Məhkəmə qərarları › İş №2(012)-1854/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1854/2023

06.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Sair mülki iş - Mənzil münasibətləri üzrə sair mübahisələr - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1854/2023 06.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı X4, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X12 Cavabdeh qarşı evə köçürülmə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı oğlu 14 sentyabr 2013-cü il tarixdə anadan olmuş X13 ilə birlikdə ünvan 1 ünvanında qanunsuz tikili hesab olunan evə köçürülməklə istifadə qaydalarının müəyyən edilməsi, cavabdehin yaşayış sahəsindən istifadəyə maneə yaradılması ilə bağlı hərəkətlərinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X2 rayonu Kürdlər kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamışdır. 02 yanvar 1985-ci il tarixdə anadan olmuş X9 ilə ailə quraraq, nikahlarını 29 aprel 2013-cü il tarixdə Füzuli rayonu qeydiyyat şöbəsində qeydiyyat aldırmışlar. O, ailə qurarkən cavabdehin ailəsi ilə birlikdə yaşadığı ünvan 1 ünvanında olan qanunsuz tikilmiş fərdi yaşayış evinə gəlin köçərək onlarla birgə yaşamağa başlamışdır. Həmin vaxt evin mülkiyyət sənədi olmadığı üçün o, həmin evdə yaşaması ilə bağlı müqavilə bağlaya bilməmişdir. Həmin evdə birgə nikahdan 14 sentyabr 2013-cü il tarixdə X13 adında övladı dünyaya gəlmişdir. Həyat yoldaşı X9 25 iyun 2014-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhərində ürək çatışmamazlığından vəfat etmişdir. Həmin müddətdən 2018-ci ilədək o, həmin evdə oğlu ilə birlikdə yaşamışdır. 2018-ci ildən sonra övladının məktəb yaşının çatması, ona həyat yoldaşının valideynləri tərəfindən heç bir maddi kömək edilmədiyinə, iş tapa bilməməsinə görə uşağın məktəb paltarlarını və ləvazimatlarını almaq üçün gündəlik təsərrüfat işlərində işləmək üçün valideynlərinin yaşadığı Beyləqan rayonu Aşıqalılar kəndinə qayıdarak işləməyə başlamış, ona məxsus olan cehiz əşyaları isə yaşadığı evdə qalmışdır. O, rayonda gündəlik işə gedərkən uşaq anasının yanında qalmışdır. O, ilin çox vaxtı işlə bağlı rayonda olasa da, tez-tez, yay aylarında isə bütün yayı gəlib Xırdalan şəhərindəki evdə yaşamışdır. Həmin ev qaynatası tərəfindən tikilmişdir. Sonradan isə mərhum həyat yoldaşının da həmin evin yenidən qurulmasında, əlavə tikintilər aparılmasında və təmirində iştirakı olmuşdur. Ev heç vaxt Cavabdeh məxsus olmamış, onun özünün evi olmuş və həmin mənzildə yaşamış, mübahisəli evə yaşadığı evi satdıqdan sonra köçmüş, həmin evə köçdükdən sonra onu evə buraxmamışdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir. Hal-hazırda cavabdeh gəlin köçdüyü və cehiz əşyalarınında olduğu evdən ona istifadə etməyə imkan vermir. O, azyaşlı oğlu ilə birlikdə ünvan 1 ünvanında qanunsuz tikili hesab olunan evə köçürülməlidir. Göstərilənlərə əsasən iddiaçı X4 azyaşlı oğlu 14 sentyabr 2013-cü il tarixdə anadan olmuş X13 ilə birlikdə ünvan 1 ünvanında qanunsuz tikili hesab olunan evə köçürülməklə istifadə qaydalarının müəyyən edilməsi, cavabdehin yaşayış sahəsindən istifadəyə maneə yaradılması ilə bağlı hərəkətlərinin qadağan edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 14 sentyabr 2013-cü il tarixdə anadan olmuş X13 ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüququnun tanınmasını, yaşayış sahəsinə köçürülmələrini, yaşayış sahəsindən istifadəyə cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılmasını və qadağan edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X4 iddia tələbini müdafiə edib izahatında göstərdi ki, iddia tələbi onun övladına düşəcək payının verilməsi ilə bağlıdır. 2012-ci il tarixdə ailə həyatı quraraq ünvan 2 ünvanında yerləşən evə gəlin köçmüşdür. O, həmin evə gəlin köçəndə baldızı X10 həmin evdə yaşamamışdır. Həmin vaxtı o ailəli olmaqla başqa ünvanda yaşamışdır. Həmin evdə qaynatası, qaynanası, həyat yoldaşı və o, yaşamışdır. Həyat yoldaşı 2014-cü il tarixdə vəfat etmişdir. 2016-cı il tarixdə isə qaynatası vəfat etmişdir. Sözügedən evdə 6 (altı) il yaşamışdır. Hazırda əşyaları da həmin evdədir. Ona və uşağına baxmadıqlarından valideynlərinə məxsus evə qayıtmalı olmuş, uşağını valideynlərinin yanında qoymaqla işləməyə başlamışdır. İşləyərək övladını saxlamışdır. O, yalnız övladına düşəcək payı tələb edir. Verilmiş suallara cavabında qeyd edir ki, o, 2012-ci il tarixdə ailə həyatı qurmuşdur. Ailə qurduğu vaxtdan həmin evə gəlin köçmüşdür. O, gəlin köçdüyü vaxt evdə qaynatası, qaynanası və həyat yoldaşı yaşamışdır. Hazırda Füzuli rayonunda qeydiyyatdadır. 2018-ci il tarixə kimi həmin evdə yaşamışdır. Daha sonra isə həmin evə gedib-gəlmişdir. Çünki əşyaları həmin evdə olmuşdur. O, evdən uşağa maddi cəhətdən baxmaq və saxlamaq üçün çıxmışdır. Gündüzlər işləyib, gecələr isə evdə övladına baxmışdır. 2018-ci il tarixdən nənə nəvəsini görmək istəmir. Həmin vaxtı yox, indi müraciət etməsinin səbəbi isə nənənin insafa gələrək evdən övladına pay verəcəyini düşünməsi olmuşdur. Qaynanası həmişə evin uşağa aid olduğunu demişdir. 2018-ci ildən keçən 5 il ərzində müraciət etməməsinin səbəblərindən biri də bu olmuşdur. Eyni zamanda qeyd edir ki, Kənan Cəmilzadə qüsurlu olduğu halda onunla evləndirmişlər. Eyni zamanda qeyd edir ki, Pürüzə İsmayılovanın həyat yoldaşı isə yalnız sözügedən evin damını vurmuşdur. O, sözügedən evdən uşağının payını və həmin evə köçürülməsini istəyir. Həyat yoldaşı meyvəli bazarında işləmiş və əldə etdiyi vəsaiti atasına vermişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib izahatında göstərdi ki, iddia tələbi əsaslıdır. Belə ki, qarşı tərəf olan X1 Rüsxanə Əvəz qızına qarşı cehiz əşyaların evdən çıxarılması barədə iddia qaldırmışdır. İddiaçı Rüsxanə Cəmilzadə sözügedən ünvan 2 ünvanında yerləşən evə gəlin köçmüş, orda yaşamış və həmin evdən istifadə etmişdir. Sadəcə olaraq iddiaçı ailə vəziyyəti ilə əlaqədar, daha doğrusu uşağın saxlanılması ilə əlaqədar problemlər yarandığı üçün rayona valideynlərinin yanına köçməli olmuşdur. Sözügedən ev özbaşına tikili olduğundan və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmədiyinə görə hazırki iş üzrə cavabdeh olan Cavabdeh Rüsxanə Cəmilzadəyə məxsus cehiş əşyaları həmin evdən çıxarmağı tələb etməyə hüququ yoxdur. İddiaçı qeyd edilən evdə ailə üzvü kimi yaşamış, həyat yoldaşı və qaynatası həmin evdə əsaslı tikinti işləri aparmış, daha sonra isə hər ikisi vəfat etmişdir. Sözügedən evə mülkiyyət hüququ qeydə alınası olsa, uşağın da həmin evə mülkiyyət hüququ qeydə alınmalıdır. Cavabdehin hazırki hərəkətləri qanunsuzluğa söykənir. Belə ki, qapsını bağlamaqla iddiaçını və övladını evə buraxmır. Bu maneə aradan götürülməlidir. Bu səbəbdən də məhkəməyə müraciət etmişlər. Verilmiş suallara cavabında qeyd edir ki, hazırki vəziyyətdə heç bir tərəf evə dair nə mülkiyyət hüququnun olduğunu təsdiq edə bilmir, nə də bunu inkar edə bilmir. Evin sahibi hazırda iddiaçı və onun övladıdır. İşdə olan sənədlərdən görünür ki, ilk dəfə evin sayğacı iddiaçının qaynatası, uşağın isə babasının adına olmuşdur. Bu halda evə iddiaçının və onun övladının mülkiyyət hüququ tanına bilər. Cavabdehin hazırda məhkəməyə təqdim etdiyi sənədlər həmin tərəfin Füzuli Rayon Məhkəməsinə iddia qaldırıldığı müddətdə əldə edilmişdir. Qarşı tərəfin mövqeyi ondan ibarətdir ki, ev heç kəsin adına deyildir. Cavabdeh tərəfin özü də təsdiq edir ki, iddiaçı müəyyən müddət sözügedən evdə yaşamışdır. İddiaçı maddi sıxıntıları ilə bağlı sözügedən evi tərk edib Beyləqan rayonuna valideynlərinin yanına getməli olmuşdur. Cavabdeh tərəfin təqdim etdikləri sənəd hüquqmüəyyənedici sənəd deyildir. Ev tikilən vaxtı Cavabdeh tələbə olmuşdur. Cavabdeh tərəfindən təqdim edilən sənədlər sonradan əldə edilmişdir. Göstərilənlərə əsasən iddianı əsaslı hesab edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tam əsassızdır və təmin oluna bilməz. Belə ki, iddiaçı X12 izahatında 2012-ci il tarixdə həmin evə gəlin köçdüyünü bildirsə də, lakin iddia ərizəsində bu tarixi 2013-cü il kimi göstərmişdir. İddiaçı iddia ərizəsində və izahatında sözügedən evdə 2018-ci il tarixə kimi yaşadığını bildirsə də, əslində 2017-ci il tarixə kimi həmin evdə yaşamışdır. Tərəfin özü də izahatında qaynatası tərəfindən tikilən evə gəlin köçdüyünü qeyd etmişdir. Lakin iddiada qeyd edir ki, ev ona və həyat yoldaşına məxsus olmuşdur. Bu isə belə deyildir. Ev iddiaçının həyat yoldaşına məxsus olmamışdır. Evin mülkiyyətçisi iddiaçının qaynatası və hüquqlarını müdafiə və təmsil etdiyi Cavabdehdir. İddiaçı həyat yoldaşına məxsus olmayan evə gəlin köçmüşdür. Hazırki evə dair isə vərəsəlikdən söz belə gedə bilməz. Vərəsəlik o halda ola bilər ki, şəxs vəfat etdikdə ona məxsus hər hansısa bir əmlak olmalıdır. Lakin vəfat edən şəxsin mülkiyyətində hər hansısa bir əmlak yoxdur. Qanunvericiliyin tələbinə əsasən iddiaçının tələb hüququ yoxdur. Çünki iddiaçının həmin evə hər hansı bir aidiyyəti yoxdur. Həmçinin iddiaçının Füzuli Rayon Məhkəməsində verdiyi izahatlarla hazırki iş üzrə verdiyi izahatlar ziddiyyət təşkil edir. Ona görə də hesab edir ki, iddia əsassızdır və təmin edilmə bilməz. Həmçinin özbaşına tikili sayılan qeyd olunan evə hər hansısa bir hüququn tanınması qanuna ziddir. Verilmiş suallara cavabında qeyd edir ki, iddiaçı özü iddia ərizəsində qeyd edir ki, o ailə qurarkən cavabdehin ailəsi ilə birlikdə yaşadığı ünvan 1 ünvanında olan qanunsuz tikilmiş fərdi yaşayış evinə gəlin köçərək onlarla birgə yaşamağa başlamışdır. Qanuna əsasən ailə üzvü deyəndə ata, ana, bacı və qardaş nəzərdə tutulur. İddiaçı da iddia ərizəsində ailə üzvləri ilə birlikdə yaşadığını qeyd etmişdir. İddiaçı Rüsxanə Cəmilzadə cavabdeh Elvina Cəmizadə ilə eyni hüququ malik deyildir. Kənan Cəmilzadə həmin evi tikməmişdir. Bunu heç kəs təsdiq etmir. Evi cavabdehin atası Böyükağa Abbasov tikmişdir. Şahid də bunu təsdiq etmişdir. 2010-cu il tarixdə Kənan Cəmilzadə sağlamlıq cəhətdən qüsurlu olmuş, bununla bağlı işləməmiş və fəaliyyət göstərməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, iddiaçı X12 qaynı gəlinidir. Tərəflərin mübahisəsi evlə bağlıdır. Verilmiş suallara cavabında qeyd edir ki, mübahisəli ev qaynı Böyükağa Abbasova məxsusdur. Böyükağa iddiaçının qaynatasıdır. Sözügedən evin yerləşdiyi torpaq sahəsini o, qaynına göstərmişdir. Belə ki, evin yerləşdiyi torpaq sahəsi onun qonşuluğunda yerləşmişdir. Qaynı da həyat yoldaşı ilə birlikdə gəlib torpaq sahəsinə baxmış və daha sonra almışdır. Torpaq sahəsindəki evi onun köməkliyi ilə tikmişlər. İddiaçı həmin evə gəlin gətiriləndə evin pilləkanı olmamışdır. Qaynı oğlu Kənan rəhmətə gedəndə isə evin pilləkanı olmadığından oğlunu, qonşunun oğlunu da çağırmaqla pilləkan tikmişlər. Sözügedən ev tikiləndə materialları o, almışdır. Lakin materialların pulunu qaynı Böyükağa ona vermişdir. İlkin olaraq evin 2 otağını tikmişlər. Gəlin də həmin 2 otağa köçürülmüşdür. Ev tikilən vaxt Cavabdeh həmin evdə yaşamamışdır. O həmin dövrdə ailəli olmuş, ailə qurub ər evinə köçüb getmişdir. 2018-ci il tarixdə həyat yoldaşı vəfat etdikdən sonra cavabdeh qeyd edilən mübahisəli evə köçüb yaşamağa başlamışdır. İddiaçı həmin evə gəlin köçmüş və orda övladı dünyaya gəlmişdir. Təxminən iddiaçı uşaq 4-5 yaşına çatana kimi uşaqla birlikdə həmin evdə yaşamışdır. Belə ki, ilk əvvəl Kənan Cəmilzadə, daha sonra isə qaynı Böyükağa vəfat etmişdir. Kənan Cəmilzadə vəfat etdikdən sonra iddiaçı uşağı ilə birlikdə 3-4 il həmin evdə yaşamışdır. Rüsxanənin daha sonra həmin evə gəlib getdiyini yalnız 1 dəfə görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, iddiaçı X12 və Cavabdeh ilə heç bir qohumluq münasibətləri yoxdur. Cavabdeh ilə qonşudurlar. Cavabdeh 2009-cu il tarixdə qonşuluğuna köçmüşdür. Sözügedən evi cavabdehin valideynləri tikmişlər. Cavabdeh də valideynlərinə həmin evin tikintisində köməklik göstərmişdir. Onun həyat yoldaşı ustadır. Cavabdeh lotereyadan götürdüyü pulu onun həyat yoldaşına vermiş, həyat yoldaşı da evin müəyyən təmir işlərini görmüşdür. Həmin evdə Böyükağa, Tamella, Kənan və cavabdeh yaşamışlar. 5 ildir ki, iddiaçı Rüsxanə Cəmilzadənin sözügedən evdə yaşayan görmür. Onun həyat yoldaşının anası vəfat etmişdir və o rayondadır. Bu səbəbdən də məhkəmə iclasına gəlməmişdir. Cavabdeh və ailəsi onun üçün pis qonşu olmamışlar. Cavabdeh həm lotereya oynamış, həm də işləyib pul qazanmışdır. Kənan Cəmilzadə isə çox işləməmişdir. Onun həyat yoldaşı mübahisəli evin təməli qoyulandan həmin evdə işləmiş, evin santexnika işlərini görmüş və damını vurmuşdur. Bunlara görə pulu isə həyat yoldaşına cavabdeh vermişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* №-li arayışdan görünür ki, Cavabdeh 15 iyul 2021-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. 2021-ci il tarixli daşınmaz əmlakın qiymətləndirmə rəyinin surətindən görünür ki, 2009-cu il tarixdə tikilmiş ünvan 3 ünvanında Cavabdeh istifadəsində olan 1 mərtəbəli fərdi yaşayış evinin 2021-ci il tarixdə qiymətləndirmə rəyi tərtib edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2231 nömrəli arayışdan görünür ki, Cavabdeh Xırdalan şəhəri, “Quşçuluq” massivi, İsrafil Məmmədov, ev 47B ünvanında öz ailəsi ilə birlikdə yaşayır. Qonşuların aktına əsasən fərdi yaşayış evi bir mərtəbəli olmaqla 2009-2010-cu illər arasında özü bütün tikinti xərclərini çəkərək evin yaşayış halına gətirilməsi xərcini çəkmişdir və pasport qeydiyyatına düşmüşdür. “Abşeron Sukanal” İdarəsi tərəfindən Beyləqan rayon Vəkil Bürosunun vəkili Vəkil1 ünvanlanmış 24 may 2023-cü il tarixli “istehlakçıların yaşadıqları fərdi yaşayış evində su sayğacının və abonent kodunun kimin adına olub-olmaması haqqında” məktubdan görünür ki, Vəkil1 sorğuya cavab olaraq bildirilmişdir ki, istehlakçı kimi su təchizatına görə vətəndaş Cavabdeh ilə ünvan 5 ünvanında yerləşən evə xx.xx.2020-ci il tarixdə, 42899220 saylı müqavilə bağlanmışdır. Müqavilə bağlanmaqla "xxxx" ASC-nin Abşeron Sukanal İdarəsinin abonent bazasında Cavabdeh adına: **********024 abonent kodu açılmışdır. "xxxx" ASC tərəfindən Beyləqan rayon Vəkil Bürosunun vəkili Vəkil1 ünvanlanmış 31 may 2023-cü il tarixli, 13-13/2-1/16-3333/2023 saylı məktubdan görünür ki, Vəkil1 sorğuya cavab olaraq bildirilmişdir ki, "xxxx" ASC-nin elektron məlumat bazasında qeyd olunan mənzilə dair **********05901 nömrəli abunə kodunun xx.xx.2011-ci il tarixdə X5 adına açılması və həmin abunə kodunun xx.xx.2019-cu il tarixdə “Asan Kommunal” Mərkəzi tərəfindən ad dəyişmə edilərək Cavabdeh adına keçirilməsi barədə məlumat vardır. Mübahisənin obyektiv və düzgün həlli ilə bağlı ilkin olaraq onu qeyd etmək zəruridir ki, məhkəmə ilkin olaraq faktı müəyyən etməli, daha sonra isə müəyyən edilmiş fakta uyğun olaraq hüququ tətbiq etməlidir. Bu baxımdan məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarını qeyd edir. Məhkəmə hesab edir ki, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, mübahisəli tikili ilə bağlı tərəflər arasında münasibətlər 01 oktyabr 2009-cu il tarixdən sonra yarandığından tərəflər arasındakı münasibətə həmin vaxt qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə baxışında iş materiallarından, tərəflərin izahatlarından və şahidlərin ifadələrindən müəyyən edildi ki, mübahisə predmeti olan iddiaçı X4 övladlı 14 sentyabr 2013-cü il tarixdə anadan olmuş X13 ilə birlikdə yaşayış sahəsinə istifadə hüququnun tanınmasını, yaşayış sahəsinə köçürülmələrini, yaşayış sahəsindən istifadəyə cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılmasını və qadağan edilməsini tələb etdiyi ünvan 2 ünvanında yerləşən ev özbaşına tikilidir. Həmin tikili 2009-cu il tarixdə iddiaçının qaynatası Böyükağa Abbasov tərəfindən tikilmişdir. İddiaçı 2012-ci il tarixdə X8 Cəmilzadə ilə ailə həyatı qurmuş, cehiz əşyaları ilə birlikdə həmin mənzilə gəlin köçmüş və həmin evdə yaşadığı dövrdə Kənan Cəmilzadə ilə birgə nikahından 14 sentyabr 2013-cü il tarixdə X13 adlı uşaqları dünyaya gəlmişdir. K.Cəmilzadə 2014-cü il tarixdə vəfat etmiş, 2 il sonra isə B.Abbasov vəfat etmişdir. İddiaçı 2018-ci il tarixə kimi övladı ilə birlikdə həmin evdə yaşamışdır. Hazırda isə iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək sözügedən evin Böyükağa Abbasov tərəfindən nəvəsi Tuncay Cəmilzadəyə vəsiyyət edildiyini, evin tikintisində, daha sonra isə yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyat yoldaşı Kənan Cəmilzadənin də vəsait qoyduğunu, evdə övladının payı olduğunu, həmin evə onun və övladının istifadə hüququnun olduğunu bildirərək köçürülmələrini xahiş etsə də, qarşı tərəfin mübahisələndirməsinə və məhkəmənin təklif etməsinə baxmayaraq, qeyd olunanlarla bağlı məhkəməyə hər hansısa bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən hər iki tərəfin məhkəməyə təqdim etdiyi şahidlər də öz ifadələrində birmənalı olaraq evin Böyükağa Abbasov tərəfindən tikildiyini və ona məxsus olduğunu qeyd etmişlər. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh 2018-ci il tarixdən sözügedən mübahisəli evdə yaşayır. "xxxx" ASC və "xxxx" ASC tərəfindən quraşdırılmış sayğaclar ilk əvvəl X5 adına olsa da, müvafiq olaraq 2019-cu il və 2020-ci il tarixlədə Cavabdeh adına keçirilmişdir. Həmçinin Cavabdeh 15 iyul 2021-ci il tarixdən həmin ünvanda qeydiyyatdadır. 2021-ci il tarixdə isə Cavabdeh adına sözügedən evin daşınmaz əmlakın qiymətləndirmə rəyi tərtib edilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi mübahisəli tikili özbaşına tikili olduğundan iddiaçının və övladının oradan istifadə hüququ yaranmamışdır. Eləcə də Böyükağa Məmmədov və hazırda isə Cavabdeh ilə iddiaçı arasında evə dair başqa razılaşma olmadığı üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixli) 30.4-cü maddəsinə əsasən iddiaçı X4 övladlı ilə birlikdə qeyd edilən evə yaşayış sahəsinə istifadə hüququnun tanınması, yaşayış sahəsinə köçürülmələri, yaşayış sahəsindən istifadəyə cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılması və qadağan edilməsi tələbinə dair iddiası əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı X4 cavabdeh X3 qarşı yaşayış sahəsinə köçürülmə və sair tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X4 cavabdeh X3 qarşı yaşayış sahəsinə köçürülmə və sair tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver