Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-169/2022 24.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdeh2 nümayəndəsi Nümayəndə2, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi və sair tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı müqavilənin ləğv edilməsi və sair tələbə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli M-5545 saylı alqısatqı müqaviləsinin ləğv edilməsi, iddiaçının və yaşayış binasında yaşayan digər şəxslərin mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş obyektlərə Azərbaycan Respublikası Mülki Məcəlləsi və Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə müəyyən olunmuş ümumi mülkiyyət, sərəncamvermə və istifadə hüququnun tanınması, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 AAAF yaşayış kompleksi 23-cü küçə, 5-ci binada yaşayan mənzillərin sahiblərinə məxsus zirzəmini zəbt etmişdir. Zirzəminin dayaq divarını sökmüşdür və orada təmir işləri aparmaqda davam edir. Eyni zamanda zirzəmi üçün qaz xətti çəkilmişdir. Quraşdırılmış qaz sayğacına əsassız olaraq texniki şərt verilmişdir. Məlumdur ki, texniki şərt mülkiyyət sənədi olmadan verilə bilməz. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə yazılmış şikayət ərizəsinə cavab olaraq bildirilib ki, 286 kv.metr sahəsi olan zirzəmi 22.08 2020-ci il tarixli, 5545 saylı alqısatqı müqaviləsinə əsasən, "xxxx" tərəfindən həmin şəxsə satılmışdır. O da qeyd olunmuşdur ki, zirzəmidə aparılan təmir işləri nə Fövqəladə Hallar Nazirliyi, nə də Abşeron Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmışdır. Məsələyə aydınlıq gətirmək üçün xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə sorğu göndərilmiş və zirzəmini almış şəxs barədə məlumat almaq istənilmiş, lakin ona heç bir cavab verilməmişdir. Müraciətin vaxtından bir ay keçdiyi üçün qanunvericiliyə uyğun olaraq, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Paralel olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə də bu barədə şikayət ərizəsi yazılmış, sakinlərə məxsus zirzəminin qanunsuz satılması barədə məlumat verilmişdir. Həmin Nazirlikdən alınan cavabda sakinlərin tam haqlı olduğu bir daha öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq səhhətində yaranan problemlərlə bağlı uzun müddət müalicə olunacağını nəzərə alıb, məhkəmə iclasının qeyri-müəyyən müddətə təxirə salınmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, bacısı Cavabdeh2 cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 23 saylı küçəsində inşa edilən 5 saylı binanın ümumi sahəsi 286 kv.metr olan bünövrəsini almışdır. İddiaçı qeyd edilən qeyri-yaşayış obyektinin zirzəmi olduğunu iddia etsə də, həmin sahə binanın bünövrəsi adı altında cavabdehə satılmışdır və həmin bünövrəni təşkil edən qeyri-yaşayış sahəsi də cavabdeh tərəfindən obyekt kimi işlədilir. Ona görə də göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında tikilmiş "xxxx" MMC tərəfindən istifadəyə verilmiş 23 saylı küçədə yerləşən 7 mərtəbəli 30 mənzilli yaşayış binasının işçi layihəsindən də göründüyü kimi, MMC tərəfindən alıcı Cavabdeh2 satılmış qeyri-yaşayış sahəsi həmin yaşayış binasının bünövrəsini təşkil edir. Bu səbəbdən də göstərilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bünyad X2 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında tikilmiş 23 saylı evin 2 otaqlı 12 saylı mənzilini 43800 manata "xxxx" MMC-dən almışdır. - İqtisadiyyat Nazirliyinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167 ünvanında yerləşən "AAAF Park” yaşayış kompleksindəki bəzi çoxmənzilli yaşayış binalarının zirzəmilərinin satılması, həmin zirzəmilərdə yanğın təhlükəsizliyi qaydalarına riayət olunmaması və digər məsələlər barədə vətəndaşların kollektiv müraciətinə (daxilolma qeydiyyatı: İN-D/O-KOL-39/2021, xx.xx.2021-ci il) İqtisadiyyat Nazirliyində baxılmışdır. Bununla əlaqədar, 26 yanvar 2021-ci il tarixində müraciəti imzalamış Güllü Köçərlinski və İddiaçıla telefon əlaqəsi zamanı vətəndaşlar sözügedən kompleksdə binaların ümumi mülkiyyətinə aid edilən zirzəmilərin satılması, kompleksin 11-ci küçəsində yerləşən 12 saylı binanın zirzəmisində fəaliyyət göstərən dərzi sexində yanğın baş verdiyini, habelə 23-cü küçədə yerləşən 5 saylı binanın zirzəmisində fəaliyyətə başlayacaq obyektə qaz xəttinin çəkildiyini və bunun sakinlərin həyatı üçün təhlükə yaratdığını bildirmişlər. Çoxmənzilli binanın ümumi əmlakı hesab olunan zirzəminin satış predmeti olması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Eyni zamanda. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə görə yaşayış binasında mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq, habelə binanın yerləşdiyi torpaq sahəsi və s.) ümumi paylı mülkiyyət hüququ ilə həmin binanın mülkiyyətçilərinə məxsusdur. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və qanunvericilik ilə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Qeyd olunan məsələyə dair İqtisadiyyat Nazirliyinin mövqeyi xx.xx.2020-ci il tarixli İN-X/O-12391/2020 nömrəli məktubla "xxxx" MMC-yə bildirilmişdir. Bununla yanaşı, binaların zirzəmilərində yanğın təhlükəsizliyi qaydalarına riayət olunmaması ilə bağlı bildirilmişdir ki, Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış 2002-ci il 16 may tarixli 2837 nömrəli “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi Qaydaları’nın 1.2-ci bəndinə əsasən tikintiyaşayış kooperativlərinə məxsus yaşayış binalarının yanğın təhlükəsizliyinin təmin olunmasında məsuliyyət həmin kooperativlərin sədrlərinin üzərinə düşür və bu Qaydaların 1.9-cu bəndinə əsasən yataqxanaların komendantları, mənzil-istismar sahələrinin mühəndis-texniki əməkdaşları və digər müvafiq vəzifəli şəxslər yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək məqsədi ilə yaşayış evlərinin və yataqxanaların çardaq və zirzəmi otaqlarına, pilləkən qəfəslərinə, mənzillərə vaxtaşırı baxış keçirməyə borcludurlar. Vətəndaşların kollektiv müraciətində qaldırılan yanğın təhlükəsizliyi ilə bağlı məsələlərə qanunvericiliyə uyğun aidiyyəti üzrə baxılması və nəticəsi barədə vətəndaşlara məlumat verilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixli İN-X/O-939/2021 nömrəli məktubla Fövqəladə Hallar Nazirliyinə müraciət olunmuşdur. - FHN-nin DYN Xidmətinin DYN İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, K.X5 Nazirliyinə daxil olmuş və baxılması üçün X7 Xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, Kol-0012 saylı müraciətinə 1-ci ərazi X7 İdarəsinin əməkdaşları tərəfindən baxılmışdır. Qeyd edilən müraciətlə əlaqədar əməkdaşlar tərəfindən xx.xx.2021-ci il tarixdə yanğın-texniki müayinə keçirilmiş, mövcud vəziyyəti səciyyələndirən müvafiq akt tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Aparılmış yanğın-texniki müayinə zamanı sözügedən binanda ümumi sahəsi 286 kv.metr olan zirzəmi sahəsinin "xxxx" MMC tərəfindən fiziki şəxs Cavabdeh2 xx.xx.2020-ci ıl tarixli, M- 5545 saylı alqısatqı müqaviləsilə satılması, zirzəmi sahəsində aparılan rekonstruksiya işlərinin Fövqəladə Hallar Nazirliyinin X7 Xidməti ilə razılaşdırılmadığı, həmçinin aparılan yenidənqurma və rekonstruksiya işlən ilə bağlı müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş heç bir hüquqi sənədin təqdim edilməməsi müəyyən edilmişdir. Müraciətlərdə qeyd edilən digər məsələnin, yəni qaz xətti ilə bağlı aparılması ilə bağlı X7 Xidməti ilə razılaşdırılmadan aparılması müəyyən edilmiş və zirzəmi sahəsinin sahibi Cavabdeh2 verdiyi şifahi məlumata əsasən qaz xətti yalnız zirzəmi sahəsinin qızdırılması üçün çöl hissədə quraşdırılması nəzərdə tutulan “Kombi” sistemi üçün olduğunu bildirmişdir. Müraciətdə qeyd edilən digər məsələnin, yəni sözügedən ünvanda yerləşən 12 saylı yaşayış binasının zirzəmi sahəsində dərzi sexinin fəaliyyət göstərməsi məsələsi əməkdaşlar tərəfindən araşdırılmış və müəyyən olunmuşdur ki, həmin dərzi sexi vətəndaş Cabbar Hüseynzadəyə məxsusdur və aparılan rekonstruksiya, təmir-tikinti işləri, həmçinin obyektin istismarı X7 Xidməti ilə razılaşdırılmadan fəaliyyət göstərir. Vətəndaş Cavabdeh2 Ramız qızının və vətəndaş Cabbar Hüseynzadənin fiziki, vəzifəli və ya hüquqi şəxs qismində vergi ödəyicisi olması barədə məlumatın əldə edilməsi məqsədilə Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə xx.xx.2021-ci il tarixli, xx/xx-00156 saylı sorğu məktubu ünvanlanmışdır və sorğu məktubu rəsmi qaydada cavablandırılandan sonra vətəndaş Cavabdeh2 məxsus zirzəmi sahəsinin və vətəndaş Cabbar Hüseynzadəyə məxsus dərzi sexinin layihə sənədlərinin X7 Xidməti ilə razılaşdırılmaması səbəbi ilə gələcəkdə İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsi olan «Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi» maddəsinin 518.3-cü maddəsinə uyğun olaraq (inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsi) inzibatı məsuliyyətə cəlb edilməsi nəzərdə tutulub. - İşdə olan texniki şərtdən görünür ki, Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında tikilmiş "xxxx" MMC tərəfindən istifadəyə verilmiş 23 saylı küçədə yerləşən obyetktə 8 kVt gücündə elektrik enerjisinin verilişi razılaşdırılmışdır. Elektrik şəbəkəsinə qoşulma barədə xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. - İşdə olan enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə, digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli xx.xx.2021-ci il tarixli, 072094 saylı müqavilədən görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında tikilmiş "xxxx" MMC tərəfindən istifadəyə verilmiş 23 saylı küçədə yerləşən obyektin elektrik enerjisi ilə təchizatı barədə razılıq əldə edilmişdir. - İşdə olan xx.xx.2020-ci il tarixli M-5545 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında tikilmiş 5 saylı evin 286 kv.metrlik zirzəmisini "xxxx" MMC-dən almışdır. - İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5786 saylı rəyindən görünür ki, mülki iş materiallarına əlavə edilmiş 7 mərtəbəli binanın işçi layihəsində qeyd olunan parametrlərlə tədqiq olunan qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın parametrləri uyğun olmadığından, Cavabdeh2 satılmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanda “AAAF-Park” yaşayış massivinin 23-cü küçəsində inşa edilmiş 5 saylı yaşayış binasının faktiki olaraq zirzəmi sahəsində yerləşən qeyriyaşayış sahəsinin təyinatının işçi layihəsinə əsasən nədən ibarət olduğunu, həmin sahənin bünövrənin hörgü planı ilə üst-üstə düşüb-düşmədiyin, eləcə də sahəsi 286 kv.m olan qeyri-yaşayış sahəsinin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyekt kimi inşa edilib-edilmədiyini müəyyən etmək mümkün olmamışdır. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 73 kv.metrlik mənzilin alınması ilə bağlı "xxxx" MMC ilə xx.xx.2017-ci il tarixli, Cavabdeh2 isə 286 kv.metrlik zirzəminin alınması ilə bağlı xx.xx.2020-ci il tarixli müqavilələr bağlamışlar. Mübahisəli əmlak iddiaçının aldığı mənzilin olduğu binada yerləşir. Hazırda Bünyad X1 Yeganə Ramiz qızına və "xxxx" MMC-yə qarşı müqavilənin ləğv edilməsi və sair tələbə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli M-5545 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, iddiaçının və yaşayış binasında yaşayan digər şəxslərin mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş obyektlərə Azərbaycan Respublikası Mülki Məcəlləsi və Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə müəyyən olunmuş ümumi mülkiyyət, sərəncamvermə və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin əsasını "xxxx" MMC-nin Cavabdeh2 satdığı qeyri-yaşayış sahəsinin birdən çox mənzilə xidmət edən obyekt kimi zirzəminin və yerləşdiyi torpaq sahəsinin ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsub olması təşkil edir. İddiaçının fikrincə bu zirzəminin Cavabdeh2 satılması qanunsuz, onun oradakı fəaliyyəti isə binada yaşayan sakinlərin həyatı üçün təhlükəlidir. Hər şeydən öncə, məhkəmə qeyd edir ki, qüvvədə olan mülki qanunvericiliyə görə, müqavilənin tərəfi olmayan şəxs həmin əqdin ləğv olunması barədə tələb irəli sürə bilməz. Yuxarıdakı maddi hüquq normalarından da görünür ki, hər hansı şəxs yalnız tərəf olduğu müqavilənin ləğv olunması barədə məhkəmədə iddia qaldıra bilər. Üçüncü şəxslərin bağladığı əqdlərin mübahisələndirilməsi isə başqa qaydalarla (əqdlərin etibarsızlığı) tənzimlənir. İş materiallarından görünür ki, İddiaçı ləğv edilməsini tələb etdiyi xx.xx.2020-ci il tarixli M-5545 saylı alqı-satqı müqaviləsi üzrə o, tərəf deyildir, burada alıcı Cavabdeh2, satıcı isə "xxxx" MMC-dir. Belə olan halda, məhkəmə hesab edir ki, həmin müqavilənin ləğv edilməsilə bağlı tələblə çıxış etməyə İddiaçı subyektiv hüququ mövcud deyildir. Mülki Məcəllənin 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə görə yaşayış binasında mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq, habelə binanın yerləşdiyi torpaq sahəsi və s.) ümumi paylı mülkiyyət hüququ ilə həmin binanın mülkiyyətçilərinə məxsusdur. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və qanunvericilik ilə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Mübahisəli qeyri-yaşayış sahəsinin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyekt kimi inşa edilibedilməməsinin müəyyənləşdirilməsilə bağlı ekspert tədqiqatı aparılmış və bu məsələnin mütəxəssis tərəfindən müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5786 saylı rəyindən görünür ki, mülki iş materiallarına əlavə edilmiş 7 mərtəbəli binanın işçi layihəsində qeyd olunan parametrlərlə tədqiq olunan qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın parametrləri uyğun olmadığından, Cavabdeh2 satılmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanda “AAAF-Park” yaşayış massivinin 23-cü küçəsində inşa edilmiş 5 saylı yaşayış binasının faktiki olaraq zirzəmi sahəsində yerləşən qeyri-yaşayış sahəsinin təyinatının işçi layihəsinə əsasən nədən ibarət olduğunu, həmin sahənin bünövrənin hörgü planı ilə üst-üstə düşübdüşmədiyini, eləcə də sahəsi 286 kv.m olan qeyri-yaşayış sahəsinin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyekt kimi inşa edilib-edilmədiyini müəyyən etmək mümkün olmamışdır. Başqa sözlə, iddianın əsasını təşkil edən bu dəlil barədə iddiaçı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə olan halda isə iddianın təmin edilməsindən söhbət gedə bilməz. Mübahisəyə bu baxımdan qiymət verən məhkəmə iddianın əsassızlığı nəticəsinə gəlir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa, aydın olur ki, iş üzrə İddiaçı hazırki tələblə bağlı cavabdehlərə qarşı iddia vermək üçün subyektiv hüquqa malik deyildir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu baxımdan məhkəmə iddiaçının özünün tərəf olmadığı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinin dəlillərini mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirir və hesab edir ki, onlar iddia tələbinin qanuni və əsaslı hesab edilməsinə səbəb deyildir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələblərini əsassız sayır və onun təmin edilməməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməli, ekspertizanın dəyəri kimi 100 manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi və sair tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Ekspertizanın dəyəri kimi 100 manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-169/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-169/2022
24.06.2022 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver