Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2524/2021 10.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X11 Kazımovun sədrliyi, Tağıyev Namiq Musa oğlunun katibliyi, iddiaçı Abşeron rayon Masazır bələdiyyəsinin nümayəndələri, X1, X5, Cavabdeh, nümayəndəsi X2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Regional Ədliyyə İdarəsinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Abşeron rayon Masazır Bələdiyyəsinin Cavabdeh qarşı bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsi haqqında sazişin, çıxarışın ləğv edilməsi və torpaq sahəsinin cavabdehin öz hesabına əvvəlki vəziyyətə gətirilib bələdiyyəyə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Abşeron rayon Masazır Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Masazır bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı məqsədilə 8,2 ha torpaq sahəsinə dair Cavabdeh ilə bağlanmış 28 oktyabr 2011-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında 28 oktyabr 2011-ci il tarixli Saziş və bundan irəli gələn bütün hüquqi nəticələrin, eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 06 yanvar 2012-ci il tarixli çıxarışın (seriya №0338887, reyestr nömrəsi-**********84; qeydiyyat nömrəsi **********) ləğv edilməsi və torpaq sahəsinin cavabdehin öz hesabına əvvəlki vəziyyətinə gətirərək Abşeron rayon Masazır bələdiyyəsinə təhvil verilməsini xahiş etmişdir. Məhkəmə baxışında iddiaçı Abşeron rayon Masazır bələdiyyəsinin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Abşeron rayon Masazır bələdiyyəsinin mülkiyyətində olan 8,2 ha torpaq sahəsi 28 oktyabr 2011-ci il tarixdə kənd təsərrüfatı məqsədilə Cavabdeh icarəyə verilmiş və buna dair Saziş bağlanmışdır. Tərəflər arasında icarə müqaviləsi bağlanan zaman icarə haqqı 1 ha üçün 30 manat müəyyən edilmişdir. Ötən müddət ərzində Azərbaycan Qanunvericiliyində və torpaq bazarında icarə haqqında əsaslı artımlar baş verdiyindən icarəyə verilmiş torpaq sahəsinin icarə haqqının mövcud qiymətlərə uyğunlaşdırılmasına zərurət yaranmışdır. Bu baxımdan Masazır bələdiyyəsinin 22 dekabr 2020-ci il tarixli, 21/4 saylı ümumi iclasın qərarına əsasən 01 yanvar 2021-ci il tarixdən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206-cı maddəsi (2016-cı il tarixdə edilmiş dəyişikliyə əsasən) və Azərbaycan Respublikası “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında “Qanunun 19.5-ci maddəsi rəhbər tutularaq icarə haqlarında dəyişiklik edilmişdir. Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq icarə haqqı şərti dəyişdirilərək 1 ha üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206-cı və Azərbaycan Respublikası “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında “Qanunun 19.5-ci maddəsinə əsasən Torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 mislindən az olmamaq şərti ilə müəyyən edilmişdir. Bu baxımdan icarəçinin icarəsində olan torpaq sahəsinin icarə haqqının mövcud Qanuna və bazar qiymətinə uyğunlaşdırılması məqsədilə qarşılıqlı razılaşma əsasında müqavilənin icarə haqqı şərtinin dəyişdirilərək 1 ha üçün 100 manat müəyyən edilməsi məqsədilə, Cavabdeh bələdiyyəyə dəvət olunmuşdur. Lakin, sonuncu rəsmi müraciətə və aparılan danışıqlara baxmayaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206-cı maddəsi ilə ona edilən təkliflə razılaşmamışdır. Yəni, 1 ha torpaq sahəsinə görə icarə haqqı minimum 400 manat edir. (100 kv.m. = 2 manat; 10000 kv.m. = 200 manat x 2 mislinə = 400 manat) Bu baxımdan icarə müqaviləsi bağlanarkən icarə haqqının bazar qiyməti nəzərə alınaraq, hər hektarına görə minimum 400 manatdır. Yəni, cavabdehin icarəsində olan 8,2 ha torpaq sahəsinə görə illik icarə haqqı 3280 manat olacaqdır. Müvafiq icra hakimiyyətindən arayış təqdim edilməməsinə (Azərbaycan Respublikası Kənd Təsərrüfatı) baxmayaraq bələdiyyə cavabdehə güzəştə gedərək yenə də onun təklifini nəzərə alaraq, hesablama aparmış və Nazirlər Kabinetinin həmin qaydalarına əsasən icarə haqqı 83,64 manat olmaqla (1 şərti bal 0,06 x 8,2ha-0,492 x 85- 41,82 x 2 mislinə-83,64 manat) 100 manat hesablanmışdır. Bu baxımdan icarə müqaviləsi bağlanarkən icarə haqqının bazar qiyməti nəzərə alınaraq hər hektarına görə minimum 100 manat hesablanmaqla hər rüb üçün 820 manat (8,2ha x 100 manat = 820 manat x 4 rübə = 3280 manat), illik 3280 manat icarə haqqı hesablanmışdır. Lakin, cavabdeh tərəf 3 gün müddətində verilmiş təkliflə razı olmadığı halda və ya bildirişə cavab verilmədikdə icarə müqaviləsinin şərtlərinin dəyişdirilməsi, icarə haqlarının real bazar qiymətinə uyğunlaşdırılması və ya torpaq icarə müqaviləsinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı nəzərinə çatdırılmasına baxmayaraq, cavabdeh bələdiyyə tərəfindən verilmiş təkliflə razılaşmamışdır. Odur ki, Abşeron rayon Masazır bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı məqsədilə 8,2 ha torpaq sahəsinə dair Cavabdeh ilə bağlanmış 28 oktyabr 2011-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında 28 oktyabr 2011-ci il tarixli Saziş və bundan irəli gələn bütün hüquqi nəticələrin, eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 06 yanvar 2012-ci il tarixli çıxarışın (seriya №0338887, reyestr nömrəsi-**********84; qeydiyyat nömrəsi **********) ləğv edilməsi və torpaq sahəsinin cavabdehin öz hesabına əvvəlki vəziyyətinə gətirərək Abşeron rayon Masazır bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında iddiaçı Abşeron rayon Masazır bələdiyyəsinin digər nümayəndəsi X8 Y.Hüseynov ilə eyni məzmunlu izahat verdi. Məhkəmə baxışında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Abşeron rayon Masazır bələdiyyəsinin mülkiyyətində olan 8,2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmüş və bununla bağlı bələdiyyə ilə arasında 28 oktyabr 2011ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Saziş bağlanmışdır. O, həmin torpaq sahəsində heyvandarlıqla məşğul olur. Əvvəlki vaxtlarda heyvanların sayı çox olmuş, lakin son illər maddi səbəblərdən onların çoxunu satmışdır. Çünki, heyvanları saxlamaq üçün çoxlu maddi vəsait tələb olunur. Məsələ ondadır ki, icarəyə götürdüyü torpaq sahəsi çox yararsız vəziyyətdədir, yəni, suvarmaq, otlaq və örüş sahəsi yoxdur. O, otu-presi rayonlardan pulla alıb Bakı şəhərinə gətirir, suyu və digər qida məhsullarını da pulla alır. Nəticədə isə, 1 litr südü 1 manata sata bilir. Əgər vəziyyət belə davam etsə, o, mal-qarasını satıb təsərrüfatı bağlamalı olacaqdır. Belə olan halda, o, illik 3280 manat icarə haqqı ödəyə bilməyəcək və bu hal onun tamamilə müflis olması ilə nəticələnəcəkdir. Habelə, Abşeron rayon Masazır bələdiyyəsi icarə haqqının artırılması ilə bağlı, ona heç bir qanun layihəsi təqdim etməmişdir və icarə haqqının artırılması kənd təsərrüfatı təyinatlı torpaqlara şamil olunmur. Bələdiyyə ilə aralarında bağlanmış sazişə uyğun olaraq, 1 ha torpaq sahəsi üçün 30 manat icarə haqqı müəyyən edilmiş və o, həmin pulu vaxtı-vaxtında ödəyir. Sonuncu dəfə 2020-ci il üzrə torpaq sahəsi üçün nəzərdə tutulmuş icarə haqqını da ödəmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışında cavabdehin nümayəndəsi X6 Cavabdeh ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, icarəçinin icarəsində olan torpaq sahəsinin icarə haqqının hesablanması qaydasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 1997-ci il tarixli, 43 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq vergisinin hesablanması üçün torpaqların qiymətləndirilməsi cədvəl”ində əks olunmuşdur. Həmin cədvəldən görünür ki, Abşeron rayonu ərazisində yerləşən İ keyfiyyət qrupu üzrə əkin torpaqları üçün vergi 1 ha üçün 1 şərti balla hesablanır. Tərəflər arasında icarə müqaviləsi bağlanan zaman icarə haqqı 1 ha üçün 30 manat müəyyən edilmiş, 30 manat x 8,2 ha = 246 manat təşkil edir. Həmin məbləğ də, müqavilədə nəzərdə tutulmuş müddətdə bələdiyyənin hesabına ödənilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Regional Ədliyyə İdarəsinin nümayəndəsi X13 izahatında göstərdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirilməsini təmin edir. Bununla bağlı ümumiləşdirmə işləri aparılarkən məlum olmuşdur ki, bir sıra bələdiyyələrin icarədə olan torpaq sahələrinin icarə haqları real bazar qiymətindən aşağıdır. Torpaq bazarında icarə haqların əsaslı artımların baş verməsinə baxmayaraq, bələdiyyələr tərəfindən icarəyə verilmiş torpaq sahələrinin icarə haqları bazar qiymətinə uyğun deyildir. Bununla əlaqədar olaraq, nəzarətlərində olan bələdiyyələrə, o cümlədən Masazır bələdiyyəsinə bələdiyyə torpaqlarından istifadə sahəsində yol verilən xarakterik qanun pozuntularının və uyğunsuzluqların aradan qaldırılması, bələdiyyə torpaqlarından qanunamüvafiq və bələdiyyənin mənafeyinə uyğun səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə “İcarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması haqqında” və “Bələdiyyə torpaqlarının idarəçiliyi sahəsindəki qanunsuzluqların aradan qaldırılması haqqında” tövsiyyələri olmuşdur. Nəticədə, bələdiyyələrə ünvanlanmış məktublardakı yeniliklər məcburi deyil, tövsiyyə xarakterlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 17 iyun 2005-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında müqavilənin surətindən görünür ki, “İcarəyə verən” Abşeron rayon Masazır bələdiyyəsinin sədri X4 ilə “İcarəçi” Cavabdeh arasında Abşeron rayon Masazır bələdiyyəsinin 14 iyun 2005-ci il tarixli, 06 saylı qərarı əsasında “Torpaq icarəsi” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1 və 2.1-ci bəndləri ilə müəyyən olunur ki, tərəflərin razılığı ilə Abşeron rayon Masazır kəndi ərazisindən 14,2 hektar torpaq sahəsi kənd təsərrüfatı (maldarlıq) məqsədilə icarə əsasında 84 il müddətinə Cavabdeh verilmişdir. Həmin müqavilənin 2.2 və 2.4-cü bəndləri ilə müəyyən olunur ki, 1 ha torpaq sahəsi üçün icarə haqqı 30 manat müəyyən edilməklə, “İcarəçi” hər il üçün 30 manat x 8,2 ha=246 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.7-ci bəndi ilə müəyyən olunur ki, icarə haqqının miqdarı müqavilədə göstərilən hallarda ildə bir dəfə və tərəflərin birinin tələbi ilə normativ qiymətlərin dəyişməsi və ya qanunvericilik aktlarında göstərilən hallarda vaxtından əvvəl dəyişdirilə bilər. 28 oktyabr 2011-ci il tarixdə “İcarəyə verən” Abşeron rayon Masazır bələdiyyəsinin sədri X4 ilə “İcarəçi” Tovuz İcarəyə verəninin sədri Cavabdeh arasında “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında Saziş (müqavilə) bağlanmışdır. Həmin Sazişin 1-ci bəndindən görünür ki, Abşeron rayon Masazır kəndi ərazisində yerləşən 14,2 hektar torpaq sahəsini icarəyə verilməsi barədə Abşeron rayon Masazır bələdiyyəsi ilə hüquqi şəxs - Tovuz İcarəyə verəninin sədri Cavabdeh arasında 14 iyun 2005-ci il tarixli, 06 saylı qərarda göstərilən torpaq sahəsinin bir qismi - 6,0 hektarı tərəflərin razılığı ilə ləğv edilmişdir. Həmin Sazişin 2-ci bəndindən görünür ki, “İcarəçi” icarəyə verilmiş 14,2 hektar torpaq sahəsindən 6,0 hektarı ləğv edilərək Masazır bələdiyyəsinin mülkiyyətinə qaytarılmasını öz öhdəsinə götürmüş və 8,2 ha torpaq sahəsinin bütün sənədlərini sənədləşdirib Tovuz İcarəyə verəninin sədri Cavabdeh təqdim edilməsini öz üzərinə götürmüşdür. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşinmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 06 yanvar 2012-ci il tarixli, **********84 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayon Masazır bələdiyyəsinin mülkiyyətində olan Masazır kəndində yerləşən 8,20 ha torpaq sahəsi üzərində icarə növü əsasında Cavabdeh xeyrinə hüquq yüklü edilmişdir. Yüklülüyün müddəti 17.06.2005-ci ildən başlayaq 84 il müddətinə, əsas öhdəliyin təsviri və müddəti 17.06.2005-ci il tarixli icarə müqaviləsi və 28.10.2011-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında sazişdir. Abşeron rayon Masazır bələdiyyəsi tərəfindən Cavabdeh ünvanlanmış 29 yanvar 2021-ci il tarixli, 58 saylı məktubdan görünür ki, Cavabdeh Abşeron rayon Masazır bələdiyyəsinin mülkiyyətində olan 8,2 ha torpaq sahəsi ilə bağlı yeni icarə haqqına dair müqavilənin bağlanması ilə bağlı bildirişi aldığı 3 gün müddətində verilmiş təkliflə razı olmadığı halda və ya bildirişə cavab vermədiyi halda torpaq icarə müqaviləsinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsi tərəfindən Abşeron rayon Masazır bələdiyyəsinə ünvanlanmış 12.06.2020-ci il tarixli, 05/457 saylı məktubdan görünür ki, bələdiyyə torpaqlarından istifadə sahəsində yol verilən xarakterik qanun pozuntularının və uyğunsuzluqların aradan qaldırılması, bələdiyyə torpaqlarından qanunamüvafiq və bələdiyyənin mənafeyinə uyğun səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə “İcarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması haqqında” və “Bələdiyyə torpaqlarının idarəçiliyi sahəsindəki qanunsuzluqların aradan qaldırılması haqqında” tövsiyyəsinin nəzərə alınması xahiş edilmişdir. Abşeron rayon Masazır bələdiyyəsinin 20 iyul 2020-ci il tarixli iclasının 9 saylı protokolunun 3 saylı qərarından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsinin “İcarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması haqqında” və “Bələdiyyə torpaqlarının idarəçiliyi sahəsindəki qanunsuzluqların aradan qaldırılması haqqında” 12.06.2020-ci il tarixli, 05/457 saylı tövsiyyəsinin nəzərə alınması, təqdim olunmuş tövsiyyələrin qanunamüvafiq qaydada icrası üçün zəruri olan halların məhkəmə işlərində tətbiq edilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Abşeron X16 Mərkəzi tərəfindən verilmiş 02/27 saylı, 30 mart 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayon Masazır bələdiyyəsindən kənd təsərrüfatı məqsədilə icarəyə götürdüyü 8,2 ha torpaq sahəsində kənd təsərrüfatı (heyvandarlıq) fəaliyyəti ilə məşğuldur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarından da göründüyü kimi, Cavabdeh icarə əsasında kənd təsərrüfatı (heyvandarlıq) məqsədi ilə Abşeron rayon Masazır bələdiyyəsinin mülkiyyətində olan 8,2 ha torpaq sahəsinə istifadə etmək hüququ əldə etmiş və həmin torpaq sahəsi Cavabdeh xeyrinə hüquq yüklü edilmişdir. Yüklülüyün müddəti 84 il, əsas öhdəliyin təsviri və müddəti 17.06.2005-ci il tarixli icarə müqaviləsi və 28.10.2011-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında sazişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389 və 390-cı maddələrinin ümumi məzmunundan məlum olur ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun Mülki Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsində müəyyən edilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki Məcəllənin 324-cü maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. İddiaçının mübahisələndirdiyi 28.10.2011-ci il tarixli müqavilə sadə yazılı müqavilə olmaqla müqavilə tərəfləri “İcarəyə verən” və “İcarəçi” kimi göstərilmişdir. İşdə olan sənədlərdən göründüyü kimi, Cavabdeh kənd təsərrüfatı (heyvandarlıq) məqsədi ilə Abşeron rayon Masazır bələdiyyəsinin mülkiyyətində olan 8,2 ha torpaq sahəsinə icarə əsasında istifadə etmək hüququ əldə etmişdir. Müqavilənin bağlanması müqavilə tərəflərinin heç bir məcbur etmə hallarına məruz qalmayan iradə ifadəsi nəticəsində baş tutmuşdur. Mübahisələndirilən müqaviləyə dair hüquqi proseslər barəsində müqavilə tərəflərinin azadlığı olmuşdur və bu hüquq mülki qanunvericiliyin əsas prinsiplərindən olan “müqavilələr azadlığı” prinsipinin təbii nəticəsidir. İddiaçı qanunvericilikdə və torpaq bazarında icarə haqqında əsaslı artımlar baş verdiyindən icarəyə verilmiş torpaq sahəsinin icarə haqqının mövcud qiymətlərə uyğunlaşdırılmasını, 01 yanvar 2021-ci il tarixdən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206-cı maddəsi və Azərbaycan Respublikası “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında “Qanunun 19.5-ci maddəsini rəhbər tutaraq, icarə haqlarında dəyişiklik edilməsini əsas gətirərək, cavabdehin icarəsində olan 8,2 ha torpaq sahəsinin icarə haqqının 3280 manat müəyyən edilməsini cavabdehə təklif etmiş, cavabdeh bu təkliflə razılaşmamış və iddiaçı Abşeron rayon Masazır bələdiyyəsi mülkiyyətində olan 8,2 ha torpaq sahəsinə dair cavabdehlə arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etmişdir. Lakin tərəflər arasında bağlanmış 28.10.2011-ci il tarixli müqavilədə göstərilmiş hallara dair tərəflərin öhdəliklərini əks etdirən hər hansı başqa şərtlər aşkar edilməmişdir. Yəni ki, icarə haqqının miqdarı müqavilədə göstərilən hallarda ildə bir dəfə və tərəflərin birinin tələbi ilə normativ qiymətlərin dəyişməsi və ya qanunvericilik aktlarında göstərilən hallarında müqavilənin ləğv edilməsi deyil, yalnız icarə haqqının miqdarının vaxtından əvvəl dəyişdirilməsi nəzərdə tutulmuşdur. Həmçinin, göstərilən razılaşmaya dair tərəflər arasında ayrıca qaydada bağlanılan hər hansı müqavilənin mövcud olması da müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 403.1-ci maddəsinə əsasən üçüncü şəxsin xeyrinə öhdəliyin icrasını borcludan tələb etməyi müəyyən edən razılaşma ayrıca qaydada bağlanılan üçüncü şəxsin xeyrinə müqavilə ilə tənzimlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 28.10.2011-ci il tarixli müqavilə qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlandığından, həmin müqavilənin və müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi üçün əsaslar mövcud deyildir. İddiaçı iddia tələbi üzrə həmçinin müqavilə ilə yanaşı 06 yanvar 2012-ci il tarixli çıxarışın ləğv edilməsini də tələb etmişdir. Mülki Məcəllənin 421-ci maddəsində nəzərdə tutulur ki, tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur. Müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən, müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürdüyü, dəyişmiş şəraitin müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilinmədiyi müəyyən edildikdə ləğv edilir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Qeyd olunan Konstitusiya normalarından irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1 və 152.5-ci maddələrinin ümumi məzmununa görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən İcarəyə verənlə icarəçi arasında yaranan hüquqi və iqtisadi əlaqələr torpaq üzərində icarə münasibətləridir. Həmin Məcəllənin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sadalanan və məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquqi qiymət verib belə qənaətə gəlir ki, Abşeron rayon Masazır bələdiyyəsinin Cavabdeh qarşı Masazır bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı məqsədilə 8,2 ha torpaq sahəsinə dair Cavabdeh ilə bağlanmış 28 oktyabr 2011-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında 28 oktyabr 2011-ci il tarixli Saziş və bundan irəli gələn bütün hüquqi nəticələrin, eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 06 yanvar 2012-ci il tarixli çıxarışın ləğv edilməsi və torpaq sahəsinin cavabdehin öz hesabına əvvəlki vəziyyətinə gətirərək Abşeron rayon Masazır bələdiyyəsinə təhvil verilməsi barədə iddiası əsassız olduğundan təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-2524/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2524/2021
10.06.2021 · Müqavilələrin ləğv edilməsi - Torpaq mübahisələri - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver