Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3232/2022 14.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin boşaldılması tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə 14 noyabr 2022-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 saylı Notariat Kontorunda xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ № ******* saylı, 4Ə-1275 reyestr nömrəli Alqı-satqı Müqaviləsi ilə əldə etdiyi və daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq Çıxarış verilmiş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin, iddia tələbləri üzrə Cavabdeh və onunla bağlı olan üçüncü şəxslərin qanunsuz sahibliyindən geri alınması, evin cavabdehə məxsus əşyalardan boşaldılaraq ona təhvil verilməsi, cavabdehdən 1050 (bir min əlli) manat məbləğində dəbbə pulunun və 130.5 (yüz otuz manat əlli qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Kərimov X1 Məlahət Şirəli qızına qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə İddiaçı ona qarşı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin onun qanunsuz sahibliyindən geri alınması, həmin fərdi yaşayış evinin boşaldılaraq İddiaçı təhvil verilməsi və ondan 1050 manat dəbbə pulunun və 130,5 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə ilkin iddiasının təmin edilməməsi, 14 saylı Notariat Kontorunda xx.xx.2020-ci il tarixdə 4Ə-1275 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında ünvan 2 ünvanındakı fərdi yaşayış evinə İddiaçı adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ilk iddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı, mənzil almaq məqsədilə uzun illər ərzində vəsait toplamışdır. Almaq istədiyi əslində yeni tikililərdən olan mənzil olsa da, sonda hal-hazırki iddia tələbləri üzrə Cavabdeh məxsus olmuş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini almaq qərarına gəlmişdir. Cavabdeh ona evi satmaq niyyətində olduğunu, lakin, onun satış şərtlərinin bir qədər fərqli olduğunu evi satdıqdan sonra bir il müddətində həmin evdə qalacağını, bu müddət ərzində özünə başqa ev aldıqdan sonra evi boşaltmaq istədiyini bildirmişdir. Evin dəyəri təxmini 38.000 - 40.000 manat civarında idi və cavabdehin mənzildə bir il yaşayacağını nəzərə alaraq evi iddiaçıya 35.000 manata satması barədə razılığa gəlmişlər. Razılaşdıqdan sonra müvafiq sənədlərlə 14 saylı Notariat Kontoruna getmiş və aralarında xx.xx.2020-ci il tarixdə AN-İ № ******* saylı, 4Ə-1275 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı Alqı-satqı müqaviləsi əsasında yaranan mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan xx.xx.2021-ci il tarixində keçirərək, ********** qeydiyyat nömrəli Çıxarış almışdır. Alqı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən, satıcı 05 dekabr 2020-ci il tarixədək, yəni alqı-satqı müqaviləsi bağlanandan 1 ay ərzində evi onun faktiki sahibliyinə verilməsinə dair öhdəlik götürsə də, həmin müddətin bir ilə qədər uzana biləcəyinə dair əvvəldən şifahı razılaşmaları var idi. Bu baxımdan, 2021-ci ilin noyabr ayına kimi cavabdehin mənzildə qalması mümkün idi. Alqı-satqıdan bir ildən də artıq keçəndən sonra cavabdehə vaxtın tamam olduğunu xatırlatmışdır. Ona bildirilmişdir ki, evi çox ucuz satmışdır, qiymətə uyğun şərait də yoxdur. O da öz növbəsində nisbətən ucuz alqı-satqı müqabilində evdə bir il müddətində qalmış olduğunu xatırlatmışdır. Bu müddət ərzində satıcı tərəfindən evin ucuz satılmış olması ilə bağlı bir neçə dəfə fikir bildirilmiş olduğundan tərəfindən alqı-satqı üçün ödədiyi pulu və bütün xərcləri geri qaytararaq alqısatqı müqaviləsini ləğv etməyi təklif etmişdir. cavabdeh bu şərtlərlə razı olduğunu bildirsə də, heç bir əməli hərəkət etməmiş, dəfələrlə pulu düzəldib alqı-satqını ləğv etmək üçün notariat kontoruna getmək üçün vaxt müəyyən etsə də, vədinə əməl etməmişdir. Aralarında bağlanmış 05 noyabr 2020-ci il tarixdə AN-İ № ******* nömrəli Alqı-satqı müqaviləsinin 16-cı bəndinə əsasən, müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir. Dəbbə pulunun miqdarını tərəflər müəyyən edə bilərlər. Cavabdeh tərəfindən mülkiyyətində olan mənzilin vaxtında boşaldılaraq təhvil verilməməsi nəticəsində ona faktiki olaraq zərər dəymişdir. Bu əsasla, təxminən 6 ay müddətində mənzilin boşaldılaraq təhvil verilməməsinə görə aylıq olaraq müqavilə qiymətinin 0,5 faizini tələb edir. Belə olduqda dəbbə pulu bir ay üçün 175 manat, 6 ay üçün 1050 manat edir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, əslində tərəflər arasında alqı-satqı müqaviləsi digər əqdi pərdələmək üçün bağlanmışdır. Belə ki, onun qızı X6 adlı şəxslə birlikdə İddiaçı həyat yoldaşından 22 000 manat faizi ilə qaytarmaq şərti ilə borc pul götürmüşdür. Həmin pulun təminatı kimi də onunla ilkin iddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Yəni, onunla Məlahət arasında alqı-satqı müqaviləsi qızının götürdüyü 22000 manatın təminatı kimi ipoteka müqaviləsini pərdələmək üçün bağlanılmışdır. Həmin pul iddiaçının yoldaşına ödənilmişdir. Lakin, sonradan iddiaçının əri əlavə pul istəmiş və qızı da həmin pulu verməkdən imtina etmişdir. Buna görə də iddiaçı sui-istifadə edərək onlara məxsus evi onlardan almaq qərarına gəlmişdir. Ona görə də hesab edir ki, alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqdir və heç bir hüquqi nəticəyə səbəb ola bilməz. Qarşılıqlı iddianın əsaslandığı faktiki halların sübutu ilə bağlı iddiaçının yoldaşına aylıq ödənişlər barədə qəbzləri iddiaya əlavə etmişdir. Həmçinin, iddiaçının fərdi yaşayış evini alqı-satqı müqaviləsindən bir il sonra adına rəsmiləşdirilməsi də tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanma niyyətinin olmamasına əyani sübutdur. Hazırkı iş üzrə də iddiaçının yoldaşı faizə pul verməklə məşğul olan şəxsdir və digər subyektlərlə də faizə verdiyi pulları pərdələmək üçün alqı-satqı müqavilələri bağlamışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edərək təmin edilməsini, ilk iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Cavabdeh onun atasıdır. Şəxsən özünə pul lazım olduğundan atasına məxsus olan evin ilkin iddiaçının adına rəsmiləşdirilməsi şərti ilə ilkin iddiaçının ərindən faizlə borca pul almışdır. Ona görə də, iddiaçı alqı-satqıdan uzun müddət sonra məhkəmədə hazırkı iddianı qaldırmışdır. Müqaviləni də atasının adından etibarnamə əsasında özü imzalamışdır. Məhkəmə proses iştirakçılarını izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Mülki iş materiallarında olan xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Kərimov X2 rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, ev 26 E ünvanında yerləşən, ümumi sahəsi 66 kv.m, yaşayış sahəsi 46.6 kv.m, yardımçı sahəsi 19.4 kv.m olan 3 otaqlı fərdi yaşayış evini 35000 manat məbləğində İddiaçı mülkiyyətinə vermişdir. Həmin müqavilənin 11-ci bəndindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixinədək qeyd olunan daşınmaz əmlakı İddiaçı faktiki sahibliyinə verməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 (Yeni qaydalarla: Ş.Qurbanov küçəsi, ev 68 ünvanı İddiaçı adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********83-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqısatqı müqaviləsi ilə Kərimov X2 rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, ev 26 E ünvanında yerləşən, ümumi sahəsi 66 kv.m, yaşayış sahəsi 46.6 kv.m, yardımçı sahəsi 19.4 kv.m olan 3 otaqlı fərdi yaşayış evini 35000 manat məbləğində İddiaçı satmışdır. Həmin müqavilənin 11-ci bəndinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixinədək qeyd olunan evi İddiaçı faktiki sahibliyinə verməyi öhdəsinə götürmüş, lakin o, üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 152.2 və 152.3-cü maddəsinə görə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi mənzilin boşaldılması hissəsində əsaslı olduğundan təmin edilməli, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh qanunsuz sahibliyindən geri alınmalı, ev ona məxsus əşyalardan boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Digər şəxslərin kimliyi bilinmədiyindən bu hissədə iddia təmin edilməməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən 1050 (bir min əlli) manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu ödənilməsi tələbinin istisna edildiyi halı 462.2ci maddə birmənalı şəkildə müəyyən edir – bu, yalnız o halda mümkündür ki, konkret halda qanun və müqavilə borclunun üzərinə məsuliyyət qaymasın və ya onu məsuliyyətdən azad etsin. Borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Tərəflər qanunla qadağan edilməyən hallarda müqavilədə dəbbə pulunun ödənilməsini və onun miqdarını müəyyən edə bilərlər. Mülki Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 575.2. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra şərtlərinin pozulmasının hüquqi nəticələrində dəbbə pulu tələb edilməsi qanunla nəzərdə tutulmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi dəbbə pulu tələbi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə cavabdeh-qarşılıqlı iddiaçının iddia tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddiaçı tərəflər arasında bağlanan müqavilənin borc qarşılıqlı iddiaçının qızı ilə ilkin iddiaçının əri arasında olan şifahi borc müqaviləsini pərdələmək üçün bağlandığına əsasın etibarsız hesab edilməli olmasına münasibətdə məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Qeyd edilənlərdən və işin faktiki hallarından göründüyü kimi qarşılıqlı iddianın dəlilləri hər hansı sübutla təsdiq edilmədiyindən qarşılıqlı iddia tələbi əsassız hesab edilib təmin edilməməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ilk iddia tələbi qismən əsaslı olmaqla qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi ilə İddiaçı əldə etdiyi və daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq Çıxarış verilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh qanunsuz sahibliyindən geri alınmalı, ev cavabdehə məxsus əşyalardan boşaldılaraq İddiaçı təhvil verilməli, qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməldir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlk iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 131 manat dövlət rüsumunun 100 manat hissəsi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməli, qarşılıqlı iddia təmin edilmədiyindən qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməldir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360/ 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İlk iddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi ilə İddiaçı əldə etdiyi və daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq Çıxarış verilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh qanunsuz sahibliyindən geri alınsın və həmin ev cavabdehə məxsus əşyalardan boşaldılaraq İddiaçı təhvil verilsin. İlk iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumuna görə pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3232/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3232/2022
14.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Sair işlər - Mənzil mübahisələri - Digər - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver