Məhkəmə qərarları › İş №2(012)-2987/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2987/2022

21.06.2022 · Müqavilələrin ləğv edilməsi - Sair işlər - Mənzil mübahisələri - Digər - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2987/2022 21.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı tərəflər arasında bağlanmış payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 21 iyun 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı tərəflər arasında bağlanmış payçı, müqavilələrinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK (hazırda QSC) ilə Cavabdeh arasında bağlanılmış 15 avqust 2018-ci il tarixdə ********* saylı Payçı müqaviləsinin ləğv edilməsi, Cavabdeh Abşeron rayonu, Xırdalan şəh., H.Əliyev prospekti 11-də inşa edilən 11 saylı binanın, 48.9 kv metrdən ibarət olan 1 otaqlı 20 saylı mənzilindən çıxarılması və həmin mənzilin boşaldılaraq, İddiaçı QSC-yə təhvıl verilməsi, həmin mənzil satıldıqdan sonra cavabdehin ödədiyi 44 611 (qırx dörd min altı yüz on bir) manat məbləğ vəsaitdən, onun MTK-ya ödəməli olduğu 6113 (altı min yüz on üç) manat cərimə məbləği çıxılmaqla, yerdə qalan 20 000 pul vəsaitinin cavabdehə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK (hazırda QSC) ilə Cavabdeh arasında 15 avqust 2018-ci il tarixdə ********* saylı Payçı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh Abşeron rayonu, Xırdalan şəh., H.Əliyev prospekti 11-də inşa edilən 11 saylı binanın,48.9 kv metrdən ibarət olan 1 otaqlı 20 saylı mənzil 71218 (yetmiş bir min iki yüz on altı) manata satılmışdır. Qeyd olunan müqavilənin 2.3-cü bəndinə əsasən həmin mənzilin satışı üzrə ilkin ödəniş məbləği olan 16 000 (on altı min) manat pul vəsaiti cavabdeh tərəfindən QSC-yə qabaqcadan ödənilmiş, qalan 55 218 (əlli beş min iki yüz on səkkiz) manatı isə cavabdeh müqaviləyə əlavə edilən 1 nömrəli cədvəl üzrə, hər ay üçün 920.30 (doqquz yüz iyirmi) manat olmaqla, 60 ay müddətinə ödəməyi üzərinə götürmüşdür. Cavabdeh cədvəl üzrə öhdəliklərini qismən icra edərək QSC-yə ümumilikdə cəmi 44 611 (qırx dörd min altı yüz on bir) manat ödəniş etmiş, lakin xx.xx.2020-ci il tarixdən, 18 aprel 2022-ci ilədək olan dövr üzrə, yəni 21 ay müddətində ödənişləri həyata keçirməmişdir. Bununla da, cavabdehin QSC-yə cədvəllə müəyyənləşdirilmiş aylar üzrə 18 077 (on səkkiz min yetmiş yeddi) manat borcu yaranmışdır. Tərəflər arasında bağlanılmış 15 avqust 2018-ci il tarixdə ********* saylı Payçı müqaviləsinin 8.7-ci bəndinə əsasən payçı cədvəl üzrə ödənişləri gecikdirərsə, hər günə görə gecikdirdiyi məbləğin 0,1 faizi həcmində cərimə ödəməlidir. Payçı aylıq ödənişləri 12 ay müddətinə gecikdirdiyinə görə onun QSC-yə 6113 (altı min yüz on üç) manat cərimə borcu yaranmışdır. Həmin müqavilənin 8.1-ci maddəsinə əsasən cədvəl üzrə ödənişlərin iki aydan artıq müddətə gecikdirildiyi halda QSC müqaviləni birtərəfli qaydada ləğv etmək və mənzili digər şəxsə satmaq hüququna malikdir. Belə olan halda, geri alınmış mənzil digər şəxsə satıldıqdan sonra payçının mənzilə görə QSC-yə ödədiyi məbləğdən cərimə məbləğləri və digər xərclər çıxıldıqdan sonra yerdə qalan məbləğ ona qaytarılır. Müqavilənin 8.6-cı bəndinə görə isə payçı cədvəl üzrə ödənişləri 2 aydan artıq müddətə ödəmədikdə, payçı müqaviləsinin prdemeti olan mənzil QSC-nin balansına keçir və bu halda payçı şərtsiz olaraq mənzili boşaltmalıdır. Cavabdeh cədvəl üzrə ödənişləri 12 ay müddətinə gecikdirmiş, bununla da QSC-yə 18 077 (on səkkiz min yetmiş yeddi) manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsi ilə əlaqədar hesablanan cərimə məbləği isə 6113 (altı min yüz on üç) manatdır. İddiaçı MTK (hazırda QSC) Cavabdeh öhdəliklərini icra etməsi barədə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, o, borcu ödəmək imkanının olmadığını bildirmişdir. Bundan sonra cavabdehə bildiriş göndərilərək, Payçı müqaviləsinin xx.xx.2022-ci il tarixdən etibarən birtərəfli qaydada ləğv edildiyi bildirilmiş və mənzilin boşaldılaraq QSC-yə təhvil verilməsi tələb edilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzili boşaltmaqdan və təhvil verməkdən imtina etmişdir. Bununla da cavabdeh müqavilə şərtlərini icra etməmişdir. Buna görə də tərəflər arasında bağlanılmış payçı müqaviləsi məhkəmə qaydasında ləğv edilməli və mənzil boşaldılaraq QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi. Qeyd etdi ki, may ayında ödəniş etmişdir. Bundan əvvəl də ödənişləri olub, lakin borcu qalmışdır. Hər dəfə ödəniş etsə də, borcu qalmaqda davam edir. Ödəniş etməkdə davam edir, ödəniş etməkdən yayınmır. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış 15 avqust 2018-ci il tarixli ********* nömrəli payçı müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, MTK pay qismində çıxış edən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 11-də tikilmiş olan 11-ci binada, 1-ci blok, 4-cü mərtəbə, sahəsi 48,9 kv.m, 20 №-li, 1 otaqlı mənzili tikib payçının mülkiyyətinə verməyi, sonuncu isə müqavilə ilə nəzərdə tutulmuş mənzilin ümumi dəyəri olan 71.218 manat məbləğində pul vəsaitini olan İddiaçı Mənzil Tikinti Kooperativinə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 8.1-ci maddəsinə əsasən cədvəl üzrə ödənişlərin iki aydan artıq müddətə gecikdirildiyi halda QSC müqaviləni birtərəfli qaydada ləğv etmək və mənzili digər şəxsə satmaq hüququna malikdir. Müqavilənin 8.6-cı bəndinə görə isə payçı cədvəl üzrə ödənişləri 2 aydan artıq müddətə ödəmədikdə, payçı müqaviləsinin prdemeti olan mənzil QSC-nin balansına keçir və bu halda payçı şərtsiz olaraq mənzili boşaltmalıdır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 165 nömrəli arayışdan görünür ki, xx.xx.2018-ci il tarixində İddiaçı MTK ilə Cavabdeh arasında ********* saylı “Payçı” müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Abşeron Rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11 ünvanında inşa edilmiş 11-ci bina 20 saylı mənzil daxili kredit şərtlərinə uyğun ilə ona satılmışdır. Cavabdeh mənzilə görə xx.xx.2018-ci il tarixində 16 000 AZN ilkin ödəniş, xx.xx.2020-ci il tarixinədək isə aylar üzrə 920,30 AZN olmaqla cəmi 28 611 AZN ödəniş etmişdir. “Payçı”nın ümumilikdə ödədiyi məbləğ 44 611 AZN təşkil edir. Lakin həmin məbləği bu günə qədər ödəməkdən imtina etmişdir. Cavabdeh İddiaçı MTK-nın Xırdalan filialına aylar üzrə gecikdirmiş məbləği 11 964 AZN təşkil edir, “Payçı” həmin məbləği ödəməkdən imtina etmişdir. Bu səbəbdən müqavilə öhdəliyinə uyğun olaraq xx.xx.2021-ci il tarixinədək Cavabdeh 6113 AZN cərimə hesablanmışdır. Müqavilə öhdəliyinə uyğun olaraq “Payçı” Cavabdeh qızma qaytarılmalı olan məbləğ 20000 AZN təşkil edir. İş materiallarında olan xx.xx.20222-ci il tarixli bildirişdən görünür ki, cədvəl üzrə 18077 manat borcunu qısa bir zamanda ödəmədiyi təqdirdə müqavilə şərtlərini uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunan qəbzlərdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 2001 manat, xx.xx.2022-ci il tarixdə 1001 manat ödəniş etmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı Kristal Abşeron” MTK (hazırda QSC) ilə Cavabdeh arasında 15 avqust 2018-ci il tarixdə ********* saylı Payçı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh Abşeron rayonu, Xırdalan şəh., H.Əliyev prospekti 11-də inşa edilən 11 saylı binanın,48.9 kv metrdən ibarət olan 1 otaqlı 20 saylı mənzil 71218 (yetmiş bir min iki yüz on altı) manata satılmışdır. Qeyd olunan müqavilənin 2.3-cü bəndinə əsasən həmin mənzilin satışı üzrə ilkin ödəniş məbləği olan 16 000 (on altı min) manat pul vəsaiti cavabdeh tərəfindən QSCyə qabaqcadan ödənilmiş, qalan 55 218 (əlli beş min iki yüz on səkkiz) manatı isə cavabdeh müqaviləyə əlavə edilən 1 nömrəli cədvəl üzrə, hər ay üçün 920.30 (doqquz yüz iyirmi) manat olmaqla, 60 ay müddətinə ödəməyi üzərinə götürmüşdür. Cavabdeh cədvəl üzrə öhdəliklərini qismən icra edərək QSC-yə ümumilikdə cəmi 44 611 (qırx dörd min altı yüz on bir) manat ödəniş etmiş, lakin xx.xx.2020-ci il tarixdən, 18 aprel 2022-ci ilədək olan dövr üzrə, yəni 21 ay müddətində ödənişləri həyata keçirməmişdir. Bununla da cavabdehin QSC-yə cədvəllə müəyyənləşdirilmiş aylar üzrə 18 077 (on səkkiz min yetmiş yeddi) manat borcu yaranmışdır. Tərəflər arasında bağlanılmış 15 avqust 2018-ci il tarixdə ********* saylı Payçı müqaviləsinin 8.7-ci bəndinə əsasən payçı cədvəl üzrə ödənişləri gecikdirərsə, hər günə görə gecikdirdiyi məbləğin 0,1 faizi həcmində cərimə ödəməlidir. Payçı aylıq ödənişləri 12 ay müddətinə gecikdirdiyinə görə onun QSC-yə 6113 (altı min yüz on üç) manat cərimə borcu yaranmışdır. Həmçinin, müəyyən edilmişdir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edəndən sonra cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 2001 manat, xx.xx.2022-ci il tarixdə 1001 manat ödəniş edilmiş, lakin hal-hazırda iddia ərizəsində göstərilən borcdan göründüyü kimi təxminən 9000 manat ödənilməmiş borc qalmışdır. İddiaçı MTK (hazırda QSC) Cavabdeh öhdəliklərini icra etməsi barədə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, o, borcu ödəmək imkanının olmadığını bildirmişdir. Bundan sonra cavabdehə bildiriş göndərilərək, Payçı müqaviləsinin xx.xx.2022-ci il tarixdən etibarən birtərəfli qaydada ləğv edildiyi bildirilmiş və mənzilin boşaldılaraq QSC-yə təhvil verilməsi tələb edilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzili boşaltmaqdan və təhvil verməkdən imtina etmişdir. Bununla da cavabdeh müqavilə şərtlərini icra etməmişdir. İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı tərəflər arasında bağlanmış payçı, müqavilələrinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK (hazırda QSC) ilə Cavabdeh arasında bağlanılmış 15 avqust 2018-ci il tarixdə ********* saylı Payçı müqaviləsinin ləğv edilməsi, Cavabdeh Abşeron rayonu, Xırdalan şəh., H.Əliyev prospekti 11-də inşa edilən 11 saylı binanın, 48.9 kv metrdən ibarət olan 1 otaqlı 20 saylı mənzilindən çıxarılması və həmin mənzilin boşaldılaraq, İddiaçı QSC-yə təhvıl verilməsi, həmin mənzil satıldıqdan sonra cavabdehin ödədiyi 44 611 (qırx dörd min altı yüz on bir) manat məbləğ vəsaitdən, onun MTK-ya ödəməli olduğu 6113 (altı min yüz on üç) manat cərimə məbləği çıxılmaqla, yerdə qalan 20 000 pul vəsaitinin cavabdehə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, cavabdeh payçı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, mənzilin müəyyən edilmiş qalıq məbləğini müqavilədə (1 saylı əlavə) nəzərdə tutulmuş müddətlərdə və məbləğlərdə ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehə qeyd edilən bildiriş göndərilərək, 15 avqust 2018-ci il tarixli payçı müqaviləsinin tələbləri onun nəzərinə çatdırılmış və müqavilə üzrə gecikdirilmiş müddət, habelə müqavilənin ləğv edilməsi barədə ona məlumat verilməklə, mənzilin 3 gün ərzində boşaldılması tələb edilmişdir. Lakin bu bir nəticə verməmiş, cavabdeh bundan sonra da ödənişlərin edilməsi ilə bağlı iddiaçı ilə razılıq əldə edə bilməmiş, o cümlədən həm ödəniş etməmiş, həm də mənzildən çıxmamışdır. Bununla belə, məhkəmə iddiaçı tərəfindən Mülki Məcəllənin bu məsələni tənzimləyən müddəalarının tələblərinə riayət edildiyini nəzərə alıb hesab edir ki,iddia tələbi "müqavilənin ləğv edilməsi” hissəsində əsaslıdır və təmin edilməli, tərəflər arasında bağlanmış 15 avqust 2018-ci il tarixdə ********* saylı Payçı müqaviləsi ləğv edilməlidir. Məhkəmə onu da qeyd edir ki, məhz həmin müqavilənin bağlanması cavabdehin mübahisəli mənzilə köçməsi və həmin mənzildə yaşaması üçün əsas olmuşdur. Lakin bu müqavilənin ləğv edilməsi ilə cavabdeh mənzildə yaşaması üçün mövcud olan hüquqi əsas aradan qalxdıından iddia tələbi cavabdehin mənzildən çıxarılması və mənzilin təhvil verilməsi hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, cavabdeh mübahisəli mənzildən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, iddia tələbinin "cərimə borcunun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, 15 avqust 2018-ci il tarixdə ********* saylı Payçı müqavilə üzrə iddiaçı ilə cavabdeh arasında həmçinin, cərimə məbləğinin ödənilməsi haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cədvəl üzrə ödənişləri gecikdirdiyi təqdirdə, gecikdirilmiş məbləğin hər gününə görə 0,1 faiz həcmində cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) həmin müqavilənin 8.7-ci bəndində öz əksini tapmışdır. Hazırda da iddiaçı müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımı qaydada icra edilməməsi səbəbindən yaranmış borc məbləğinə cərimənin hesablandığını və hesablanmış məbləğin 6113 manat olduğunu bildirərək, hüquqi nəticə etibarı ilə bu məbləğin cavabdehdən tutulmasını tələb edir. Məhkəmə, işin hallarını, o cümlədən 15 avqust 2018-ci il tarixdə ********* saylı Payçı müqaviləsi üzrə ümumilikdə ödənilən məbləği nəzərə alıb, belə qənaətə gəlir ki, "Kristal Abşeron” MTK tərəfindən tənasübsüz surətdə yüksək cərimə məbləği hesablanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, tələb edilən cərimə məbləği azaldılmalı və 2000 manat məbləğində müəyyən edilməli, məhz bu məbləğdə cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iddia tələbinin "mənzil satıldıqdan sonra ödənilmiş pul vəsaitindən cərimə məbləği silinməklə qalan məbləğin cavabdehə qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, bu tələbi irəli sürməklə iddiaçı nəticə etibarı ilə ondan cavabdehin xeyrinə pulun tutulmasını tələb edir. Halbuki, belə bir tələbin irəli sürülməsi üçün subyektiv hüquq sahibi iddiaçı deyil, məhz cavabdehdir. O, isə belə bir tələb irəli sürməmişdir. Həmçinin, hazırda bu məsələ ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur . Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci maddəsinə əsasən həmin müqavilə ləğv edildikdən sonra iddiaçının mənzili digər şəxsə satmaq hüququ, mənzili satıldıqdan sonra isə əldə edilmiş vəsaitdən xərcləri çıxmaqla qalan məbləğin cavabdehə qaytarılması vəzifəsi yaranır. Bununla belə, cavabdeh mübahisəli mənzildən çıxarıldıqdan və mənzil iddiaçıya təhvil verildikdən sonra iddiaçı mənzilin satılmasında sərbəst olacaq və hər bir halda müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əsasən mənzil satıldıqdan sonra cavabdehlə hesablaşmağa (haqq-hesab aparmağa) məcbur olacaqdır. Tərəflər arasında bu məsələ ilə bağlı mübahisənin də mənzil satıldıqdan və ya cavabdehin mənzildən çıxarılmasından sonra yaranması mümkündür. Başqa sözlə, hazırda bu məsələ ilə bağlı tərəflər arasında hər hansı mübahisə mövcud deyil, mövcud olduğu halda belə, bu tələbin irəli sürülməsi üçün iddiaçı deyil, cavabdeh subyektiv hüquqa malikdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ilk iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, iddiaçı "Kristal Abşeron” MTK ilə cavabdeh arasında bağlanan 15 avqust 2018-ci il tarixli ********* saylı Payçı müqaviləsi ləğv edilməli, Cavabdeh Abşeron rayonu, Xırdalan şəh., H.Əliyev prospekti 11-də inşa edilən 11 saylı binanın, 48.9 kv metrdən ibarət olan 1 otaqlı 20 saylı mənzilindən çıxarılmalı və həmin mənzilin boşaldılaraq, İddiaçı QSC-yə təhvıl verilməli, Cavabdeh iddiaçı "Kristal Abşeron” MTK-nın xeyrinə 2000 manat məbləğində cərimə borcu tutulmalı,iddia qalan hissədə rədd edilməlidir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100manat rüsumun 80 manat hissəsi cavabdedən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış 15 avqust 2018-ci il tarixli ********* nömrəli payçı müqaviləsi ləğv edilsin. Cavabdeh Səidi X1 rayonu, Xırdalan şəh., H.Əliyev prospekti 11-də inşa edilən 11 saylı binanın, 48.9 kv metrdən ibarət olan 1 otaqlı 20 saylı mənzilindən çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçı Mənzil Tikinti Kooperativinə təhvil verilsin. Cavabdeh iddiaçı "Kristal Abşeron” MTK-nın xeyrinə 2000 manat məbləğində cərimə borcu və 80 manat rüsuma görə pul tutulub verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver