Məhkəmə qərarları › İş №2(012)-1199/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1199/2023

27.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Mənzil mübahisələri - Mənzil mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1199/2023 27.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abiyev Elnur Elman oğlunun katibliyi, İddiaçı vəkili - nümayəndəsi Vəkil, cavabdeh, eyni zamanda cavabdehlər Cavabdeh5 və Cavabdeh4 qanuni nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5 və Cavabdeh4 qarşı cavabdehlərin torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılması, boşaldılmış torpaq sahəsinin və evin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5 və Cavabdeh4 qarşı cavabdehlərin torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılması, boşaldılmış torpaq sahəsinin və evin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6, Cavabdeh5 və Cavabdeh4 Abşeron rayonu. Ceyranbatan Bələdiyyəsinə ayrılmış torpaq sahəsində salınmış “Yeni Qəsəbə”də yerləşən Abşeron rayonu, Ceyranbatan Bələdiyyəsinin 03 saylı, 26 fevral 2004-cü il tarixli qərarı ilə ona verilmiş 0.10 hektar torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində (onun tərəfindən tikilmiş) yerləşən fərdi yaşayış evindən çıxarılmaları, həmin torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin boşaldılması və ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Ceyranbatan Bələdiyyəsinin 26 fevral 2004-cü il tarixli, 03 saylı Qərarı ilə Ceyranbatan qəsəbəsinin Baş inkişaf Planı əsasında Fərdi yaşayış evlərinin tikintisi üçün ayrılan həyətyanı torpaq sahəsindən yerində ölçülüb nişangahlar qoyulduqdan sonra 0,10 hektar torpaq sahəsi iddiaçıya təhvil verilmişdir. Həmçinin, 27 fevral 2004-cü il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsinin bələdiyyə sədri ilə onun arasında bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi də bağlanmış və torpağa dair ödəniləcək pul məbləği tam şəkildə iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi 15 mart 2007-ci il tarixdə verdiyi 1982 saylı RƏY ilə Ceyranbatan Bələdiyyəsinin 26 fevral 2004-cü il tarixli, 03 saylı qərarına əsasən İddiaçı alqı-satqı predmeti olan torpaq sahəsi 0.10 ha olmaqla, fərdi ev tikmək məqsədi ilə ayrılmış torpaq sahəsi qanuna müvafıqdir və DTXKnin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. Həmçinin, 18 aprel 2007-ci il tarixdə Ceyranbatan Bələdiyyəsi tərəfindən iddiaçının, bələdiyyə nümayəndəsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsi əməkdaşının iştirakı ilə Torpaqların Alqı-Satqısına Dair AKT tərtib edilmişdir. Həmin AKT-da iddiaçının adı gedən torpaq sahəsini almağına dair ərizə ilə müraciət etməyi və həmin aldığı torpağa dair pulları ödəməyi göstərilir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpağın "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və X11 kitabında 18 aprel 2007-ci il tarixdə 138 nömrə ilə uçota alınmışdır. Həmçinin, Abşeron rayonu, Ceyranbatan Bələdiyyəsinə təhkim edilmiş torpaqların yerquruluşu planından Çıxarış edilmiş və Torpaq sahəsinin Sxematik Planı tərtib olunmuşdur. Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 214 saylı, 21 may 2007-ci il tarixli Sərəncamı ilə vətəndaş İddiaçı Ceyranbatan Bələdiyyəsinin 26 fevral 2004-cü il tarixli. 03 saylı qərarı ilə ayrılmış Ceyranbatan qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. 2007-ci il tarixdə Azərbaycan Respublikası Arxitektura və Dizayn Emalatxanası tərəfindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində İddiaçı məxsus fərdi yaşayış evinin Eskiz Layihəsi hazırlanmışdır. Bütün bu sənədlər əsasında 2007-ci il tarixdə iddiaçı yerdən üç daş hündürlükdə, üç otaq, bir koridor, bir mətbəx və bir yerdə olan hamam-tualetdən ibarət evini tikib başa çatdırmışdır. İddiaçı başqa yerdə evi olduğu üçün yaşamaq üçün həmin evə köçməmişdir. Daha doğrusu, həmin evi Rusiya Federasiyasında yaşayan qızı üçün tikdirmışdir ki, gələcəkdə yaşamaq üçün Azərbaycan Respublikasına gələrsə, ona versin. Ev hazır olduqdan sonra yaxın qohumu olan qaynı Cavabdeh1 iddiaçıya demişdir ki, o, ailə üzvləri ilə birlikdə yataqxanada yaşayır və uşaqlar böyüdüyündən yataqxanada yaşamaq çox çətindir. İddiaçıdan bir müddətə həmin evi yaşamaq üçün onlara verməsini xahiş etmişdir. İddiaçı evini və torpağını nə vaxt lazım olsa, o deyəndə boşaldıb qaytarılması şərti ilə müvəqqəti, müəyyən müddətə yaşamaq üçün onlara vermiş, hətta yaxın qohum olduğu üçün ondan kirayə pulu da istəməmişdir. 12 ilə yaxındır ki, onlar həmin evdə yaşayır və torpaqdan istifadə edirlər. Bu neçə ildə iddiaçı onlardan heç bir kirayə haqqı almamışdır. Fikirləşmişdir ki, qohumdur, evində yaşayır və həm də onu qoruyurlar. Başqa adamların evi dağıtmasına və oradan hər-hansı bir oğurluq etmələrinə imkan verməzlər. Təxminən 2016-cı ildə Cavabdeh1 oğlunu evləndirmiş və gəlinini də onun müvəqqəti yaşamaq üçün verdiyi evə gətirmişdir. Sonradan iki nəvəsi də doğulmuşdur. O, bu barədə iddiaçıya heç nə deməmişdir. Bu ilin fevral ayında Rusiya Respublikası ilə Ukrayna Respublikası arasında müharibə başlayanda qızı iddiaçıya zəng vurub Azərbaycan Respublikasına gələcəyini bildirmişdir. Bu məqsəd ilə 2022-ci ilin fevral ayında qaynı Cavabdeh1 qızının öz ailəsi ilə birlikdə yaşamaq üçün Azərbaycana gəldiyini bildirmişdir. Buna görə də ondan yaşamaq üçün özlərinə başqa yer tapmasını xahiş etmişdir. O, iddiaçı ilə razılaşmış və başqa yer tapıb köçəcəklərini bildirmişdir. Həmçinin, onlara yer tapıb köçmələri üçün müəyyən müddətə vaxt verməsini xahiş etmişdir. İddiaçı məmnuniyyətlə razılaşmış və vaxt vermişdir. Belə razılığa gəlmişlər ki,10 aprel 2022-ci il tarixə kimi o, yer tapıb köçəcək və iddiaçının evini və torpağını boşaldıb ona təhvil verəcəkdir. Lakin, göstərilən tarixdə o, evi və torpağı boşaldıb iddiaçıya təhvil verməmişdir. Yer tapmadığını bəhanə edərək iddiaçıdan yenidən bir ay, yəni 10 may 2022-ci il tarixə kimi köçmək üçün vaxt istəmişdir. İddiaçı yenə də həmin tarixə kimi ona vaxt vermişdir. Göstərilən tarixdə də o, evi boşaldıb təhvil verməmişdir. Bu dəfə də bəhanəsi o olmuşdur ki, özü çıxır, lakin arvadı və gəlini çıxmır. Bundan sonra, Cavabdeh1 iddiaçıdan öz arvad uşağını və gəlinini yola gətirmək və yer tapmaq üçün yenə də vaxt istəmişdir. İddiaçı da əlacsız qalıb yenə də 01 sentyabr 2022-ci il tarixə kimi ona vaxt vermişdir. Həmin vaxt tamam olsa da, yenə də həmin şəxslər iddiaçının evini və torpağını boşaldıb ona təhvil verməmişdir. Bu dəfə də Cavabdeh1 bildirdi ki, bəs yaşamaqları üçün ev tapıb və arvad uşağını razı salıb, lakin gəlini köçməyə razı deyil və onu bu işə razı sala bilmir. Buna görə də, ona gəlinini razı salmaq üçün yenə vaxt verilməsini xahiş etmişdir. İddiaçı başa düşmüşdür ki, cavabdehlər onun torpağından və evindən çıxmaq istəmirlər. Həmin şəxslərin ona məxsus olan torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi yaşayış evimdən çıxmamaları iddiaçının həmin torpaq sahəsinə və onun üzərində tikilmiş fərdi yaşayış evinə olan hüquqlarını pozur. Odur ki. məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə prosesində iştirak edən İddiaçı vəkili - nümayəndəsi Vəkil iddianı müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə prosesində iştirak edən cavabdeh, eyni zamanda cavabdehlər Cavabdeh5 və Cavabdeh4 qanuni nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, o 2015-ci ildə Tovuz rayon sakini Cavabdeh3 ilə qanuni halda ailə həyatı qurmuşdur. Həmin nikahdan iki uşaqları olmuşdur. Həyat yoldaşı ona və uşaqlara işgəncə verməklə onun adından nikahın pozulması barədə ərizə yazıb ona imza etdirmiş, onu məhkəməyə də qoymamışlar. Məhkəmə onun iştirakı olmadan nikahını pozmuş, uşaqları ona vermişdir. O, hal-hazırda iki uşaqla gəlin getdiyi evdə Abşeron rayonu Ceyranbatan Bələdiyyəsinə ayrılmış, torpaq sahəsində salınmış Yeni Qəsəbədə tikilmiş fərdi yaşayış evdə yaşayır. Cavabdeh3 uşaqların alimentini də vermir. Çox çətinliklə yaşayır. İndidə Cavabdeh3 qayın atası Nurəddin və yeznəsi Cəbrayıl birləşiblər ki, onu iki uşaqla evdən çıxartsınlar. Onun iki uşaqla yaşamağa yeri yoxdur, iki uşaqla küçədə qalacaqdır. Ona görə də hazırki vəziyyətini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, ərizə ilə məhkəməyə müraciət edərək bildirmişlər ki, İddiaçı ona qarşı irəli sürdüyü “Torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılmağı və həmin torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsinə dair” iddia tələbini qəbul edir. Həmin torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi İddiaçı məxsusdur. Həmin torpaq sahəsini və onun üzərində olan fərdi yaşayış evini atasının xahişi ilə İddiaçı müvəqqəti yaşamaq üçün atasına vermişdir. Onlar da ailəliklə orada yaşamağa başlamış və hazırda da həmin evdə yaşayırlar. Evin və torpağın qanuni sahibi olan İddiaçı hal-hazırda onlardan həmin evin və torpaq sahəsinin boşaldılmasını tələb edir. Tezliklə yaşamaq üçün başqa ev tapıb İddiaçı məxsus torpaq sahəsini və onun üzərində tikilmiş fərdi yaşayış evini boşaldıb ona təhvil verəcəkdir. Həmçinin işə onun iştirakı olmadan baxılmasına və qərar qəbul edilməsinə etiraz etmirlər. Digər cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən qismən əsaslı olduğundan, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan xx.xx.2004-cü il tarixli aktın surətindən görünür ki, Ceyranbatan bələdiyyəsinin sədri K.İ.İsmayılov Ceyranbatan bələdiyyəsinin sədr müavini B.Süleymanovun iştirakı ilə bələdiyyə şurasının 26 fevral 2004-cü il tarixli 03 saylı qərarı ilə vətəndaş Zeynalov X2 qəsəbəsinin Baş İnkişaf Planı əsasında fərdi yaşayış evlərinin tikintisi üçün ayrılan həyətyanı torpaq sahəsindən yerində ölçülüb nişangahlar qoyulduqdan sonra İddiaçı təhvil verilmişdir. Mülki iş materiallarında olan Bələdiyyə Torpağının Mülkiyyətə verilməsi haqqında Abşeron rayonu Ceyranbatan bələdiyyəsinin sədri X5 ilə İddiaçı arasında bağlanmış 27 fevral 2004-cü il tarixli Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, Ceyranbatan Bələdiyyəsi 26 fevral 2004-cü il tarixli 03 saylı qərarı əsasında Abşeron rayonu Ceyranbatan qəsəbəsində ümumi sahəsi 1000 kv.m olan torpaq sahəsi alıcıya satılır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən verilmiş 15.03.200-ci il tarixli 1982 nömrəli rəyin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ceyranbatan bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 03 saylı qərarına əsasən İddiaçı alqı-satqı predmeti olan torpaq sahəsi 0,10 ha olmaqla fərdi ev tikmək məqsədilə ayrılmış torpaq sahəsi qanunamüvafıqdir və DTXK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. Mülki iş materiallarına əlavə olunmuş Abşeron rayon İcra Hakimiyyəti Başçısının vətəndaş İddiaçı məxsus torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə 21 may 2007-ci il tarixli 214 nömrəli Sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, vətəndaş İddiaçı Ceyranbatan bələdiyyəsinin 26 fevral 2005-ci il tarixli, 03 saylı qərarı ilə ayrılmış, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Mülki iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan bələdiyyəsinin 26 fevral 2005-ci il tarixli, 03 saylı qərarı ilə İddiaçı ilə ayrılmış ünvan 1 ünvanında 1000 kv.m sahəsi olan fərdi yaşayış evinin tikmək üçün torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 30 mart 2022-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı Cavabdeh6 Cavabdeh3 qarşı nikahın ləğvinə dair iddiası təmin edilmiş, tərəflərin nikahı ləğv edilmiş, onların birgə nikahlarından anadan olan Aylin və Emiray adlı uşaqları anaları Cavabdeh6 himayəsində saxlanılmış, həmin uşaqların saxlanması üçün hər birinə 140 manat olmaqla aliment ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayonu, Ceyranbatan Bələdiyyəsinin 26 fevral 2004-cü il tarixli, 03 saylı Qərarı ilə Ceyranbatan qəsəbəsinin Baş inkişaf Planı əsasında Fərdi yaşayış evlərinin tikintisi üçün ayrılan həyətyanı torpaq sahəsindən yerində ölçülüb nişangahlar qoyulduqdan sonra 0,10 hektar torpaq sahəsi iddiaçıya təhvil verilmişdir. Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 214 saylı, 21 may 2007-ci il tarixli Sərəncamı ilə vətəndaş İddiaçı Ceyranbatan Bələdiyyəsinin 26 fevral 2004-cü il tarixli. 03 saylı qərarı ilə ayrılmış Ceyranbatan qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İddiaçı həmin torpaq sahəsində ev tikdirmişdir.Həmin ev özbaşına tikilidir. İddiaçı həmin tikilini müvəqqəti yaşamaq üçün 12 il bundan əvvəl cavabdehlərin istifadəsinə vermişdir. Cavabdeh3 isə X6 ilə 2016-cı ildə evlənəndən sonra Türkan Tağıyeva də həmin vaxtdan həmin tikilidə yaşamış, iki azyaşlı uşaqları da orada anadan olmuş və hazırda da orada yaşayırlar. Hazırda cavabdehlərdən həmin tikilini boşaldılaraq ona təhvil verilməsini xahiş etsə də, cavabdehlər oradan çıxmırlar. Cavabdeh3 isə X6 arasında olan nikah ləğv edilmiş, onların azyaşlı uşaqları Aylin və Emiray Cavabdeh6 himayəsində saxlanılmışdır. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə araşdırmaları zamanı tərəflərin izahatından və iş materiallarına əlavə edilmiş sübutlardan müəyyən olunur ki, tərəflər arasında evdən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri 2011-ci ildən sonra yaranmışdır. Bu isə o deməkdir ki, mövcud mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Məhkəmə qeyd edir ki, işin müəyyən edilən faktiki hallarından göründüyü kimi hazırkı halda, hər üç hal mövcuddur. Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə qeyd olunan tarixi nəzərə alaraq hesab edir ki, mübahtərəflər arasında münasibətlər 2009-cu il oktyabrın 1-dən sonra yarandığından həmin münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında mübahisəli mənzillə bağlı hüquqlar hazırda qüvvədə olan Mənzil Məcəlləsi ilə tənzim edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin; (01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş) 30.1. maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4. maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi iddiaçı mübahisəli özbaşına tikilini sahibi olmaqla, cavabdehlər iddiaçının ailə üzvü hesab olunan şəxslə olmadığından onların, həmin tikilidə yaşamaq hüququ yaranmamışdır.Odur ki, iddia tələbi əsaslıdır və təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6 azyaşlı uşaqlar Cavabdeh5 və Cavabdeh4 ilə birlikdə Abşeron rayonu. Ceyranbatan Bələdiyyəsinə ayrılmış torpaq sahəsində salınmış “Yeni Qəsəbə”də yerləşən Abşeron rayonu, Ceyranbatan Bələdiyyəsinin 03 saylı, 26 fevral 2004-cü il tarixli qərarı ilə İddiaçı verilmiş 0.10 hektar torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən tikiidən çıxarılmalı, həmin torpaq sahəsi və üzərində (iddiaçı tərəfindən tikilmiş) yerləşən tikili boşaldılmalı və İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6 və azyaşlı uşaqları Cavabdeh5 və Cavabdeh4 ilə birlikdə Abşeron rayonu Ceyranbatan Bələdiyyəsinə ayrılmış torpaq sahəsində salınmış “Yeni Qəsəbə”də yerləşən Abşeron rayonu, Ceyranbatan Bələdiyyəsinin 03 saylı, 26 fevral 2004-cü il tarixli qərarı ilə İddiaçı verilmiş 0.10 hektar torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən tikilidən çıxarılsınlar, həmin torpaq sahəsi və üzərində yerləşən tikili boşaldılsın və İddiaçı təhvil verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 hər birindən 25 manat olmaqla tutulsun və İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver