Məhkəmə qərarları › İş №2(012)-3865/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3865/2023

04.11.2023 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3865/2023 04.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh (maraqlı şəxs: X10) qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və bununla əlaqədar bağlanmış digər alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (maraqlı şəxs: X10) qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və bununla əlaqədar bağlanmış digər alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 593-cü məhəllə, 1 saylı binada yerləşən 21,6 kv.metr ölçüdə, A2-3 №- li qarajla əlaqədar onun Cavabdeh ilə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanılmış xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı,1026785 №-li alqı-satqı müqaviləsinin ləğv edilməsi, bununla əlaqədar xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* №-li digər alqı-satqı müqaviləsinin, maraqlı şəxs X5 adına qeydə alınmış mülkiyyətə dair ********** №-li Çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 05 aprel 2002-ci il tarixdə "xxxx" mənzil-tikinti kooperativindən həmin kooperativin üzvü və payçı kimi 29 may 2001 -ci il tarixli müqaviləyə əlavə olaraq Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən 1 saylı binanın 38 №-li, 4 otaqdan ibarət mənzilin ümumi dəyərini ödəyərək 21,6 kv.metr sahəsi olan A2-3 №-li qarajı da qanunla müəyyən edilmiş qaydada almış, həmin qaraj həmin vaxtdan onun şəxsi mülkiyyətində olmuşdur. Həmin 21,6 kv.metr ölçüdə qarajı kooperativdən 40.000 manata satın almışdır. Daha sonralar isə qeyd olunan avtodayanacağı yüksək səviyyədə təmir etdirərək ofis etmişdir. İddiaçı həmin obyektin yerləşdiyi binanın 8-ci mərtəbəsindəki 38 №- li mənzildə ailə üzvləri ilə birlikdə yaşayır və qeydiyyatdadır. 25 aprel 2020-ci il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativi ilə həmin qarajla əlaqədar üzvlük müqaviləsi bağlamış və həmin tarixdən qeyd olunan kooperativin üzvlüyünə qəbul edilmişdir. İddiaçının xüsusi mülkiyyətində olan 21,6 kv.metr ölçüdə qaraj Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 02 dekabr 2021 -ci il tarixli,********** №li Çıxarışla onun xüsusi mülkiyyəti kimi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. 2022-ci ilin fevral ayında müəyyən problemlərlə əlaqədar faizə pul götürmək məcburiyyətində qalmışdır. Bu məqsədlə yuxarıda qeyd edilən obyekti girov təminatı olaraq tanışı X11 (***-***-**-**) vasitəsi ilə tanıdığı, faizə pul verməklə məşğul olan Cavabdeh girov qoyub pul götürmək istəmişdir. Lakin Cavabdeh ona qarajı onun adına notarial qaydada keçirməyini və ona 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pul verəcəyini bildirmişdir. O məcbur olub Cavabdeh bu ağır şərti ilə razılaşmışdır. Bundan sonra 08 fevral 2022-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində ona məxsus, xüsusi mülkiyyətində olan 21,6 kv metr ölçüdə qarajın Cavabdeh adına keçirilməsi üçün AN-İ seriyalı,1026785 №-li alqı-satqı müqaviləsi bağlamış, müqavilə bağlanandan sonra qarajın qiyməti 30.000 manat göstərilsə də, Cavabdeh faktiki olaraq ona ayı 8 faiz, ili 96 faizə 9800 manat pulu vermişdir. Yəni həmin alqı-satqı müqaviləsi faktiki olaraq cavabdehin ona faizə pul verdiyini ört-basdır etmək məqsədi ilə bağlanmışdır. X2, X15 və cavabdeh ilə onu tanış edən X16 da bu faktın şahidləri olmuşlar. Ona məxsus qeyd edilən qarajdan həmişə ofis kimi istifadə edilmişdir və qarajın hazırda bazar qiyməti 50.000 manatdan artıqdır. İddiaçı 3-4 ay Cavabdeh aylıq 8 faiz olmaqla pul vermiş, sonradan işləri zəifləmiş və faizi ödəyə bilməmişdir. Bu barədə Cavabdeh işlərinin zəif getməsi, faizi verə bilməməsi, qarajı satıb onun pulunu qaytaracağını bildirmiş və o da razılaşmışdır. Hətta bununla əlaqədar 15 may 2022-ci il tarixdə Cavabdeh ilə tanışları: X6, X15 və cavabdehlə onu tanış edən X11 iştirakları ilə ona məxsus qeyd edilən qarajda söhbət də etmişlər. Həmin söhbət zamanı da Cavabdeh göstərilən şəxslərin yanında iddiaçıya bildirmişdir ki, pulunun qarantı kimi qarajı öz adına keçirməyi rəsmiləşdirmək üçün alqı-satqı müqaviləsini bağlamışdır. Təxminən 2 ay bundan əvvəl məlum olmuşdur ki, Cavabdeh xəbəri olmadan ona məxsus həmin obyekti Bakı şəhəri, 14 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* №-li alqı satqı müqaviləsi ilə X7 17.000 manata satmış, xx.xx.2022-ci il tarixdə sə sonuncu öz adına mülkiyyətə dair ********** №-li Çıxarış və texniki pasport almışdır. Cavabdeh bunun səbəbini soruşduqda isə ona bildirmişdir ki, onun X7 17.000 manat borcu olduğuna görə onun obyektimi ona vermişdir. Beləliklə də, yuxarıda göstərilənlərdən məlum olmuşdur ki, Cavabdeh və X10 əlbir olub qanunsuz və əsassız olaraq onun külli miqdarda dəyəri olan daşınmaz əmlakımı ələ keçirərək haqsız qazanc əldə etmiş və əsassız varlanmışdırlar. İddiaçı vəkili elektron məhkəmə sistemi vasitəsilə ərizə göndərərək icraatında olan başqa işlə əlaqədar Masallı Məhkəmə Kompleksində Şirvan İnzibati Məhkəməsinin təşkil etdiyi məhkəmə baxışında iştirakının zəruri olduğunu bildirərək hazıki məhkəmə baxış peosesini təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəmə iclasını iddiaçının iştirakı olmadan davam etdirilməsini, yekun məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə təyin etdiyi hər iki məhkəmə baxış iclaslarına iddiaçının gəlməməsini, cavabdehin isə məhkəmə baxış iclasının keçirilməsini və yekun məhkəmə qətnaməsi çıxarılmasını xahiş etməsini nəzərə alaraq, iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsi qərarına gəlmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək əsassız olduğundan rədd edilməsini xahiş etdi və bildirdi ki, o qanuni yolla alqı-satqı müqaviləsi əsasında əmlakı əldə etmişdir, müqavilə bağlandıqdan sonra çıxarış əldə etmişdir. Sonradan aldığı əmlakı bir il sonra başqa şəxsə satmışdır. İddiaçı ilə notariusda müqavilə bağlamış, 30000 manatı ona vermişdir. Hazırda iddiaçı oradan çıxmaq istəmir, nə də onun pulunu qaytarmır. İddiaçıya heç vaxt faizə pul məbləği verməmişdir. Qarajı tanımadığı şəxsə satmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs: X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - xx.xx.2020-ci il tarixli Kooperativ üzvlük Müqaviləsinin surətindən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativinin, Nizamnamə əsasında fəaliyyət göstərən sədri X9 şəxsində, sonralar “Kooperativ” adlandırılan, bir tərəfdən və "xxxx" MTK-nın Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 593-cü məhəllədə inşa etdiyi yaşayış kompleksindəki A2-03 binada ümumi sahəsi 21.6 kv.m olan qarajı İddiaçı mülkiyyətinə verməyi öz üzərinə götürmüşdür. - X8 sədri E.F.Hüseynov ilə İddiaçı arasında bağlanmış “Kooperativ Binada Mənzil Tikintisi haqqında” 29 may 2001-ci il tarixli müqaviləyə xx.xx.2002-ci il tarixli Əlavədən görünür ki, “Kooperativ” Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 593-cü məhəllədə yerləşən "xxxx" MTK-nın tikilməkdə olan binasında 38 nömrəli 4 otaqlı mənzilin ümumi dəyərini ödədikdə 21.6 kv.m sahəsi olan 03 nömrəli qarajı İddiaçı verməyi, o da qarajı qəbul etməyi öhdəsinə götürmüşdür. - "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 124 nömrəli Kooperativ üzvünün üzvlük kitabçasının surətindən görünür ki, Yasamal rayonu H.Zərdabi prospekti 593 avtodayanacaq A2-03 (qeyri-yaşayış sahəsinin ölçüsü 21.06 kv.m) İddiaçı aiddir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanı İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində **********44-05301-083008 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - xx.xx.2022-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 21.6 kv.m olan qeyri-yaşayış sahəsini 30000 (otuz min) manat Cavabdeh satılmışdır. - xx.xx.2022-ci il tarixli AN-İ № 11105043 nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 21.6 kv.m olan qeyri-yaşayış sahəsini 17000 (on yeddi min) manat X1. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın və texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanı X5 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində **********44-05301- 083008 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixli Kooperativ üzvlük Müqaviləsinə əsasən "xxxx" MTKnın Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 593-cü məhəllədə inşa etdiyi yaşayış kompleksindəki A2-03 binada ümumi sahəsi 21.6 kv.m olan qarajı İddiaçı mülkiyyətinə verilmiş, xx.xx.2021-ci il tarixdə onun adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinə əsasən İddiaçı həmin qeyri-yaşayış sahəsini 30000 (otuz min) manat Cavabdeh satılmış, xx.xx.2022-ci il tarixli AN-İ № 11105043 nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinə əsasən Cavabdeh qeyri-yaşayış sahəsini 17000 (on yeddi min) manat X3, onun adına xx.xx.2022-ci il tarixdə qeydfiyyata alınmışdır. Hazırda İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 593-cü məhəllə, 1 saylı binada yerləşən 21,6 kv.metr ölçüdə, A2-3 №- li qarajla əlaqədar onun Cavabdeh ilə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanılmış xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı,1026785 №-li alqı-satqı müqaviləsinin ləğv edilməsi, bununla əlaqədar xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* №-li digər alqı-satqı müqaviləsinin, maraqlı şəxs X5 adına qeydə alınmış mülkiyyətə dair ********** №-li Çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinin İİİ bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlandırılacaq): 6.1. maddəsinə əsasən, mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.5. müqavilələr azadlığı. 390.1. maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qanunvericilikdən göründüyü kimi, mülki qanunvericiliyin əsas prinsiplərindən biri olan müqavilə azadlığı prinsipindən çıxış edərək məhkəmə qeyd edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Hazırki mülki iş üzrə də mülki iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin tərəfləri İddiaçı və Cavabdeh çıxış etməklə, həmin müqavilə Bakı şəhəri 14 saylı Notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 4Ə-182 reyestr nömrəsi, xx.xx.2022-ci il tarixli AN- İ № 11105043 daşınmaz əmlakın alqı-satqı müqaviləsinin tərəfləri Cavabdeh və X10 çıxış etməklə, həmin müqavilə Bakı şəhəri 14 saylı Notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 4Ə-2130 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla təsdiq edilmişdir. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri, müqavilənin doğuracağı hüquqi nəticələr izah edilməklə informasiya sisteminə daxil edilmişdir. Göründüyü kimi, hazırki müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq, tərəflərin qarşılıqlı iradə ifadəsi nəticəsi kimi bağlanmışdır. Mülki Məcəllənin: 152.1.-152.4. maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 324.1. maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5. maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. İddiaçı iddia tələbində cavabdehə alqı-satqı müqaviləsi əsasında satdığı qeyriyaşayış sahəsinin ondan aldığı borc məbləğini pərdələmək üçün satdığını bildirmişdir ki, məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin: 339.2. maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Mülki Məcəllənin 339.2ci maddəsinin məzmunundan da görünür ki, aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla). Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: • Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; • Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; • Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı). Məhkəmə qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsinin Plenum qərarına istinad edərək qeyd edir ki, tərəflərin qarşılıqlı iradə ifadələrinə uyğun olaraq bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ № ******* nömrəli, xx.xx.2022-ci il tarixli AN-İ № 11105043 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas olan faktlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı cavabdehlə alqısatqı müqaviləsi bağlayarkan onun aldadılmasını, iddia tələbində mübahisəli qeyri-yaşayış sahəsini iddiaçıya olan borcunu pərdələmək niyyəti ilə bağlandığını iddia etməklə cavabdehlə bağladığı müqavilənin etibarsız hesab edilməsini xahiş etsə də, bu barədə aldadıldığını təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Başqa sözlə, məhkəmə araşdırması zamanı əqdin etibarsız hesab edilməsinə əsas olan hallar, yəni, iddiaçının iradə ifadəsinin zədələndiyi hallar öz təsdiqini tapmamışdır. İddia ərizəsində bu halın şahidlərinin olduğunu qeyd etsə də məhkəmə iclasında iştirak etməmiş və həmin şahidlərin məhkəmə iştirakını təmin etməmişdir. Mülki Prosessual Məcəllənin: 76.1. maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında X4 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.. İddiaçı iddia tələbində iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 593-cü məhəllə, 1 saylı binada yerləşən 21,6 kv.metr ölçüdə, A2-3 №- li qarajla əlaqədar onun Cavabdeh ilə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanılmış xx.xx.2022ci il tarixli, AN-İ seriyalı,1026785 №-li alqı-satqı müqaviləsinin ləğv edilməsi, bununla əlaqədar xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* №-li digər alqı-satqı müqaviləsinin, maraqlı şəxs X5 adına qeydə alınmış mülkiyyətə dair ********** №-li Çıxarışın və texniki pasportun etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbində Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 593-cü məhəllə, 1 saylı binada yerləşən 21,6 kv.metr ölçüdə, A2-3 №- li qarajla əlaqədar Cavabdeh ilə X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* №-li digər alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında sonuncunun adına verilmiş ********** №-li Çıxarışın və texniki pasportun etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vicdanlı əldə edənlə bağlı mülki qanunvericiliyin norma və tələbləri dəyişsə də, nəzərə alınmalıdır ki, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 593-cü məhəllə, 1 saylı binada yerləşən 21,6 kv.metr ölçüdə, A2-3 №- li qaraj X5 adına qeydiyyata alınmış, qaraj hazırda həmin şəxsin xüsusi mülkiyyətindədir və bu iş materiallarında olan ********** №-li Çıxarışla da öz əksini tapır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi və s.) da əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Məhkəmə məhz bu qeyd edilənlərə nəzərən öz hüquqi yanaşmasını əmlakın yeni mülkiyyətçisinin hüquqlarının qorunmalı olması ilə əsaslandırır və əlavə edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir çox qərarlarında, eləcə də H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, yalan əqd yalnız müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Buna görə də mülki hüquq subyektlərinin bu şəkildə əqd bağlamaqla meydana gətirdikləri hüquqi görünüşə etimad göstərən üçüncü şəxs qismində çıxış edən mülki dövriyyənin digər iştirakçılarının maraqları qanunvericilik tərəfindən xüsusi olaraq qorunur. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Ona görə məhkəmənin gəldiyi qənaətə görə, həmin şəxsin, yəni əmlakın yeni mülkiyyətçisinin maraqları mövcud şəraitdə qorunmalıdır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları, Konstitusiya Məhkəməsinin Plenum Qərarını məcmu halında qiymətləndirib və qanunun tələblərini rəhbər tutaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsinə və çıxarışların və texniki pasportun etibarsız hesab edilməsinə hər hansı əsas olmadığından iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və bununla əlaqədar bağlanmış digər alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver