Məhkəmə qərarları › İş №2(012)-1109/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1109/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər - Mənəvi zərərin ödənilməs
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1109/2021 03.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı pul tələbinə dair mülki işə 03 may 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» MMC öz öhdəliyini yerinə yetirmədiyinə görə mənzil alqı-satqısı müqaviləsinə əsasən İddiaçı ödədiyi 36725 manat, kirayə haqqı üçün ödədiyi 6000 manat və mənəvi zərərə görə 10 000 manat olmaqla, cəmi 52725 manat pulun cavabdeh «xxxx» MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və cavabdeh «xxxx» MMC arasında bağlanmış 09 aprel 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinə əsasən, iddiaçı cavabdehə 36 725 manat ödəməli, cavabdeh isə 3 il ərzində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 11, ümumi yaşayış sahəsi 56.5 kv.m olan 1 otaqlı 88 №-li mənzili ona təhvil verməli idi. İddiaçı üzərində düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh 5 il müddət keçməsinə baxmayaraq mənzili ona təhvil verməmişdir. Cavabdeh mənzilini ona təhvil vermədiyi üçün iddiaçı 2 ildir ki, kirayə ev tutub yaşayış və bugünədək 6000 manat da kirayə haqqı ödəmişdir. Cavabdeh öz hərəkətləri ilə ona və ailəsinə maddi və mənəvi ziyan vurmuşdur. İddiaçı tərəfindən edilən şifahi və yazılı müraciətlər nəticəsiz qaldığından, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı mənzil üçün ödənilən 36725 manat, kirayə haqqı üçün ödənilən 6000 manat və mənəvi zərərə görə 10 000 manat olmaqla, cəmi 52725 manat pulu cavabdeh «xxxx» MMC-dən tələb edir. İddiaçı məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edərək, cavabdeh «xxxx» MMC ilə arasında bağlanmış 09 aprel 2015-ci il tarixli, 0345 saylı müqavilənin ləğv olunması və mənzil üçün ödənilən 36725 manat, kirayə haqqı üçün ödənilən 6000 manat və vurulan mənəvi zərərə görə 10 000 manat olmaqla, cəmi 52725 manat pulun cavabdeh «xxxx» MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil da iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh «xxxx» MMC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, Hazırda bina hazır olsa da, qonşu binanın tikintisi ilə bağlı kranın həyətdə olması yüksək təhlükəyə səbəb olduğundan bina sahibləri təmir üçün buraxılmır. Öhdəliyi yerinə yetirməkdən yayınmırlar. İddia tələbinin kirayə haqqı və mənəvi zərər hissəsi isə tamamilə əsassızdır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarından olan 09 aprel 2015-ci il tarixli, 0345 №-li mənzilin alqısatqı müqaviləsindən müəyyən edilir ki, «xxxx» MMC Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 11, ümumi yaşayış sahəsi 56.5 kv.m olan 1 otaqlı 88 №-li mənzili İddiaçı təhvil verməyi, sonuncu isə mənzilin ümumi dəyəri olan cəmi 36 725 manat məbləğində pul vəsaitini MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən müqavilə qiymətinin 20 005 manat alıcının şəxsi vəsaiti hesabına, qalan 16 720 manat isə “xxxx” ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən 5 iş günü ərzində ödənilməlidir. Mülki işin materiallarından olan “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən 7 nömrəli yaşayış binasının mövcud vəziyyətinə dair məlumat və foto şəkillərdən müəyyən edilir ki, yaşayış binasının beton konstruksiya işləri tamamlanmış; fasad hörgüsü yekunlaşmış; bütün mənzillərin arakəsmə və daxili hörgü işləri yekunlaşdırılmışdır. Həmin binanın mənzildaxili şaxtaları, pilləkən və pilləkən qəfəsinin mozaykaları, perilalar, fasad suvaq, rənglənmə işləri yekunlaşmışdır. Mənzillərin plastik pəncərələri və şüşələr tam quraşdırılmış, dam-şifer işləri, mərtəbələrarası suvaq işləri, havalandırma işləri tam yekunlaşdırılmışdır. Hazırda yaşayış binasının lift qapıları quraşdırılır, liftin tros və digər texnoloji prosesləri-quraşdırma işləri həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli mənzilin yerləşdiyi binanın tikintisi tam başa çatdırılmışdır,lakin tikintisi başa çatmaqda olan qonşu binada aparılan tikinti işləri mübahisəli mənzilin yerləşdiyi binanın istismara verilməsini məhdiudlaşdırmışdır ki, bu da cavabdehin nümayəndəsinin izahatına və iş materiallarına əsasən artıq qısa bir müddətdə yekunlaşmaq üzrədir. Mülki işin materiallarında olan 09 aprel 2015-ci il tarixli, 0345 №-li mənzilin alqı-satqısı müqaviləsində öhdəliyin icra müddəti göstərilməmişdir.Bununla belə ağlabatan müddət təxminən üç il götürülsə də, müəyyən risklərin olması da qaçılmaz deyildir.Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin ləğvi və ödənmiş pulun geri qaytarılması hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin maddi və mənəvi zərər hissəsinə münasibətdə qeyd edir ki,əsas iddia tələbi rədd edildiyindən bundan törənmə olan qeyd edilən iddia tələbləri də elə həmin əsasla təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarının 8-ci bəndinə görə plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarının 8-ci bəndinə görə plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat İddiaçı aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı cavabdeh «xxxx» MMC ilə arasında bağlanmış 09 aprel 2015-ci il tarixli, 0345 saylı müqavilənin ləğv olunması və mənzil üçün ödənilən 36725 manat, kirayə haqqı üçün ödənilən 6000 manat və vurulan mənəvi zərərə görə 10 000 manat olmaqla, cəmi 52725 manat pulun cavabdeh «xxxx» MMC-dən alınaraq ona ödənilməsi barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver