notarial təsdiq edilmiş 04.10.2018-ci il tarixli, DENG-00007- 04/18A saylı “İpoteka müqaviləsi”-nə əsasən ipoteka qoyan borcalan və ipotekasaxlayan arasında Bakı şəhərində bağlanılmış 04.10.2018-ci il tarixli DEN-00007-04/18A nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili ipoteka saxlayana ipoteka qoyur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh2 mülkiyyətindədir və "xxxx" ASC xeyrinə yüklü edilmişdir. İş materiallarında olan Cavabdeh3 04.10.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, arvadı- Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili "xxxx" ASC-yə ipoteka qoyulmasına etiraz etmir. Borc haqqında 18.01.2021-ci il tarixli arayışa əsasən Cavabdeh1 18.01.2021-ci il tarixə banka əsas borcu məbləği 56296,72 manat, ümumi faiz borcu 6551,5 manat, dəbbə borcu 8151,6 manat, cəmi borc 709992 manat təşkil edir. İşdən görünür ki, "xxxx" ASC cavabdehlərə kredit borcunun ödənilməsi tələbi ilə bağlı xəbərdarlıq məktubu göndərmişdir. İşin materiallarından görünür ki, "xxxx" ASC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş göndərmiş, həmin ərizə Reyestr Xidmətində qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 9/2403 saylı, 18.60.2021-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 18.01.2021-ci il tarixə banka olan borcu ümumilikdə 62848,22 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 56296,72 manat, faiz borcu üzrə 6551,50 manat məbləğində müəyyən olunur. Qeyd edilən ekspertizanın dəyəri 150 manat təşkil edir. "xxxx" MMC-nin qiymətləndirmə rəyinə əsasən Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin 23.04.2021-ci il tarixə olan bazar dəyəri 110000 manat, likvid dəyəri isə 90000 manat məbləğində qiymətləndirilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanılmış kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən və təklifdə göstərilmiş müddətdə cavabdehlərdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehə borcunu ödəməsini xatırlatmasına baxmayaraq cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 8151,6 manat məbləğində cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, cərimə (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalıdır. Odur ki, məhkəmə iddia tələbində göstərilən cərimə borcunun 8151,6 manat dolları məbləğində deyil, 2000 manat dolları məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Məhkəmə həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun, 0,40 manat xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddia üzrə cavabdeh bank qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh X2 alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri də cavabdeh X2 tutulmalıdır. Məhkəmə tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsi və ipotekanın açıq hərracdan satılması və borcun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin banka olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu bank qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş sözügedən mənzilə yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş sözügedən mənzilə yönəldilməsi ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olsa belə, iddiaçı tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi tələbi ilə müraciət edildiyindən, bununla da ipoteka predmetinin ilkin satış qiyməti mübahisələndirildiyindən ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən 90000 manat məbləğində müəyyən edilməlidir. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddianın ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olan Cavabdeh3 və Cavabdeh2 mənzilin boşaldılması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə eyni zamanda iddianın cavabdehlər Cavabdeh2 və X3 ipoteka predmeti olan mənzildən istifadə hüquqlarına xitam verilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki. məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olmadığı halda həmin mənzildə qeydiyyatda olan şəxslərin istifadə hüquqlarına xitam verilməsini tələb etmək hüququ yoxdur. Odur ki, iddia bu hissədə əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və "xxxx" ASC arasında bağlanılmış 04.10.2018-ci il tarixli DEN-00007- 04/18A nömrəli “Kredit müqaviləsi” ləğv edilsin. Cavabdeh1 04.10.2018-ci il tarixli DEN-00007-04/18A nömrəli “Kredit müqaviləsi” üzrə əsas borca görə 56296,72 (əlli altı min iki yüz doxsan altı manat yetmiş iki qəpik), faiz borcuna görə 6551,5 (altmı min beş yüz əlli bir manat əlli qəpik), cərimə borcuna görə 2000 (iki min manat) manat, ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq "xxxx" ASC-yə ödənilsin. Tələb Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilsin. ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 90.000 (doxsan min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın. Mənzilin satılmasından əldə edilən vəsaitdən əsas borca görə 56296,72 (əlli altı min iki yüz doxsan altı manat yetmiş iki qəpik), faiz borcuna görə 6551,5 (altmı min beş yüz əlli bir manat əlli qəpik), cərimə borcuna görə 2000 (iki min manat) manat, ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat olmaqla, cəmi 64878,62 (altmış dörd min səkkiz yüz yetmiş səkkiz manat altmış iki qəpik) manat məbləğində pul vəsaiti "xxxx" ASC-yə ödənilsin. Satışdan əldə olunmuş pul vəsaiti artıq olduqda qalan pul vəsaiti Cavabdeh2 qaytarılsın. ünvan 1 ünvanında yerləşən mənzil, mənzilə tutma yönəldildikdə və o satıldıqdan sonra bir ay ərzində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dəyəri olaraq 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver