Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-201/2022 25.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abaszadə Sevda Nizami qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən, evdən çıxarılma və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə 25 aprel 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən, evdən çıxarılma və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.223 hektar torpaq sahəsindən və onun üzərində olan 65.5 m2 fərdi yaşayış evindən cavabdehlərin və digər şəxslərin çıxarılması, ona təhvil verilməsi, 2020-ci ilin fevral ayından etibarən cavabdehlərin zəbt etdikləri fərdi yaşayış evində bu günə qədər yaşadıqlarına görə hər ay 250 manat kirayə haqqı olmaqla hesablanarək dəymiş maddi zərərin, fərdi yaşayış evinin qapısının qıfılının sındırılması, yerin döşəməsini yararsız vəziyyətə gətirilməsinə görə 1200 manat, qanunsuz istifadə olunan elektrik enerjisinə görə 560 manatın, cavabdehlərin ona vurduğu mənəvi zərərə görə 5000 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX ******* nömrəli 28 dekabr 2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən Abşeron rayonu Masazır kəndində yerləşən sahəsi 0.023 hektar olan torpaq sahəsi və onun üzərində olan 65.5 m2 fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Lakin cavabdehlər ona məxsus torpaq sahəsini və onun üzərində olan 65.5 m2 fərdi yaşayış evinin qapısının qıfılını sındıraraq evə daxil olmaqla evi zəbt etmişdilər. Evində 2020-ci ilin mart ayından özbaşına yaşamağa başlamışlar və hal hazırki dövrədək yaşamaqlarını davam edirlər. O, cavabdehlərə yanaşaraq mülkiyyətində olan evi tərk etməyi xahiş etsə də onlar onu qonşular arasında təhqir edərək, hədələyərək, hətta belə fiziki güc tətbiq etməyə cəhd edərək evindən qovmuşdular. Aygün adlı cavabdeh ona tüpürməkdən belə çəkinməmişdir. Hadisə ilə bağlı mən DİN -nin 102 çağrı mərkəzinə müraciət etmişdir. Müraciəti Cavabdehləri evindən başqa cür çıxarda bilmir. Onun təmirli evinə cavabdehlər daxil olaraq oradakı təmiri bərbad vəziyyətə salmışdılar, evinə yeni quraşdırılan işıq sayğacından istifadə edirlər. Başqa bir tərəfdən onun xüsusi mülkiyyətində olan evimi digər bir şəxslərə kirayə vermiş olsaydı onun bazar qiyməti 250 manat olmaqla və 2020-ci ilin fevral ayından 2021-ci ilin may ayına qədər 15 ay təşkil etdiyindən 15 * 250 = 3750 manat olardı. Bu səbəbdən məcbur olub başqa bir yerdə mənzili kirayə götürməli olmuşdur. Əldən çıxmış fayda və evinin qıfıla, yararsız vəziyyətə gətirilmiş evin döşəməsini və sair əmlaka dəymiş zərərə görə 1200 manat, eyni zamanda cavabdehlər maddi zərərlə yanaşı ona mənəvi zərər də vurmuşlar. O, artıq 15 aydır qanuni mülkiyyətində olan evdən cavabdehləri çıxarda bilmir, buda özlüyündə ona saysız hesabsız mənəvi və psixoloji sarsıntılar gətirən bir haldır. Cavabdehlərin bu hərəkətlərinin nəticəsində onun hüquqları pozulmuşdur. Beləliklə, cavabdehlər ona məxsus torpaq sahəsinin və evinin üzərində sahiblik etməyinə mane olurlar. Bu səbəbdən də, cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılması zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi.Qeyd etdi ki, cavabdehlər 2021-ci ilin iyulundan evi tərk edib gediblər, artıq özü istifadə edir əmlakından. Evdə cavabdehlərdən Cavabdeh3 və Məxmər Məmmdova ailəsi ilə yaşamışlar, Aysel Məmmədova yaşamaışdır. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, torpaq sahəsi qiyməti ödənilməklə onun ailəsinə verilmişdir. Torpaq sahəsində tikilən evi qaynanasının təqaüdünü toplayaraq tikmişdirlər. İddiaçı 3 il müddətinə heç maraqlanmamış, ev tikildikdən sonra peyda olmuşdur. Əşyalarının hamısı həmin evdədir. İddiaçı tez-tez evə gələrək mübahisə yaradır. Aralarındakı mübahisənin sülh yolu ilə həll edilməsinə çalışsa da iddiaçı razı olmamışdır. Evin tikilməsində böyük əziyyət çəkmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, 28.12.2018-ci il qeydiyyat tarixli Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında 0.0223 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Mülki işin materiallarında olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 28.12.2018-ci ildə İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən inventar nömrəsi 4162, reyestr nömrəsi **********76-10301 olan fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Mülki işin materiallarından olan Abunə haqqında məlumatdan müəyyən edilir ki, Abşeron rayonu, Masazır qəsəbəsində İddiaçı adına qeydə alınmış elektrik sayğacında 559.30 manat borc qeydə alınmışdır.Həmin borc 2020-ci il- 2021-ci ilin aprel tarixinədək yaranmış borcdur ki, həmin dövrdə evdən cavabdehlər istifadə etmişlər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi mülkiyyət hüququ ilə 2018-ci ilin dekabr ayından iddiaçının mülkiyyətindədir, cavabdehlər həmin evin keçmiş sakinləridir. Evin mülkiyyətçisi iddiaçı olsa da, hazırda cavabdehlər evdən çıxmaqdan imtina etdiyindən, iddiaçı onların mübahisəli evdən məhkəmə qaydasında çıxarılmasını və dəymiş ziyanı tələb edir. İşin məhkəmə baxışında müəyyən edildi ki, cavabdehlər 2021-ci ilin iyun ayından mübahisəli evi tərk etmişlər, iddiası mübahisəsiz qaydada əmlakına sahiblik edir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərin evdən və torpaq sahəsindən çıxarılması və iddiaçıya təhvil verilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iddia tələbinin 2020-ci ilin fevral ayından etibarən cavabdehlərin zəbt etdikləri fərdi yaşayış evində bu günə qədər yaşadıqlarına görə hər ay 250 manat kirayə haqqı olmaqla hesablanarək dəymiş maddi zərərin, fərdi yaşayış evinin qapısının qıfılının sındırılması, yerin döşəməsini yararsız vəziyyətə gətirilməsinə görə 1200 manat, cavabdehlərin ona vurduğu mənəvi zərərə görə 5000 manat məbləğində pulun tutularaq ona verilməsi hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, bu hissədə iddia tələblərini əsaslandıran sübutlar təqdim edilməmişdir. İş materiallarından göründüyü kimi cavabdehlər əvvəlki mülkiyyətçinin ailə üzvləri olmuşdur,mübahisəli evlə bağlı məhkəmə mübahisələri olmuşdur, evin qapısının qıfılının sındırılması və bununla bağlı ziyan tələbinə gəldikdə qıfılın əvvəlki vəziyyəti və bərpası ilə bağlı sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi məsələsinə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablarına məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17.01.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli, “X1rşı” iş üzrə 26.10.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iddia tələbinin qanunsuz istifadə olunan elektrik enerjisinə görə 560 manat hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Abunə haqqında məlumatdan müəyyən edilir ki, Abşeron rayonu, Masazır qəsəbəsində İddiaçı adına qeydə alınmış elektrik sayğacında 559.30 manat borc qeydə alınmışdır.Həmin borc 2020ci il- 2021-ci ilin aprel tarixinədək yaranmış borcdur ki, həmin dövrdə evdən cavabdehlər istifadə etmişlər. Bu hissədə iddia qismən təmin edilməli Məcəllənin 1097.1-ci maddəsinə mübahisəli evdən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 istifadə etmələri sübut olunduğundan onlardan müştərək qaydada iddiaçının xeyrinə 559,30 manat məbləğində dəymiş ziyana görə pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında Qanunun 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habələ Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, tərəflərin hər ikisi məcburi köçkün olduqlarından dövlət rüsumu ödəməkdən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 559.30 manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-201/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-201/2022
25.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Torpaq sahəsinin boşaldılması - Maddi ziyanın ödənilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver