Məhkəmə qərarları › İş №2(012)-2688/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2688/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2688/2025 19.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı icarə müqaviləsinə əsasən yaranmış borcun tutulması tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı MMC Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək, tərəflərin imzaladıqları 17 aprel 2023-cü il tarixli icarə müqaviləsi üzrə 27000 manat pulun və iş üzrə ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Mülki-Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindəki məlumatlardan görünür ki, iddiaçı hüquqi şəxsdir, cavabdehin isə VÖEN-i vardır və o, sahibkardır. Qaldırılan iddianın mahiyyətindən görünür ki, o, tərəflərin icarə münasibətlərindən irəli gələn kommersiya fəaliyyəti ilə bağlıdır, yəni mübahisəli münasibətlər kommersiya xarakterlidir. Göründüyü kimi, hazırki mülki işə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalı olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Digər tərəfdən, iddia ərizəsindən görünür ki, onu İddiaçı MMC-nin adından J.Z.Şıxlinskaya imzalamışdır, lakin Cəmiyyətin adından ona belə bir səlahiyyətin verilməsi barədə ərizəyə hər hansı etibarnamə əlavə edilməmiş, yəni iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə görə hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Daha sonra işdən görünür ki, iddiaçı iddia ərizəsində tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə yaranmış borcun tutulmasını xahiş etsə də, iddia ərizəsinə pretenziya qaydasına riayət etməsini göstərən hər hansı sənəd əlavə etməmişdir. Halbuki, tərəflərin imzaladıqları 17 aprel 2023-cü il tarixli icarə müqaviləsinin 5.2-ci bəndində göstərilmişdir ki, onların arasında hazırkı müqavilənin icrası ilə bağlı bütün mübahisələr, məsləhətləşmələr və danışıqlar yolu ilə razılaşdırıla bilmədiyi təqdirdə, Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilməlidir. Mülki-Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa, işdən görünür ki, İddiaçı MMC hazırki iddia ərizəsini verərkən müvafiq ödəmə sistemi vasitəsilə **********91 saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 175 manat məbləğində dövlət rüsumunu xx.xx.2025-ci ildə ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 175 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 284-3.5-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı MMC-nin Cavabdeh qarşı pulun tutulması barədə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı MMC-nin hazırki mülki iş (2(012)-2688/2025 saylı mülki iş) üzrə ödəmiş olduğu 175 manat məbləğində dövlət rüsumu (**********91 saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı MMC-yə (VÖEN **********) qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver