Məhkəmə qərarları › İş №2(012)-1447/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1447/2021

27.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq mübahisələri - Maddi ziyanın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1447/2021 27.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs X2) qarşı “zəbt edilmiş yaşayış sahəsinin boşaldılması və maddi zərərin tutulması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs X2) qarşı “zəbt edilmiş yaşayış sahəsinin boşaldılması və maddi zərərin tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abseron rayonu, Xırdalan şəhəri, N.Gəncəvi küçəsi 28-ci məhəllədə yerləşən ev 20/5 saylı fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, vurulmuş maddi zərərə görə 1500 manat (bir min beş yüz) və mənəvi zərərin əvəzi olaraq 500 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, N. Gəncəvi küçəsi 28-ci məhəllədə yerləşən 20/5 saylı fərdi yaşayış evinin satılması barədə məlumat aldıqdan sonra cavabdehin vasitəsilə evə baxaraq ilkin razılığa gəlmiş, sonra cavabdeh tərəfindən daşınmaz əmlakın qiymətləndirilməsi və pasport qeydiyatına alınması işlərinin həyata keçirilməsi şərtilə 16.07.2020-ci il tarixdə 6600 manat ödəməklə Cavabdeh2 almışdır. Cavabdeh qeyd olunan şərtlərlə razılaşmış və həmin hissədə öhdəliklərini icra etmişdir. Həmin vaxt mənzil boş olmaqla, təmirsiz və məhdud kommunal şəraitli olmuş, cavabdehdən evi qəbul edərək faktiki sahibliyinə keçirmiş və istifadə üçün təmirə başlamışdır. İddiaçıya məxsus fərdi yaşayış evinin mövcudluğu və yerləşmə sahəsinin ünvanı göstərilməklə Abşeron rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 1 saylı MTİİTS-nin rəhbərliyi tərəfindən təsdiq edilmişdir. Eyni zamanda həmin evə dair kommunal və digər ödənişlər onun tərəfindən həyata keçirilmiş və hazırda da keçirilməkdədir. Aldığı evin heç bir sənədi yoxdur. Həmin evi etibarnamə əsasında almışdır. Hazırda həmin evdə cavabdeh X3 yaşayaraq həmin evdən çıxmır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs X4) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Azərbaycan Respublikaı Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 06.01.2021-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı 05.07.2019-cu il tarixdən Abseron rayonu, Xırdalan şəhəri, N.ünvan 2 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: X5 21.12.1992. -Daşınmaz Əmlaka dair Ekspertin 13.06.2019-cu il tarixli Qiymətləndirmə rəyindən görünür ki, İddiaçı məxsus bir mərtəbəli fərdi yaşayış evinin 13 iyun 2019-cu il tarixə olan bazar dəyəri 6500 (altı min beş yüz) manat təşkil edir. -20.09.2020-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış materiallarda əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. -1 saylı MTİİTS tərəfindən 03.08.2019-cu il tarixdə verilmiş 1049 nömrəli arayışın surətindən görünür ki, Əliyev X1 rayonu, Xırdalan şəhəri, N.ünvan 3 ünvanında qeydiyyatdadır. -“xxxx” ASC tərəfindən verilmiş 16.10.2019-cu il tarixli bildirişin surətindən görünür ki, İddiaçı 05.07.2019-cu il tarixdən Abseron rayonu, Xırdalan şəhəri, N.ünvan 2 ünvanı üzrə ödəniləcək məbləğ 160 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, N. Gəncəvi küçəsi 28-ci məhəllədə yerləşən 20/5 saylı fərdi yaşayış evini, daşınmaz əmlakın qiymətləndirilməsi və pasport qeydiyatına alınması işlərinin həyata keçirilməsi şərtilə 16.07.2020-ci il tarixdə 6600 manat ödəməklə Cavabdeh2 almışdır. Hazırda həmin evdə cavabdeh X3 yaşayaraq həmin evdən çıxmır . Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanununa əsasən Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar aşağıdakılardı; 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, hər hansı daşınmaz əmlaka malik olmaq üçün əsaslarda göstərilmiş sənədlər olmalıdır. Həmin sənədlərin əldə edilməsi şəxsin əmlaka dair istifadə və sahiblik hüququnu yaradır. İşin araşdırılan hallarından iddia ərizəsindən və iddiaçının izahatından müəyyən olunur ki, iddiaçı iddia etdiyi evin hüquq müəyyənedici sənədi olmamışdır və yalnız tərəflər arasında sadə danışıq yolu ilə iddiaçı evi əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 15 yanvar 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 152.1-ci maddəsi mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ kimi müəyyənləşdirmişdir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri). Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə əmlaka istifadə və sahiblik edilməsi üçün həmin əmlaka dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi olmalıdır. İddiaçının isə mübahisəli evlə bağlı hər hansı hüquqmüəyyənedici sənədi yoxdur və yalnız həmin evə paspor qeydiyyatı və kommunal müqaviləsi vardır ki, bunlar isə iddiaçıya mübahisəli evə hüququnu tanımır. Ona görə də iddiaçının həmin evə hüququnun olmadığına görə evə dair iddia tələbi vermək üçün subyektiv hüququ da yoxdur. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq öz elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz Kassasiya instansiyasının mövqeyini də nəzərə almaqla məhkəmə hesab edir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olmadığından və iddiaçı özünün əsl iddiaçı ilə əvəz edilməsinə razı olmadığından, həmin tələb təmin edilə bilməz Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1. maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2. maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Beləliklə, işin məhkəmə iclasında tədqiq edilən hallarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tələbin “zəbt edilmiş yaşayış sahəsinin boşaldılması” hissəsi tələb hüququ olmayan İddiaçı tərəfindən verilmişdir və odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. İddia tələbinin maddi və mənəvi tələb hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddia tələbinin evin boşaldılması hissəsi təmin olunmadığından tələbin maddi və mənəvi hissəsi həmin evin boşaldılması tələbinə münasibətdə törəmə tələb olduğundan və tələbin evin boşaldılması hissəsi rədd edildiyindən, tələbin maddi və mənəvi hissəsi də rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs X2) qarşı “zəbt edilmiş yaşayış sahəsinin boşaldılması və maddi zərərin tutulması tələbi”nə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver