Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-429/2021 16.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2001-ci il təvəllüdlü övladı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi mülki işin məhkəmə gedişatı zamanı məhkəməyə ərizə təqdim edərək xx.xx.2001-ci il təvəllüdlü övladı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, qızı xx.xx.2001-ci il təvəllüdlü X5 anadangəlmə ruhi xəstədir, onunla birlikdə pasport qeydiyyatında olduğu ünvanda yəni, ünvan 1-də yaşayır. X5 ruhi xəstə və fiziki qüsurlu olduğu üçün özünü idarə edə bilmir, “mikrosefaliya” xəstəsi kimi, 1-ci qrup əlildir və buna görə də qızına özü qulluq edir və nəzarət edir. Qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında məhkəmə qətnaməsi olmadığından qızının əməllərinə görə qəyyumu kimi qızının adından çıxış edə bilmir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 məhkəmədə izahatında bildirdi ki, ərizənin təmin edilib-edilməməsi məsələsini məhkəmənin öhdəsinə buraxır. İş materiallarında olan AA0173009 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2001-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan AR Maraqlı şəxs Mənzil Kommunal Təsərrüfatı İstismarı Təmiri Birliyi 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismarı Təmir Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 3366 №-li arayışdan görünür ki, X6 həqiqətən Xırdalan şəhəri, Quşçuluq massivi, 2- küçə, ev 7 ünvanında qızı X5 ilə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilməsi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəsinə dair məlumatdan görünür ki, X5 xx.xx.2001-ci il tarixdə doğulmuşdur. 1-ci dərəcəli əlildir. Diaqnozu ağır dərəcəli əqli gerilik, ağır dərəcəli əqli gerilik. (İQ b20 34 % əqli inkişaf 3-6 yaşa uyğundur) tez tez olan qıcolma tutmaları ilə, daima ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları ilə reseptiv nitq pozuntusu, nitq pozuntusu /dəqiqləşdirilməmiş ensefalopatiya, ensefalopatiya, fan retinipatiyaları və retinal damar dəyişikləri, tor qişanın angiopatiyasıdır. Əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müddətsizdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 3292 №-li sənəddən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X2 diaqnozu dərin kəmağıllılıq F73 müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli, 2291 saylı rəyindən görünür ki, X2 onda müəyyən edilən Dərin kəmağıllılıq (idiotiya dərəcəsində oliqofreniya) əlaqədar öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxs kimi tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir və onun səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, xx.xx.2001-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və onun öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmadığı iş materialları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli, 2291 saylı rəyi ilə tamamilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyətli olmayan sayılmış fiziki şəxsin adından əqdi onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyətli olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 35.7-ci maddəsinə əsasən, qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olanların saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin edilməsi, onların təhsil alması və tərbiyələnməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2001-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-429/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-429/2021
16.03.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver