Məhkəmə qərarları › İş №2(011)-4393/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4393/2021

04.05.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Mənzil mübahisələri - Ər-arvad arasında əmlak mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4393/2021 04.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Əhmədli yaşayış sahəsi, ünvan ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş 4 saylı yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 89,0 kv. metr olan, 2 otaqlı, 6 saylı mənzilin açıq hərracdan satılması və satış pulunun İddiaçı və Cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi birgə nikah dövründə əldə edilmiş əmlakın satılması və pulun tərəflər arasında bölüşdürülməsi barədədir. Bununla belə iddiaçı, cavabdehlə onun nikah dövründə əldə etdikləri birgə mülkiyyətin satılması barədə tərəflərin razılığının olmamasını təsdiq edən, o cümlədən paylı mülkiyyətin satılması zamanı üstünlük hüququ olan şəxslə mübahisənin məhkəmədənkənar həlli qaydasına əməl edilməsi barədə sübutları iş materiallarına əlavə etməmişdir. Bununla belə, iddia ərizəsindən görünür ki, iddiaçı, ona mülkiyyət hüququ əsasında malik olduğu mənzil mübahisəsi ilə bağlı birbaşa məhkəməyə müraciət etmiş, lakin həmin mənzilin tam mülkiyyət hüququ ilə ona məxsus olması barədə sübutları təqdim etməmişdir. İddiaçıya məxsus mənzilə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə gəldikdə isə, həmin qətnamə ilə tərəflərin mübahisəli mənzilə tam mülkiyyət hüququ deyil, ona sahiblik və istifadə hüququn tanınmışdır. Başqa sözlə desək, əmlaka tam mülkiyyət hüququ, o cümlədən onun hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkan olmadan, hazırkı iddia tələbinə də məhkəmədə baxılması istisna olunur. Belə olan halda iddiaçı, mənzilə tam mülkiyyət hüququnun əldə edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Üzrə Dövlət Xidməti yanında DƏDRX-nın 1 Saylı Bakı Ərazi İdarəsinə müraciət etməli, bundan sonra isə mülkiyyətin satılması barədə paylı müəliyyətçini xəbərdar etməli, nəticəsindən asılı olaraq məhkəməyə müqaciət etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı deyil və buna görə də iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır, ərizə və ona əlavə edilmiş sənədlər isə rəsmi qaydada ərizəçiyə verilməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-ci maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 21.06.2010-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. İddiaçıya, mənzilə paylı mülkiyyət hüququnun əldə edilməsi məqsədilə əvvəlcə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Üzrə Dövlət Xidməti yanında DƏDRX-nın 1 Saylı Bakı Ərazi İdarəsinə, əmlakın satılması barədə isə paylı mülkiyyətçiyə xəbərdarlıq etməli olması, müraciətlərin nəticəsindən asılı olaraq isə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “birgə nikah dövründə əldə edilmiş əmlakın satılması və pulun tərəflər arasında bölünməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver