Məhkəmə qərarları › İş №2(012)-3599/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3599/2021

18.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3599/2021 18.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə 18 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 03 oktyabr 2015-ci il tarixli nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahlarından olan 12 sentyabr 2016-cı il təvəllüdlü X2 onun yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən 12 sentyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 03 oktyabr 2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından bir övladları 12 sentyabr 2016-cı il təvəllüdlü X6 anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlməmiş, aralarında söz-söhbət yaranmışdır. 2020-ci ilin sentyabr ayından faktiki olaraq ayrılmışlar, aralarında ər-arvad münasibəti yoxdur. İddiaçının boşanma barədə fikri qətidir. Belə ki, ailə faktiki olaraq dağılmışdır və bundan sonra bərpası mümkün deyildir. Nikahları pozulduqdan sonra birgə nikahdan olan 12 sentyabr 2016-cı il təvəllüdlü X6 iddiaçının yanında qalmalı və cavabdehdən 12 sentyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutulub verilməlidir. Cavabdeh Nağı X3 Gömrük Komitəsində əməliyyatçı vəzifəsində çalışır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, o, tibb bacısı işləyir. 291 manat əmək haqqı alır. Uşağın baxçaya qoyulmasına görə aylıq 100 manat məbləğində pul ödəyir. Uşaq müxtəlif hazırlıq kurslarına gedir, rəsm və gimnastika dərsləri alır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qismən qəbul edərək izahatında bildirdi ki, təmsil və hüquqlarını müdafiə etdiyi Cavabdeh İddiaçı ilə aralarında olan nikahın barışıq üçün vaxt verilmədən pozulmasına və nikah pozulduqdan sonra birgə nikahdan olan 12 sentyabr 2016-cı il təvəllüdlü X2 ananın hazırki iş üzrə iddiaçının yanında qalmasının müəyyən edilməsinə etiraz etmir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Əməliyyat şöbəsində əməliyyat müvəkkili işləyir və yüksək əmək haqqı alır. Cavabdeh uşağın saxlanılması onun əmək haqqının 4/1 hissəsinə yönəldilməsinə etiraz etmir. Lakin, cavabdeh onun əmək haqqından uşağın saxlanılması üçün tutulan alimentin 50 faiz hissəsinin uşağın depozit hesabına köçürülməsini istəyir. Çünki tutulacaq aliment məbləği uşağın saxlanılması üçün kifayət edir. Göstərilənlərə əsasən iddianın qismən təmin edilməsinə etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mülki işin materiallarından olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 18 avqust 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 082353 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X1 03 oktyabr 2015-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 oktyabr 2015-ci il tarixdə 748 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Nağı, arvada Nağı soyadı verilmişdir. Mülki işin materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 21 oktyabr 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 807926 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 12 sentyabr 2016-cı ildə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 21 oktyabr 2016cı il tarixdə 824 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 30.01.2014-cü il tarixdən gömrük orqanlarında, 12.10.2018-ci il tarixdən Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Əməliyyat şöbəsinin əməliyyat müvəkkil vəzifəsində işləyir və onun aylıq əmək haqqı 2406,69 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2-ci maddəsinə əsasən nikah qadınla kişinin könüllülüyü əsasında bağlanılır. Həmin Məcəllənin 14-cü maddəsinin 2-ci hissəsinə əsasən ər-arvaddan hər hansı birinin və ya onların hər ikisinin ərizəsi əsasında məhkəmə qaydasında nikaha xitam verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı nikahın pozulmasına təkid etdiyi və tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığı nəzərə alınmaqla, tərəflərin birgə yaşamaları və ailənin qorunub saxlanması qeyri-mümkün olduğundan - tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanmas üçün vəsaitin ödənilməsi qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2, 22.2.1 və 22.2.2-ci maddələrində nəzərdə tutulur ki, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. ”Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda göstərilir ki, bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, uşağın mənafeyi və tərəflərin qarşılıqlı razılığı nəzərə alınmaqla, tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları - 12 sentyabr 2016-cı il təvəllüdlü X2 boşanmadan sonra İddiaçı (ananın) yanında qalması məqsədəuyğundur. Eyni zamanda, bununla əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, ailədə başlıca vəzifə uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsinə yönəlməlidir. Buna görə də, məhkəmənin mövqeyi ondan ibarətdir ki, uşağın üstün mənafeləri nəzərə alınmaqla, boşanmadan sonra uşağın yaşayış yerinin anasının yanında saxlanılması uşağın maraqlarına uyğundur. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvadın keçmiş ərindən aliment almaq hüququ vardır. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat təşkil edir. Tərəflərin izahatlarında və iş materiallarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Əməliyyat şöbəsində əməliyyat müvəkkili vəzifəsində çalışır və aylıq əmək haqqı 2406,69 manat təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçının və onun himayəsində olan yetkinlik yaşına çatmayan uşağın maddi yardıma ehtiyacı olduğundan uşaq üçün alimentin tutulması zəruridir. Ona görə də, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək, uşaq üçün alimentin tutulmasının zəruriliyini, eləcə də minimum yaşayış məbləğini, azyaşlı uşağın mənafeyini və cavabdehin maddi vəziyyətini və razılığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 12 sentyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır.Məhkəmə alimentin 50 %nin depozitə qoyulması barədə cavabdehin etiarzının dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının izahatından göründüyü kimi tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları - 12 sentyabr 2016-cı il təvəllüdlü X4rı müxtəlif ödənişli məşgələlərə gedir,eyni zamanda uşağın normal əyləncəsini təşkil etmək üçün də pul vəsaiti tələb olunur ki, iddiaçının əmək haqqı ilə bunu etmək olmur. İş materiallarından göründüyü kimi cavabdehin aylıq əmək haqqı 2406,69 manat təşkil edir ki, bu məbləğin ¼ hissəsinin 50 faizinin depozit hesabına keçirilməsi uşağın normal inkişafı baxımından maraqlarına uyğun olmadığından cavabdehin vəsatətini məhkəmə əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı hazırki iddia ərizəsini məhkəməyə 20.05.2021-ci il tarixdə təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulması 20.05.2021-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, İddiaçı və Cavabdeh arasında 03 oktyabr 2015-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 748 nömrə ilə qeydə alınmış nikah pozulmalı, 12 sentyabr 2016-cı il təvəllüdlü X6 boşanmadan sonra İddiaçı (ananın) yanında qalmalı və Cavabdeh İddiaçı xeyrinə 12 sentyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulmalı və alimentin tutulmasının əvvəli 20.05.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı və Cavabdeh arasında 03 oktyabr 2015-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 748 nömrə ilə qeydə alınmış nikah pozulsun. 12 sentyabr 2016-cı il təvəllüdlü X6 boşanmadan sonra İddiaçı (ananın) yanında qalsın. Cavabdeh İddiaçı xeyrinə 12 sentyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulsun. Alimentin tutulmasının əvvəli 20.05.2021-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaitinin əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar