Məhkəmə qərarları › İş №2(012)-271/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-271/2021

26.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-271/2021 26.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi və barəsində hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməlməsi üçün təqdim edilən şəxs- X12 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçilər Ərizəçi və barəsində hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməlməsi üçün təqdim edilən şəxs- X21 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1997-ci il tarixdə cinsi oğlan olan uşağın doğulmasına dair doğumun qeyd edilmə faktının müəyyən edilməsi və yeni doğum haqqında şəhadətnamə verilməsi, doğum haqqında şəhadətnamədə uşağın soyadı anasının soyadına uyğun Qafarov, adı Elvin, atasının adı Cavid, doğum tarixi xx.xx.1997-ci il, doğulduğu yer Bakı şəhəri, ata qrafasında X8, ana qrafasında Ərizəçi, milliyyəti azərbaycanlı kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Ərizəçi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsnə əsasən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ərizəsində oğlu X4 doğum tarixinin səhv yazıldığını bildirərək ərizədə doğum tarixi xx.xx.1997-ci il deyil 09 08.1998-ci il kimi qeyd olunmasını xahiş etmişdir. Ərizəçi X13 məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, o, X9 ilə qeyri rəsmi nikahda olmuşdur. X9 xx.xx.2014-cü ildə Bakı şəhərində vəfat etmişdir. Bu münasibətdən onların 09 08.1998-ci ildə Elvin adlı oğlu dünyaya gəlmişdir. Belə ki, uşaq ev şəraitində anadan olmuş və xəstəxananın arayışı olmadığından uşağa doğum haqqında şəhadətnamə ala bilməmişdirlər. Uşağa doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin onlar tibbi şəhadətnamə olmadığı üçün doğum faktını qeyd etməkdən imtina etmişlər. Əvvəllər uşağının soyadı məktəbdə və tibbi qeydiyyatda atasının soyadı üstündə Həşimov yazılmış, indi isə öz soyadının uşağına verilməsini istəyir və ona görə də ərizədə Qafarov qeyd etmişdir. Odur ki, qeyd etdiklərinə əsasən məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər ərizəçi barəsində hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün təqdim edilən şəxs X21 məhkəmə iclasında bildirdi ki, xx.xx.1998-ci ildə anadan olmuşdur. Ərizəçi onun anasıdır. Anasının ikinci həyat yoldaşı X9 ilə qeyri-rəsmi nikahından doğulmuşdur. Anasını birinci nikahından bir bacı və bir qardaşı da vardır. 16 yaşı olanda atası X8 vəfat etmişdir. İki dayısı, bir əmisi, beş xalası, beş bibisi var. 206 saylı orta məktəbdə oxumuşdur və ərazi poliklinikada qeydiyyatda olmuşdur. 2007-ci ildə məktəbə getmiş, 7-ci sinifdə məktəbdən çıxmışdır. Ərazi poliklinikasında tibbi qeydiyyata düşərkən və məktəbdə oxuyarkən onun soyadı atasının soyadı ilə Həşimov kimi yazılmışdır. İndi isə ərizədə qeyd etdiyi kimi öz soyadının anasının soyadı kimi qeyd olunmasını istəyir. Hazırda sənədləri olmadığından işə qəbul ola bilmir. Anası ilə birlik də yaşayır, bacı və qardaşı isə ayrı yaşayırlar. Maraqlı şəxs nümayəndəsi X16 məhkəmə iclasında ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirdi. XXX Əbdülrza Məmməd oğlu ifadəsində göstərmişdir ki, o, ərizəçinin həyat yoldaşı ilə dost olmuş, həm də qonşudurlar. Səfahət ilə Cavid 1996-cı ildə ailə həyatı qurmuşlar. Onların evliliyindən 1998-ci ildə dəqiq vaxtı yadına düşmür, lakin yay aylarında uşaq ev şəraitində dünyaya gəlmişdir. Həmin hadisələrin şahidi olmuş, hətta qonşu olaraq ailəyə kömək məqsədi ilə evindən bəzi əşyaları gətirib onlara vermişdir. Uşağın adını Elvin qoymuşlar. Elvin məktəbə də getmiş, məktəbdə onun soyadı atasının soyadı ilə yazılmış, ancaq bildiyinə görə axıra qədər oxumamış, məktəbi yarımçıq tərk etmişdir. Elvinin anası X27 ilə ikinci dəfə ailə qurmuşdur. Cavid 1914-cü ildə xəstəlikdən rəhmətə getmişdir. Hazırda ərizəçi, ərizəçinin baldızı, oğlu Elvin ilə birlikdə yaşayırlar. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. O, 1994-cü ildə yaşadığı ünvana gəlin köçmüşdür. Ərizəçi Elvini 1998-ci ilin avqustunda ev şəraitində dünyaya gətirmişdir. Qaynanası doğuşa kömək etmişdir. Elvin 206 nömrəli orta məktəbdə onun oğlu ilə birlikdə oxumuşdur. 7-ci sinifə qədər məktəbə getmiş və sonra çıxmışdır. Hazırda ərizəçi oğlu ilə birlikdə qonşuluqda yaşayır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinin mahiyyətindən görünür ki, məhkəmə fiziki şəxslərin ərizəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlərə baxa bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Abşeron RİHB-nın Xırdalan şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 521 №-li arayışdan görünür ki, Ərizəçi Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev pr RPİ-də qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li arayışdan görünür ki, Ərizəçi xx.xx.1968-ci ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev pr 6, RPİ ünvanında qeydiyyatdadır. -Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ № 668666 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2014-cü ildə qaraciyər çatışmazlığı səbəbindən Bakı şəhərində vəfat etmişdir. -Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Təhsil İdarəsi 206 nömrəli tam orta məktəb tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 171 №-li məlumatdan görünür ki, X22 xx.xx.2007-ci ildə Bakı şəhəri H.İskəndərov adına 206 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. X22 xx.xx.2014-cü ildə 7-ci sinfi bitirmişdir. Uzun müddət təhsildən yayındığı üçün təkrar 8-ci sinifdə saxlanılmışdır. Uzun müddət dərsə gəlmədiyinə, üzürsüz səbəbdən təhsildən yayındığı üçün xx xxxx 2017-ci il tarixdə Pedaqoji Şuranın qərarı ilə şagird kontingentindən çıxarılmışdır. -Məhkəmənin sorğusuna əsasən Bakı şəhər Baş Səhiyyə İdarəsi 14 nömrəli Birləşmiş şəhər Xəstəxanası tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 276 №-li məktubdan görünür ki, X22 14 nömrəli BSX-da qeydiyyatdadır. 2020 avqust ayında böyüklər şöbəsinə keçirilib. Bu müddətdə xəstəliklə əlaqədar poliklinikaya müraciət etməyib. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yaşayan Ərizəçi ünvanladığı xx.xx.2020-ci il tarixli 05/Q- 578/15 №-li məktubundan görünür ki, X14 doğumun qeydiyyata alınması barədə ərizəçi X5 ərizəsinə baxılmış, doğum haqqında 103 formalı tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün doğumun qeydiyyata alınması imkan xaricində olduğundan, ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tibbi-bioloji ekspertizası təyin edilmiş və ekspert qarşısında iki sual qoyulmuşdur. Birinci sual- X2 Şəfayət Salman qızı tərəfindənmi doğulmuşdur?; İkinci sual- təqdim edilən şəxs X12 doğum tarixi iddia ərizəsində göstərilən tarixə uyğun gəlirmi? Birinci sual üzrə Məhkəmə Tbbi Ekspertiza və X6 –biologiya şöbəsinin rəisi Elşən Məmmədovun məhkəməyə daxil olmuş 9/212 saylı xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, birinci sual üzrə ekspertizanın keçirilməsi üçün hər iki valideyin iştirak etməlidir. Lakin uşağın atası X9 şöbəyə gəlməsi mümkün olmadığından ekspertizanın keçirilməsi baş tutmamışdır. Rəy verilməsi üçün hər iki valideynin iştirakı mütləqdir. Məhkəmə tibbi-bioloji ekspertizası üzrə alınmış xx.xx.2020-ci il tarixli 552 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, X12 məhkəmə tibbi ekspertizasına, ilkin məlumatı nəzərə alıb və qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakə nəticəyə gəlinir. 1.X12 müəyyən edilmiş sümük yaşı 21-22 ilə uyğun gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ikinci sual üzrə ekspert rəyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə X9 ilə qeyrirəsmi ər-arvad münasibətində yaşamış və həmin münasibətindən 09 08.1998-ci il təvəllüdlü Elvin adlı uşaqları dünyaya gəlmişdir. Uşaq ev şəraitində dünyaya gəldiyi üçün ona doğum haqqında şəhadətnamə verilməsindən Maraqlı şəxs imtina etmişdir. Hazırda Ərizəçi, xx.xx.1998-ci il tarixdə cinsi oğlan olan uşağın doğulmasına dair doğumun qeyd edilmə faktının müəyyən edilməsi və yeni doğum haqqında şəhadətnamə verilməsi, doğum haqqında şəhadətnamədə uşağın soyadı anasının soyadına uyğun Qafarov, adı Elvin, atasının adı Cavid, doğum tarixi xx.xx.1998-ci il, doğulduğu yer Bakı şəhəri, ata qrafasında X8, ana qrafasında Ərizəçi, milliyyəti azərbaycanlı kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı, məhkəmə iclasında dindirilmiş şahid ifadəsinin bir-birinə uyğunluğu və tamamlaması, ekspert rəyi və iş materiallarında olan səndlərin tədqiqi bir daha, Ərizəçi 09 08.1998-ci il tarixdə Xırdalan şəhərində bir oğlan uşağı dünyaya gətirməsi faktını təsdiqləyir. Həmçinin o da müəyyən edilmişdir ki, hal-hazırda həmin uşaq sağlamdır və odur ki, uşağın doğum faktının müəyyən edilməsi zəruridir. Eyni zamanda məhkəmənin sorğusuna əsasən 206 nömrəli tam orta məktəb və 14 saylı Birləşmiş şəhər xəstəxanasının məhkəməyə cavab məktubunda X1 Həşimov yazılmışdır. Məhkəmə qeyd edir ki, ərizəçilərin izahatından, şahidlərin ifadəsindən görünür ki, X21 tibbi qeydiyyatdan keçərkən və məktəbdə oxuyarkən onun soyadı atasının soyadına uyğun yazılmışdır. Hazırda isə ərizəçilər Elvinin soyadının Qafarov yazılmasını ərizədə göstərmişlər ki, bu isə qanunvericiliyin tələblərinə zidd deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda muəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş X3 Dövlət Qeydiyyatı Qaydasının 2.1-ci bəndinin tələbinə əsasən, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərinin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat orqanı və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Həmin qaydanın 2.5.4. və 2.6-cı bəndlərinin tələbinə görə, doğumun qeydə alınması üçün digər sənədlərlə və ya uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuşa kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməli və qaydaların 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158-ci maddəsinə əsasən X3 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız şəxslərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X12 xx.xx.1998-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulması faktı müəyyən edilməli, doğum aktı qeydə alınarkən uşağın soyadı anasının soyadına uyğun Qafarov, adı Elvin, atasının adı Cavid, doğum tarixi xx.xx.1998-ci il, doğulduğu yer Bakı şəhəri, ata qrafasında X10, ana qrafasında Ərizəçi, milliyyəti “azərbaycanlı” qeyd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X12 09 08.1998-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulması faktı müəyyən edilsin. Doğum aktı qeydə alınarkən uşağın soyadı anasının soyadına uyğun Qafarov, adı Elvin, atasının adı Cavid, doğum tarixi xx.xx.1998-ci il, doğulduğu yer Bakı şəhəri, ata qrafasında X10, ana qrafasında Ərizəçi, milliyyəti “azərbaycanlı” qeyd edilsin. Qətnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X3 qeydiyyatı kitabında doğumun qeydə alınması və doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver