Məhkəmə qərarları › İş №2(011)-5311/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5311/2023

21.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5311/2023 21.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, mərhum atası X10 ünvan 1 miras olaraq ona qalmışdır və mənzilə dair dövlət reyestrində qeydiyyat onun adına aparılaraq çıxarış verilmişdir. Atasının sağlığında cavabdehlər 1997ci ildən atasının icazəsi ilə müvəqqəti olaraq bu mənzildə yaşamışlar. Sonradan dəfələrlə atası xəbərdarlıq etsə də mənzildən çıxmamışlar. Dəfələrlə səs-küy qaldıraraq atasını polisə şikayət etmişlər. Bu səbəbdən də atası sonda bunlara baş qoşmamış, öz abrından utanaraq onlara yaxın getməmişdir. Hazırda atası dünyasını dəyişmişdir. Mənzilin mülkiyyətçisi iddiaçıdır və cavabdehlərə evdən çıxmaqları barədə xəbərdarlıq etmişdir, lakin onlar məhəl qoymamışlar. O, hazırda mülkiyyətində olan mənzildən cavabdehlərin mənzilini zəbt etməsi səbəbilə istədiyi kimi sahiblik, istifadə və sərəncam, mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Onlar bu vaxta qədər ona məxsus mənzildə qeydiyyatsız olaraq qanunsuz şəkildə yaşayırlar. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 36 saylı evin 106 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X8 çıxarılması və həmin mənzilin cavabdehlər tərəfindən boşaldılaraq, ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, bu ev onun atasının evidir və atası həmin evi ona vermişdir. Cavabdehlər həmin evə onun atasının razılığı ilə köçüblər və bu günə qədər yaşayırlar. Atası da 1 illik cavabdehlərə etibarnamə vermişdir ki, evi öz adlarına keçirsinlər. Həmin 1 il ərzində istədikləri vaxt evi adlarına keçirə bilərdilər. Əgər atası vaxtilə həmin evi cavabdehlər satmışsa, bununla bağlı məhkəməyə müraciət etsinlər. Atası sağlığında ona demişdir ki, mən öləndən sonra evi alarsan cavabdehlərdən. O, cavabdehləri küçəyə atmaq istəməmişdir, lakin atası xəstə olduğu üçün qardaşı evini atasına görə satmış, o, hazırda evsiz qalmışdır. O zamanında cavabdehlərə 10 000 manat təklif etmiş, lakin onlar razılaşmamışlar. Qaldıqları müddətdə kommunal ödənişləri cavabdehlər ödəmişdir. Bələdiyyə ödənişi atasının adına gəlsə də, cavabdehlər ödəmişdir. İddiaçı həmçinin bildirmişdir ki, atasının şəxsiyyət vəsiqəsi olmadığına görə mübahisəli evin alqı-satqısına dair müqavilə notarial qaydada bağlanmamışdır. Məhkəmə iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil hər biri ayrıayrılıqda cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 izahatında bildirmişdir ki, mübahisəli evi 1997-ci ildə iddiaçının atası X10 almışdır və artıq 24 ildir ki, həmin evdə ailə üzvləri ilə yaşayır. İddiaçının atasının şəxsiyyət vəsiqəsi olmadığına görə alqı-satqı müqaviləsinin notariusda bağlaya bilməmişdir və həmçinin R.Vəliyev onları qeydiyyata sala bilməmişdir. Yaşadıqları müddətdə onlara heç bir maneə törədilməmişdir. R.Vəliyev öləndən sonra iddiaçı bu iddianı qaldırmışdır. Cavabdeh1 bildirmişdir ki, onlar həmin evə köçən gündən bütün kommunal ödənişləri etmiş, 1 manat da olsun borcları olmamışdır. İddiaçının atasının adına bələdiyyədən gələn ödənişləri də o, etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil əlavə olaraq qeyd etmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, cavabdeh mübahisəli mənzili mərhum X10 1997-ci ildə alqı-satqı əsasında almış və həmin tarixdən mənzildə ailə üzvləri ilə birlikdə yaşayır, bütün kommunal ödənişləri edir, evin saxlanılması xərclərini ödəyir. X12 şəxsiyyət vəsiqəsi olmadığına görə onunla mübahisəli evə dair alqı-satqı müqaviləsi notariusda bağlanmamışdır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6278/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən X12 01 fevral 1964-cü il tarixdə Ermənistan Respublikası Masis rayonu, Dostluq kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilmiş, R.Vəliyev bundan sonra şəxsiyyət vəsiqəsini almışdır. Cavabdehin mübahisəli mənzilin alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi, həmin daşınmaz əmlakla bağlı iddiaçıya verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və vərəsəlik şəhadətnaməsi əsasında iddiaçının adına verilmiş çıxarışın ləğvi tələbinə dair qarşılıqlı iddia tələbi icraata qəbul edilməsə də, cavabdeh eyni iddia tələbi ilə ayrıca icraatda məhkəməyə müraciət edəcəkdir. Məhkəmə, tərəflərin çıxışlarını dinləyərək və iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 36 saylı evin 106 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 65256122 №-li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 1 ünvanında X16, X18 və X13 qeydiyyatdadır. İş materiallarında olan V-СЛ seriyalı, 434105 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə anadan olmuş, atası X21, anası X9r. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 261273 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş X23, X4, X25 və X14 tərəfindən imzalanmış 05 dekabr 2021-ci il tarixli, **********436 nömrəli ərizənin surətindən görünür ki, X21, X11, İddiaçı və X19 1997ci ildən ünvan 1 ünvanında yaşamırlar. Hal-hazırda həmin ünvanda 1997-ci ildən halhazıradək Cavabdeh2, X20, Cavabdeh3 və Cavabdeh1 yaşayırlar. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X17 verilmiş MH seriyalı, 096691 №-li Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 X12 adına xüsusi mülkiyyət kimi xx.xx.1997-ci il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6278/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, X12 01 fevral 1964-cü il tarixdə Ermənistan Respublikası Masis rayonu, Dostluq kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan Ramazan Vəliyev və Cavabdeh2 tərəfindən imzalanmış əlyazmadan görünür ki, Cavabdeh2 tərəfindən Vəliyev Ramazana evin alqı-satqısı üçün xx.xx.1997-ci il tarixdə 2000 dollar məbləğində pul verilmişdir. İş materiallarında Cavabdeh2, Zülfiyyə Ərəbova tərəfindən imzalanmış əlyazmadan görünür ki, X1 36, bina 106 da yaşayan Cavabdeh2 evin alqı-satqısına görə xx.xx.1997-ci il tarixdə 90 dollar, xx.xx.1997-ci il tarixdə 110 dollar almışdır. İş materiallarında olan əlyazmadan görünür ki, Cavabdeh2, Zülfiyyə Ərəbova tərəfindən imzalanmış əlyazmadan görünür ki, X15 evin alqı-satqısı üçün əlavə olaraq Cavabdeh2 xx.xx.1997-ci il tarixdə 1000 dollar, xx.xx.1997-ci il tarixdə 100 dollar götürmüşdür. İş materiallarında olan ünvan 2 ünvanında yaşayan X5 xx.xx.1997-ci il tarixli ərizəsindən görünür ki, o, notariusu məlum edir ki, göstərilən ünvanda yerləşən mənzilin satılmasına razıdır. İş materiallarında olan ********************28981960 nömrəli mədaxil qəbzindən görünür ki, Xətai Bələdiyyəsinin hesabına Cavabdeh1 tərəfindən 38.88 manat ödəniş edilmişdir. Məhkəmə qeyd edir ki, xüsusi mülkiyyətdə olan mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün 2000-ci il 01 sentyabr tarixinədək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində və ya 2000-ci il 01 sentyabr tarixindən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olmalıdır.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı). Qeyd olunmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə mübahisə 08 iyul 1982-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir. Əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 53-cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəllənin 336.1-ci maddəsinə əsasən əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Həmin məcəllənin 395-ci maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2023-cü il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Beləliklə, tərəflərin izahatlarından və mülki işdə olan sübutlardan müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 36 saylı evin 106 saylı mənzili xx.xx.1997-ci il tarixdə qeydiyyat vəsiqəsi əsasında iddiaçının atası X12 xüsusi mülkiyyətinə verilmişdir. Həmin ildə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müəyyən pul məbləği müqabilində mülkiyyətçinin razılığı ilə həmin mənzilə köçmüş və hazırda da həmin mənzildə yaşayır, bütün kommunal ödənişləri edir, evin saxlanılması xərclərini ödəyirlər. X12 şəxsiyyətini təsdiq edən sənədi olmadığına görə onunla mübahisəli evə dair alqı-satqı müqaviləsi notariusda bağlanmamışdır. Belə ki, mülki işdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6278/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təsdiq edilir ki, X12 01 fevral 1964-cü il tarixdə Ermənistan Respublikası Masis rayonu, Dostluq kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilmişdir, yəni R.Vəliyev şəxsiyyət vəsiqəsini həmin qətnamə qəbul ediləndən sonra almışdır. X21 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Həmin mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Halhazırda İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 36 saylı evin 106 saylı mənzilindən məcburi şəkildə çıxarılmasını tələb etsə də, məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları mövcud olduğundan onların istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən çıxarılmaları yalnız müvafiq kompensasiya müqabilində mümkündür. İddiaçı isə hər hansı kompensasiya təklif etməmişdir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan əlyazmalardan və tərəflərin izahatlarından göründüyü kimi mənzilin əvvəlki mülkiyyətçisi R.Vəliyev ilə Cavabdeh1 arasında alqı-satqı barədə əqd bağlanmış, lakin mülkiyyətçinin şəxsiyyətini təsdiq edən sənədi mövcud olmadığından alqı-satqı notarial qaydada təsdiqlənməmişdir. Bu faktın özü də onu təsdiq edir ki, mübahisəli mənzillə bağlı tərəflər arasında alqı-satqı müqaviləsinin notarial qaydada bağlanmamasında cavabdeh tərəfin hər hansı bir təqsiri olmamışdır. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehlər mübahisəli yaşayış sahəsində istifadə hüququna malik olan şəxs olduğu üçün onların istifadə hüquqlarına yalnız kompensasiya ödənilməklə xitam verilə bilər. Bununla bağlı olaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd olunduğu üçün məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver