Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3447/2024 29.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1 və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 oktyabr 2017-ci il tarixli Cavabdeh3 ilə X11 arasında bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş ********** qeydiyyat nömrəli, ******* seriya nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi, 04 oktyabr 2017-ci il tarixli həmin müqavilənin mənimlə Cavabdeh3 arasında bağlanmış hesab edilməsi və Abşeron rayonu, Saray qəsəbəsi, Ziya Bünyadov prospekti ev 34 üzərində onun mülkiyyət hüquqlarının tanınması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 sentyabr 2017-ci ildə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzili alğı-satqı qaydasında X1. Müqavilədən görünür ki, mənzilin qiymətini 50000 manata razılaşdırmışdır. Daha sonra 04 oktyabr 2017-ci ildə həmin mənzilin pulu ilə Abşeron rayonu, Saray qəsəbəsi, Ziya Bünyadov prospekti 34 ünvanda yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsini və üzərində yerləşən daşınmaz əmlakı Cavabdeh3 almışdır. Torpaq sahəsi onun pulu ilə alınsa da, müqavilə oğlu X6 adına rəsmiləşdirilmişdir. 07 noyabr 2017-ci ildə həmin torpaq sahəsi və üzərində olan 82.50 kv.m-lik daşınmaz əmlaka dair X19in adına çıxarış verilib. X19 15 iyun 2007-ci ildə Fətəliyeva (Əsədova) Gülnaz Vasib qızı ilə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurub. Həmin nikahdan 28 mart 2008-ci il təvəllüdlü X12, 08 aprel 2009-cu il təvəllüdlü X16 və 13 noyabr 2015-ci il təvəllüdlü X13 anadan olub. Abşeron rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə X14 Fətəliyeva arasında olan nikah pozulub. Baba Fətəliyev 16 noyabr 2023-cü ildə vəfat edib. Oğlu vəfat etdikdən sonra Gülnaz (Fətəliyeva) Əsədova notariat ofisinə müraciət edərək oğlundan qalan əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyib. O, bundan xəbər tutduqda notariat ofisinə müraciət edib vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin dayandırılmasını istəmişdir. Çünki Abşeron rayonu, Saray qəsəbəsi, Ziya Bünyadov prospekti 34 ünvanında yerləşən torpaq sahəsi və üzərində olan daşınmaz əmlak X19in mülkiyyətində olsa da, müqavilə onun adına formal olaraq rəsmiləşdirilib. Onun pulunu o, ödəmişdir, sadəcə müqaviləni oğlunun adına sənədləşdirmişdir. Ona görə də oğlunun adına bağlanmış 04 oktyabr 2017-ci il tarixli alğı - satqı müqaviləsi etibarsız hesab edilməlidir. Ödəniş onun tərəfindən həyata keçirilsə də, müqavilədə alıcı qismində X19 iştirak edib. Əslində isə həmin alğı-satqı müqaviləsi uydurma müqavilə olub, əmlakın həqiqi sahibi Baba Fətəliyev olmayıb, onun tərəfindən daşınmaz əmlakın pulu ödənilməyib, həmin pulu o, ödəmişdir. Əmlak formal olaraq oğlunun adına rəsmiləşdirilib və onun adına çıxarış verilib. Müqavilə 2017-ci ildə bağlansa da, indiyə qədər həmin evdə o, yaşayır və evdən faydalanan şəxs olmuşdur. Hazırda keçmiş gəlini Sumqayıt “Asan Xidmət” mərkəzində yerləşən notariat ofisinə müraciət edərək həmin evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəməsi onun hüquqlarının pozulmasına səbəb olub və iddia müddətinin axımı məhz bu vaxtdan başlanmalıdır. Beləliklə, 04 oktyabr 2017ci il tarixli alğı-satqı müqaviləsi bağlandığı andan əhəmiyyətsiz əqddir və tərəflər üçün hər hansı hüquq və vəzifə yarada bilməz. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirdi ki, mübahisəli evi almaq üçün pulu qaynanası verib. O, Baba Fətəliyevlə boşanana kimi həmin evdə mehriban şəkildə yaşayıblar. Boşanandan sonra həmin evdən çıxmış, Baba Fətəliyev öləndən sonra həmin evə qayıtmışdır. Qaynanasına da bu günə kimi o qulluq etmişdir. O, vərəsliklə bağlı heç yerə müraciət etməmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarından olan Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda təsdiq edilmiş daşınmaz əmlakın AN-İ ******* saylı, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 65 kv.metr olan, 3 otaqlı mənzili X3 50000 manat müqabilində satmışdır. Mülki işin materiallarından olan ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 3 saylı fərdi yaşayış evi X2 adına qeydə alınmışdır. Mülki işin materiallarından olan Sumqayıt “ASAN xidmət” mərkəzində Notariat Kontorunda təsdiq edilmiş daşınmaz əmlakın AN-İ ******* saylı, 04 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsini X8 6800 manat müqabilində satmışdır. Mülki işin materiallarından olan RX ******* nömrəli xx.xx.2017-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Z.Bünyadov küçəsi 34 saylı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi X6 adına qeydə alınmışdır. Həmin tarixdə ona 2974 saylı fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Mülki işin materiallarından olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2022/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X7 ilə X11 arasında xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat (VVADQ) şöbəsində 522 saylı aktla qeyd edilmiş nikah pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 28 mart 2008-ci il təvəllüdlü X12, 08 aprel 2009-cu il təvəllüdlü X17İu və 13 noyabr 2015-ci il təvəllüdlü X13 anaları X4 yanında qalması, X5 X4 xeyrinə birgə nikahdan doğulmuş 28 mart 2008-ci il təvəllüdlü X12, 08 aprel 2009-cu il təvəllüdlü X16 və 13 noyabr 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə hər ay 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər qaynana və gəlindirlər. AN-İ ******* saylı, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 65 kv.metr olan, 3 otaqlı mənzili X3 50000 manat müqabilində satmışdır. Bundan sonra həmin satışdan əldə edilmiş pulla iddiaçının oğlu Sumqayıt “ASAN xidmət” mərkəzində Notariat Kontorunda təsdiq edilmiş daşınmaz əmlakın AN-İ ******* saylı, 04 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsini 6800 manat müqabilində almışdır. X11 mübahisəli əmlakla bağlı öz adına RX ******* nömrəli xx.xx.2017-ci il tarixli reyestrdən çıxarış almışdır. Hazırda İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 oktyabr 2017-ci il tarixli Cavabdeh3 ilə X11 arasında bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş ********** qeydiyyat nömrəli, ******* seriya nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi, 04 oktyabr 2017-ci il tarixli həmin müqavilənin onunla Cavabdeh3 arasında bağlanmış hesab edilməsi və Abşeron rayonu, Saray qəsəbəsi, Ziya Bünyadov prospekti ev 34 üzərində onun mülkiyyət hüquqlarının tanınması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu zaman Ə.İ. Fətəliyeva istinad edir ki, mübahisəli əmlakın alınması üçün çəkilən xərc ona məxsus mənzilin satılması nəticəsində əldə etdiyi vəsaitdən vermişdir. Hazırda onun oğlu ölmüş və mübahisəli əmlakla bağlı onun keçmiş arvadı Cavabdeh2 vərəsəliklə bağlı müraciət etmişdir, buna görə də müqavilə etibarsız hesab edilməli, həmin müqavilə əsasında verilmiş reyestrdən çıxarış isə ləğv olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki mülki qanunvericiliyə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri) Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 350-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, müqavilənin etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, habelə məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Əksinə, alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Müqavilə tərəflərin iradə ifadəsinə uyğun, notarial qaydada təsdiq olunmaqla bağlanılmışdır. İşdən görünür ki, İddiaçı alqı-satqı müqaviləsi üzrə tərəf olmamışdır. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Qeyd edilən hüquq normalarını hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən sadalanan hüquq normalarının pozuntusu halları olmamışdır. Belə olan halda qeyd edilən müqavilənin etibarsızlığından söhbət gedə bilməz. Həmçinin bu müqavilənin etibarsızlığına dair heç bir əsas olmadığından onun nəticəsində tərtib olunmuş reyestrdən çıxarışın ləğv olunması barədə tələb də təmin oluna bilməz. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Əmlakın dəyərinin iddiaçı tərəfindən B.S.Fətəliyevə verilməsinə görə əqdin etibarsız hesab edilməsi barədə iddiaçının dəlili əsassızdır, çünki mövcud qanunvericilikdə bu əsasla əqdin etibarsız hesab edilməsi barədə hər hansı müddəa yoxdur. MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv olunması barədə iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv olunması barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-3447/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3447/2024
29.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver