Məhkəmə qərarları › İş №2(012)-2248/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2248/2021

01.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2248/2021 01.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ M: Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı - xx xxxx 2008-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə ölüm faktının müəyyən edilməsi və bu əsasla ölüm haqqında şəhadətnamənin verilməsinə dair Maraqlı şəxs üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və işin materiallarını nəzərdən keçirib hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(012)- 1772/2021 saylı qərardadı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş və həmin iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Eyni zamanda, həmin qərardadda ərizəçiyə iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ və yaxud, narazı olduğu halda həmin qərardaddan şikayət vermək hüququ izah olunmuşdur. Lakin ərizəçi həmin qərardadda göstərilən nöqsanları aradan qaldırmadan, yəni qərardaddan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq şikayət vermədən və yaxud, qərardadda qeyd edilən nöqsanları aradan qaldırmadan eyni nöqsanlarla “ölüm faktının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi ilə təkrarən Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Bununla bağlı, bir daha qeyd edilir ki, ərizədən və ona əlavə edilən sənədlərdən görünür ki, ərizəçi ölüm şəhadətnaməsinin alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, şöbənin xx xxxxxx 2021-ci il tarixli 05/Q-115/15 saylı məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatının ölüm faktını təsdiq edən şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında verildiyi, hazırki halda isə ölüm haqqında şəhadətnamə verilmədiyindən ölümün qeydə alınmasının mümkün olmadığı bildirilməklə, müraciətindən imtina olunmuşdur. İşin materiallarından göründüyü kimi, ərizəçi “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müvafiq icra orqanına müraciət etmədən, yəni bu barədə tibbi şəhadətnamə almadan qeydiyyat şöbəsinə müraciət etmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 saylı Qərarının 9.2-ci bəndinə görə şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.6-cı maddələrinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar