Məhkəmə qərarları › İş №2(012)-3753/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3753/2025

15.08.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Sair mülki iş - Mənzil münasibətləri üzrə sair mübahisələr - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3753/2025 15.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı «mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunması üçün onun ünvan 1 ünvanındakı mənzilində sahiblik hüququna dair maneçiliyin aradan qaldırılması məqsədilə mənzildə faktiki olaraq qanunsuz yaşayan Cavabdeh1, onun ailə üzvlərinin və digər şəxslərin mənzildən çıxarılması, mənzilin boşaldılması və ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunması üçün onun ünvan 1 ünvanındakı mənzilində sahiblik hüququna dair maneçiliyin aradan qaldırılması məqsədilə mənzildə faktiki olaraq qanunsuz yaşayan xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh1 və ailə üzvləri - həyat yoldaşı xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh3, övladları xx.xx.2022-ci il təvəllüdlü Cavabdeh4, xx.xx.2024-cü il təvəllüdlü Cavabdeh5 mənzildən çıxarılması, mənzilin boşaldılması və ünvan 1 ünvanındakı mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onunla "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə mənzil tikintisinə dair 005 saylı Mənzil Tikintisi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən ünvan 2 ünvanında tikilən çoxmərtəbəli, çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsi, 294 saylı, 3 otaqlı, ümumi sahəsi 120,69 m2 olan mənzilin tikilib ona təhvil verilməsinə görə "xxxx" MMC-nin direktoru X3 78449 manat pul vəsaiti ödəmişdir, ödədiyi pul vəsaitinə görə "xxxx" MMCnin təsisçisi və direktoru tərəfindən ona təqdim olunmuş xx.xx.2017-ci il tarixli, 005 saylı müqavilənin əsli, maliyyə arayışı, vergi arayışı, mənzilin layihəsinin surəti məhkəməyə təqdim edilmişdir. 2020-ci il may ayında özünü “FAM-88" MMC-nin yeni təyin olunmuş direktoru kimi təqdim edən Rafiq adlı şəxsin tələbi ilə 1100 manat pul vəsaitini M.Hüseynzadə küçəsi 1, 294 saylı mənzilə işıq, qaz və su sayğaclarının quraşdırılması məqsədilə ödəmiş və ödədiyi pul vəsaiti barədə qəbz ona təqdim edilmişdir. Bina söz verilən müddətdə ona təhvil verilməmiş, tikintisi bir neçə il gecikdirilmişdir. 2021-ci ilin iyul ayının 16-da "xxxx" MMC-nin təsisçisi X5 ona zəng edərək binanın hazır olduğunu, mənzilin təmirinə başlamaq üçün Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1, 294 saylı mənzilin təhvil-təslim alınmasını bildirmişdir. O, 17 iyul 2021-ci il tarixdə qeyd edilən mənzili "xxxx" MMC-nin təsisçisi X1 təhvil almış, mənzilin bir açarını "xxxx" MMC-nin təsisçisi inzibatçıya vermişdir. 19 iyul 2021-ci il tarixdə onun atası vəfat etmiş, atasının qırx mərasimi günü o, koronavirusa yoluxmuşdur. O, 2 aydan sonra sağalmış, oktyabr ayının sonları ona verilən mənzili təmir etdirmək üçün iş icraçısı ilə birlikdə mənzilin təmirinə başlamaq məqsədilə Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 1, 294 saylı mənzilin qapısını açmaq istədikdə qapı kilidinin dəyişdirildiyinin şahidi olmuşdur. Həmin vaxt təsisçi Faxrəddin Hüseynov deyilənə görə bərk xəstə olmuşdur. "FAM-88” MMC-yə Rafiq adlı şəxs rəhbərlik etmişdir, Rafiq adlı şəxsin harada olduğunu soruşduqda, ona Rafiqin iş dalınca getdiyini bildirmişdirlər. Rafiq adlı şəxs onun zənglərinə cavab verməmiş, ertəsi gün Rafiq ona bildirmişdir ki, mübahisə olduğu üçün iş məhkəmədədir. İşin hansı məhkəmədə olması barədə ona məlumat verilmədiyinə görə o, Abşeron Rayon Prokurorluğuna müraciət etmiş, müraciəti Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. O, xeyli müddət gözləmiş, sonda prokurorluğa getmişdir. Prokurorluqdan ona bildirmişdirlər ki, mənzilə dair problem yoxdur, axtarışda olan şəxs gətirilənədək o, mülki qaydada məhkəməyə müraciət edib hüquqlarını tələb edə bilər. 2022-ci ilin iyul ayının 4-də o, Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-4147/2022 saylı qətnaməsinə əsasən ünvan 2 ünvanında tikilən çoxmərtəbəli, çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsi, 294 saylı, 3 otaqlı, ümumi sahəsi 120,69 m2 olan mənzilin İddiaçı təhvil verilməsi, pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmışdır. Cavabdeh "xxxx" MMC Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-4147/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Cavabdeh "xxxx" MMC nə 1-ci instansiya məhkəməsində, nə də apellyasiya şikayətində 3-cü şəxsin və maraqlı şəxslərin olmasından məlumat verməmişdir. Qeyd edilən mənzildə digər şəxslərlə müqavilə bağlanmamış və mənzildə başqa şəxslər yaşamamışdırlar. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqinin verdiyi məlumata əsasən ona məxsus mənzilə dair heç kimlə əlavə müqavilə bağlanmadığına görə onun iddia tələbi ünvan 1 ünvanındakı mənzilə İddiaçı mülkiyyət hüququnun tanınması və qeyd edilən mənzilin İddiaçı təhvil verilməsi, pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi barədə olmuşdur. Lakin 30 mart 2023-cü il tarixdə mənzilinə baxış keçirərkən iki nəfər ustanı mənzilində görmüş və kim olmaları barədə məlumat almış, onlar mənzilin qapısını tələsik bağlayaraq bildirmişdirlər ki, onlar "xxxx" MMC-nin işçiləridirlər, direktorları Rafiq müəllim onları təmir məqsədilə göndərmişdir. Həmin vaxt o, ərizə yazaraq Sumqayıt Apellyasiya Məhkəməsinə məlumat vermis, məlumatı əsasında cavabdehlər məhkəmə iclasına çağırılmış, həmin iclasda Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyası digər şəxslərin həmin mənzilin girişinə qadağa qoyulması barədə xx.xx.2023-cü il tarixli, 2(105)-44/2023 saylı qərardad çıxarmış və tərəflərə məlumat verilmişdir ki, həmin mənzilə kənar şəxslərin girişi qadağandır. 25 may 2023cü il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsinin nəticə hissəsi elan olunan vaxt cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi uduzduqlarını görərək məhkəməyə şifahi vəsatət vermişdir ki, 3-cü şəxs X4 və maraqlı şəxs Cavabdeh1 guya cavabdeh "xxxx" MMC ilə Mənzil Tikintisi haqqında müqavilə bağlamışlar, bu şəxslər hazırda mənzildə yaşayırlar. Əslində mənzildə heç kim yaşamamış, verilən vəkil sorğularına Abşeron rayonu üzrə su, elektrik və qaz idarələrindən verilən cavablardan məlum olmuşdur ki, həmin vaxt mənzildə su, qaz və elektrik enerjisi üzrə müqavilələr bağlanmamış, həmin sahələrə görə mənzildə heç bir sərfiyyat olmamışdır. 3-cü şəxs və maraqlı şəxsin verdikləri izahatların yalan olduğu bəlli olmuşdur. Həmin vaxt mənzildə nə su, nə elektrik enerjisi, nə də qaz üzrə müqavilələr qeydə alınmışdır. Onun narazılığına baxmayaraq cavabdehin verdiyi vəsatət məhkəmə tərəfindən araşdırılmış, təqdim edilən sübutlar məhkəmədə sübuta yetirilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-693/2023 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-4147/2022 saylı qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qətnamə çıxarılmışdır. Daha sonra 3-cü şəxs Cavabdeh2 və maraqlı şəxs Cavabdeh1 ayrı-ayrılıqda Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayətlər vermişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-4677/2023 saylı qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ilk dəfə çıxardığı qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsində 2-ci dəfə işin icraatına başlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-525/2024 saylı qətnaməsinə əsasən "xxxx" MMC və İddiaçı arasında 28 dekabr 2017-ci il tarixdə bağlanmış 005 saylı mənzil tikintisi haqqında müqavilənin şərtlərinə əsasən cavabdeh "xxxx" MMC tərəfindən ünvan 1 ünvanındakı mənzilin İddiaçı təhvil verilməsi, pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-525/2024 saylı qətnaməsindən maraqlı şəxs Cavabdeh1 Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3040/2024 saylı qərarına əsasən kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-525/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-525/2024 saylı qətnaməsi 21 noyabr 2024-cü il tarixdə qüvvəyə minmiş, 13 yanvar 2025-ci il tarixdən icraya yönəldilmiş icra sənədinə əsasən "xxxx" MMC və İddiaçı arasında 28 dekabr 2017-ci il tarixdə bağlanmış 005 saylı mənzil tikintisi haqqında müqavilənin şərtlərinə əsasən cavabdeh "xxxx" MMC tərəfindən ünvan 1 ünvanındakı mənzilin İddiaçı mənzilə mülkiyyət hüququnun tanınması, mənzilin təhvil verilməsi, pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-525/2024 saylı qətnaməsi 21 noyabr 2024-cü il tarixdə qüvvəyə minmiş, 13 yanvar 2025-ci il tarixdən icraya yönəldilmiş icra sənədinə əsasən 13 yanvar 2025-ci il tarixdən icraya yönəldilsə də cavabdeh "xxxx" MMC-nin rəhbər işçilərinin qanunsuz hərəkətlərinə görə həbs olunması ucbatından qətnamə icra oluna bilmir, mənzilinin təhvil verilməsi prosesi, 5 aydır ki, icra oluna bilmir. Belə ki, qanunsuz və əsassız olaraq mənzilə cavabdeh "xxxx" MMC-nin rəhbər işçiləri tərəfindən yerləşdirilmiş şəxs - xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh1 və ailə üzvləri - həyat yoldaşı xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh3, övladları xx.xx.2022-ci il təvəllüdlü Cavabdeh4, xx.xx.2024cü il təvəllüdlü Cavabdeh5 sahiblik hüququna maneçilik törədir, mənzilindən çıxmır, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-525/2024 saylı qətnaməsinin 21 noyabr 2024cü il tarixdə qüvvəyə minmiş, 13 yanvar 2025-ci il tarixdən icraya yönəldilmiş icra sənədinin icrasına maneçilik törədirlər. xx.xx.2025-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-525/2024 saylı qətnaməsinin 21 noyabr 2024-cü il tarixdə qüvvəyə minməsi, 13 yanvar 2025-ci il tarixdən icraya yönəldilmiş icra sənədinə əsasən Abşeron Rayon İcra və Probasiya şöbəsinin əməkdaşları X2, X6 və digər hal şahidləri ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-525/2024 saylı qətnaməsinin 21 noyabr 2024-cü il tarixdə qüvvəyə minməsi, 13 yanvar 2025-ci il tarixdən icraya yönəldilmiş icra sənədini icra etmək məqsədilə qeyd olunan ünvanda olmuş, xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh1 və ailə üzvləri həyat yoldaşı xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh3, övladları xx.xx.2022-ci il təvəllüdlü Cavabdeh4, xx.xx.2024-cü il təvəllüdlü Cavabdeh5 icra sənədinin icraatına maneçilik törədərək qeyd edilən mənzildə yaşadıqlarını bildirmişdirlər. Cavabdeh "FAM-88” MMC 1-ci instansiya məhkəməsində və apellyasiya şikayətində 3-cü şəxsin və maraqlı şəxslərin olmasından şikayət etməmişdirlər və bu barədə məlumat verməmişdir. Cavabdeh “FAM-88" MMC onlara deyil, Bəhram adlı şəxslə müqavilə bağladıqlarını bildirmiş və məhkəmə sübutları qiymətləndirərkən onlara hüquqi qiymət verərək sübutun saxta olduğunu müəyyən etmişdir. Qeyd edilən mənzildə digər şəxslərlə müqavilə bağlanmamış və mənzildə başqa şəxslər yaşamamışdırlar, eyni zamanda Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqinin verdiyi məlumata əsasən ona məxsus mənzilə dair heç kimlə əlavə müqavilə bağlanmadığına görə onun iddia tələbi məhkəmə tərəfindən təmin edilmişdir. Belə ki, onun iddia tələbi ünvan 1 ünvandakı mənzilə onun mülkiyyət hüququnun tanınması və qeyd edilən mənzilin ona təhvil verilməsi, pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi barədə olmuş, tələbi məhkəmələr tərəfindən təmin olunmuşdur. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, o, 2023-cü ilin yanvar ayında sözügedən mənzilə köçmüşdür. Rafiq adlı şəxs Cavabdeh2 ilə birlikdə onun müqaviləsini təzələmişdir. Mənzilə köçdükdən 3 ay sonra onun məhkəmədə bu mənzilin mübahisələndirildiyindən məlumatı olmuşdur. O, hazırda həmin evdə yaşayır və evə dair kommunal xidmətlər onun adınadır. Sözügedən mənzil ancaq ona məxsusdur və gələcəkdə mənzili öz adına keçirəcəkdir. Göstərilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan 28 dekabr 2017-ci il tarixli, 005 nömrəli mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, icraçı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında 5-ci blok, 5-ci mərtəbə, 294 №-li mənzili izolə olunmuş, 3 otaqdan ibarət bir pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüş, həmçinin mənzilin ümumi dəyərinin 78448 manat olması qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında 5-ci blok, 5-ci mərtəbəsində, ümumi sahəsi 120,69 kv.m olan 3 otaqlı, 294 saylı mənzilin pay dəyəri olaraq payçı İddiaçı tərəfindən 78448 manat tam ödənilmişdir və onun "xxxx" MMC-yə borcu yoxdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4147/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin olunmuş, "xxxx" MMC ilə İddiaçı arasında 28 dekabr 2017-ci il tarixdə bağlanmış 005 saylı Mənzil Tikintisi haqqında müqavilənin şərtlərinə əsasən cavabdeh "xxxx" MMC tərəfindən ünvan 1 ünvandakı mənzilin İddiaçı təhvil verilməsi, pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 50 manat dövlət rüsumuna görə pul tutulub İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 693/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(012)-4147/2022 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 4677/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 və qətnamə ilə maraqlarına toxunan şəxs Cavabdeh1 kassasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-299/2023 nömrəli, 25 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 525/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(012)-4147/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi və iddia tələbinin qismən təmin edilməsi, "xxxx" MMC və İddiaçı arasında 28 dekabr 2017-ci il tarixdə bağlanmış 005 saylı mənzil tikintisi haqqında müqavilənin şərtlərinə əsasən cavabdeh "xxxx" MMC tərəfindən ünvan 1 ünvandakı mənzilin İddiaçı təhvil verilməsi, pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi və cavabdeh "xxxx" MMC-dən dövlət rüsumuna görə 50 manat tutulub İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 3040/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, üçüncü şəxs Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-525/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında 5-ci blok, 5-ci mərtəbə, 294 №-li mənzilin tikintisi haqqında 28 dekabr 2017-ci il tarixli, 005 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında 5-ci blok, 5-ci mərtəbə, 294 №-li mənzili izolə olunmuş, 3 otaqdan ibarət bir pay kimi İddiaçı verməyi, İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışından göründüyü kimi Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında 5-ci blok, 5-ci mərtəbəsində, ümumi sahəsi 120,69 kv.m olan 3 otaqlı, 294 saylı mənzilin pay dəyəri olaraq İddiaçı tərəfindən 78448 manat tam ödənilmişdir. Daha sonra iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında 5-ci blok, 5-ci mərtəbə, 294 №-li mənzil ilə bağlı mübahisə yarandığından xəbərdar olmuş və sözügedən mənzilə sahiblik hüququnun tanınması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-4147/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin olunmuş, "xxxx" MMC ilə İddiaçı arasında 28 dekabr 2017-ci il tarixdə bağlanmış 005 saylı Mənzil Tikintisi haqqında müqavilənin şərtlərinə əsasən cavabdeh "xxxx" MMC tərəfindən ünvan 1 ünvandakı mənzilin İddiaçı təhvil verilməsi, pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 50 manat dövlət rüsumuna görə pul tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-693/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-693/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(012)-4147/2022 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Daha sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 və qətnamə ilə maraqlarına toxunan şəxs Cavabdeh1 sözügedən qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4677/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən kassasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-299/2023 nömrəli, 25 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-525/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(012)-4147/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi və iddia tələbinin qismən təmin edilməsi, "xxxx" MMC və İddiaçı arasında 28 dekabr 2017-ci il tarixdə bağlanmış 005 saylı mənzil tikintisi haqqında müqavilənin şərtlərinə əsasən cavabdeh "xxxx" MMC tərəfindən ünvan 1 ünvandakı mənzilin İddiaçı təhvil verilməsi, pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi və cavabdeh "xxxx" MMC-dən dövlət rüsumuna görə 50 manat tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Sözügedən qətnamədən üçüncü şəxs Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 3040/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-525/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)-525/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəsi gedən mənzilə dair "xxxx" MMC və Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə, Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixdə müqavilə bağlandığı zaman İddiaçı ilə daha əvvəl bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə qüvvədə olmuşdur. Bu hal cavabdehə məlum olsa da, müqavilə üzrə ödənişi, sayğaclar üçün ödənişləri ayrı-ayrı vaxtlarda qəbul edərək mənzilin iddiaçıya təhvil verilməsi kimi öhdəliyin icra edildiyi görünüşünü yaratsa da, sonradan mülki qanunvericiliyin tələbinə zidd olaraq iddiaçı ilə daha əvvəl bağlanmış müqaviləni qanunla müəyyən edilmiş qaydada ləğv etmədən, Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla sonrakı müqavilələri bağlamış və mənzili üçüncü şəxslərə təhvil vermişdir. Hətta iddiaçıya mənzilin təhvil verilməsi barədə birinci instansiya məhkəməsi tərəfindən qətnamənin çıxarıldığını bilsə belə, o, təkrarən xx.xx.2023-cü il tarixdə Cavabdeh1 ilə mübahisəli mənzilə dair müqavilə bağlayaraq mənzilin təmirinə şərait yaratmışdır. Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)-525/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində hesab etmişdir ki, "xxxx" MMC və Cavabdeh2 arasında xx.xx.2022-ci il, "xxxx" MMC və Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixlərdə bağlandığı irəli sürülən müqavilələr etibarsızdır. İddiaçı Fəzahimi Piriyevlə daha əvvəl bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə qüvvədə olduğundan və müqavilə üzrə öhdəlik onun tərəfindən tam şəkildə icra edildiyindən, cavabdeh "xxxx" MMC isə müqavilə üzrə öz öhdəliyini yerinə yetirmədiyindən, iddiaçının-“FAM-88 MMC və İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 005 saylı mənzil tikintisi haqqında müqavilənin şərtlərinə əsasən cavabdeh "xxxx" MMC tərəfindən ünvan 1 ünvandakı mənzilin İddiaçı təhvil verilməsi, pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-525/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi icra olunması üçün 13 yanvar 2025-ci il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmiş, iş materiallarında olan Abşeron rayon İcra və Probasiya şöbəsinin əməkdaşları X2, X6, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 1, mənzil 294 ünvanında yaşayan Cavabdeh1, hal şahidləri X10 və X8 iştirakları ilə tərtib edilmiş 26 fevral 2025-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(105)-525/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə icra sənədində göstərilən ünvanda, yəni "xxxx" MMC tərəfindən inşa edilmiş ünvan 1 ünvanında olarkən həmin evdə (mənzildə) Cavabdeh1 ailə üzvləri – arvadı Cavabdeh3 və 2 azyaşlı övladı ilə birlikdə yaşadığı müəyyən edilmişdir. eyni zamanda mənzildə yaşayan Cavabdeh1 həmin mənzilə dair Mənzil tikintisi haqqında müqaviləni və maliyyə arayışını təqdim etmiş və bu faktı Abşeron rayon İcra və Probasiya şöbəsinin əməkdaşları X2, X6, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 1, mənzil 294 ünvanında yaşayan Cavabdeh1, hal şahidləri X10 və X13 öz imzaları ilə təsdiq etmişdirlər. Beləliklə işin faktiki hallarından göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3040/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə qüvvədə saxlanılan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)-525/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə mübahisə predmeti olan mənzillə bağlı FAM-88” MMC ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli müqaviləyə, FAM-88” MMC ilə Cavabdeh2 arasında bağlanmışxx.xx.2022-ci il tarixli müqaviləyə və "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə hüquqi qiymət verilmiş, İddiaçı adına olan müqavilə etibarlı sayılaraq mübahisə predmeti olan mənzilə İddiaçı sahiblik hüququ tanınmış,digər müqavilələrin etibarsız hesab edilməsi nəticəsinə gəlinmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Beləliklə, işin faktiki hallarından göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 157.8 və 164.2-ci maddələri təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada məhkəmə nəzərə alır ki, işdə olan mötəbər sübutlarla sübuta yetirilir ki, boşaldılması tələb edilən mənzilə iddiaçının hüququ heç bir şəkildə məhdudlaşdırılmamışdır, cavabdehin isə hər hansı bir hüququnun olması müəyyən edilmir. Göstərilən xüsusatlar və işin faktiki halları onu deməyə əsas verir ki, iddiaçı əmlak hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehin isə mübahisə predmeti olan daşınmaz əmlaka müdaxiləsi qanuni sahib kimi iddiaçının qanunla qorunan əmlak hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Beləliklə, yuxarıda qeyd edilən normalara istinad edərək məhkəmə hesab edir ki, xx.xx.1993cü il təvəllüdlü Cavabdeh1 ailə üzvləri - xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh3, xx.xx.2022-ci il təvəllüdlü Cavabdeh4 və xx.xx.2024-cü il təvəllüdlü Cavabdeh5 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 1 ünvanında yerləşən 294 nömrəli mənzildən çıxarılmalı, həmin mənzil cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh1 ailə üzvləri - xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh3, xx.xx.2022-ci il təvəllüdlü Cavabdeh4 və xx.xx.2024-cü il təvəllüdlü Cavabdeh5 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 1 ünvanında yerləşən 294 nömrəli mənzildən çıxarılsınlar, həmin mənzil cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar