Məhkəmə qərarları › İş №2(012)-197/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-197/2024

29.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq sahəsinin boşaldılması - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-197/2024 29.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan qızının katibliyi ilə, İddiaçı vəkili, nümayəndəsi Nümayəndə İsgəndər oğlunun, Cavabdeh5 və onun vəkili, nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışların ləğv edilməsi, fərdi yaşayış evinin cavabdehlərinin özlərinin hesabına sökülməsi və ərazinin boşaldılaraq qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışların ləğv edilməsi, fərdi yaşayış evlərinin cavabdehlərin öz hesablarına sökülməsi və ərazinin boşaldılaraq qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilib, M.Adıgözəlov küçəsi 11 ünvanı verilmiş 3 ədəd fərdi yaşayış evinə dair, Cavabdeh5 adına HDQHDƏDR verilmiş xx.xx.2014-cü il tarixli, **********37-10301 reyestr nömrəli çıxarışın, Cavabdeh1 adına verilmiş **********5- 10301 nömrəli çıxarışın, Cavabdeh2 adına verilmiş **********54-10301 nömrəli çıxarışın və Cavabdeh3 adına verilmiş **********74-10301 nömrəli HDQHDƏDR çıxarışın hər birinin ləğv edilməsi haqqında, həmin 3 ədəd fərdi yaşayış evinin cavabdehlərin özlərinin hesabına sökülməsi və ərazinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı Xırdalan şəhəri, Heydər Əliyev küçəsi ev 2 ünvanında yerləşən, 1890-cı ildə babası tərəfindən tikilmiş, daha sonra atasına, atasından isə ona miras qalmış fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayır. Həmin ünvan əvvəllər - 1950-1960-ci illərdə Xırdalan qəsəbəsi, B.Sərdarov küçəsi, 9 ”A”, daha sonra dəyişdirilərək 1980-ci illərdə Kommunist küçəsi, 2 “A”, halhazırda isə H.Əliyev prospekti, 2 adlandırılmışdır. Beləliklə, iddiaçı xx.xx.1937-ci ildə həmin ünvanda doğulmuş və bugünə kimi həmin ünvanda fasiləsiz yaşayır. Babası və atası da həmin ünvanda yaşamışlar. Evin qanuni istifadəsinə 1801.1 kv. m. torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin əjdadlarından hansına ayrılmış olması haqqında Azərbaycan Respublikasının Dövlət Arxivindən vəkil sorğusuna verilmiş cavaba görə müvafiq sənədlərin arxivə təhvil verilməməsi səbəbindən, müəyyən etmək mümkün olmamışdır. Lakin işə əlavə etdiyi Azərbaycan SSR, Bakı şəhəri, Kirov rayonu (hazırki Abşeron rayonu) Xırdalan qəsəbə Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1959-cu il tarixli, 478 saylı arayışında yazılmışdır ki, “verilir həmin arayış İddiaçı Hadi oğluna ondan ötrü ki, həqiqətən həmin vətəndaş Xırdalan qəsəbəsində anadan olub və Xırdalan qəsəbəsinin B.Sərdarov küçəsində olan 9-a nömrəli yer X9ndən əvvəl həmən vətəndaşın atası X3 olmuşdur”. Qeyd edilməlidir ki, əvvəllər müvafiq Sovetliyin İcraiyyə Komitəsi tərəfindən vətəndaşa verilən torpaq sahəsi ”yer“ kimi adlandırılaraq qeydə alınırdı. Torpaq sahəsi vətəndaşın qanuni istifadəsinə verilirdi. Vətəndaşın adına torpaq sahəsinin ayrılmasına dair müvafiq sovetliyin icraiyyə orqanının qərarı olmadığı halda, həmin torpaq sahəsindən istifadə mümkün ola bilməzdi və torpaq sahəsini özbaşına tutmuş şəxs cinayət məsuliyyətinə cəlb edilirdi. Odur ki, torpaq sahəsinin iddiaçıya qanuni şəkildə ayrılması barədə hüquqmüəyyənedici sənəd olmuşdur. Görünür, X9ndən əvvəl ayrılmış torpaq sahələrinə dair arxivlər saxlanmadığından, həmin torpaq sahəsinin ona aid olması haqqında yuxarıda qeyd olunan arayış verilmişdir. Nəhayət, Abşeron rayon Dövlət Arxivindən xx.xx.2023-cü il tarixli T/289 saylı məktuba əlavə edilərək verilmiş arxiv çıxarışından görünür ki, Abşeron rayon ərazisində vətəndaşlara məxsus fərdi yaşayış evlərinə “Qeydiyyat Vəsiqəsi" verilməsi haqqında Abşeron rayon XDS İcraiyyə Komitəsi xx.xx.1988-ci il tarxli Qərar vermişdir. Həmin Qərara əsasən, 1890-cı ildə babası tərəfindən inşa edilmiş, onun ailəsilə birgə yaşadığı, Xırdalan qəsəbəsi, Kommunist küçəsi, 2 “A” ünvanında yerləşən fərdi yaşayış evinə dair Abşeron Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən onun adına xx.xx.1988-ci il tarixli 08/08 registrasiya (qeydiyyat) nömrəli (inventar işi 317, kitab 079) Qeydiyyat Vəsiqəsi və Texniki Pasport verilmişdir. Texniki Pasportda fərdi yaşayış evinə və evin istifadəsi üçün ayrılmış 1801.1 kv. m. torpaq sahəsinə dair bütün məlumatlar müfəssəl şəkildə yazılmışdır. İddiaçı mülkiyyətində olan evinə və qanuni istifadəsində olan torpaq sahəsinə atası X9ndə şəhid olduqdan sonra bugünədək ləyaqətlə fasiləsiz sahiblik etmişdir. Bütün bu qeyd olunanlar ona dəlalət edir ki, Xırdalan şəhəri, H.Əliyev küçəsi, 2 ünvanda 1890-cı ildə inşa edilmiş fərdi yaşayış evi onun mülkiyyətində, həmin evin istifadəsində olan 1801.1 kv/m. torpaq sahəsi isə onun qanuni istifadəsindədir. Həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyətçisi olmasa da, mülkiyyətçi hüququları ilə sahiblik edir. 2013-cü ildə hazırki Cavabdeh5 iddiaçıya məxsus torpaq sahəsinin 0.07 ha. hissəsini almaq istədiyini bildirmişdir. Onlar aralarında müəyyən şifahi razılığa gəldikdən sonra Cavabdeh5 razılaşdırılmış pulun az bir hissəsini mənə vermiş, qalan hissəsini isə sonra verəcəyinə söz vermişdir. Razılaşmaya görə danışılmış pulu tam ödədikdən sonra torpağa dair iddiaçının adına çıxarış almaq, daha sonra isə 0.07 ha, hissəsini Cavabdeh5 adına rəsmiləşdirmək və bundan sonra sonuncunun ev tikməsinin mümkünlüyü barədə şifahi razılığa gəlmişlər. Bundan sonra, 2014-ci ilədək Cavabdeh5 heç bir hərəkət etməmiş, 2014-cü ildə aralarında olan razılaşmanı pozaraq, onun icazəsi olmadan və etirazına məhəl qoymadan torpaq sahəsinin bir hissəsini zəbt edərək orada tikintiyə başlamışdır. Bundan sonra iddiaçı başa düşmüşdür ki, Cavabdeh5 onu aldatmağa çalışmışdır. Odur ki, dərhal Abşeron Rayon Polis İdarəsinə şikayət ərizəsi vermişdir. Həmin vaxtdan araşdırma başlamış və 2022-ci ilin əvvəllərinədək araşdırmalar aparılmışdır. Bu müddət ərzində iddiaçı bütün dövlət orqanlarına çoxsaylı şikayətlər yollamışdır. Həmin 2022-ci ilin əvvəllərinədək xəbəri olmamışdır ki, Cavabdeh5nin əlində saxta, onun torpaq sahəsinə heçbir bağlılığı olmayan çıxarış vardır. Bu müddət ərzində Cavabdeh5 torpaq sahəsinin üzərində 3 ədəd fərdi yaşayış evi tikərək hər birini cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 satmışdır. Bu alqı-satqı əməliyyatlarının rəsmi aparılmasından da xəbəri olmamışdır. Abşeron Rayon Polis İdarəsinin və DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin araşdırmaları nəticəsində 2022-ci ildə məlum olmuşdur ki, Cavabdeh5 adına ünvanı göstərilmədən 0.0634 ha torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli HDQHDƏDR-n çıxarış verilmişdir. Lakin həmin idarələr müəyyən edə bilməmişlər ki, bu çıxarış hansı əsasla Cavabdeh5 adına verilmişdir. Yəni həmin çıxarışın əsasını təşkil edən hansı hüquqmüəyyənedici sənəd vardır. Bu barədə araşdırma nəticəsində yalnız DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, “C.Vaqiflə Sizin (mənim) aranızda hərhansı müqavilə aşkar edilməmişdir". Cavabdeh5 DƏDRX-n 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ünvansız çıxarışı əsas kimi götürərək iddiaçının H.Əliyev küçəsi, ev 2 ünvanında olan torpaq sahəsində ondan icazəsiz, tələbinə məhəl qoymadan 3 ədəd evlər tikmiş və cavabdehlərə satmışdır. DƏDRX-nın 4 saylı Ərazi İdarəsi isə bu 3 ədəd ünvansız çıxarış əsasında yeni tikilmiş evlərə qanunsuz olarq qonşuluqda, paralel küçədə olan M.Adıgözəlov, 11 saylı evin ünvanını şamil etməklə müvafiq çıxarışlar vermişdir. Uyğunsuzluqlar barədə: 1. Cavabdeh5 adına 634 kv/m.torpaq sahəsinə dair verilmiş Çıxarışda ünvan, ümumiyyətlə, göstərilməmişdir. Ona görə həmin çıxarışın onun ünvanına şamil edilməsi əsasları müəyyən edilmir. DƏDRX-nin 4 saylı Ərazi İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli ona ünvanlanmış məktubda yazılmışdır ki, “araşdırma zamanı sizinlə və Cavabdeh5 arasında hər hansı müqavilə aşkar edilməmişdir. 2. Cavabdeh5 ona aid olan H.Əliyev pr, ev 2 ünvanda tikib satdığı 3 ədəd evin hər birinə Xırdalan şəhəri M.Adıgözəlov, 11 ünvanı verilmişdir. Həmin M.Adigözəlov, 11 ünvanı 75 ildir ki, qonşuluqdakı təsərrüfata aiddir. Lakin, Cavabdeh5 adına verilmiş qanunsuz çıxarışı bilərəkdən əsas kimi götürərək, cavabdehlər Cavabdeh1 adına **********95-10301 reyestr nömrəli Çıxarış, Cavabdeh2 adına **********54-10301 reyestr nömrəli Çıxarış və Cavabdeh3 adına **********74-10301 reyestr nömrəli Çıxarış verilmişdir. Beləliklə, çıxarışlarda hər birinin ünvanı Xırdalan şəhəri, M.Adıgözəlov küçəsi, 11 göstərilsə də, həmin evlərin hər biri ona məxsus H.Əliyev küçəsi, 2 ünvanında yerləşən torpaq sahəsinin üzərində inşa edilmişdir. M.Adıgözəlov küçəsi,11 ünvanı əvvəldən qonşuda yaşayan şəxsə 75 il ərzində məxsus olmuş və hal-hazırda da ona məxsusdur. Lakin, sonradan onun torpaq sahəsi zəbt edilərək üzərində tikilmiş həmin evlərə də qanunsuz olaraq M.Adıgözəlov küçəsi, 11 ünvanı verilmişdir. Ona görə də bu çıxarışların mövcudluğu onun hüquqlarını pozur. Bu səbəbdən ləğv edilməlidir. Ona məxsus torpaq sahəsində Cavabdeh5 tərəfindən qanunsuz tikilərək digər cavabdehlərə satılmış və qanunsuz çıxarışlar verilmiş 3 evin hər biri Cavabdeh5 və həmin evlərin sahiblərinin hesabına sökülməlidir. Boşaldılmasını tələb etdiyi torpaq sahəsinin onun qanuni sahibliyində olmasının sübutu kimi iş materiallarına əlavə etdiyi iddiaçının adına 1988-ci ildə verilmiş Qeydiyyat vəsiqəsindən görünür ki, Xırdalan şəhəri, Kommunist küçəsi, 2A (hazırda H.Əliyev küçəsi, 2) ünvanında fərdi yaşayış evi vardir. X4 əlavə olaraq verilmiş 1989-cu il tarixli fərdi yaşayış evinin texniki pasportunda aparılmış torpaq sahəsinin təsnifatına aid qeydlərdən görünür ki, həmin evin faktiki istifadəsində 1801.1 kv/m. torpaq sahəsi vardır. Xırdalan qəsəbə, Sovetinin İcraiyyə Komitəsi tərəfindən xx.xx.1959-cu il tarixdə verilmiş və notarial təsdiq edilmiş arayışdan görünür ki, Xırdalan qəsəbəsi, B.Sərdarov küçəsində (Hazırda H.Əliyev küçəsi, 2) yerləşən yer İddiaçı Hadi oğlunun atası X9 şəhidi X3 olmuşdur. Bu torpaq sahəsi 80 ildən artıqdır ki, hər zaman, onun gözünün qarşısında kənarları bağlı şəkildə ailəsinin istifadəsində olmuşdur. Cavabdeh5 qadağan edilmiş özbaşınalıq yolu ilə müdaxilə edərək onu torpaq sahəsinin bir hissəsindən məhrum etdiyi gündən aralarında mübahisə başlamışdır. Həmin gündən iddiaçı bütün dövlət hakimiyyət və inzibati orqanlarına şikayətlər ilə çoxsaylı müraciətlər etmişdir. Qanuni istifadəsində olan 1801.1 kvm.torpaq sahəsinin daşınmaz əmlakın reyestrində dövlət qeydiyyatına alınması üçün DƏDK və Reyestri publik hüquqi şəxsin 4 saylı Abseron Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə xx.xx.2022-ci il tarixli məktubda cavab olaraq bildirilmişdir ki, həmin torpaq sahəsində başqa şəxlərə məxsus 3 ədəd fərdi yaşayış evi olduğuna görə, qeydiyyatdan imtina edilir. Bundan sonra cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəmin boşaldılması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili, nümayəndəsi Nümayəndə İsgəndər oğlu iddia tələbini müdafiə edərək iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh5 iddia tələbini qəbul etmədiyini bildirərək rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh5 vəkili və nümayəndəsi Vəkil2 izahatında iddia tələbini qəbul etmədiyini, mübahisəli evlərin olduğu torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olduğunu, iddiaçının iddia qaldırılması üçün subyektiv hüququnun olmadığını, iddiaçı tərəfindən ilk əvvəl torpağın bələdiyyə mülkiyyətində olması ilə əlaqədar inzibati məhkəmə qaydasında iddia qaldıraraq həmin torpaqları mübahisələndirməli olduğu halda bunların heç birini etməyərək ümumi məhkəmədə iddia qaldırmasının qanuna müafiq olmadığını, mübahisəli evlərin alqı-satqısında vicdanlı əldə edənlərin olduğunu bildirərək, iddianın rədd edilməsini bardə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 isə dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.6. maddəsinə əsasən müstəqil tələb irəli sürməyən İİİ şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə görə iddia rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -317 inventar nömrəli, 29 yanvr 1988-i il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində Abşeron rayonu Xırdalan şəhərində yerləşən yaşayış sahəsi 15,5 kv m, köməkçi sahəsi 22,2 kv m olan fərdi yaşayış evi vardır. -317 inventar nömrəli fərdi yaşayış fonduna daxil yaşayış evinin texniki pasportunun surətindən görünür ki, fərdi yaşayış evi 1801,1 kv metr torpaq sahəsində yerləşir. -01 may 2024-cü il tarixdə Abşeron Rayon 2 saylı notariat arxivində notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsindən görünür ki, X8 Cavabdeh5 Abşeron rayonu Xırdalan şəhərində yerləşən sahəsi 0,0634 ha olan torpaq sahəsini satmışdır. -ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı 04398019 saylı, xx.xx.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi 0.0634 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh5 adına ********** qeydiyyat nömrəsi, **********37 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 568 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmışdır. -ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına ********** qeydiyyat nömrəsi, **********54- 10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 107 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. -ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı 05266455 saylı, xx.xx.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi, **********95- 10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 108 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır. -ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh5 adına ********** qeydiyyat nömrəsi, **********95- 10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 108 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır. -ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh5 adına ********** qeydiyyat nömrəsi, **********72-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 101 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmışdır. -ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 adına ********** qeydiyyat nömrəsi, **********74- 10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 101 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır. -ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 adına ********** qeydiyyat nömrəsi, **********37-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 98 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində qeydiyyata alınmışdır. -xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-yə ərizə ilə müraciət edərək, ata və babasından qalan Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 2-də yerləşən torpaq sahəsini 98000 (doxsan səkkiz min) ABŞ dollarına Cavabdeh5 və onun qardaşı Arifə satmış, həmin puldan 50000 ABŞ dolları alsa da, Vaqif və Arif qardaşları ona 48000 ABŞ dolları borclu qalmışlar. O, Vaqif və Arif qardaşlarından borcunu istədikdə, həmin şəxslər ona olan borcu ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırdıqlarını bildirərək həmin borcun qaytarılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Onun müraciəti əsasında toplanmış material üzrə işin başlanması rədd edilmişdir. -Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3789/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis- texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2024-cü il tarixli 3-16-16/2-10/2071 nömrəli ekspert rəyindən görünür ki, Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 32/332/2- 2303/24 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Firkət oğlu və Cavabdeh3 faktiki istifadəsində olan torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli , **********37 reyestr nömrəli çıxarışa əsasən, Cavabdeh5 sənəd üzrə xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0634 ha torpaq sahəsinin daxilində yerləşir. Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********37-10301 reyestr nömrəli çıxarışa əsasən, Cavabdeh5 texniki pasportda göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********37 reyestr nömrəli çıxarışa əsasən, Cavabdeh5 sənəd üzrə xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə uyğundur. Qərardadın dördüncü, beşinci, altıncı, yeddinci, səkkizinci və doqquzuncu sualları üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, **********72-10301, **********95-10301, **********54-10301, **********74-10301 reyestr nömrəli çıxarışlarla faktiki vəziyyət uyğundur. Qərardadın onuncu sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, məhkəmə tərəfindən təqdim olunmuş ləğv edilmiş DT və XK tərəfindən sənəd üzrə X2 üzrə mülkiyyətinə verilmiş tropaq sahəsi **********37 reyestr nömrəli çıxarışla özgəniləşdirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ümumi sahəsi 0.0634 ha sahəsi olan torpaq sahəsi Abşeron rayonu Xərdalan bələdiyyəsi tərəfindən X7 ayrılmış, X8 isə Cavabdeh5 satmış, Cavabdeh5 isə həmin torpaq sahəsi üzərində 3 ədəd fərdi yaşayış evi tikib hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıraraq digər cavabdehlərə satmışdır. İddia tələbindən göründüyü kimi iddiaçı tərəfindən yalnız cavabdehlərin adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsini və həmin çıxarışlarda göstərilən fərdi yaşayış evlərinin sökülməsini tələb etmişdir. İddiaçı tərəfindən mübahisələndirilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların hər biri alqı-satqı müqavilələrinin əsasında tərtib edilmişdir. Qeyd edilən çıxarışlar üçün əsas olan alqı-satqı müqavilələri isə iddiaçı tərəfindən mübahisələndirilməmiş və məhkəmə araşdırması zamanı həmin müqavilələrin etibarsızlığına səbəb olacaq hər hansı hal müəyyən edilməmişdir. Həmin torpaq sahəsi ilk dəfə xüsusi mülkiyyət olaraq X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Anar Ənzəlova isə Abşeron rayonu, Xırdalan bələdiyyəsinin 11 fevral 2024-cü il tarixli qərarı əsasında ayrılmışdır. İddiaçı tərəfindən isə nə Anar Ənzəlovun adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, nə də həmin çıxarışın verilməsinə əsas olan Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli qərarı mübahisələndirilmişdir. Bundan başqa məhkəmə hesab edir ki, Cavabdeh5 Alahverdi oğlu və digər cavabdehlər əldə etdikləri əmlaklara münasibətdə vicdanlı əldə edən hesab edilməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi vicdanlı əldə edən institutu ilə bağlı bir sıra qərarlarında mühüm hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə, vicdanlı əldə edənin hüquqlarının qorunmasının mülki dövriyyənin sabitliyi və hüquqi etimadın təmin edilməsi baxımından vacib olduğunu vurğulamışdır. Məsələn, Konstitusiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Bundan əlavə, Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Bu prinsip, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına əsaslanır və ictimai güvənin təmin edilməsinə xidmət edir. Konstitusiya Məhkəməsi həmçinin vurğulayır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Əgər alıcı əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbərsizdirsə, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Bu mövqelərdən çıxış edərək, Konstitusiya Məhkəməsi vicdanlı əldə edənin hüquqlarının qorunmasının hüquqi münasibətlərdə ədalətin təmin edilməsi və mülki dövriyyənin sabitliyinin qorunması üçün mühüm əhəmiyyət kəsb etdiyini bəyan edir. Vicdanlı əldə edən, mülkiyyətin qanuni yolla əldə edilməsi üçün lazımi ehtiyat tədbirlərini görmüş və onun üzərində mübahisəli hüquqların mövcudluğundan xəbərsiz olan şəxsdir. Hər kəsin qanun çərçivəsində əldə etdiyi əmlak üzərində mülkiyyət hüququ toxunulmazdır və vicdanlı əldə edən bu hüququnun müdafiəsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutları araşdırıb, onları məcmu halında qiymətlənidirib, qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron ərazi idarəsinə qarşı çıxarışların ləğv edilməsi, fərdi yaşayış evinin cavabdehlərinin özlərinin hesabına sökülməsi və ərazinin boşaldılaraq qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı 50 manat məbləğində məhkəmə ekspertizası xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34 CTRE******************** saylı hesabına köçürülsün. İddiaçı tərəfindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver