Məhkəmə qərarları › İş №2(012)-4344/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4344/2021

31.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4344/2021 31.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə 31 avqust 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1-dan istifadə hüququna xitam verilməsi və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07.05.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında ünvan 1 İddiaçı mülkiyyətindədir. Həmin mənzilə dair Cavabdeh və ipoteka saxlayan "xxxx" ASC arasında 07.03.2019-cu il tarixdə 370İPO/19 saylı üçtərəfli alqı-satqı və İpoteka müqaviləsi bağlanılmışdır. Həmin mənzilin satış qiyməti 57200 manat müəyyən edilməklə, həmin məbləğin 17200 manatı İddiaçı tərəfindən, 40000 manatı isə ipoteka saxlayan "xxxx" ASC tərəfindən Cavabdeh ödənilmişdir. Cavabdeh həmin mənzili İddiaçı satsa da, həmin əmlak sonuncunun mülkiyyətinə keçirilsə də, 1 ildən artıqdır ki, cavabdeh həmin mənzildə müxtəlif bəhanələrlə yaşamış, başqa yerdə özünə ev tikdirmək bəhanəsi ilə mənzili sahibinə təhvil verməmişdir. Cavabdeh mənzilin giriş qapısının kilidini dəyişərək iddiaçının faktiki olaraq mülkiyyətindən istifadə hüquqlarını məhdudlaşdırmışdır. Cavabdeh müqavilə imzalanarkən həmin mənzildən qeydiyyatdan çıxacağı barədə üzərinə öhdəlik götürsə də, ünvan 1-da qeydiyyatda olması İddiaçı öz mənzili üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından olan 07 mart 2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsindən müəyyən edilir ki, “satıcı” Cavabdeh ünvan 1 ünvanında yerləşən və ona məxsus olan əmlakı “alıcı-ipoteka qoyan” İddiaçı mülkiyyətinə verir. Daşınmaz əmlakın satış qiyməti 57 200 manatdır və həmin məbləğin 17200 manat olan hissəsi “alıcı-ipoteka qoyan” İddiaçı tərəfindən, 40000 manatı isə “kreditor-ipoteka saxlayan” "xxxx" ASC tərəfindən “kreditor-ipoteka saxlayan” və “alıcı-ipoteka qoyan” arasında 06 mart 2019-cu il tarixli 370İPO/19 nömrəli kredit müqaviləsinə əsasən əsasən “alıcı-ipoteka qoyan”a verilmiş kredit vəsaiti hesabına ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilən ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 1-a xüsusi mülkiyyət hüququ 07.05.2019-cu il qeydiyyat tarixdə İddiaçı adına qeydə alınmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli mənzil 07.03.2019-cu il tarixdə üçtərəfli alqı-satqı və ipoteka müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə verilmiş və bu barədə sonuncuya 07.05.2019-cu il tarixdə ƏMDK yanında DƏDRX tərəfindən çıxarış verilmişdir. Həmin mənzil iddiaçının mülkiyyətində olsa da, cavabdeh mənzilin kilid qapısını dəyişərək, hər dəfə müxtəlif bəhanələr gətirib həmin mənzildən çıxmaqdan yayınır. Bu hal da iddiaçının əmlakı üzərində öz mülkiyyət hüquqlarını məhdudlaşdırır. İddiaçı bu səbəbdən də, cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi və həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində göstərilmişdir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin tələbinə görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Qeyd olunan təminatların əsas mahiyyəti həm də ondan ibarətdir ki, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzilin sahibinin iradəsi ziddinə heç kəs mənzilə zorla daxil ola bilməz. Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 165-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Beləliklə, iş materiallarından və istinad olunan hüquq normalarından müəyyən edilir ki, Cavabdeh alqı-satqı və ipoteka müqaviləsi əsasında ona məxsus daşınmaz əmlakı İddiaçı mülkiyyətinə keçirmiş və bu barədə sonuncu dövlət reyestrindən çıxarış əldə etmişdir. Cavabdeh iddiaçının mənzilində qanunsuz şəkildə yaşamaqla, onun həmin əmlak üzərində mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Belə olan halda Cavabdeh ünvan 1dan çıxarılmalı və həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilməli, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin “cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, cavabdehin mübahisəli mənzildən qanunla müəyyən edilmiş qaydada istifadə hüquqları mövcud deyildir. Ona görə də, məhkəmə hesab edir ki, olmayan istifadə hüququna məhkəmə qaydasında xitam verilməsi mümkün deyil. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ünvan 1-dan çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver