Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-182/2023 10.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı ödənilməmiş məzuniyyət və əmək haqqının verilməsi, dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı ödənilməmiş məzuniyyət və əmək haqqının verilməsi, dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən onun xeyrinə 2007-ci ildən sonra ödənilməyən 3815 manat məzuniyyət haqqı, axırıncı iki aylıq əmək haqqı olan 1000 manat, dəymiş mənəvi ziyana görə 1000 manat pul olmaqla, cəmi 5815 manat məbləğində pulun və 50 manat mediasiya xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, Cavabdeh MMC-də 1998-ci ildən 2022-ci ilin yanvar ayınadək fəhlə, operator, avtokar sürücüsü və sürücü vəzifələrində işləmişdir. 2007-ci ildən sürücü vəzifəsinə keçmiş, lakin həmin ildən məzuniyyət hüququndan istifadə etməmişdir. Onun indiyədək məzuniyyət haqqı 3815 manat təşkil edir. Bununla yanaşı, ona sonuncu iki aylıq əmək haqqı da ödənilməmişdir. Onun iki aylıq əmək haqqı 1000 manat təşkil edir. Ümumilikdə onunla son haqq-hesab edilməmişdir. Cavabdeh MMC-nin ona 4815 manat borcu qalmışdır. Bu barədə dəfələrlə müraciət etməsinə baxmayaraq, Cavabdeh MMC bu müraciətlərə baxmamışdır. Sonra isə əsassız olaraq onu işdən çıxarmışlar. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etdi. O bildirdi ki, iddiaçı iddia tələbini onun 2007-ci ildən Cavabdeh MMC-də işləməsi, bu müddət ərzində məzuniyyət hüququndan istifadə etməməsi və ona sonuncu iki aylıq əmək haqqının ödənilməməsi ilə əsaslandırmışdır. İddiaçı işlədiyi dövrdə mütəmadi olaraq əmək haqqını və məzuniyyət pulunu almış, onun ödənilməyən əmək haqqı qalmamışdır. İddiaçı əvvəllər müxtəlif vaxtlarda Cavabdeh MMC-də işləsə də, xx.xx.2015-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmiş və xx.xx.2020-ci il tarixdən onunla yenidən 2 ay müddətinə əmək müqaviəsi imzalanmış, 04 yanvar 2021-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar xitam verilmişdir. Bundan sonra isə 01 mart 2022-ci ildə onunla yenidən müddətli (2 ay müddətinə) əmək müqaviləsi imzalanmış və əmək müqaviləsinin son müddəti 01 may 2022-ci ilədək müəyyən edilmişdir. Sonuncu əmək müqaviləsinə əsasən onun aylıq əmək haqqı 300 manat müəyyən edilmişdir. Tərəflər arasında imzalanmış müddətli əmək müqaviləsinin müddəti 01 may 2022-ci ildə bitsə də, onlar həmin müqavilə üzrə münasibətlərini davam etdirmiş, bu üzdən həmin müqavilənin müddəti Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən daha 2 ay uzadılmış hesab edilmişdir. Lakin sonradan həmin əmək müqaviləsinin müddəti uzadılmamış və xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, iddiaçının son haqq-hesab kimi cavabdehdən iki aylıq əmək haqqı tələb etmək hüququ olmamış, onunla bağlanmış əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar xitam verilmişdir. İddiaçı Cavabdeh MMC-də 2007-ci ildən 2022-ci ilədək mütəmadi olaraq işləməmiş, o, xx.xx.2015-ci il tarixdə işdən öz ərizəsinə əsasən azad edildikdən sonra ona məzuniyyət pulu hesablanaraq ödənilmiş, bundan sonra isə o, xx.xx.2020-ci il tarixədək Cavabdeh MMC-də işləməmişdir. Yəni 2007-ci ildən əmək məzuniyyəti hüququndan istifadə edilməməsi ilə bağlı iddiaçının tələbi sübuta yetməməklə bərabər, eyni zamanda iddia müddəti ötürülmüşdür. Bu barədə elektron kabinet vasitəsilə ərizə təqdim edilmişdir. Göstərilənlərə əsasən iddia tamamilə rədd edilməlidir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdən Cavabdeh MMC-də işə başlamış, xx.xx.2009-cu il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilmişdir. İşdə olan Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh MMC-də işləməsi barədə olan məlumatlar elektron qaydada əldə edilən bildirişlərdən ibarətdir. Cavabdeh MMC-nin əvvəlki direktoru tərəfindən bütün mühasibatlıq sənədləri müəssisədən gizlədildiyindən bu sənədlərdən başqa sənədlərin təqdim edilməsi mümkün olmamışdır. İşdə olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Cavabdeh MMC-də işə başlamış, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən xitam verilmişdir. İşdə olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2015-ci il tarixli bildirişdən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən Cavabdeh MMC-də işə başlamış, xx.xx.2015ci il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən xitam verilmişdir. İşdə olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən Cavabdeh MMC-də işə başlamış, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən xitam verilmişdir. İşdə olan əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən Cavabdeh MMC-də sabun istehsalı üzrə operator vəzifəsində işə başlamışdır. Müddətli əmək müqaviləsinin bitdiyi tarix xx.xx.2022-ci ildir. Əməyin ödənilməsi forması vaxtamuzdur və aylıq əmək haqqı 300 manatdır. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı 2002-ci ildən Cavabdeh MMC-də işləsə də, xx.xx.2015-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmiş və xx.xx.2020-ci il tarixdən onunla yenidən 2 ay müddətinə əmək müqaviəsi imzalanmış, 04 yanvar 2021-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar xitam verilmişdir. Bundan sonra isə xx.xx.2022-ci ildə onunla yenidən müddətli (2 ay müddətinə) əmək müqaviləsi imzalanmış və əmək müqaviləsinin son müddəti xx.xx.2022-ci il müəyyən edilmişdir. Sonuncu əmək müqaviləsinə əsasən onun aylıq əmək haqqı 300 manat müəyyən edilmişdir. Hazırda İddiaçı Cavabdeh MMC-yə qarşı ödənilməmiş məzuniyyət və əmək haqqının verilməsi və dəymiş mənəvi zərəri əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən onun xeyrinə 2007-ci ildən sonra ödənilməyən 3815 manat məzuniyyət haqqı, axırıncı iki aylıq əmək haqqı olan 1000 manat pul, dəymiş mənəvi ziyana görə 1000 manat olmaqla, cəmi 5815 manat məbləğində pulun və 50 manat mediasiya xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə daxildir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 113-cü maddəsinin 1-ci bəndinə əsasən əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Həmin Məcəllənin 113-cü maddəsinin 2-ci bəndinə əsasən əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər. Həmin Məcəllənin 113-cü maddəsinin 3-cü bəndinə əsasən əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər. Həmin Məcəllənin 131-ci maddəsinin 1-ci bəndinə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı qeyd edir ki, işdən göründüyü kimi, İddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndində nəzərdə tutulan iddia müddətini iddia tələbinin 04 yanvar 2021-ci il tarixədək olan məzuniyyət haqqı hissəsində ötürmüşdür. Buna görə də iddia həmin hissədə təmin edilməməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı 01 noyabr 2020-ci il tarixdən 04 yanvar 2021-ci il tarixədək 2 ay, 01 mart 2022-ci il tarixdən 08 iyul 2022-ci il tarixədək isə 4 ay müddətinə Cavabdeh MMC-də işləmiş, bu müddətlərdə isə onun əmək məzuniyyəti hüququ yaranmamışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci ilədək olan dövr üzrə ödənilməmiş məzuniyyət haqqının verilməsi, həmçinin 2 aylıq əmək haqqı olaraq 1000 manat pulun tutulması hissəsində iddiaçı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilmədiyindən iddia bu hissədə də təmin edilməməlidir. Bundan başqa, işdən görünür ki, İddiaçı ona vurulmuş mənəvi zərərə görə Cavabdeh MMC-dən 1000 manat vəsait də tələb etmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası qanunverciliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında” Konvensiya”nın müddəaları və “Avropa İnsan Hüquqları Məhkəməsi”nin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. İddiaçı işlədiyi müəssisənin fəaliyyəti nəticəsində mənəvi sarsıntı keçirməsinə dair məhkəməyə hər hansı sübut təqdim etmədiyindən məhkəmə iddianın bu hissədə də əsassız olması qənaətinə gəlir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələblərinin əsaslılığı iş materialları ilə və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə Cavabdeh MMC-nin iddiaçıya hər hansı maddi və ya mənəvi zərər vurması görünmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı ödənilməmiş məzuniyyət və əmək haqqının verilməsi, dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-182/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-182/2023
10.02.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Pensiyanın hesablanması tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver