Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3539/2021 06.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron rayonu 1 saylı notariat ofisinə qarşı “nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehin pulunun qaytarılması şərtilə mülkiyyətdə olan daşınmaz əmlakın real sahibliyə və istifadəyə qaytarılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron rayonu 1 saylı notariat ofisinə qarşı “nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehin pulunun qaytarılması şərtilə mülkiyyətdə olan daşınmaz əmlakın real sahibliyə və istifadəyə qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış AN-İ seriyalı ******* saylı 10.04.20015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 44000 manat pul vəsaitinin ödənilməsi şərtilə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi evdən cavabdehin çıxarılması və həmin ünvanda iddiaçının yerləşdirilməsi, həmçinin əldən çıxmış gəlir kimi 17000 manat məbləğin Mərkəzi Bankın illik uçot dərəcəsi nəzərə alınmaqla hər il üçün 850 manat olmaqla, 6 il üçün 5100 manat vəsaitin, habelə 6 il ərzində müqaviləni gecikdirdiyi üçün 24000 manat maddi ziyanın, dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pulun, cəmi 29030 manat pul vəsaitinin Cavabdeh1 birdəfəlik tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış AN-İ seriyalı ******* saylı 10.04.20015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 3 ay ərzində, yəni 10.07.2015-ci il tarixinə kimi 17000 manat vəsait iddiaçıya ödənilməklə iddiaçının mülkiyyətində olan ünvan 1 ümumi sahəsi 226,9 kv.m olan fərdi ev Cavabdeh1 mülkiyyətinə keçirilməli idi. Lakin 6 il keçməsinə baxmayaraq həmin vəsait cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bu baxımdan iddiaçı mülkiyyətində olan evini real sahibliyə və istifadəyə qaytarmaqda tam hüquqludur. Beləliklə, iddianın təmin edilməsi məhkəmədən xahiş edilir. Cavabdehlər Cavabdeh1 və Abşeron rayonu 1 saylı notariat ofisi məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştirakını təmin etməmişlər. Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iclasın təxirə salınmasını xahiş etmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin və ya onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil iddianı qəbul etmədiyini bildirərək göstərmişdir ki, Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış AN-İ seriyalı ******* saylı 10.04.20015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 3 ay ərzində, yəni 10.07.2015-ci il tarixinə kimi 17000 manat vəsait iddiaçıya ödənilməklə iddiaçının mülkiyyətində olan ünvan 1 ümumi sahəsi 226,9 kv.m olan fərdi ev Cavabdeh1 mülkiyyətinə keçirilməli idi. Bu müddət ərzində cavabdeh iddiaçıya ödənilməmiş 17000 manatdan sonuncu ödəniş bir neçə ay bundan əvvəl olmaqla hissəhissə ümumilikdə 8000 manat ödəniş etmiş, qalan 9000 manat pul vəsaiti isə hələ ödənilməmişdir. Eyni zamanda, hazırki mübahisə üzrə iddia müddəti ötürülmüşdür. Beləliklə, həm iddia əsassız olduğundan, həm də iddia müddəti ötürüldüyündən iddianın təmin edilməməsi məhkəmədən xahiş edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında cavabdeh tərəfin şifahi vəsatəti üzrə şahid qismində dindirilmiş X4 bildirmişdir ki, Cavabdeh1 bacanağıdır. O, evin alqı-satqısı zamanı aparılan danışıqlarda iştirak etmişdir. Evin ümumi dəyəri müqavilə üzrə 61000 manat təşkil etsə də, şifahi razılaşmaya görə 80000 manat olaraq müəyyənləşdirilmişdir. Onlar bu məbləğdən iddiaçıya ilkin olaraq 20000 manat ödəniş etmiş, 44000 manatı sonradan ödəmişlər. Bu müddət ərzində cavabdeh iddiaçıya ödənilməmiş 17000 manatdan sonuncu ödəniş bir neçə ay bundan əvvəl olmaqla hissə-hissə ümumilikdə 8000 manat ödəniş etmiş, qalan 9000 manat pul vəsaiti isə hələ ödənilməmişdir. Bu məbləği cavabdeh hissə-hissə ödəyəcəkdir. İş materiallarında olan 10.04.2015-ci il tarixli AN-İ ******* №-li nisyə alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini alıcı – Cavabdeh1 satmağı, alıcı Cavabdeh1 isə evin dəyərini təşkil edən 61000 manat pulun 44000 manat hissəsini müqavilə bağlanan gün, qalan 17000 manat hissəsini isə 10.07.2015-ci il tarixə qədər satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına 25.07.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 424.2-ci maddəsinə əsasən мüqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 424.3-cü maddəsinə əsasən мüqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X2 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında 10 aprel 2015-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh1 61000 manata satmağı, Cavabdeh1 isə evin dəyərini təşkil edən 61000 manat pulun 44000 manat hissəsini müqavilə bağlanan gün, qalan 17000 manat hissəsini isə 10 iyul 2015-ci il tarixə qədər satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək mənzilin dəyərindən qalan 17000 manat pulu bugünədək iddiaçıya ödəməmişdir. Məhkəmə iddia tələbinin nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi və Cavabdeh1 44000 manat pul vəsaitinin ödənilməsi şərtilə cavabdehin mübahisəli evdən çıxarılmasına dair hissəsi ilə bağlı qeyd edir ki, müqavilə öhdəliyi Cavabdeh1 tərəfindən pozulduğundan, həmçinin iddiaçının öz mülkiyyətində olan əmlaka dair sərbəst istifadə, sahiblik və sərəncam vermək hüququ olduğundan iddia bu hissədə əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə cavabdehin evin dəyərindən qalan 17000 manat pulun bir hissəsinin ödənilməsi ilə bağlı mövqeyinə münasibətdə qeyd edir ki, məhkəmənin təklif etməsinə və iddiaçı tərəfin mübahisələndirməsinə baxmayaraq cavabdeh qeyd edilən məbləğin iddiaçıya ödənilməsi barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarından görünür ki, müqavilə şərtlərinə uyğun olaraq cavabdeh qeyd edilən məbləği notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməli idi. Cavabdeh tərəfin vəsatəti əsasında dindirilmiş şahidin ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, şahid ifadəsi iş materialları ilə təsdiqini tapmadığından sübut kimi qəbul edilə bilməz. İddia tələbinin “iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi evə iddiaçının yerləşdirilməsi” hissəsinə dair məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ləğv edilməklə iddiaçının sahiblik və istifadə hüququ bərpa edildiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “əldən çıxmış gəlir kimi 17000 manat məbləğin Mərkəzi Bankın illik uçot dərəcəsi nəzərə alınmaqla hər il üçün 850 manat olmaqla, 6 il üçün 5100 manat vəsaitin, habelə 6 il ərzində müqaviləni gecikdirdiyi üçün 24000 manat maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı iddia tələbinin bu hissəsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə Cavabdeh1 nümayəndəsi-vəkili tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İş materialları və tərəflərin izahatları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 10 aprel 2015-ci il tarixli müqavilənin icrası ilə əlaqədar İddiaçı tərəfindən 2015-ci il tarixdən məhkəməyə müraciət edildiyi günədək dəfələrlə cavabdehə müraciət edilmiş, lakin cavabdeh tərəfindən müqavilə öhdəliyi icra edilməmişdir. Müqavilə şərtlərinin icrası ilə bağlı tərəflər arasında münasibətlərin məhkəməyə müraciət edildiyi 17.05.2021-ci il tarixədək davam etməsi cavabdeh tərəfin izahatı ilə təsdiqini tapır. Bundan sonra isə iddiaçı 17.05.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış AN-İ seriyalı ******* saylı 10.04.20015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh1 44000 manat pul vəsaitinin ödənilməsi şərtilə iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi evdən cavabdeh çıxarılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qanunun qeyd edilən normasına əsasən hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış AN-İ seriyalı ******* saylı 10.04.20015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh1 İddiaçı tərəfindən 44000 manat pul vəsaitinin ödənilməsi şərtilə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi evdən Cavabdeh1 çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi Cavabdeh1 tutulub İddiaçı ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3539/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3539/2021
06.08.2021 · Müqavilələrin ləğv edilməsi - Sair mülki iş - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver