Məhkəmə qərarları › İş №2(012)-135/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-135/2022

09.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq mübahisələri - Maneənin aradan qaldırılması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-135/2022 09.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh vəkili-nümayəndəsi Vəkil2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi X4, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin sahibliyə qaytarılması və pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh ailə üzvləri ilə birlikdə xx.xx.2006-cı il tarixli, Seriya MH ******* №-li Çıxarışa əsasən mülkiyyətində Abşeron rayon, Saray qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsində qanunsuz olaraq özbaşına tikdiyi tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi, mülkiyyətində olan torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi, ona vurulmuş zərərin əvəzində 1000 manat pulun Cavabdeh tutularaq ona verilməsi və cavabdehə qanunsuz hərəkətlərinə son qoyması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdeh xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh ailə üzvləri ilə birlikdə xx.xx.2006-cı il tarixli, Seriya MH ******* №-li Çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsində (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 10/1140 nömrəli ekspert rəyi və “X3” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 62 saylı mütəxəssis rəyi ilə ölçüləri müəyyən edilmiş) qanunsuz olaraq özbaşına tikdiyi 6.6 x 6.1, 10.2 x 3.4 və 15.5 x 5.5 metr ölçüdə tövlə tikilisinin, uzunluğu 1,9 metr, eni 1,5 metr olan ayaqyolu tikilisinin, uzunluğu 4,4 metr, eni 3,4 metr olan yarımçıq tikilinin, uzunluğu 4,2 metr, eni 2,8 metr olan yaşayış otağı olan tikililərin cavabdehin vəsaiti hesabına sökülərək qanunsuz istifadə etdikləri torpaq sahəsindən çıxarılaraq torpağının qanuni sahibliyinə qaytarılması, mütəxəssis rəyi üçün ödədiyi 300 manat və dəymiş zərərin əvəzində 1000 manat pulun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclsında izahatında bildirdi ki, o, Abşeron rayon ərazisində yerləşən 0,05 ha torpaq sahəsini Abşeron Rayon 2 saylı Dövlət Notariat Kontorunda xx.xx.2006-cı il tarixdə AN-1 № ******* saylı alqı-satq yolu ilə almışdır. Həmin torpaq sahəsi JN-2597 saylı 30800086 KOD-lu Torpağa Mülkiyyət Hüququna X13 əsasən Aktda adları qeyd edilmiş şəxslərə məxsus olmuşdur. Abşeron Rayon 2 saylı Dövlət Notariat Kontorunda xx.xx.2006-cı il tarixdə AN-İ № ******* saylı alqısatq yolu ilə ümumi sahəsi 0,05 ha olan torpaq sahəsini aldıqdan sonra həmin torpağa dair öz adına xx.xx.2006-cı il tarixdə Seriya MH № ******* Çıxarış almış və həmin tarixdən torpaq onun mülkiyyətindədir. xx.xx.2007-ci ildə həmin torpaq sahəsinin cizgiləri yenidən işlənilib hazırlanaraq texniki pasportu yenilənmişdir. 2016-cı ildə torpaq sahəsinə baxmağa gedəndə torpaq sahəsinin iki tərəfdən hasarlandığını görmüşdür. Bu barədə Abşeron RPŞ-nə şikayət edərək hasarı kimin tərəfindən çəkildiyini öyrənmək istəmişdir. Abşeron rayonunda aparılmış araşdırma zamanı özünü X1 təqdim edən qadın həmin torpağı Saray qəsəbə sovetinin keçmiş sədri mərhum Baba adlı şəxsdən aldığın bildirərək arayış təqdim etmişdir. Abşeron RPŞ-də sənədlərinə baxıldıqdan sonra torpaq sahəsinin mülkiyyətində olduğunu həmin qadın bildikdən sonra Kəmalə Mirzəyeva səhv etdiyini bildirərək ondan üzr istəyərək hasar üçün çəkdiyi xərci ödəməyini xahiş etmişdir. O da halallaşmaq məqsədi ilə 800 manat pulu Mirzəyeva Kəmaləyə ödəyərək, Kəmalədən bu barədə öz xətti ilə yazdığı qəbz almışdır. Mirzəyeva Kəmalə həmin torpaq sahəsinə dair heç bir iddiasının olmadına dair dilindən kağız yazıb vermişdir. O, DƏDRX-nin Abşeron Ərazi idarəsinə müraciət edərək ona məxsus torpaq sahəsinin koordinat və cizgilərinin yenidən dəqiqləşdirilməsini istəmişdir. Çünki mülkiyyətində olan həmin 0,05 ha torpaq sahəsinin texniki pasportu köhnə olmuşdur. O da torpaq sahəsinin harada yerləşməsini müasir GPRS cihazı ilə tam dəqiqliyi ilə müəyyən edilməsini öyrənmək və bilmək istəmişdir. xx.xx.2021-ci il tarixdə yenidən torpaq sahəsinə baxmağa gedərkən torpaq sahəsinin hasarlanmış hissəsinə dəmir darvazanın qoyulduğunu və üzərinə də satılır sözünün yazılaraq əlaqə saxlamaq üçün ***-***-**-** mobil nömrəsinin yazıldığını görmüşdür. O həmin mobil nömrəyə zəng etmişdir. Özünü Cavabdeh kimi təqdim edən şəxs torpağa hasarın guya özü tərəfindən çəkildiyini və satmaq istədiyini və bu torpağın Cavabdeh Saray Bələdiyyəsindən 15 illiyinə icarəyə verildiyini bildirmişdir. Bələdiyyənin sədri ona bildirmişdir ki, Anar bələdiyyə sədrini aldadaraq guya həmin hasarı özü çəkmiş, ona görə də Anara icazə üçün 15 illik istifadə üçün icazə verilmişdir. Əslində Bələdiyyə sədri Cavabdeh ilə əlbir olaraq onun torpaq sahəsini qeyri qanuni zəbt etmişlər. Çünki o, polisin 102 xidmətinə zəng edib sonra X10 müraciət etmişdir. Bundan sonra təhqiqat araşdırması zamanı ona məxsus torpaq sahəsinə cavabdeh tərəfindən hasar çəkilməsindən söhbət getməmişdir. Çünki hasarın onun tərəfindən çəkildiyi sənədlər ilə tam təsdiq edilmişdir. Bələdiyyə sədri öz əməllərinə don geyindirə bilməsi üçün yalanlar uyduraraq Anarın icarə üçün bələdiyyəyə müraciət etdiyi torpaq sahəsinə baxış keçirilərkən guya hasarlı torpaq sahəsinin sputniklə koordinat nöqtələrinin yoxlanması zamanı başqa heç bir torpaq sahəsi ilə üst-üstə düşmədiyini bildirərək Abşeron rayonu ərazisində yerləşən torpaq sahələrində sürüşmə hallarının çox olduğunu bildirmişdir. Bu da bir daha təsdiq edir ki, Saray bələdiyyəsi qanunsuz əməllər ilə məşğul olaraq insanları incidirlər. Bundan başqa Cavabdeh qanunsuz olaraq mülkiyyətində olan torpaq sahəsində tikinti işləri aparmışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddiaçının izahatıyla eyni məzmunlu izahat verərək, cavabdeh xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh ailə üzvləri ilə birlikdə xx.xx.2006-cı il tarixli, Seriya MH ******* №-li çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsində (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 10/1140 nömrəli ekspert rəyi və “X3” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 62 saylı mütəxəssis rəyi ilə ölçüləri müəyyən edilmiş) qanunsuz olaraq özbaşına tikdiyi 6.6 x 6.1, 10.2 x 3.4 və 15.5 x 5.5 metr ölçüdə tövlə tikilisinin, uzunluğu 1,9 metr, eni 1,5 metr olan ayaqyolu tikilisinin, uzunluğu 4,4 metr, eni 3,4 metr olan yarımçıq tikilinin, uzunluğu 4,2 metr, eni 2,8 metr olan yaşayış otağı olan tikililərin cavabdehin vəsaiti hesabına sökülərək qanunsuz istifadə etdikləri torpaq sahəsindən çıxarılaraq torpağının qanuni sahibliyinə qaytarılması, mütəxəssis rəyi üçün iddiaçının ödədiyi 300 manat və dəymiş zərərin əvəzində 1000 manat pulun Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. Mübahisə predmeti olan torpaq sahəsi 10 ildən çoxdur ki, Cavabdeh faktiki istifadəsindədir. Cavabdeh ilkin olaraq torpağa bir müddət faktiki isitifadə etdikdən sonra torpağa dair mülkiyyət hüququ əldə etmək məqsədilə Saray bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyə torpağın heç kimin balansında olmadığı üçün Cavabdeh ilə icarə müqaviləsi bağlayaraq, sözügüdən torpaq sahəsinin cavabdehin istifadəsinə vermişdir. Mübahisə predmeti olan ərazidə çəkilən hasar və bütün kommunal xətlər cavabdeh tərəfindən çəkilmişdir. İddiaçı İddiaçı Abşeron rayon Məhkəməsində iddia qaldırmazdan öncə Abşeron rayon Polis İdarəsinə müraciət etmiş və orada müraciəti əsasında araşdırma aparılmış və Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı Zamiq Mustafayev tərəfindən 21 yanvar 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd olunan qərarda göstərilmişdir ki, Abşeron rayonu, Saray Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 21 nömrəli məktubunda Saray Bələdiyyəsi tərəfindən əraziyə baxış keçirildiyi, baxış zamanı həmin ərazinin dörd tərəfdən daş hasarla hörüldüyü və içərisində əl damı tikildiyi qeyd olunmuşdur. Həmin (0,0487 ha) torpaq sahəsinin vətəndaş Cavabdeh ərizəsi ilə faktiki bilavasitə istifadəsində olduğunu bildirmişdir. Əlavə olaraq sözügedən torpaq sahəsinin xəritəsi çəkilərək, koordinat nöqtələri vurulmuş və heç bir sənədlə üst-üstə düşməməsi aşkar edilmişdir. Odur ki, həmin torpaq sahəsinin icarə verilməsi məqsədi ilə bələdiyyə xx.xx.2020-ci il tarixli 9/5 saylı qərar qəbul etmiş və hal-hazırda sənədləşmənin davam etdiyi göstərilmişdir. Daha sonra qərarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDRX-nin Abşeron rayon şöbəsindən xx.xx.2021-ci il tarixdə Abşeron RPİ- nə daxil olmuş məktubda İddiaçı mülkiyyətində olan xx.xx.2006-cı il tarixli, **********18 reyestr nömrəli, 0.05 ha torpaq sahəsinə baxış keçirildiyi, ərazidə ümumi DWG uyğunsuzluq mövcud olduğu qeyd olunmuşdur. Beləliklə qeyd olunan qərardan göründüyü kimi Abşeron RPİ-də aparılmış araşdırma zamanı Cavabdeh istifadəsində olan torpaq sahəsinin İddiaçı məxsus olan torpaq sahəsi ilə üstüstə düşmədiyi və həmin torpaq sahəsinin icarə verilməsi məqsədi ilə Saray Bələdiyyəsi tərəfindən xx.xx.2020-ci il tarixli 9/5 saylı qərar qəbul edildiyi müəyyən olunmuşdur. Bundan başqa 24 fevral 2022-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı faktiki istifadəsində torpaq sahəsi olmadığından və İddiaçı iddia elədiyi Cavabdeh faktiki istifadəsində olan 0.0502 ha mübahisəli torpaq sahəsi ilə xx.xx.2006-cı il tarixli ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0,05 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları naturada uyğun gəlmir. Bundan əlavə məhkəmə araşdırması zamanı ekspert dinidirilmiş və dindirmə zamanı ekspert öz ifadəsində bildirmişdir ki, “Sumqayıt şəhərində məhkəməyə dəvət olunmuşdum, bu işdə özümlə götürmüşdüm ki, imkan olsa gedim hadisə yerinə baxış keçirə bilim. İşin içində bir nömrə var idi, sözün açığı bilmədim kimin nömrəsi idi zəng elədim həmin nömrəyə dedi ki, mən iddiaçının vəkiliyəm, dedim mənə onda oranı təqdim edin mən gedim ora baxış keçirim. Mən getdim həmin əraziyə baxış keçirdim, orda tikililərlə mənə təqdim olunan ərazidə olan tikililərin ölçülərini götürdüm, mütəxəssis rəyinə əsasən yazmışam. Vəsatət vermədiyinə görə dedim gedim həmin yerdə baxış keçirib iş uzanmasın çünki qalır istəristəməz yığılır. Getdim baxış keçirdim ölçüləri götürdüm. Bizdə elektron baza olmadığına görə bilmirəm, orda kordinatlar görsənir, biz gpeslə getmişdik telefonla olur bəli, orda göstərir ki, Torpaq sahəsi orda yerləşir. Mən tiklilərə baxış keçirmişəm, tiklilərin kimin torpaq sahəsi olmağını müəyyən edə bilmədim”.Məhkəmə araşdırması zamanı Kadastr Layihə Tədqiqat Mərkəzi" MMC-nin mütəxəssisi məhkəməyə dəvət olunaraq dindirilmiş, dindirmə zamanı mütəxəssis öz ifadəsində “İddiaçı torpaq sahəsinin Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyini bildirmişdir. İddiaçı torpaq sahəsinin kimin torpaq sahəsi ilə üst-üstə düşməsi ilə bağlı hakimin vermiş olduğu suala, mütəxəsssi bildirmişdir ki, onun qarşısında belə bir sual qoyulmadığından həmin hissəni araşdırmamışdır”.Beləliklə qeyd olunanları nəzərə alaraq İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi X7 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı mülkiyyətində olan Abşeron rayon, Saray qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinə digər şəxslər tərəfindən müdaxilə edilmişdir. Həmçinin torpaq sahəsində sürüşmə vardır. Sözügedən torpaq sahəsində quş tövləsi və ayaqyolu da vardır. Həmin tikililər Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X8 məhkəmə iclasında ifadəsində bildirdi ki, belə işlər üzrə adətən Məhkəmə Ekspertizası Mərkəzi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin rəyini tələb edir. O, iş materiallarında olan nömrəyə zəng etmiş və tikiliyə baxış keçirmişdir. O, tikililərin ölçülərini götürmüş və 2-ci sual üzrə baxış keçirmiş, qalan sualları isə mütəxəssis rəyinə əsasən tərtib etmişdir. Onların şöbəsində torpaq ilə bağlı mütəxəssis vardır. Lakin Reyestr Xidməti baza məlumatlarını onlara təqdim etmədiyinə görə, məcbur olub mütəxəssis rəyi tələb etməli olurlar. Mübahisə predmeti olan ərazidə həqiqətən də tikililər vardır. Əl GPS vasitəsi ilə korrdinatları hesablamış və həmin sahədə torpaq sahəsinə baxış keçirmişdir. Əl GPS vasitəsi ilə kordinatlar daxil edilələndə ona təqdim edilən ərazi çıxmılşdır.Onun tərəfindən sırf tikililərə baxış keçirilmiş və rəydə verdiyi tikililər həmin ərazidə mövcud olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №-li çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə ********* qeydiyyat nömrəsi ilə, xx.xx.2006-cı il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №-li çıxarışına əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə ********* qeydiyyat nömrəsi ilə xx.xx.2006-cı il tarixdə İddiaçı adına qeydiyyata alınmış, lakin hal-hazırda iddiaçının mülkiyyət hüququ pozulmuş və o əmlakından sərbəst istifadə edə bilmir.Mülki işin məhkəmə gedişatında həqiqətə nail olmaq üçün məhkəmə tərəfindən ekspertiza təyin olnnmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1140 saylı, 24 fevral 2022-ci il tarixli ekspert rəyinə əsasən, İddiaçı faktiki istifadəsində torpaq sahəsi olmadığından və İddiaçı iddia elədiyi Cavabdeh faktiki istifadəsində olan 0,0502 ha mübahisəli torpaq sahəsi ilə xx.xx.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0,05 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları naturada uyğun gəlmir. xx.xx.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0,05 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində digər şəxs tərəfindən torpaq sahəsindən faktiki olaraq istifadə olunur. Eyni zamanda qeyd olunur ki, İddiaçı məxsus torpaq sahəsində cavabdeh tərəfindən 6.6 x 6.1, 10.2 x 3.4 və 15.5 x 5.5 metr ölçüdə tövlə tikilisinin, uzunluğu 1,9 metr, eni 1,5 metr olan ayaqyolu tikilisinin, uzunluğu 4,4 metr, eni 3,4 metr olan yarımçıq tikilinin, uzunluğu 4,2 metr, eni 2,8 metr olan yaşayış otağı tikilisinin inşa edildiyi və istifadə olunduğu müəyyən edilmişdir. Bundan başqa iddiaçı tərəfindən “X3” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 62 saylı ekspertmütəxəssis rəyi məhkəməyə təqdim edilmiş və həmin rəyin tədqiqatın nəticə hissəsində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən təqdim olunmuş materialları və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara dair nəticələr aşağıdakı kimi müəyyən edilir: Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, İddiaçı mülkiyyətində olan 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin texniki pasportuna əlavə edilmiş xəritənin (plan və cizgisi) göstəriciləri, o cümlədən quruluşu, konfiqurasiyası və yerləşməsi Torpağa mülkiyyət hüququna dair JN-2597 saylı Dövlət Aktındakı 1506.07 kv.m-lik torpaq sahəsinin planı (cizgisi) ilə uyğunluq təşkil edir. -İddiaçı mülkiyyətində olan 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki yerləşdiyi sahə ilə 2007-ci ildə hazırlanmış və ona verilmiş texniki pasportda qeyd edilmiş xəritə, plan və ölçü arasında uyğunsuzluq müəyyən olunur. Səbəb isə həmin torpaq sahəsinin yerləşdiyi Abşeron rayonunun Saray qəsəbəsi ərazisindəki kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin faktiki yerləşmələri ilə elektron xəritə (DWG) məlumatları arasında ümumi sürüşmələrin mövcud olmasıdır. -İddiaçı təqdim etdiyi və naturada göstərdiyi torpaq sahəsinin mövcud istifadə vəziyyətinə uyğun sahəsi 0.05 ha təşkil edir və müvafiq sənədlər (çıxarış və texniki pasport) üzrə nəzərdə tutulmuş sahəyə uyğundur. Həmin torpaq sahəsində ayrı-ayrılıqda sahəsi 40,3 m2 (6,6x6,1 m), 34,7 m2 (10,2x3,4m), 85,3 m2 (15,5x5,5m) olan üç tövlə tikilisi, sahəsi 2,9 m2 (1,9x1,5m) olan sanitar qovşağı, sahəsi 15,0 m2 (4,4x3,4m) olan tikintisi tam başa çatmamış yarımçıq tikili və sahəsi 11,8 m2 (4,2x2,8m) olan yaşayış otağı yerləşir. -İddiaçı təqdim etdiyi və naturada göstərdiyi torpaq sahəsinin mövcud istifadə vəziyyətinə uyğun sahəsi 0.05 ha təşkil edir və müvafiq sənədlər (çıxarış və texniki pasport) üzrə nəzərdə tutulmuş sahəyə uyğundur. Lakin, İddiaçı mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin yerləşdiyi Abşeron rayonunun Saray qəsəbəsi ərazisindəki kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin faktiki yerləşmələri ilə elektron xəritə (DWG) məlumatları arasında ümumi sürüşmələrin aşkar edilməsi səbəbindən və qəsəbənin baş planına edilmiş son dəyişikliklər elektron xəritə üzərinə yerləşdirilmədiyi üçün, həmin torpaq sahəsinin başqa şəxsə (şəxslərə) məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini aydınlaşdırmaq hal-hazırda mümkün olmadı. -İddiaçı təqdim etdiyi və naturada göstərdiyi torpaq sahəsi 0.05 ha təşkil edir və onun adına verilmiş hüquq müəyyənedici və texniki sənədlərdə qeyd edilən sahə ilə üst-üstə düşür. Beləliklə,ekspertiza rəylərindən göründüyü kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №-li çıxarışına əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,05 ha torpaq torpaq sahəsinin faktiki yerləşdiyi sahə ilə ona verilmiş texniki pasportda qeyd edilmiş xəritə, plan və ölçü arasında uyğunsuzluq müəyyən olunur. Səbəb isə həmin torpaq sahəsinin yerləşdiyi Abşeron rayonunun Saray qəsəbəsi ərazisindəki kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin faktiki yerləşmələri ilə elektron xəritə (DWG) məlumatları arasında olan ümumi sürüşmələrin nəticəsidir.Həmçinin ekspert rəyi ilə İddiaçı mülkiyyət hüququ ilə məxsus torpaq sahəsində cavabdeh tərəfindən 6.6 x 6.1, 10.2 x 3.4 və 15.5 x 5.5 metr ölçüdə tövlə tikilisinin, uzunluğu 1,9 metr, eni 1,5 metr olan ayaqyolu tikilisinin, uzunluğu 4,4 metr, eni 3,4 metr olan yarımçıq tikilinin, uzunluğu 4,2 metr, eni 2,8 metr olan yaşayış otağı tikilisinin inşa edildiyi və istifadə olunduğu müəyyən edilmişdir.Digər tərəfdən məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edimişdir ki, Cavabdeh faktiki istifadəsində olan mübahisəli torpaq sahəsi ilə bağlı hər hansı hüquq müəyyənedici sənədi yoxdur,torpaq sahəsi özbaşına zəbt edilmiş,torpağın kateqoriyası kənd təsərrüfa təyinatlıdır və cavabdeh tərəfindən yuxarıda qeyd olunan tikililər özbaşına olaraq həyata keçirilmişdir. Cavabdeh iddia ərizəsində və onun nümayəndəsinin məhkəmə iclasında izahatında mübahisəli torpaq sahəsinin Saray bələdiyyəsi ilə bağlanmış icarə müqaviləsi əsasında istifadə edildiyi göstərilmiş,lakin bununla bağlı cavabdeh və onun nümayəndəsi tərəfindən məhkəməyə rəsmi olaraq heç bir sənəd təqdim edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1140 saylı, 24 fevral 2022-ci il tarixli ekspert rəyini və “X3” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 62 saylı ekspert-mütəxəssis rəyini təkzib edəcək hallar müəyyən edilmədiyindən məhkəmə hesab edi ki, hal-hazırda Cavabdeh özbaşına zəbt etdiyi torpaq sahəsindən könüllü çıxmaması iddiaçının daxili və beynəlxalq qanunvericiliklə qorunan öz əmlakına sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu pozur. Məhkəmə yuxarıda qeyd olunanları, həmçinin cavabdehin istifadəsində olduğunu qeyd etdiyi torpaq sahəsinə dair hər hansı bir rəsmi sənədin olmamasını,o cümlədən cavabdehin vəkilinümayəndəsinin izahatını heç bir sübuta əsaslanmadan formal mülahizələrdən ibarət olduğu nəzərə alaraq və aşağıda qeyd olunacaq qanunvericilik normlarını əsas götürərək hesab edir ki, xx.xx.2006-cı il tarixli, Seriya MH ******* №-li çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsində qanunsuz olaraq özbaşına tikdiyi 6.6 x 6.1, 10.2 x 3.4 və 15.5 x 5.5 metr ölçüdə tövlə tikilisi, uzunluğu 1,9 metr, eni 1,5 metr olan ayaqyolu tikilisi, uzunluğu 4,4 metr, eni 3,4 metr olan yarımçıq tikili, uzunluğu 4,2 metr, eni 2,8 metr olan yaşayış otağı olan tikililər Cavabdeh vəsaiti hesabına sökülməli, Cavabdeh qanunsuz istifadə etdiyi torpaq sahəsindən çıxarılmalı, torpaq sahəsi İddiaçı sahibliyinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən, torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki'və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəindən mütəxəssis rəyi üçün ödənilmiş 300 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin dəymiş zərərin əvəzində 1000 manat pulun tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilmədiyindən iddia tələbi dəymiş zərərin əvəzinin ödənilməsi hissəsində rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Ekspertiza Mərkəzi tərəfindən keçirilən 10/1140 saylı, 24 fevral 2022-ci il tarixli tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2006-cı il tarixli, Seriya MH ******* №-li çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsində qanunsuz olaraq özbaşına tikdiyi 6.6 x 6.1, 10.2 x 3.4 və 15.5 x 5.5 metr ölçüdə tövlə tikilisi, uzunluğu 1,9 metr, eni 1,5 metr olan ayaqyolu tikilisi, uzunluğu 4,4 metr, eni 3,4 metr olan yarımçıq tikili, uzunluğu 4,2 metr, eni 2,8 metr olan yaşayış otağı olan tikililər Cavabdeh vəsaiti hesabına sökülsün, Cavabdeh qanunsuz istifadə etdiyi torpaq sahəsindən çıxarılsın, torpaq sahəsi İddiaçı sahibliyinə qaytarılsın, mütəxəssis rəyi üçün ödədiyi 300 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 10/1140 saylı, 24 fevral 2022-ci il tarixli tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver