Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1552/2024 17.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “yaşayış sahəsi və torpaq sahəsindən istifadə qaydasının müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, M.Müşfiq küçəsi, ev 20-yə (yeni qaydalarla Əminə Dilbazi küçəsi, ev 76) məxsus 0,12 ha həyətyanı torpaq sahəsindən və sahəyə məxsus fərdi yaşayış evinin 2-ci mərtəbəsində olan sahəsi 29,7 kv.m olan otaqdan istifadə qaydasının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, 1971-ci il tarixində ünvan 1 ünvanda yaşamışdır, həmin tarixdən də həmin ünvan üzrə pasport qeydiyyatındadır. Bu barədə Saray qəsəbə nümayəndəliyi tərəfindən ev dəftərində də qeydiyyat aparılmışdır. ünvan 2 ünvanda onun ailəsinə 0,12 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin Kod 30800086, İN-496A saylı Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməsi vardır. Lakin torpaq sahəsi ayrılandan sonra sahəyə dair şəhadətnamə alınarkən orada yaşayan 6 nəfər ailə üzvünün adı qeyd olunmuş olsa da onun adı orada qeyd olunmamışdır. Həmin ailə üzvləri atası Cavabdeh2, qardaşı Cavabdeh3, digər mərhum qardaşının həyat yoldaşı Cavabdeh5 və qardaşı qızları Cavabdeh4 ilə Cavabdeh6dır. Onun adının qeyd olunmama səbəbi isə məlum deyildir, görünür ki, unudulmuşdur. Qeyd olunan torpaq sahəsində 2 mərtəbəli yaşayış evi vardır. Həmin ev AR ƏM DƏDK və RPHS-nin xx.xx.2022ci il tarixli çıxarışı ilə atasının adınadır. Evin ümumi sahəsi 241,9 kv.m-dir. Evin 2-ci mərtəbəsində 4 yaşayış otağı, mətbəx və eyvanlar yerləşir. Evin 1-ci mərtəbəsində isə sahəsi 3,6 kv.m olan sanitar qovşaq və s. yerləşir. O, həmin yaşayış sahəsində 2-ci mərtəbədə yerləşən, sahəsi 29,7 kv.m olan 1 otaqdan və digər qeyri-yaşayış sahələrindən daima istifadə etmişdir. Lakin cavabdehlər hazırda onun həmin otaqdan normal istifadəsinə maneçilik yaradırlar, həmçinin sahəsi 0,12 ha olan torpaq sahəsindən onun istifadə etməsini istəmirlər. Məhz bu səbəbdən o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, o, İddiaçı atasıdır. Belə ki, iddiaçı ona məxsus torpaq sahəsindən pay almaq istəyir, halbuki iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna malik olması ilə bağlı heç bir rəsmi sənəd yoxdur. Oğlu İddiaçı məhkəmə qaydasında istifadə qaydasının müəyyən olunmasını xahiş etdiyi fərdi yaşayış evində 15 ildən çoxdur ki, yaşamır,həmin ev və torpaq sahəsi ilə bağlı Abdulun adına heç bir sənəd yoxdur, oğlunun başqa yaşayış evi və torpaq sahəsi vardır. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında İddiaçı onun qardaşı olduğunu, iddiaçının onlardan torpaq sahəsi istədiyini, halbuki iddiaçının özünün ayrıca evi və torpaq sahəsinin olduğunu, onların iddiaçı ilə üzbəüz evdə yaşadıqlarını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Müşfiq küçəsi, ev 20 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 241,9 kv.m olan fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 Əbilsyan (Əbilhəsən) oğlunun adına qeydiyyata alınmışdır və 0,12 ha torpaq sahəsi üzərində X1 (Cavabdeh4), Cavabdeh1, Cavabdeh6 Yunus qızı (Cavabdeh6), Cavabdeh3 və Cavabdeh5 ümumi birgə mülkiyyət hüquqları tanınmışdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obeyktiv araşdırıb və toplanmış mötəbər sübutların məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddiaçı bəhs edilən iddia tələbini irəli sürmək üçün zəruri subyektiv hüquqa malik olmamışdır və iddiaçı bəhs edilən iddia tələbini irəli sürmək üçün zəruri subyektiv hüquqa malik olduğunu təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan göründüyü kimi Abşeron rayonu, Saray qəsəbəsi, M.Müşfiq küçəsi, ev 20 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 241,9 kv.m olan fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 Əbilsyan (Əbilhəsən) oğlunun adına qeydiyyata alınmışdır və 0,12 ha torpaq sahəsi üzərində X1 (Cavabdeh4), Cavabdeh1, Cavabdeh6 Yunus qızı (Cavabdeh6), Cavabdeh3 və Cavabdeh5 ümumi birgə mülkiyyət hüquqları tanınmışdır. İddiaçı sözügedən daşınmaz əmlaka dair hər hansı bir hüququnu təsdiq edən rəsmi sənəd məhkəməyə təqdim edə bilməmiş,əksinə məhkəmədə sübutların tədqiqatı zamanı mübahisəli daşınmaz əmlakla bağlı iddiaçının 15 ildən artıq faktiki cəhətdən də heç bir bağlılığı olmadığı müəyyən edilmişdir. Qeyd olunan bu xüsusat cavabdehlərin məhkəmə hazırlıq iclasında verdiyi izahatlarla yanaşı, iddiaçın məhkəmə iclasında verdiyi öz izahatla da tam təstiqni tapmışdır. Cavabdeh2 həmin torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarış almış, həmin çıxarış əsasında digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 isə 0,12 ha torpaq sahəsi üzərində ümumi birgə mülkyyət hüquqları tanınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 140-cı madəsinin tələbinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, İddiaçı, onun Abşeron rayonu, M.Müşfiq küçəsi, ev 20-yə (yeni qaydalarla Əminə Dilbazi küçəsi, ev 76) məxsus 0,12 ha həyətyanı torpaq sahəsindən və sahəyə məxsus fərdi yaşayış evinin 2-ci mərtəbəsində olan sahəsi 29,7 kv.m olan otaqdan istifadə qaydasının müəyyən olunmasına ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 iyul 2015-ci il tarixli Qərarında deyilir ki, “...Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları)...” Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağıdakılardan ibarət olmuşdur: “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir.Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır.Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır”. Qanunvericiliyin qeyd edilən normalarından göründyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı onun ünvan 4 ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq sahəsindən və sahəyə məxsus fərdi yaşayış evinin 2-ci mərtəbəsində olan sahəsi 29,7 kv.m olan otaqdan istifadə qaydasının müəyyən olunmasına dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1552/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1552/2024
17.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver