Məhkəmə qərarları › İş №2(012)-299/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-299/2022

18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Kredit müqaviləsi üzrə mübahisələr - Mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-299/2022 18.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və mənzilin boşaldılması” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin «Xətai» filialı ilə Cavabdeh1 arasında bağlanmış 20.02.2020-ci il tarixli, XDEN-00003-15/20A saylı kredit müqaviləsinin, ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 08.07.2021-ci il tarixinə olan 32658,34 manat əsas borc, 9132,44 manat faiz borcu, 9170,66 manat dəbbə borcu, ümumilikdə 50961,44 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqı və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh1 Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh2 ilə bağlanan 20.02.2020-ci il tarixli, XDENG-00003-15/20A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət üzrə Cavabdeh2 məxsus olan ünvan 1, döngə 16, 6 saylı evinə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 Bank "xxxx" ASC-nin xeyrinə tutulması və fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmədə izahatında bildirdi ki, iddiaçı Bank "xxxx" ASC-nin «Xətai» filialı ilə Cavabdeh1 arasında 20.02.2020-ci il tarixli XDEN-00003-15/20A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 34000 manat məbləğində krediti illik 23 faizlə 36 ay müddətinə Cavabdeh1 mülkiyyətinə vermiş, Cavabdeh1 isə həmin kreditdən şəxsi istifadə məqsədi ilə istifadə etməyi və krediti 20 fevral 2023-cü il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı qismində Cavabdeh2 20.02.2020-ci il tarixdə iddiaçıyla XDENG-00003-15/20A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 1, döngə 16, 6 saylı evi 20.02.2020-ci il tarixli XDEN-00003-15/20A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-nin «Xətai» filialı ilə Cavabdeh1 arasında bağlanmış 20.02.2020-ci il tarixli XDENG-00003-15/20A saylı ipoteka müqaviləsinə Bank "xxxx" ASC-də ipotekaya qoymuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında 20.02.2020-ci il tarixində XDEN-00003-15/20A saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 34000 manat illik 20 faizə 36 ay müddətinə kredit verilmişdir. Ayrılmış kredit borcuna əsasən Cavabdeh1 iddiaçı tərəfə ümumilikdə ayrı-ayrı vaxtlarda 3113 manat ödəniş etmişdir. Kreditin təminatı qismində o, 20 fevral 2020-ci il tarixdə iddiaçıyla XDENG-00003-15/20A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 1, döngə 16, ev 6 saylı fərdi yaşayış evini Bank "xxxx" ASC-yə ipotekaya qoymuşdur. Lakin iddiaçı tərəf 08.07.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcun məbləğini 32658,34 manat, faizlərin məbləğini 9132,44 manat dəbbə borcun 9170,66 manat göstərməklə dəbbə borcu həddindən artıq hesablanmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 20.02.2020-ci il tarixli XDEN-00003-15/20A saylı kredit müqaviləsindən görünür ki, Bank "xxxx" ASC-nin «Xətai» filialı ilə Cavabdeh1 arasında bağlanmış bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 34000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. İş materiallarında olan 20.02.2020-ci il tarixli, XDENG-00003-15/20A saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, 20.02.2020-ci il tarixli XDEN-00003-15/20A saylı kredit müqaviləsinin təminatı qismində Cavabdeh2 ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 1, döngə 16, 6 saylı evi ipotekaya qoymuşdur. İş materiallarında olan 08.07.2021-ci il tarixli arayışdan görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 20.02.2020-ci il tarixli XDEN-00003-15/20A saylı kredit müqaviləsinə əsasən 08.07.2021-ci il tarixə borcu Cavabdeh1 banka 32658,34 manat əsas borc, 9132,44 manat faiz borcu, 9170,66 manat dəbbə borcu, ümumilikdə 50961,44 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliiyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2022-ci il tarixli, 9/151 saylı rəyindən görünür ki, 20.02.2020-ci il tarixli XDEN- 00003-15/20A saylı kredit müqaviləsi üzrə 08.07.2021-ci il tarixinə Cavabdeh1 "xxxx" ASC-yə olan əsas borcu 32818,64 manat, faiz borcu isə 9036,98 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 13.12.2021-ci il tarixli, 351/E №-li ekspert rəyindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, 83,5 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar dəyərinə uyğun 65000 manat likvid qiymətinin dəyəri 55000 manat müəyyən edilir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 20.02.2020-ci il tarixli XDEN-00003-15/20A saylı kredit müqaviləsi və 20.02.2020-ci il tarixli, XDENG-00003-15/20A saylı sonrakı ipoteka müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyil. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron rayon Məhkəməsinin 2(012)-4958/2021 saylı, 28.09.2021-ci il tarixli qərardadları ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliiyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2022-ci il tarixli, 9/151 saylı rəyindən görünür ki, 20.02.2020-ci il tarixli XDEN-00003-15/20A saylı kredit müqaviləsi üzrə 08.07.2021-ci il tarixinə Cavabdeh1 "xxxx" ASC-yə olan əsas borcu 32818,64 manat, faiz borcu isə 9036,98 manat təşkil edir. "xxxx" MMC-nin 13.12.2021-ci il tarixli, 351/E №-li ekspert rəyindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, 83,5 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar dəyərinə uyğun 65000 manat likvid qiymətinin dəyəri 55000 manat müəyyən edilir. Ekspertiza rəyində müəyyən edilmiş əsas borc İddia ərizəsində tələb olunan əsas borcdan artıq olduğundan, tələbin artırılması ilə bağlı ərizə verilmədiyindən məhkəmə hesab edir ki,əsasə borca münasibətdə iddia ərizəsində göstərilən məbləğ əsasında,faiz borca münasibətdə isə ekspertiza rəyində göstərilən məbləğ əsasında iddia qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 20.02.2020-ci il tarixli XDEN-00003-15/20A saylı kredit müqaviləsi üzrə Cavabdeh1 (borcalan) üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini, ona hesablanmış faizləri və cəriməni kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün çavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, hesablanmış 9170,66 manat məbləğində cərimə pulu cavadehin onsuzda ağır olan maddi durumunu daha da ağırlaşdıra bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 200 manat məbləğində olmalıdır. Məhkəmə Cavabdeh1 kredit ödənişlərini ardıcıl olaraq uzun müddət ödəməməsini müqavilənin əhəmiyyətli pozuntusu kimi qiymətləndirir və Mülki Məcəllənin 421-ci maddəsinin tələbləri baxımından iddiaçının müqavilənin vaxtından əvvəl ləğv edilməsi tələbini qanuni sayır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, bağlanılmış 20.02.2020-ci il tarixli XDEN- 00003-15/20A saylı kredit müqaviləsi ləğv olunmalıdır. Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, "xxxx" ASC-nin Cavabdeh2 məxsus olan ünvan 1, döngə 16, 6 saylı evə yönəldilməsi tələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələblərinə əsasən, Cavabdeh2 məxsus olan ünvan 1, döngə 16, 6 saylı evə tutma yönəldikdə və o satıldıqdan sonra həmin ev boşaldılmalı və Banka təhvil verilməlidir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bundan başqa iş materiallarında "xxxx" MMC-nin 13.12.2021-ci il tarixli, 351/E №-li ekspert rəyində Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, 83,5 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid qiymətinin dəyəri 55000 manat müəyyən edildiyindən, məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti 55000 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması hissəsində hesab edir ki, iddia bu hissədə də konkret olmadığından və bu barədə mötəbər sübutlar təqdim edilmədiyindən təmin oluna bilməz. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin iddia qaldırılması üçün ödədiyi 30 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqı və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış 20.02.2020-ci il tarixli XDEN-00003- 15/20A saylı kredit müqaviləsi ləğv edilsin. Həmin kredit müqaviləsindən irəli gələn 08.07.2021-ci il tarixinə olan 32658,34 manat əsas borc, 9036,98 manat faiz borcu, 200 manat dəbbə borcu, ümumilikdə 41895,32 manat məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqı və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Cavabdeh2 ilə bağlanılan 20.02.2020-ci il tarixli, XDENG-00003-15/20A saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 1, döngə 16, 6 saylı evə tutma yönəldilsin, açıq hərracda satılsın, həmin ipoteka ilə təmin edilmiş kredit borcu ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilsin və ipoteka ilə yüklü edilmiş əmlakın likvid qiyməti 55000 manat məbləğində müəyyən edilsin. Cavabdeh2 məxsus olan ünvan 1, döngə 16, 6 saylı ev boşaldılsın. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver