Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4020/2021 27.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaqdan və evdən məcburi çıxarılma iddia tələbinə dair mülki işə 27 oktyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.040385 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində mövcud olan evdən məcburi çıxarılması; İddiaçı Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.040385 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində mövcud olan evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində Abşeron rayonu, Novxanı kəndində yerləşən torpağa dair ********** saylı, 06.04.2021 tarixli çıxarış vardır. Torpaq sahəsi 0.040385 ha-dan ibarətdir. Həmin torpağın üzərində xeyli əvvəllər inşa edilmiş yaşayış bağ evi mövcuddur. Hazırda bu torpaq sahəsindən və üzərindəki evdən istifadə etmək hüququndan məhrum olmuşdur. Belə ki, qardaşı Cavabdeh həmin torpaq və evə qeyri-qanuni şəkildə sahiblik edir. Eyni zamanda, ona dəfələrlə hədə-qorxu gəlmişdir ki, mülkiyyətində olan bağa yaxınlaşmasın. Bu səbəbdən o və azyaşlı qızı qardaşının qanunsuz, öz başına hərəkətləri nəticəsində mülkiyyət hüquqlarından məhrum olunmuşdur. Belə olan halda da, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi X1 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi. Qeyd etdi ki, torpaq sahəsi üzərində tikilmiş mübahisəli ev özbaşına tikilidir.Həmin torpaq sahəsi mərhum atasının sağlığında onların istifadəsində olmuşdur. Cavabdeh onun qardaşıdır.Cavabdeh təxminən 2010-cu ildə ailə qurandan sonra atalarına məxsus Bakı şəhərində yerləşən mənzillərində yaşamışdır. İddiaçı həmin evdə, 10 ildən artıqdır ki, boşanandan sonra da bu evdə yaşayır.Cavabdehin nikahı pozulduqdan sonra Türkiyəyə gedib, 2021-ci ilin yayında gəlib mübahisəli evə girmiş, hazırda həmin evdə yaşayır, evdən çıxmır. Hesab edir ki, cavabdehin onun mülkiyyətində olan torpaq sahəsinə və evə istifadə hüququ yoxdur.Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsini dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Mülki işin materiallarında olan: Nəsimi rayon İcra Hakimiyyəti MKTB-nin 51 saylı MTS tərəfindən 25.05.2021-ci il tarixdə verilmiş 175 nömrəli arayışdan görünür ki, Cavabdeh Nəsimi rayonu, 2 mkr. H.Seyidzadə, 5 saylı evin 52 saylı mənzilində yaşayır. ASAN1 tərəfindən 12.04.2017-ci il tarixdə verilmiş AZE № ********4 seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06.04.2021-ci il qeydiyyat tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.040385 ha. torpaq sahəsi İddiaçı adına ********** qeydiyyat nömrəsi, **********72 reyestr nömrəsi ilə qeydə alınmışdır. Məhkəmənin sorğusuna əsasən ƏMDK yanında DƏDRX-nın 4 saylı Abşeron Ərazi İdarəsindən alınmış sənədlərin təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Novxanı Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 10.03.2021-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, X2 rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 0.040385 ha olan torpaq sahəsini 1720 (min yeddi yüz iyirmi) manat qiymətinə İddiaçı satmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə və 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164-cü maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2 maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. İşin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə keçənədək tərəflərin mərhum atasının faktiki istifadəsində olmuş və ataları tərəfindən həmin torpaq sahəsi üzərində tikili tikilmişdir.İddiaçı tərəfin izahatına və işin materiallarına əsasən müəyyən edilir ki, tərəflər bacı qardaşdır.Cavabdeh təxminən 2010-cu ildə ailə qurandan sonra atalarına məxsus Bakı şəhəri Nəsimi rayonu , 2 mkr. Seyidzadə 5, 52 saylı mənzildə qeydiyyatda olmaqla orada yaşamışdır. İddiaçı həmişə mübahisəli torpaq sahəsində yerləşən evdə yaşamış, 10 ildən artıqdır ki, boşanandan sonra yenə bu evdə yaşayır.Cavabdeh isə göründüyü kimi artıq 10 ildən çoxdur ki, mübahisəli toerpaq sahəsi və onun üzərindəki tikili ilə əlaqəsi olmamış,2021-ci ilin yayından iddiaçının razılığı olmadan mübahisəli torpaq sahəsinə və onun üzərindəki tikiliyə daxil olmuş və hazırda oradan çıxmır. İşin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, MM-nin 164.2 maddəsinin məzmunundan göründüyü kimi cavabdeh mübahisəli tikilidən təxminən 10 illlik müddət ərzində istifadə etməməklə, oradan sahiblikdən məhrum edilmiş hesab edilməklə, sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildiyindən iddia tələbi Cavabdeh Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.040385 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində mövcud olan evdən məcburi çıxarılması hissəsində əsaslı olmaqla təmin edilməlidir. İddia tələbinin iddiaçının Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.040385 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində mövcud olan evə köçürülməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı torpaq sahəsinin mülkiyyətçisidir, həmin torpaq sahəsinin isə istifadəçisidir. Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Hazırki iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olsa da onun orada yaşamaq hüququ olduğundan iddia həmin hisədə də təmin edilməli İddiaçı Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.040385 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində mövcud olan tikiliyə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Nəsibov X4 rayonu, Novxanı kəndində yerləşən 0.040385 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində mövcud olan evdən çıxarılsın; İddiaçı Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.040385 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində mövcud olan evə köçürülsün. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumuna görə pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4020/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4020/2021
27.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver