Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1397/2021 02.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsinin, razılaşmanın və əlavə sazişlərin ləğv edilməsi, borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, torpaq sahəsinin açıq hərracdan satılması, torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi” tələbinə dair mülki işə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 ilə arasında bağlanmış 31.07.2018-ci il tarixli, 017L**********57 saylı uzunmüddətli kredit müqaviləsinin, 02.08.2018-ci il tarixli 017R********** saylı kredit razılaşmasının və əlavə sazişlərin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı QSCnin xeyrinə 017R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 6022,4 manat məbləğində kredit borcu, 1150,22 manat məbləğində faiz borcu və 2454,09 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 9626,71 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində istifadədə olan 0,00429 ha torpaq sahəsinin üzərində yerləşən 32,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin evin hərracdan satılması və ümumilikdə 9626,71 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ümumi müştərək qaydada tutulması, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində istifadədə olan 0,00429 ha torpaq sahəsinin üzərində yerləşən 32,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh2 və Cavabdeh1 istifadə hüququnun itirilməsi, həmin evdən çıxarılmaları, torpaq sahəsinin və evin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı QSC ilə Cavabdeh1 ilə arasında 31.07.2018-ci il tarixli, 017L**********57 saylı uzunmüddətli kredit müqaviləsinin və həmin uzunmüddətli kredit müqaviləsi üzrə 02.08.2018-ci il tarixli 017R********** saylı kredit razılaşması bağlanmışdır. 02.08.2018-ci il tarixli 017R********** saylı kredit razılaşmasına əsasən, İddiaçı QSC tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 manat məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 27.06.2019-cu il tarixli, 017R**********S saylı, 31.01.2020-ci il tarixli, 017R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Lakin borclu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 02.03.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1977,6 manat ödəniş etmiş, onun 6022,4 manat kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün uçun faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Borclunun 02.10.2020-ci il tarixə 214 gün üçün hesablanmış faiz borcu 1150,22 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 02.10.2020-ci il tarixə 214 gün üçün hesablanmış cərimə borcu isə 2454,09 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən, bank qarşısında öz üzərlərinə məsməsuliyyət götürmüşlər. Odur ki, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, o, 3 il əvvəl iddiaçı təşkilatdan biznes krediti götürmüşdür. Pandemiyaya qədər 1 il yarım müddətində, sonuncu dəfə isə 2020-ci ilin fevral ayında ödəniş etmişdir. Lakin sonradan pandemiyayla əlaqədar olaraq ödəniş edə bilməmişdir. O, borcdan yayınmır. Əsas borcu hissə-hissə ödəməyə razıdır. Lakin faiz və cərimə borclarıyla razı deyildir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 31.07.2018-ci il tarixli, 017L**********57 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddəinə 100000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 02.08.2018-ci il tarixli, 017R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 27.06.2019-cu il tarixli, 017R**********S saylı, 31.01.2020-ci il tarixli, 017R**********SA saylı sazişlərdən görünür ki, razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan 31.07.2018-ci il tarixli 017S**********02 saylı və 02.08.2018-ci il tarixli 017S**********01 saylı zaminlik müqavilələrindən görünür ki, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən, bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. İş materiallarında olan 02.08.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndində istifadədə olan 0,00429 ha torpaq sahəsinin üzərində yerləşən 32,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 25.11.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 02.08.2018-ci il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 02.10.2020-ci il tarixə olan kredit borcu 6022,40 manat, faiz borcu 1150,22 manat və cərimə borcu 2454,09 manat olmaqla, ümumilikdə cəmi 9626,71 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli, 9/4156 №-li ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 02.08.2018-ci il tarixli, 017R********** saylı kredit razılaşması müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 02.10.2020-ci il tarixinədək banka olan əsas borcu 6022,40 manat, faiz borcu 1097,99 manat təşkil edir. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin 25.06.2021-ci il tarixli, 326/E №-li ekspert rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Masazır yerləşən fərdi yaşayış evinin 2021-ci ilin aprel ayına likvid qiymətinin dəyəri 20000 manat müəyyən olunmuşdur. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında uzunmüddətli kredit müqaviləsi, kredit razılaşması, əlavə sazişlər, zaminlik müqavilələri və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Belə ki, məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron rayon Məhkəməsinin 2(012)-1397/2021 saylı, 30.03.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli, 9/4156 №-li ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 02.08.2018-ci il tarixli, 017R********** saylı kredit razılaşması müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 02.10.2020-ci il tarixinədək banka olan əsas borcu 6022,40 manat, faiz borcu 1097,99 manat təşkil edir. "xxxx" MMC-nin 25.06.2021-ci il tarixli, 326/E №-li ekspert rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Masazır yerləşən fərdi yaşayış evinin 2021-ci ilin aprel ayına likvid qiymətinin dəyəri 20000 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin, Cavabdeh1 31.07.2018-ci il tarixli, 017L**********57 saylı uzunmüddətli kredit müqaviləsi, 02.08.2018-ci il tarixli 017R********** saylı kredit razılaşması, 27.06.2019-cu il tarixli, 017R**********S saylı və 31.01.2020-ci il tarixli, 017R**********SA saylı əlavə sazişlər üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, 02.08.2018-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə hesablanmış 2454,09 manat məbləğində cərimə pulu cavadehin onsuzda ağır olan maddi durumunu daha da ağırlaşdıra bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 50 manat məbləğində olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli, 9/4156 №-li ekspert rəyi ilə razılaşaraq belə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 02.08.2018-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə 6022,40 manat kredit borcu, 1097,99 manat faiz borcu və 50 manat cərimə olmaqla, ümumilikdə cəmi 7170,39 manat məbləğində borc tutulmalıdır. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh1 02.08.2018-ci il tarixli, 017R********** saylı kredit razılaşmasından irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün İddiaçı QSC-nin həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdehlər olan Cavabdeh2 və Cavabdeh3 öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqavilənin pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə tərəflər arasında bağlanmış 31.07.2018-ci il tarixli, 017L**********57 saylı uzunmüddətli kredit müqaviləsi, 02.08.2018-ci il tarixli 017R********** saylı kredit razılaşması və 27.06.2019-cu il tarixli, 017R**********S saylı, 31.01.2020-ci il tarixli, 017R**********SA saylı əlavə sazişlər ləğv edilməlidir. Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan torpaq sahəsinin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, İddiaçı QSC-nin Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndində istifadədə olan 0,00429 ha torpaq sahəsinin üzərində yerləşən 32,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutumanın yönəldilməsi, bu əmlakın hərracda satılması tələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələblərinə əsasən, Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndində istifadədə olan 0,00429 ha torpaq sahəsinin üzərində yerləşən 32,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin torpaq sahəsi boşaldılmalı, həmin evə Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməli və ev Banka təhvil verilməlidir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bundan başqa iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 02.08.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndində istifadədə olan 0,00429 ha torpaq sahəsinin üzərində yerləşən 32,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi 12000 manat qiymətləndirilmişdir. Lakin məhkəmə "xxxx" MMCnin 25.06.2021-ci il tarixli, 326/E №-li ekspert rəyi ilə razılaşaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti də 20000 manat müəyyən edilməlidir. İddia tələbinin hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi müştərək qaydada tutulması hissəsi dəqiq və konkret olmadığından məhkəmə hesab edir ki, iddia tələbi bu hissələrdə rədd edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli, 9/4156 №-li mühasibatlıq ekspertizasına görə 150 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 112 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 38 manat isə İddiaçı QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 ilə arasında bağlanmış 31.07.2018-ci il tarixli, 017L**********57 saylı uzunmüddətli kredit müqaviləsi, 02.08.2018-ci il tarixli 017R********** saylı kredit razılaşması və 27.06.2019-cu il tarixli, 017R**********S saylı, 31.01.2020-ci il tarixli, 017R**********SA saylı sazişlər ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 017R********** saylı kredit razılaşması üzrə 6022,40 manat kredit borcu, 1097,99 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7170,39 manat məbləğində borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqı tutulsun. İddia üzrə tələb ipoteka predmeti olan Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndində istifadədə olan 0,00429 ha torpaq sahəsinin üzərində yerləşən 32,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin, ipoteka predmeti açıq hərracdan satılsın və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti 20000 manat məbləğində müəyyən edilsin. Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndində istifadədə olan 0,00429 ha torpaq sahəsinin üzərində yerləşən 32,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılsın, həmin ev və torpaq sahəsi boşaldılmaqla Banka təhvil verilsin. İddia tələbi hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi müştərək qaydada tutulması hissəsində rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli, 9/4156 №-li mühasibatlıq ekspertizasına görə 150 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 112 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, 38 manat isə İddiaçı QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-1397/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1397/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - Torpaq mübahisələri - Mənzilə köçürmə -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver