Məhkəmə qərarları › İş №2(012)-3316/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3316/2021

03.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3316/2021 03.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən 023305 saylı akta əsasən 486 manat borcun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə baxışı zamanı İddiaçı Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək, Cavabdeh İB tərəfindən tərtib edilmiş ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən yazılmış 486 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu, Masazır kəndində yaşayır. Yaşadığı evə Cavabdeh İB tərəfindən sayğac vasitəsilə qaz verilir. Sayğac yaşadığı evdən kənarda yerləşir. Cavabdeh İB tərəfindən həmin sayğac yoxlanılması üçün sökülərək yenisi ilə əvəz edilmişdir. Köhnə sayğac laboratoriya yoxlamasından keçirilən zaman sayğacın yararsız hala düşməsi aşkarlanmış, sayğacın plasmas borusunun deşilməsi aktda qeyd olunmuşdur. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilməlidir. Tərtib edilmiş aktda qeyd edilən qayda pozularaq borcun iddiaçı tərəfindən 5 gün müddətinə ödənilməsi göstərilmişdir. Belə ki, köhnə sayğac onun iştirakı olmadan laboratoriya yoxlamasından keçirilmişdir. Bundan əlavə, onun sayğacı kənar müdaxilələrdən mühafizə edilmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən 28.12.2018-ci ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li aktdan görünür ki, 28.12.2018-ci ildə abonent İddiaçı Abşeron rayonu, Masazır kəndində yaşadığı evə (abonent kodu: **********42600) baxış keçirilən zaman “sayğacın çıxış plasmas borusu deşilmişdir” müəyyən olunmuşdur. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş Abşeron rayonu, Masazır kəndində yerləşən evə aid abonent kodu **********42600 olan Abonentin saldosundan görünür ki, 2018-ci ilin dekabr ayında qaz sərfiyyatı “4860 m3” həcmində müəyyən edilmiş və buna müvafiq olaraq abonentə 486 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı barəsində müvafiq akt birtərəfli tərtib olunmuş, yəni akt tərtib edilərkən istehlakçının iştirakı təmin edilməmişdir. Tərtib olunan aktın həqiqiliyini iddiaçı mübahisələndirir. Cavabdeh isə aktın mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********42600) dair hesablanmış 486 manat borc silinməli, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin 28.12.2018-ci il tarixli, ******* saylı aktın ləğv edilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, akt iş üzrə sübut vasitəsidir, yekun məhkəmə aktında sübut növü kimi ona hüquqi qiymət verilir. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə iddia əsassızdır və təmin edilməməlidir. İddiaçının ödəməkdən azad edildiyi 20 manat məbləğində dövlət rüsumuna görə pul Cavabdeh İB-dən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********42600) dair hesablanmış 486 (dörd yüz səksən altı) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 20 (iyirmi) manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar