Məhkəmə qərarları › İş №2(012)-1350/2021

Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-1350/2021

05.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq mübahisələri - Maddi ziyanın ödənilməsi - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1350/2021 05.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh və üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinə qarşı “zəbt edilmiş torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması, torpağın sahibliyə qaytarılması və dəymiş ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin 29.04.2011-ci il tarixli 679 saylı Sərəncamı ilə Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin hüdudları daxilində Bakı-Quba şose yolu ilə Bakı-Şamaxı şose yolu arasında yerləşən və İddiaçı MMC-yə məxsus olan 14,93 ha torpaq sahəsinin 2,5 ha torpaq sahəsində qanunsuz olaraq Cavabdeh tərəfindən inşa edilmiş bütün tikililərin cavabdehin hesabına sökülməsi, cavabdehin həmin ərazidən çıxarılması və zəbt olunmuş bütün torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə İddiaçı MMC-nin sahibliyinə qaytarılması və bu qanunsuz hərəkətlərin nəticəsində cəmiyyətə dəymiş 200000 manat məbləğində ziyanın cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, bildirmişdir ki, iddia ərizəsinin nəticə hissəsində texniki səhvə yol verilmişdir. Bu səbəbdən “Bakı Şəhər İcra Hakimiyyəti” ifadəsinin “Abşeron Rayon İcra Hakimiyyəti” kimi qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ünvanlayaraq, ünvan 1ə Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin hüdudları daxilində Bakı- Quba şose yolu ilə Bakı-Şamaxı şose yolu arasında yerləşən və İddiaçı MMC-yə məxsus olan 14,93 ha torpaq sahəsinin 2,5 ha torpaq sahəsində qanunsuz olaraq Cavabdeh tərəfindən inşa edilmiş bütün tikililərin cavabdehin hesabına sökülməsi, cavabdehin həmin ərazidən çıxarılması və zəbt olunmuş bütün torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə İddiaçı MMC-nin sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 29.04.2011-ci il tarixli 679 saylı Sərəncamı ilə Abşeron rayonu, Xırdalan bələdiyyəsinin hüdudları daxilində Bakı-Quba şosse yolu ilə Bakı-Şamaxı şosse yolu arasında yerləşən 14,93 hektar torpaq sahəsi sahibkarlıq məqsədi ilə uzun müddətli icarə qaydasında (doxsan doqquz il müddətinə) İddiaçı MMC-yə ayrılmışdır. İddiaçı MMC-yə ayrılmış Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı-Sulutəpə yolunun Bakı-Quba yolundan ayrılan hissəsində 1090m x 303m üçbucaq adlandırılan və ümumi sahəsi 14,93 ha olan ərazidə cəmiyyət tərəfindən abadlıq, tikinti, təmir-bərpa işləri həyata keçirilmiş, o cümlədən istinad divarı tikilmiş, çoxsaylı şam, palıd, çinar, müxtəlif növ meyvə və sair dekorativ ağaclar, gül kolları şirkətin daxili imkanları hesabına əkilmiş və bu işlərə şirkət tərəfindən külli miqdarda vəsait xərclənmişdir. Eləcə də, həmin ərazidə gələcəkdə Azərbaycan Respublikasının vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması məqsədilə müasir tipli yaşayış kompleksinin nəzərdə tutulduğundan bununla bağlı plan-layihə təsdiqlənmişdir. Bu yaxınlarda, bizə məlum olmuşdur ki, Cavabdeh öz şəxsi maraqlarını həyata keçirmək məqsədilə İddiaçı MMC-yə ayrılmış 14,93 hektar torpaq sahəsinin 2,5 hektarını zəbt etmiş, qanunsuz olaraq ağacları kəsərək ərazini tam yararsız hala salınmış və həmin ərazidə 700 kv.m. ölçüdə böyük iaşə, ticarət və restoran tipli obyektin bünövrəsini atmışdır. Bundan başqa, cəmiyyətə məxsus 14,93 hektar torpaq sahəsinin 2,5 hektarında olan ağaclar çıxarılaraq məhv edilmiş, yerində isə yol qırağına düzülən çoxsaylı güllərin əkilməsi üçün gül bağ-bostanı salınmışdır. Bunun da məqsədi dövlət tərəfindən yol kənarına əkilmək üçün nəzərdə tutulmuş güllər və dekorativ ağacların alınmasına ayrılmış pulların mənimsənilməsinə yönəlmişdir. 09.01.2021-ci il və 10.01.2021-ci il tarixlərdə həmin ərazidə olaraq cəmiyyətə ayrılmış torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi üçün tikintinin dayandırılmasını deyilməsinə baxmayaraq iş icraçısı Vəli öz qanunsuz hərəkətlərini davam etdirərək onların sözlərinə məhəl qoymamış, onlara hədə-qorxular gəlmiş və hazırda da həmin ərazidə qanunsuz tikinti işləri davam etdirilməkdədir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh və üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və iddiaçının mülki işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan Abşeron Rayonu Xırdalan X1 Çıxarışdan görünür ki, miqyası 1:10 000 olan, 14,93 ha torpaq sahəsi İddiaçı MMC-yə ayrılmışdır. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyətinin Başçısının 29.04.2021-ci il tarixli, 679 saylı Sərəncamından görünür ki, Abşeron rayonu, Xırdalan bələdiyyəsinin hüdudları daxilində Bakı-Quba şosse yolu ilə Bakı-Şamaxı şosse yolu arasında yerləşən dövlət mülkiyyətinə aid 14,93 hektar torpaq sahəsi sahibkarlıq məqsədi ilə uzun müddətli icarə qaydasında (doxsan doqquz il müddətinə) İddiaçı MMC-yə ayrılması qərara alınmışdır. İş materiallarında olan aktdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin müdiri X3, RİH-nin Xırdalan şəhəri üzrə nümayəndəsi-Orucov Fikrət oğlu, Xırdalan bələdiyyəsinin sədri X4, RİH-nin memarlıq və tikinti şöbəsinin müdiri-X7, RİH-nin hüquq şöbəsinin müdiri-X2 iştirakı ilə akt tərtib edilmişdir. Xırdalan bələdiyyəsinin ərazisində Dövlət mülkiyyətində saxlanılmış 14,93 hektar torpaq sahəsinin sahibkarlıq məqsədilə icarəyə verilməsinin məqsədəmüvafiqliyinin araşdırılması məqsədilə Abşeron rayon icra hakimiyyəti üzrə 28.03.2011-ci il tarixli, 432 saylı sərəncamla yaradılmış komissiya tərkibində sözügedən əraziyə baxış keçirmişlər. Baxış zamanı ümumi sahəsi 14,93 hektar olan dövlət mülkiyyətinə aid torpaq sahəsinin Bakı-Quba və Bakı-Şamaxı magistral şosse yolları arasında yerləşlməklə, həmişəyaşıl (iynə yarpaqlı) meşə ağacları altında olduğu müəyyən olundu. Sahədə aqrotexniki tədbirlər aparılmadığından və vaxtlıvaxtında suvarılmadığından bəzi yerlərdə ağaclar qurumuşdur. Ərazidə ağaclar mühafizə olunmadığından bəzi yerlərdə fiziki şəxslər tərəfindən kəsilmiş və boş sahələr əmələ gəlmişdir. Ərazidə mövcud olan həmişəyaşıl ağacların mühafizəsinin təşkili, qurumuş ağacların bərpası və torpaqdan səmərəli istifadənin təşkili məqsədilə torpaq sahəsinin icarəyə verilməsini məqsədəmüvafiq hesab etmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 avqust 2021-ci il tarixli, 10/2925 №-li məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, ekspert qarşısında qoyulmuş sualların həlli məqsədi ilə 25.06.2021-ci il tarixdə təqdiqat obyektinə dair əlavə materialların təqdim olunması barədə vəsatət verilmişdir. Vəsatətə verilməsindən uzun müddət keçməsinə baxmayaraq vəsatətdə qeyd olunan əlavə materiallar Mərkəzə təqdim olunmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq qərardadda qoyulmuş sualla üzrə təqdiqat aparılaraq rəy verilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili Təlimat” ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 29.04.2011-ci il tarixli 679 saylı Sərəncamı ilə Abşeron rayonu, Xırdalan bələdiyyəsinin hüdudları daxilində Bakı-Quba şosse yolu ilə Bakı-Şamaxı şosse yolu arasında yerləşən 14,93 hektar torpaq sahəsi sahibkarlıq məqsədi ilə uzun müddətli icarə qaydasında (doxsan doqquz il müddətinə) İddiaçı MMC-yə ayrılmışdır. İddiaçı MMC-yə ayrılmış Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı-Sulutəpə yolunun Bakı-Quba yolundan ayrılan hissəsində 1090m x 303m üçbucaq adlandırılan və ümumi sahəsi 14,93 ha olan ərazidə iddiaçı cəmiyyət tərəfindən abadlıq, tikinti, təmir-bərpa işləri həyata keçirilmiş, o cümlədən istinad divarı tikilmiş, çoxsaylı şam, palıd, çinar, müxtəlif növ meyvə və sair dekorativ ağaclar, gül kolları şirkətin daxili imkanları hesabına əkilmiş və bu işlərə şirkət tərəfindən külli miqdarda vəsait xərclənmişdir. Eləcə də, həmin ərazidə gələcəkdə Azərbaycan Respublikasının vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması məqsədilə müasir tipli yaşayış kompleksinin nəzərdə tutulduğundan bununla bağlı plan-layihə təsdiqlənmişdir. Sonradan məlum olmuşdur ki, Cavabdeh öz şəxsi maraqlarını həyata keçirmək məqsədilə İddiaçı MMC-yə ayrılmış 14,93 hektar torpaq sahəsinin 2,5 hektarını zəbt etmiş, qanunsuz olaraq ağacları kəsərək ərazini tam yararsız hala salınmış və həmin ərazidə 700 kv.m. ölçüdə böyük iaşə, ticarət və restoran tipli obyektin bünövrəsini atmışdır. Bundan başqa, iddiaçı cəmiyyətə məxsus 14,93 hektar torpaq sahəsinin 2,5 hektarında olan ağaclar çıxarılaraq məhv edilmiş, yerində isə yol qırağına düzülən çoxsaylı güllərin əkilməsi üçün gül bağ-bostanı salınmışdır. Hazırda da həmin ərazidə cavabdeh tərəfindən qanunsuz tikinti işləri davam etdirilməkdədir. Sadalanan hallar iddiaçı şirkətin nümayəndəsinin izahatı ilə öz əksini tapmış və həmin halları təkzib edə biləcək sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, ünvan 1ə Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin hüdudları daxilində Bakı-Quba şose yolu ilə Bakı-Şamaxı şose yolu arasında yerləşən və İddiaçı MMC-yə məxsus olan 14,93 ha torpaq sahəsinin 2,5 ha torpaq sahəsində qanunsuz olaraq Cavabdeh tərəfindən inşa edilmiş bütün tikililər Cavabdeh hesabına sökülməli, Cavabdeh həmin ərazidən çıxarılmalı və zəbt olunmuş bütün torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə İddiaçı MMC-nin sahibliyinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1ə Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin hüdudları daxilində Bakı-Quba şose yolu ilə Bakı-Şamaxı şose yolu arasında yerləşən və İddiaçı MMC-yə məxsus olan 14,93 ha torpaq sahəsinin 2,5 ha torpaq sahəsində qanunsuz olaraq Cavabdeh tərəfindən inşa edilmiş bütün tikililər Cavabdeh hesabına sökülsün, Cavabdeh həmin ərazidən çıxarılsın və zəbt olunmuş bütün torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə İddiaçı MMC-nin sahibliyinə qaytarılsın. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. HAKİM: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver