Məhkəmə qərarları › İş №2(012)-2826/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2826/2025

08.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2826/2025 08.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İlk iddia üzrə Cavabdeh1 MTK-nin vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, "xxxx" Firmasının Cavabdeh1 MTK və Cavabdeh1 MMC-yə qarşı öhdəliyin qoyulması, köməkçi yoldan istifadə edilməsinin qadağan olunması və duracaqdan istifadəyə son qoyulması barədə ilkin, Cavabdeh1 MTK-nın "xxxx" Firmasına qarşı qanunsuz inşa edilmiş obyektin sökülməsi barədə qarşılıqlı iddialarına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" Firması Cavabdeh1 MTK və Cavabdeh1 MMC-yə qarşı öhdəliyin qoyulması, köməkçi yoldan istifadə edilməsinin qadağan olunması və duracaqdan istifadəyə son qoyulması barədə iddia qaldıraraq, Abşeron rayonıı, Xırdalan şəhəri, H.Əliyev prospekti 1766 ünvanında Cavabdeh2 MTK və Cavabdeh2 MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin həyətinə giriş-çıxış yolu qismində təsdiq olunmuş layihə üzrə ümumi yoldan istifadə olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1766 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin həyətinə giriş-çıxış yolu qismində arxa (köməkçi) yolundan istifadə olunmasının qadağan edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1766 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin arxasında yerləşən sahədən avtomobillər üçün duracaq meydançası (parkinq) qismində cavabdehlər tərəfindən qanunsuz istifadə edilməsinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında Cavabdeh1 MTK "xxxx" Firmasına qarşı qanunsuz inşa edilmiş obyektin sökülməsi barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, “ABC- İnşaat" MTK və “ABC-İnşaat" MMC-nin mülkiyyətində olan, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1766 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin arxasında yerləşən avtomobillər üçün duracaq meydançasına gedən yolda qanunsuz inşa edilmiş hasarın və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1766 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin həyətinə girən yolda qanunsuz qoyulmuş şlaqbaumun öz vəsaiti hesabına sökülməsi öhdəliyinin “Nofəl- LM" Firmasının üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh1 MTK-nın vəkili-nümayəndəsi Vəkil ilkin iddiaya etiraz edərək, qarşılıqlı iddianı müdafiə etdi. O qeyd etdi ki, hazırki mübahisə kommersiya xarakterlidir və işin müvafiq kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmir. İş üzrə digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə mülki işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" Firmasının Cavabdeh1 MTK və Cavabdeh1 MMC-yə qarşı öhdəliyin qoyulması, köməkçi yoldan istifadə edilməsinin qadağan olunması və duracaqdan istifadəyə son qoyulması barədə ilkin, Cavabdeh1 MTK-nın "xxxx" Firmasına qarşı qanunsuz inşa edilmiş hasarın sökülməsi barədə qarşılıqlı iddialarına dair 2(012)-2826/2025 nömrəli mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 14-cü bəndinə görə əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İşdən görünür ki, hazırki mübahisə hüquqi şəxslər arasında onların sahibkarlıq fəaliyyəti ilə bağlıdır və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1766 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində yerləşən duracaqda quraşdırılmış şlaqbaumun sökülməsi, habelə oraya gedən yolun bağlanması ilə bağlıdır. Belə olan halda isə məhkəmə hesab edir ki, bu mübahisə kommersiya xarakterlidir və sökülməsi xahiş edilən obyekt Abşeron rayonunun ərazisində yerləşdiyindən mübahisəyə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" Firmasının Cavabdeh1 MTK və Cavabdeh1 MMC-yə qarşı öhdəliyin qoyulması, köməkçi yoldan istifadə edilməsinin qadağan olunması və duracaqdan istifadəyə son qoyulması barədə ilkin, Cavabdeh1 MTK-nın "xxxx" Firmasına qarşı qanunsuz inşa edilmiş obyektin sökülməsi barədə qarşılıqlı iddialarına dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver