Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3226/2022 12.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi və sair tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı iş zamanı baş vermiş bədbəxt hadisə faktının müəyyən edilməsi, bu barədə İZ formalı aktın tərtib edilməsi, sağlamlığın pozulmasına görə dəymiş 40000 manat maddi, 10000 manat mənəvi zərərin əvəzinin ödənilməsi və işdən azad olunması barədə verilmiş ərizənin etibarsız hesab olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, hazırki tələb əmək müqaviləsi üzrə yaranmış mübahisələrə aiddir. Bu kateqoriyadan olan mübahisələr üzrə isə iddiaçının ilk öncə mediasiya prosesindən keçməsi qanunvericiliyin imperativ normasıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.3-cü maddəsinə görə əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq olunur. Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eləcə də, iş materiallarından görünür ki, iddia ərizəsində göstərilən tələblər bir-biri ilə bağlı deyildir, müxtəlif tələblərdir. Belə ki, ərizədəki tələblərin üçü iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində dəymiş zərər, axırıncı tələb isə işdən azad olunma haqqında ərizənin etibarsızlığı barədədir. Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsinə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi və sair tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3226/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3226/2022
12.05.2022 · Sair işlər - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver