Məhkəmə qərarları › İş №2(012)-1561/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1561/2021

28.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1561/2021 28.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı «xxxx» ASC-nin «Samur-Abşeronsutikinti» Törəmə müəssisəsinin Cavabdeh Şöbəsinə qarşı «icra qərarının ləğv edilməsi və borcun müəssisənin balansında qalmış texnika və əmlaka yönəldilməsi» tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı «xxxx» ASC-nin «Samur-Abşeronsutikinti» Törəmə müəssisəsinin nümayəndəsi Cavabdeh Şöbəsinə qarşı «icra qərarının ləğv edilməsi və borcun müəssisənin balansında qalmış texnika və əmlaka yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 barəsində Cavabdeh Şöbəsi tərəfindən çıxarılmış icra qərarının ləğv edilməsi və «xxxx» ASC-nin «Samur-Abşeronsutikinti» Törəmə müəssisəsinin “xxxx” ASC-yə olan borcunun müəssisənin balansında qalmış texnika və əmlaklara yönəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçı «xxxx» ASC-nin «Samur-Abşeronsutikinti» Törəmə müəssisəsinin Cavabdeh Şöbəsinə qarşı məhkəməyə müraciət etmiş olduğu «icra qərarının ləğv edilməsi və borcun müəssisənin balansında qalmış texnika və əmlaka yönəldilməsi» tələbinə dair iddia ərizəsinə məhkəmə tərəfindən iddia icraatı qaydasında baxıla bilməz. Çünki, Cavabdeh Şöbəsinin icra qərarının ləğv edilməsi üçün məhkəməyə müraciət - iddia ərizəsi ilə deyil (yəni, iddia icraatı qaydasında deyil), "İcra haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müvafiq qaydada tərtib edilmiş şikayətlə edilməlidir. Bundan başq iddia tələbinin xxxx» ASC-nin «Samur-Abşeronsutikinti» Törəmə müəssisəsinin “xxxx” ASC-yə olan borcunun müəssisənin balansında qalmış texnika və əmlaklara yönəldilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin tələb icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi ilə bağlı olduğundan "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci və MPM-in 231-ci maddəsinin göstərişlərinə əsasən tənzimlənməlidir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə - hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim iddia ərizəsini qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya verilməli və ya göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-153, 231, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq,məhkəmə qərara aldı: İddiaçı «xxxx» ASC-nin «Samur-Abşeronsutikinti» Törəmə müəssisəsinin Cavabdeh Şöbəsinə qarşı «icra qərarının ləğv edilməsi və borcun müəssisənin balansında qalmış texnika və əmlaka yönəldilməsi» tələbi barədə iddia ərizəsinin qəbulundan imtina edilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar