Məhkəmə qərarları › İş №2(011)-5871/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5871/2021

26.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq mübahisələri - Mənəvi zərərin ödənilməsi - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5871/2021 26.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı X5, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X5 Cavabdeh qarşı “torpaq sahəsində tikilmiş özbaşına tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin digər şəxsin qanunsuz sahibliyindən alınması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X13 Cavabdeh qarşı - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Elşən Süleymanov, küçəsi 1 saylı evə dair iddiaçının adına verilmiş 11/458 invertar nömrəli, 24.06.2017-ci il tarixli texniki pasportda göstərilməyən qanunsuz tikililərin Cavabdeh hesabına sökülərək əvvəlki vəziyyətin bərpa edilməsi, həmin torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdeh tərəfindən iddiaçıya yaşadılmış mənəvi iztirabların qarşılığı kimi cavabdehdən 5000 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 30/5 invertar nömrəli 16.04.1992-ci il tarixli Texniki pasportuna əsasən ünvan 1 ünvanda yerləşən 0,2455 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış sahələri iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Həmin torpaq sahəsi üzərində inşa edilmiş yaşayış sahələri babasından atasına, atasından isə ona miras qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2- 2622/2002 saylı, 30.09.2002-ci il tarixli qiyabi qətnaməsinə əsasən sahibliyində olan ünvan 2 ünvanda yerləşən 0,2455 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş yaşayış sahələrinə keçmiş arvadı X1 hüququ tanınmış və onun adına texniki pasport verilmişdir. ünvan 3 ünvanda yerləşən torpaq və yaşayış sahəsinə X1 hüqunun tanınması və onun adına texniki pasportun verilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-2622/2002 saylı, 30.09.2002-ci il tarixli qiyabi qətnaməsi həmin Məhkəmənin 2(011)-10197/2015 saylı, 18.11.2015-ci il tarixli qərardadı ilə ləğv edilmişdir. Daha sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10197/2015 saylı, 10 dekabr 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 yuxarıda qeyd olunan iddia tələbi rədd olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10197/2015 saylı, 10.12.2015-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2-2622/2002 saylı, 30.09.2002-ci il tarixli qiyabi qətnaməsinin icrasına dönüş edilmiş və tərəflər ilkin vəziyyətə qaytarılmışdır. Məlum Məhkəmə aktlarının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər üzrə Ərazi İbarəsi tərəfindən iddiaçının adına 11/458 invertar nömrəli, 24.06.2017-ci il tarixli texniki pasport verilmişdir. X11 2-2622/2002 saylı, 30.09.2002-ci il tarixli qiyabi qətnaməsindən və bu qətnamə əsasında verilmiş Texniki pasportdan sui-istifadə edərək iddiaçıya məxsus torpaq sahəsini Cavabdeh satmış, sonuncu isə onun iradəsinə zidd olaraq və qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla iddiaçıya məxsus torpaq sahəsində özbaşına tikililər aparmışdır. Cavabdeh tərəfindən sözügedən ünvanda aparılmış özbaşına tikililər iddiaçının hüquqularını pozur. Belə ki, məhz bu səbəbdən o özünə məxsus əmlakdan lazımı qaydada istifadə edə bilmir. Digər tərəfdən orda aparılmış özbaşına tikililər heç bir tikinti normasına cavab vermir. Ona görə də həmin tikililərin gələcəkdə iddiaçının və digər şəxslərin həyatları təhlükədə qoymayacağına dair heç kim zəmanət verə bilməz. Bu səbəbdən də hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçının adına 11/458 invertar nömrəli, 24.06.2017-ci il tarixli texniki pasportda göstərilməyən bütün özbaşına tikililər sökülməlidir. İddiaçı, X6, X14, X15 və X16 qarşı “istifadəsində olan torpaq sahəsində özbaşına aparılmış tikintinin cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyətin bərpa edilməsi və dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehlər tərəfindən ünvan 3 ünvanda yerləşən torpaq sahəsində özbaşına tikililərin aparılmasının qadağan edilməsi, aparılmış qanunsuz tikililərin cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyətinin bərpa edilməsi, cavabdeh X2 5000 manat məbləğində mənəvi zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh X11 cavabdeh olaraq ona qarşı “birgə nikah dövründə birgə istifadədə olmuş torpaq sahəsinin istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 evin və evin ətrafında olan torpaq sahəsinin ½ hissəsində iddiaçının və ½ hissəsində onun istifadəsində olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə yuxarıda qeyd etdiyi iddia tələblərinə dair mülki işi icraata götürmüş, əlavə olaraq Cavabdeh iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3cü şəxs qismində işə cəlb etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 80/2019 saylı mülki iş üzrə qəbul olunmuş 08 fevral 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia qismən (X11, X18, X19 və X20 tərəfindən ünvan 3 ünvanda yerləşən torpaq sahəsində özbaşına aparılmış tikintinin cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyətin bərpa edilməsi hissəsində) təmin edilmiş, ilkin iddia qalan hissədə, qarşılıqlı iddia isə tam olaraq rədd edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin yuxarıda qeyd etdiyi qətnaməsindən iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6156/2019 saylı, 31 may 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, 2(011)-80/2019 saylı mülki iş üzrə qəbul olunmuş 08 fevral 2019- cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6156/2019 saylı, 31 may 2019-cu il tarixli qətnaməsindən yenə də iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7671/2019 saylı 24.12.2019-cu il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6156/2019 saylı, 31 may 2019-cu il tarixli qətnaməsi ilk iddia tələbi ilə bağlı hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. İşə yenidən apellyasiya qaydasında baxılan zaman müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsi üzərində tikilmiş özbaşına tikililər həmin iş üzrə cavabdeh qismində iştirak edən X6, X14, X15 və X16 deyil, iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh məxsusdur. Ona görə də məhkəmə əsl olmayan cavabdehə qarşı iddia qaldırdığını əsas gətirərək iddia tələbini rədd olunmasına dair 2(103)- 3706/2020 saylı, 19.11.2020-ci il tarixli qətnamə qəbul etmişdir. Həmçinin, həmin qətnamədə iddiaçıya Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ona görə də o hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iddiaçı X13 iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 06 oktyabr 2016-cı il tarixli, 2(103)-8074/2016 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2-2622/2002 saylı 30.09.2002-ci il tarixli qiyabi qətnaməsi ilə iddiaçı X12 Bakı şəhəri, Elşən İsmayılov (1-ci qəsəbə) küçəsindəki 1 saylı evə və həmin evin ətrafında olan torpaq sahəsinə sahiblik hüququnun müəyyən edilməsi və onun adına texniki pasportun verilməsi vəzifəsinin Bakı şəhəri Texniki İnventrlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin üzərinə qoyulması qət edilmişdir. Daha sonra, cavabdeh X5 müraciətinə əsasən məhkəmənin 18.11.2015-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş, itirilmiş icraat bərpa edilmiş və iş üzrə icraat təzələnmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10197/2015 saylı, 10.12.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı X12 cavabdeh İddiaçı qarşı evə və torpaq sahəsinə sahiblik hüququnun müəyyən edilməsi və texniki pasportun verilməsi tələbinə dair iddiasının rədd olunması qət edilmişdir. İddiaçı X21 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10197/2015 saylı, 10 dekabr 2015-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmiş, verilmiş apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 13.06.2017-ci il tarixli Texniki Pasportdan görünür ki, ünvan 4 ünvanda yerləşən torpaq sahəsinin və onun üzərində yerləşən yaşayış evinin Texniki Pasportu İddiaçı adına tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-80/2019 nömrəli 08 fevral 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia üzrə cavabdehlər X11, X18, X19 və X20 tərəfindən ünvan 5 ünvanında yerləşən torpaq sahəsində özbaşına tikintilərin aparılması qadağan edilsin və aparılmış qanunsuz tikililər cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyəti bərpa edilməsi, ilk iddia üzrə cavabdehlər X2, X7, X8 və X9 ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub ilk iddia üzrə iddiaçı X10 verilməsi, X4 cavabdeh X10 qarşı Bakı şəhəri, E.Süleymanov küçəsi, 1 saylı evin və evin ətrafında olan torpaq sahəsinin 1/2 hissədə onun, 1/2 hissədə cavabdehin istifadəsində olması barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.10.2018-ci il tarixli, 17039 saylı ekspert rəyi ilə, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən mülki iş materiallarında olan məlumatlara və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, ünvan 4 ünvanda yerləşən, İddiaçı adına tərtib olunmuş 13.06,2017-ci il tarixli texniki pasportda qeyd olunan torpaq sahəsində bir mərtəbəli, 3 otaqlı, «A» literli, bir mərtəbəli, 2 otaqlı «B» literli yaşayış evlərinin, «İV» literli təsərrfuat tikilisinin mövcud olduğu, texniki pasport üzrə «Q» və «D» literli yardımçı (köməkçi) tikililərin söküldüyü, həyətyanı sahədə, texniki pasportda öz əksini tapmamış, yarımçıq vəziyyətdə və tikintisi tam başa çatmış fərdi yaşayış evlərinin inşa olunduğu, eləcə də evin həyətyanı sahəsinin faktiki olaraq qeyri-bərabər hissələrə bölündüyü və bölünmüş sahələrin oradakı evlərlə birlikdə müxtəlif şəxslərin istifadəsində olduğu, fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin əksər hissəsinin müxtəlif şəxslərin istifadəsində olduğunu və həmin hissələrə daxil olub baxış keçirilməsinin mümkün olmadığını nəzərə alaraq, texniki pasportda öz əksini tapmayan tikililərin təyinatının, ölçüsünün, tikinti norma və qaydalarına uyğun inşa olunub-olunmamasının, eləcə də həmin tikililərin, texniki pasportda qeyd olunan tikililərə zərər vurmadan, sökülməsinin mümkün olub-olmamasının müəyyən edilməsinin mümkün olmaması, İddiaçı adına tərtib edilmiş 13,06.2017-ci il tarixli texniki pasportun göstəriciləri ilə X17 adına 1992-ci ilin aprel ayında tərtib edilmiş texniki pasportun göstəriciləri müqayisə olunarkən, evin torpaq sahəsinin planında əks olunan tikililərin, o cümlədən yaşayış və yardımçı (köməkçi) sahələrinin planda ölçülərinin, yerləşməsinin bir-birinə uyğun olduğu, lakin, Bakı şəhəri icra hakimiyyəti başçısının aparatı Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən, İddiaçı adına 1992-ci ili aprel ayında tərtib edilmiş texniki pasportun göstəricilərinin X17 adına 1992-ci ilin aprel ayında tərtib edilmiş texniki pasportun göstəricilərindən fərqli olduğu, evin torpaq sahəsinin planında əks olunan tikililərin, o cümlədən yaşayış və yardımçı (köməkçi) sahələrinin planda ölçüləri, yerləşməsi və digər texniki parametrlərinin bir-birinə uyğun olmadığı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6156/2019 nömrəli 31 may 2019-cu il tarixli qətnaməsi ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-80/2019 nömrəli 08 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-7671/2019 nömrəli iş üzrə 24 dekabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 31 may 2019-cu il tarixli qətnaməsi ilk iddia tələbi ilə bağlı hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. qətnamənin qalan hissəsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin Qərarda qeyd edilmişdir ki, apellyasiya şikayəti vermiş üçüncü şəxs Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi onun istifadəsindədir və həmin torpaq sahəsindəki tikililər cavabdehlərə deyil, ona məxsusdur. Lakin apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin dəlilinə hüquqi qiymət verməmişdir. Bundan əlavə apellyasiya instansiyası məhkəməsinin iclas protokolunda iddiaçı öz izahatında qeyd etmişdir ki, cavabdeh olan onun keçmiş həyat yoldaşı sələmə pul alıb, pulu qaytara bilmədiyinə görə pul əvəzinə torpağı hazırkı iş üzrə üçüncü şəxs Cavabdeh verib, həmin torpaq sahəsində ona məxsus tikililər və darvazanın hamısını üçüncü şəxs Cavabdeh söküb. Azərbaycan Respublikası MPMnin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apellyasiya instansiyası məhkəməsi ilkin iddia tələbinin əsl olmayan cavabdehlərə qarşı verilməsinə dair apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməmiş, sökülməsi tələb olunan tikililərin apellyasiya şikayəti vermiş Cavabdeh aid olubolmamasını araşdırmamış, bununla da ilkin iddia tələbinin təmin edilib-edilməməsi ilə bağlı maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3706/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi X5 verdiyi ilk iddiaya aid hissədə ləğv edilmiş, ilk iddia tələbləri rədd edilmiş, iddiaçı X10 Cavabdeh qarşı iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin Qətnamədə qeyd edilmişdir ki, apelyasiya baxışı zamanı müəyəyn olunmuşdur ki, iddiaçı X3 iddia ərizəsində göstərdiyi ünvan 5 ünvanında yerləşən torpaq sahəsində tikinti işləri və tikililər əslində cavabdehlər tərəfindən deyil, üçüncü şəxs Cavabdeh tərəfindən aparılmışdır. Bu halı üçüncü şəxs Cavabdeh birinci instansiya məhkəməsində də bildirməsinə baxmayaraq, məhkəmə bununla bağlı heç bir araşdırma aparmamış, bu hala qiymət verməmişdir. Həmin tikinti işlərinin aparılmasının qadağan edilməsi və tikililərin sökülməsi birbaşa Cavabdeh hüquqlarına toxunmasına baxmayaraq, eləcə də Cavabdeh ilk iddia tələblərinə cavab verməli şəxs olmasına baxmayaraq iddiaçı Cavabdeh iddia ərizəsində cavabdeh kimi cəlb etməmiş, birinci instansiya məhkəməsi isə cavabdehlərin əsl cavabdehlə əvəz edilməsini iddiaçıya təklif etmədən Cavabdeh üçüncü şəxs kimi cəlb etməklə kifayəntlənmiş, onu əsl cavabdeh qismində işin baxılmasına cəlb edilməsi üçün tədbirlər görmədən işə mahiyyəti üzrə baxmaqla pozuntuya yol vermişdir. Həmin prosessual pozuntunun apelyasiya icraatı zamanı mümkün qədər aradan qaldırılması üçün Cavabdeh qismində cəlb edilib işə mahiyyəti üzrə baxılması mümkün olmamışdır...Kollegiya bu nəticəyə gələrkən həmçinin qeyd edir ki, əsl cavabdehi cəlb etməklə işə baxılması işin faktiki hallarının müəyyən edilməsi baxımından da əhəmiyyətlidir. Yəni, birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırlması və müəyyən edilməsi üçün əsl cavabdehlərin işin baxılmasına cəlb edilməsi zəruri olsa da, bunu etməmişdir. Kollegiya yuxarıd qeyd olunanlara əsasən belə yükün hüquqi nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən cavabdehlərin əsl cavabdehlə əvəz edilməsini iddiaçıya təklif etməməklə, bununla bağlı iddiaçının fikrini öyrənmədən, hüquqlarına toxunan şəxsi cavabdeh qismində işdə iştirak etməyə cəlb etmədən işə baxmaqla hüququnun tətbiqində səhv buraxmış, prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1.-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia hissəsinndə ləğv edilməsi üçün birbaşa əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3263/2021 nömrəli 14.06.2021-ci il tarixli qərarına əsasən, iddiaçı X13 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 3706/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli bələdiyyəsinin 15.10.2020-ci il tarixli 25 nömrəli məktubundan görünür ki, Xətai rayonu, Əhmədli qəsəbsu, Elşən Süleymanov küçəsində yerləşən 0,24548 ha ölçüdə torpaq sahəsi Əhmədli bələdiyyəsinin mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlakı Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.07.2020-ci il tarixli, **********66 nömrəli 2 saylı Vəkil Bürosuna ünvanlanmış məktubun surətindən görünür ki, X5 adına Bakı şəhərində qeydiyyada əmlak əşkar edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 17.09.2021-ci il tarixli **********99 nömrəli məktubundan görünür ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş X26 məhkəmə iclasında ifadə verərək bildirdi ki, iddiaçı ilə sinif yoldaşı olmuşdur, uşaq vaxtından tanıyır, cavabdehi tanımır, mübahisəli torpaq sahəsi iddiaçının atasının və babasının olmuşdur. Həmin sahədə tikili olduğunu bilir, lakin kimin tərəfindən tikildiyi barədə məlumatı yoxdur. Mülki iş üzrə şahid qismində dindirilmiş Əli-zadə Pirəli Qurban-əli oğlu məhkəmə iclasında ifadə verərək bildirdi ki, iddiaçı ilə sinif yoldaşı olmuşdur, uşaq vaxtından tanıyır, cavabdehi tanımır, mübahisəli torpaq sahəsi iddiaçının atasının və babasının olmuşdur. Həmin sahədə tikili olduğunu bilir, lakin kimin tərəfindən tikildiyi barədə məlumatı yoxdur. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətindədir və onun üzərində iş üzrə tərəflərin istifadə və sahiblik hüququnun yaranmasına əsas verən müvafiq icra hakimiyyəti orqanının qərarı olmamışdır. Torpaq və yaşayış sahəsinə dair tərtib edilmiş texniki pasport isə hüquqmüəyyənedici sənəd deyil, əmlakın texniki göstəricilərini (yaşayış və torpaq sahəsinin cizgilərini-sərhədlərini) müəyyən edən sənəd olduğundan tərəflərə həmin torpaq sahəsi üzərində hər hansı hüququn yaranmasına əsas vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 48-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. - 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. - 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Alqı-satqı, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Məhkəmə hesab edir ki, özbaşına tikintidə yaşayan və qeydiyyatda olan şəxslərin həmin tikiliyə istifadə hüququnun əldə edilməsi istisna edilir, çünki Mülki Məcəllənin 180-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (MM.180.1-ci maddəsi). Belə ki Azərbaycan Respublikası Mülki MƏcəlləsinin 180.1-ci maddəsində təsbit edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-ci maddəsinə görə isə məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.1.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi olmayan şəxsin hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.4-cü maddəsində göstərilir ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, torpaq sahəsinin və onun üzərində yerləşən yaşayış evinin texniki pasportunun iddiaçının adına tərtib olunması, bununla da iddiaçının özbaşına tikilinin sökülməsi tələbinin irəli sürmək üçün subyektiv hüququnun olmasına və özbaşına tikililərin inşa edilməsi ilə onun hüquqları pozulmuşdur. Odur ki, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, yuxarıda sadalanan qanun normalarına əsaslanmaqla hesab edir ki, ünvan 5 ünvanında yerləşən torpaq sahəsində olan, İddiaçı məxsus 11/458 inventar nömrəli 24.06.2017-ci il tarixli texniki pasportda göstərilməyən qanunsuz tikililər Cavabdeh vəsaiti hesabına sökülərək əvvəlki vəziyyəti bərpa edilməli və torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməlidir. Məhkəmə iddia tələbini cavabdeh tərəfindən iddiaçıya yaşadılmış mənəvi iztirabların qarşılığı kimi cavabdehdən 5000 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi hissəsində araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən onun xeyrinə mənəvi zərərin tutulmasını tələb etsə də, cavabdeh tərəfindən iddiaçıya məxsus olan qeyri-maddi nemətərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozaraq ona mənəvi sarsınıtı, iztirab verdiyini əsaslandıran hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 5 ünvanında yerləşən torpaq sahəsində olan, İddiaçı məxsus 11/458 inventar nömrəli 24.06.2017-ci il tarixli texniki pasportda göstərilməyən qanunsuz tikililər Cavabdeh vəsaiti hesabına sökülərək əvvəlki vəziyyəti bərpa edilsin və torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver