Məhkəmə qərarları › İş №2(012)-216/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-216/2021

15.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-216/2021 15.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızı katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi Nurlu Pərvanə Bayram qızının və həmin cavabdehin vəkili fərdi qaydada fəaliyyət göstərən vəkil Şükürov Elxan Şükür oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair mülki işə 15 dekabr 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 6.000 manat pul kompensasiya verilməklə iki azyaşlı uşaqları ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 9 saylı ev, 7 nömrəli mənzilə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, pasport qeydiyyatından çıxarılmasına əsas olması, cavabdehlərin özlərinə məxsus əşyaları ilə birlikdə evdən çıxarılması, mənzilin boşaldılması və mənzilin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışında iddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdehlər Cavabdeh1 5000 manat və Cavabdeh2 5000 manat pul kompensasiyası verilməklə iki azyaşlı uşaqları ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 9 saylı ev, 7 nömrəli mənzilə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, pasport qeydiyyatından çıxarılmasına əsas olması, cavabdehlərin özlərinə məxsus əşyaları ilə birlikdə evdən çıxarılması, mənzilin boşaldılması və mənzilin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 9 saylı evin, 7 nömrəli mənzili vaxtı ilə dövlət tərəfindən verilmiş, mənzil qeydiyyatda olanların razılığına əsasən onun adına Seriya RX №1283616 saylı, 02.07.2018-ci il tarixli, **********76-05101-093069 reyestr nömrəli çıxarışla onun mülkiyyətinə verilmişdir.Hal-hazırda mübahisəli mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vaxtı ilə qeyri-qanuni yolla sözügedən mübahisəli mənzilə qeydiyyata alınmışlar. Onun iddia tələbi ilə Abşeron rayon məhkəməsinin 06 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən X1, X3 və X2 istifadə hüquqları itirilmiş, Cavabdeh2 və Cavabdeh1 ilə 24 ildə həmin mübahisəli evdə yaşadıqlarından, sözügedən mübahisəli evə dair yaşamaq hüququ əldə etdiklərinə görə onlara aid olan hissədə iddia tələbi təmin edilməmişdir.Həmin qtnamə yuxarı məhkəmə instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmışdır.Məlum olmuşdur ki, yalnız 3 (üç) illik həmin ərazi üzrə 1 (bir) otaqlı, həmin şəraitlə olan mənzilin kirayə pulunu kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilə bilər və bu üsulla cavabdehlər mübahisəli mənzildən çıxarıla bilərlər. O, məcbur olaraq, 12 mart 2019cu il tarixdə rəsmi ərizə ilə Azərbaycan Respublikası "xxxx" MMC-yə müraciət edərək, təmirsiz 1 (bir) otaqlı Abşeron rayonu. Xırdalan şəhəri, 28-ci məhəllə, 9 saylı binada evin bazar dəyərini və həmin ərazidə 1 (bir) otaqlı həmin sözügedən mübahisəli mənzilə oxşar 3 (üç) illik kirayə pulunun nə qədər təşkil edilməsi barədə rəy verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası "xxxx" MMC 16 mart 2019-cu tarixli müraciətimə cavab olaraq bildirilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 9 saylı binada təmirsiz 1 (bir) otaqlı mənzilin bazar qiyməti 30.000-32.000 min manat, həmin ərazidə 1 (bir) otaqlı təmirsiz mənzilin 1 (bir)) aylıq kirayə pulu isə 150-160 manat təşkil edir. Belə ki, həmin ərazidə oxşar 1 (bir) otaqlı təmirsiz mənzilin 1 (bir) ayı 160 (yüz altmış) manat ödəməklə ümumilikdə, 36 (otuz altı) ay hesablamaqla, 5760 (beş min yeddi yüz altmış) manat təşkil etsə belə, artıqlaması ilə 10000 manat kompensasiya ödəyərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iki azyaşlı uşaqlarla birlikdə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 9 saylı evin, 7 nömrəli mənzilə dair yaşayış sahəsindən istifadə hüququna xitam verilməli və eyni zamanda cavabdehlər iki azyaşlı uşaqlarla birlikdə pasport qeydiyyatından çıxarılmaqlarına əsas olması, özünə məxsus əmlak əşyaları ilə birlikdə evdən çıxardılması, mənzilin boşaltdırılması, mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmalıdır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. Abşeron rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(012)-216/2021 saylı qərardadı ilə iddia tələbinin iki azyaşlı uşaqların istifadə hüququna xitam verilməsi,pasport qeydiyyatından çıxarılmasına əsas olması hissəsində xitam verilmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirmişdir ki, 02 iyul 2018-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə küçəsində yerləşən 9 saylı evin 7-ci mənzili (1 otaqdan ibarət olub, ümumi sahəsi 36,6 kv.m.-dir. Cavabdehlər – Cavabdeh2 (16 mart 1990-cı il tarixdən), Cavabdeh1 (27 noyabr 1994-cü il tarixdən) mənzildə qeydiyyatdadırlar. Cavabdeh2 1990-cı ildə gəlin köçdüyü, Cavabdeh1 doğulduğu gündən orada yaşayır. Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli, 2(012)-4616/2018 saylı qətnaməsi ilə cavabdehlərin mənzilə istifadə hüquqlarının olması müəyyən edilmiş,qətnamə qanuni qüvvəsini almışdır. İddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad edilmişdir. Həmin maddi hüquq norması hazırkı iş üzrə tətbiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.2.-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, cavabdehlərin mənzilə istifadə hüquqları 1990-cı və 1994-cü ildən yaranmışdır və bu gün də orada yaşayırlar. Mübahisəli hüquq münasibətinin yarandığı zaman Azərbaycan Respublikası Mülki Məcəlləsi qüvvədə olmamışdır, həmin Məcəllə Azərbaycan Respublikasının 26 may 2000-ci il tarixli, 886-İQ saylı Qanununa əsasən, 2000-ci il sentyabr ayının 01-də qüvvəyə minmişdir. Mübahisəyə maddi hüquq norması qismində 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “ Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı ilə belə nəticəyə gəlinmişdir ki, 2000-ci ilin sentyabr ayının 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinə uyğun həll olunmalıdır. Tərəflər arasında əvvəllər də istifadə hüququ ilə bağlı mövcud olmuş mübahisəyə məhkəmə tərəfindən məhz Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilmişdir. Qeyd edilməlidir ki, iddiaçı xüsusi mülkiyyətçi kimi hüquqa 2018-ci il tarixdə malik olmuşdur. Nə Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan əvvəlki, nə də həmin tarixdən qüvvədə olan yeni Mənzil Məcəlləsində yaşayış sahəsinə istifadə hüququna kompensasiya verməklə xitam verilməsi üsulu nəzərdə tutulmamışdır. İddiaçının mövqeyi kompensasiya məbləği ilə bağlı da haqsızdır. Belə ki, iddiaçının təklif etdiyi məbləğ heç bir halda mübahisənin sülh yolu ilə belə həllinə imkan vermir. Cavabdehlər 30 ildən çoxdur həmin 1 otaqlı mənzildə 6 nəfər ailə üzvü olmaqla yaşayırlar. Onlar tərəfindən təqdim edilmiş qiymətləndirmə rəyi ilə də deyilənlər təsdiqini tapır. Ev dövlətin vermiş olduğu mənzildir və bu mənada iddiaçı mülk əldə etməsi üçün heç bir əziyyət çəkməmişdir. Amma 6 nəfər ailə üzvünü 6.000 manat müqabilində evdən çıxarmaq niyyətindədir. Yuxarıda qeyd edilənlərə əsasən iddianı rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi iddia tələbini qəbul etmədi və iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında 28.02.2020-ci il tarixli ******* №-li arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan şəxslər: X9 26.03.2015, Cavabdeh1 xx.xx.1994, X10 15.03.2017, Cavabdeh2 xx.xx.1964. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı №1283616 saylı, **********76-05101-093069 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan müəyyən edilir ki, ünvan 1. daşınmaz əmlakın dövlət reyestrində 142 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində İddiaçı adına 02.07.2018-ci il tarixdən qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan iddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC tərəfindən 16.03.2020-ci il tarixli 07 nömrəli ekspert rəyindən görünür ki, Xırdalan şəhərində həmçinin 28-ci məhəllə ünvanında analoji obyektlər üzrə daşınmaz əmlak bazarının monitorinqi aparılmış, ərazi üzrə fəaliyyət göstərən rielter qurumlarına, internet resurslarına və bu məzmunda nəşr edilən qəzet, jurnal və s. daşınmaz əmlak bazarındakı mövcud vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarına istinad olunaraq aparılmış monitorinqin nəticəsi ekspertlər tərəfindən təhlil edilərək aşağıdakı nəticəyə gəlinmişdir.

1. Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 1 (bir) otaqlı təmirsiz mənzilin aylıq kirayə haqqı 150 (bir yüz əlli) — 160 (bir yüz altmış) AZN

2. Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 1 (bir) otaqlı təmirsiz mənzilin bazar dəyəri 30000 (otuz min) – 32000 (otuz iki min) AZN təşkil edir. Mülki işin materiallarında olan “cavabdeh tərəfindən təqdim edilən "xxxx" MMC-nin 10.12.2021-ci il tarixli 267 №-li Qiymətləndirmə Hesabatının surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 9 saylı evin 7 saylı mənzilinin indiki dövr üçün orta aylıq icarə haqqı 280.0 manat, bazar dəyəri isə 40.000.00 (qırx min) manat təşkil edir. Mülki iş materiallarında olan Abşeron rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2(012)-2334/2020 saylı qətnamənin surətindən görünür ki, “X1, X3 və X2 Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə küçəsi, 9 saylı evin, 7 nömrəli mənzilinə istifadə hüquqları itirilmiş hesab olunmuş, Qətnamə bu hissədə onların mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır” qət edilmişdir.Həmin qətnamə sonrakı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Mülki iş materiallarında olan Abşeron rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2(012)-2334/2020 saylı qətnamənin surətindən görünür ki, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 “Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə küçəsində yerləşən 9 saylı evin 7-ci mənzilinin İddiaçı adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə küçəsində yerləşən 9 saylı evin 7-ci mənzilinin İddiaçı adına xüsusi mülkiyyət kimi qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrində 142 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində ********** nömrəli, 02 iyul 2018-ci il tarixli qeydiyyatın ləğvi, İddiaçı adına verilmiş RX seriyalı ******* saylı çıxarışı və həmin mənzilə dair texniki pasportun ləğvi edilməsi” tələbinə dair birgə iddiaları təmin edilməmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27.09.2021-ci il tarixli, 2(102)-4386/2021 saylı qərarının surətindən görünür ki, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-1187/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı Xırdalan qəsəbəsi, 28-ci məhəllədəki 9 nömrəli evin 7 nömrəli mənzilinin cavabdehin adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, mənzilin cavabdehin adına xüsusi mülkiyyət kimi qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrində 02 iyul 2018-ci il tarixli qeydiyyatın ləğvi, cavabdehin adına verilmiş RX seriyalı ******* saylı çıxarışın və həmin mənzilə dair texniki pasportun ləğv edilməsi barədə iddia tələblərinin rədd olunması qət edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə küçəsi, 9 saylı evin, ümumi sahəsi 36,6 kv.metr, yaşayış sahəsi 17,3 kv.metr olan 1 otaqlı 7 nömrəli mənzilin əsas icarədarı əvvəllər iddiaçının atası, onun ölümündən sonra isə iddiaçı olmuş, cavabdeh 1990-1994-cü illərdə mübahisəli mənzilə qeydiyyata alınmaqla orada yaşayıb, oradan istifadə edirlər.Sonradan həmin mənzil tərəflərin razılığı ilə özəlləşdirilmiş və xüsusi mülkiyyət kimi 02 iyul 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 142 reyestr kitabının 26 nömrəli vərəqində İddiaçı adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır.İddiaçı iddia edir ki, mübahisəli mənzil onun mülkiyyətində olsa da, cavabdehlərin oradan istifadə etməsi səbəbindən o, öz mülkiyyətindən ümumiyyətlə istifadə edə bilmir. Bu isə mülkiyyətçi olaraq onun hüquqlarını pozur.Ona görə də,cavabdehlərin hər birinə 5000 manat pul kompensasiya verilməklə onların mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Məhkəmə qeyd edir ki, mübahisəli mənzilin- Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə küçəsi, 9 saylı evin, ümumi sahəsi 36,6 kv.metr, yaşayış sahəsi 17,3 kv.metr olan 1 otaqlı 7 nömrəli mənzilin yerləşdiyi ərazidə oxşar (1 otaqlı təmirsiz) mənzillərin aylıq kirayə haqqı iddiaçının təqdim etdiyi qiymətləndirmə rəyinə əsasən təxminən 150 (bir yüz əlli) — 160 (bir yüz altmış) manat, cavabdehin təqdim etdiyi rəyə əsasən 280.0 manat təşkil edir. Məhkəmə hesab edir ki, təklif olunan cəmi 10 000 manat kompensasiya məbləği cavabdehlərə aylıq kirayə haqqı 280 manat olsa belə, davamlı surətdə, yəni 35 aydan artıq müddətdə oxşar mənzildə yaşamaq imkanı verir. Təklif olunan 10000 manat kompensasiya məbləği ağlabatan və ədalətlidir. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, mənzildən istifadə müddəti davam edən münasibətlər olduğundan tərəflər arasındakı mübahisəli mənzillə bağlı hazırkı münasibətə kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməli olması qanunvericiliyin tələblərinə zidd deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı onların hər birinə 5.000 manat pul kompensasiya verilməklə onların Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 9 saylı ev, 7 nömrəli mənzilə olan istifadə hüququna xitam verilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddia bu hissədə təmin edildiyindən bu qətnamə cavabdehlərin həmin mənzildən qeydiyyatdan çıxmaları üçün əsas hesab edilməli, iddia tələbinin digər hissəsi də əsaslı olmaqla təmin edilməli cavabdehlər özlərinə məxsus əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmalı və mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir. Məhkəmə həmçinin, qeyd edir ki, qətnamə pul kompensasiyası verilməsi ilə cavabdehlərin həmin mənzildən pasport qeydiyyatından çıxarılması eyni vaxtda icra olunmalıdır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360/ 362-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia tələbi təmin edilsin. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 5.000 manat və Cavabdeh2 5.000 manat pul kompensasiyası verilməklə onların Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 9 saylı ev, 7 nömrəli mənzilə olan istifadə hüquqlarına xitam verilsin. Bu qətnamə Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 9 saylı ev, 7 nömrəli mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamə Cavabdeh1 və Cavabdeh2 pul kompensasiyasının verilməsi ilə onların həmin mənzildən pasport qeydiyyatından çıxarılması eyni vaxtda icra olunsun. Cavabdeh1 və Cavabdeh2 özlərinə məxsus əşyaları ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 9 saylı ev, 7 nömrəli mənzildən çıxarılsınlar və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver