Məhkəmə qərarları › İş №2(012)-3764/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3764/2021

18.10.2021 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mənzil mübahisələri - Digər - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3764/2021 18.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, “Saray” kafesinin alqı-satqısına dair 24.11.2016-cı il tarixli, 3192 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 23 500 (iyirmi üç min beş yüz) manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26.05.2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, tam dəyəri 65 000 manat olan “Saray” kafesinin (344.8 kv.m) əmlakının 15 %-i güzəştli qaydada, 85 %-i isə hərrac yolu ilə satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanılmış 24.11.2016-cı il tarixli, 3192 nömrəli alqısatqı müqaviləsinə əsasən alıcı Cavabdeh satılmışdır. Yuxarıda qeyd edilən qanunvericilik aktlarına və müqavilənin şərtlərinə əsasən Cavabdeh ona satılmış qeyri-yaşayış sahəsinin güzəştli satışa yönəldilmiş dəyərinin, 9750 (doqquz min yeddi yüz əlli) manatın 30 %-ni, yəni 2925 (iki min doqquz yüz iyirmi beş) manatı və hərracda satın aldığı 85 %-in - 55 250 (əlli beş min iki yüz əlli) manatın - 70 %-ni, yəni 38 675 (otuz səkkiz min altı yüz yetmiş beş) manatı, ümumilikdə 41 600 (qırx bir min altı yüz) manatı satıcının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Lakin, alıcı 41 600 (qırx bir min altı yüz) manatdan 23 500 (iyirmi üç min beş yüz) manat ödəmiş, digər hissənin, yəni 18 100 (on səkkiz min yüz) manatın ödənilməsini həyata keçirməmişdir. Alıcı bununla alqı-satqı müqaviləsinin şərtlərini, həmçinin bir sıra mülki hüquq normalarını pozmuşdur. Alıcı əmlakın dəyərini tam ödəmədiyinə görə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində qalmışdır və cavabdehin həmin əmlak üzərində faktiki sahibliyi qanunsuzdur. Odur ki, alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə yanaşı, həmçinin müqavilənin predmeti olmuş əmlakın satıcıya qaytarılması vəzifəsi də alıcının üzərinə qoyulmalıdır Qeyd edilənlərdən əlavə alıcı müqavilənin şərtlərini icra etməməklə əmlakın mülkiyyətçisinə (dövlətə) maddi ziyan da vurmuşdur. Cavabdeh tərəfindən müqavilə üzrə ödənilmiş 23 500 (iyirmi üç min beş yüz) manat məbləğində vəsait satıcıya vurulmuş zərərin əvəzi kimi nəzərə alınmalı və alıcıya qaytarılmamalıdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 da iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini, maddi imkanı olmaması səbəbindən ödənişi aparmadığını bildirərək, həmçinin 2021-ci ilin may ayında 500 manat, 18 iyun 2021-ci il tarixdə 300 manat və 16 oktyabr 2021-ci il tarixdə əlavə 700 manat da ödəniş etdiyini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 24.11.2016-cı il tarixli, 3192 №-li alqı-satqı müqaviləsindən müəyyən edilir ki, satıcı Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən “Saray” kafesini 55250 (əlli beş min iki yüz əlli) manat qarşılığında alıcı Cavabdeh satır. Həmin müqavilənin: 2.2.1. Alqı-satqı müqaviləsi imzalandıqdan sonra qanunvericiliklə silinməsi nəzərdə tutulmuş borclər istisna olmaqla müəssisənin (obyektin) bütün öhdəliklərni və borcları üzrə mə’suliyyəti öz üzərinə götürməyi; 2.2.2. Özəlləşdirən müəssisənin (obyektin) nizamnamə kapitalının 15%-nin 70% güzəşt edilmiş dəyərini, yə’ni 65000.00 - altmış beş min manatının 2925.00 - iki min doqquz yüz iyirmi beş manat 1 qəpiyini ödəməyi. 2.2.3. Alınmış müəssisənin (obyektin) dəyərinin 30%-ni, yəni hərracdan əvvəl beh kimi ödənilmiş 10% də daxil olmaqla 16575.00 - on altı min beş yüz yetmiş beş manatı müqavilə bağlandığı andan 30 (otuz) bank günü müddətindən gec olmayaraq və yaxud 26.12.2016-ci il tarixədək “Satıcının (VÖEN: **********) Mərkəzi Bankdakı (kod: 501004, m/h: AZ74NABZ********************, VÖEN:**********, S.W.İ.F.T. bik:NABZAZ2C) AZ24NABZ ******************** №-ii tranzit manat hesabına köçürməyi; 2.2.4. Müəssisənin (obyektin) alınmış hissəsini müqavilə bağlandığı andan 5 (beş) gün ərzində girov qoymaqla 40%-i, yə’ni 22100.00 - iyirmi iki min bir yüz manatı 2 (iki) il müddətində (hər il bərabər həcmdə) «Satıcı»nın Mərkəzi Bankdakı tranzit manat hesabına ödəməyi. “Alıcı” öhdəsinə götürür: Mülki işin materiallarında olan 27 aprel 2021-ci il tarixli bildirişdən müəyyən edilir ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən “Saray” kafesinin satışı ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi və Cavabdeh arasında bağlanmış 24.11.2016-cı il tarixli, 3192 №-li alqı-satqı müqaviləsinin 2.2.2-ci bəndinə müvafiq olaraq əmlakın satış qiyməti olan 41600 (qırx bir min altı yüz) manatdan 23500 (iyirmi üç min beş yüz) manat Cavabdeh tərəfindən ödənilmiş, qalan 18100 (on səkkiz min yüz) manat ödənilməmişdir. Qalan məbləğin 10 gün ərzində ödənilməsi Cavabdeh tələb edilmişdir. Bildiriş ona təqdim olunduğu tarixdən 10 (on) gün ərzində ödəniş həyata keçirilməzsə, müqavilənin 3.1 bəndinə əsasən həmin müqavilə əlavə xəbərdarlıq edilmədən ləğv olunacaqdır Mülki işin materiallarında olan 27 aprel 2021-ci il tarixli bildirişdən müəyyən edilir ki, 27 aprel 2021-ci il tarixli bildirişi Cavabdeh 03.05.2021-ci il tarixdə imzalamaqla şəxsən əldə etmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında alqı-satqı müqaviləsi imzalanmış və həmin müqavilə üzrə Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən “Saray” kafesi cavabdeh tərəfindən qəbul edilmişdir. Müqavilə ilə müəyyən edilən məbləğin bir hissəsi ödənilsə də, əmlakın dəyəri cavabdeh tərəfindən müqavilə bağlanan gündən 30 gün müddətində tam şəkildə ödənilməli olmasına baxmayaraq hələ də ödənilməmişdir. Bununla bağlı ona bildiriş göndərilmiş, həmin bildirişi cavabdeh şəxsən özü qəbul etmişdir. İddiaçı hazırda cavabdehlə arasında bağlanan alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə ilə cavabdehə satdığı əmlakın boşaldılaraq ona geri təhvil verilməsi, habelə cavabdeh tərəfindən ödənilən məbləğin dəymiş zərərin əvəzi kimi qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddianı təkzib edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26.05.2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, tam dəyəri 65 000 manat olan “Saray” kafesinin (344.8 kv.m) əmlakının 15 %-i güzəştli qaydada, 85 %-i isə hərrac yolu ilə satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanılmış 24.11.2016-cı il tarixli, 3192 nömrəli alqı-satqı müqaviləsinə əsasən alıcı Cavabdeh satılmışdır. Cavabdeh ona satılmış qeyri-yaşayış sahəsinin güzəştli satışa yönəldilmiş dəyərinin, 9750 (doqquz min yeddi yüz əlli) manatın 30 %-ni, yəni 2925 (iki min doqquz yüz iyirmi beş) manatı və hərracda satın aldığı 85 %-in - 55 250 (əlli beş min iki yüz əlli) manatın - 70 %-ni, yəni 38 675 (otuz səkkiz min altı yüz yetmiş beş) manatı, ümumilikdə 41 600 (qırx bir min altı yüz) manatı satıcının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Lakin, alıcı 41 600 (qırx bir min altı yüz) manatdan 23 500 (iyirmi üç min beş yüz) manat ödəmiş, digər hissənin, yəni 18 100 (on səkkiz min yüz) manatın ödənilməsini iddia ərizəsi məhkəməyə verilən tarixədək ödədməmiş, işin məhkəmə baxışı dövründə isə əlavə olaraq cəmi 1500 manat qalıq borcundan ödəniş etmiş, nəticədə cavabdehin iddiaçıya 16 600 manat borcu qalmışdır. Məhkəmə işin faktiki hallarına və qeyd edilən hüquq normalarına istinad edərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh arasında bağlanmış 24.11.2016-cı il tarixli, 3192 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi iki il müddətində yəni, 24 noyabr 2018-ci tarixədək icra etməli olduğu halda, bunu etməmiş nəticədə 16 600 manat məbləğində ödənilməmiş borcu qaldığından iddia tələbi əsaslı olmaqla təmin edilməli, tərəflər arasında bağlanan 24.11.2016-cı il tarixli, 3192 nömrəli alqı-satqı müqaviləsi ləğv edilməli və həmin müqavilənin predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən “Saray” kafesi boşaldılaraq iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməli, iddia bu hissədə təmin edilməlidir. Məhkəmə, həmçinin, iddia tələbinin “cavabdeh tərəfindən ödənilmiş 23500 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, həmin hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı həmin hissədə ona vurulmuş zərərin nədən ibarət olmasını həm əsaslandırmamış və həm də bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Müqavilə ləğv edildiyindən cavabdeh tərəfindən ödənilmiş pul vəsaitinin geri qaytarılmasını cavabdehin tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eləcə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəməkdən azad olduğu 10 manat məbləğindəki dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238-253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh arasında Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən “Saray” kafesinə dair bağlanmış 24.11.2016-cı il tarixli, 3192 nömrəli alqı-satqı müqaviləsi ləğv edilsin. Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən “Saray” kafesi boşaldılaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilsin. Dövlət rüsumu üçün 10 manat məbləğində pul vəsaiti Cavabdeh dövlət nəfinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver