Məhkəmə qərarları › İş №2(012)-1437/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1437/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1437/2022 24.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı İddiaçı Cavabdeh MMC-nin direktoru X1 qarşı müqavilə üzrə öhdəlikləri yerinə yetirilməsi və müqavilə üzrə mənzilin verilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh MMC-nin direktoru X1 qarşı müqavilə üzrə öhdəlikləri yerinə yetirilməsi və müqavilə üzrə mənzilin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə 01 mart 2019-cu il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, R.Axundov küç., 19 mərtəbəli yaşayış binasının “C” bloku, 9-cu mərtəbədə yerləşən ümumi sahəsi 50.5 kv.m-dən ibarət 1 otaqlı, 263 saylı mənzilin ona təhvil verilməsi və ya ödədiyi 32825 (otuz iki min səkkiz yüz iyirmi beş) manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin ərizə və sənədlər aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin xahiş etdi hissəsində iddiaçı Cavabdeh MMC ilə 01 mart 2019-cu il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, R.Axundov küç., 19 mərtəbəli yaşayış binasının “C” bloku, 9-cu mərtəbədə yerləşən ümumi sahəsi 50.5 kv.m-dən ibarət 1 otaqlı, 263 saylı mənzilin ona təhvil verilməsi, ilə bərabər ödədiyi ödədiyi 32825 (otuz iki min səkkiz yüz iyirmi beş) manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu tələblərlə bağlı məhkəmə qeyd edir ki, iddiaçı qeyd olunan mənzilin ona təhvil verilməsi ilə bağlı Abşeron rayon məhkəməsinə müraciət etməli olduğu halda, digər tələb pul tələbi ilə bağlı cavabdehin cavabdeh kimi MMC-nin rəsmi qeydiyyatda olduğu hüquqi ünvan üzrə aidiyyəti məhkəməyə müraciət etməlidir. Göründüyü kimi tələb alternativ qoyulmuşdur, habelə cavabdeh kimi MMC qoyulmalı olduğu halda, MMC-nin direktoru qoyulmuşdur. Halbu ki, tələb dəqiq və aydın olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3. maddəsinə uyğun qaydada iddiaçının aydın və konkret tələbi göstərilməmişdir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3. və 150.0.5. maddələrinin mahiyyətinə əsasən iddia ərizəsində iddiaçının öz tələbini əsaslandırdığı hallar göstərilməli və həmin hallara dair sənədlər iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1. maddəsindən görünür ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1. maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Odur ki, hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədən məhkəməyə verildiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh MMC-nin direktoru X1 qarşı müqavilə üzrə öhdəlikləri yerinə yetirilməsi və müqavilə üzrə mənzilin verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver